Qubada innovasiya festivalı keçirilib
Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Qubada innovasiya festivalı keçirilib.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ərazisində təşkil olunan festivalda kənd təsərrüfatı məhsul istehsalçıları üçün intensiv bağçılıq avadanlıqları, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, suvarma sistemləri və alternativ enerji mənbələri ilə çalışan su nasosları, soyuducu kamera, zərərvericilərə qarşı mübarizə vasitələri, yem konteyneri, aqrodron, aqrorobot, həmçinin alternativ yem bitkiləri kimi çoxçeşidli innovativ məhsul və avadanlıqların təqdimatı olub.
Əvvəlki təqdimatlardan fərqli olaraq bu festivalda digər iştirakçılarla yanaşı, Energetika Nazirliyinin Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyi, “AMEA-nın Elm və Texnologiya Parkı” MMC və 10-a yaxın yerli şirkət öz innovativ məhsul və texnologiyalarını nümayiş etdiriblər. Mütəxəssislər tərəfindən festival iştirakçılarına tərkibi qida maddələri ilə zəngin olan kinoa, amarant, xaşa, sorqo, yonca, reiqras, raps bitkiləri, biohumus, torpaq frezi, smart arı yeşiyi, sublimator, “smart moles” sensoru, “NF010” və “qızılquş” dronları, tütün və meyvəqurudan texnikaları barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, yerli mütəxəssislər tərəfindən istehsal olunan “sublimator” arı pətəyinin təmassız olaraq dərmanlanması prosesini həyata keçirən qurğudur. Nümayiş olunan, “Solis rotovator” adlanan qurğu kiçik bağ traktorlarına qoşulur, şum edildikdən sonra torpağın doğranması və hamarlanması üçün istifadə edilir. Təqdimatı keçirilən qoşqu tipi asma olan dik bıçaqlı rotasion mala qurğusu şum edildikdən sonra torpağın yumşaldılması üçün istifadə edilir. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, “smart moles” sensoru innovativ kök nəmlik sensor sistemidir. Sairs təzyiqli su boru şəbəkəsi mərkəzləşmiş “ağıllı” təzyiqli suvarma sistemi şəbəkəsidir. Alternativ enerji mənbələri ilə çalışan su nasoslarının köməyi ilə günəş panelləri vasitəsilə alınan enerjidən istifadə edərək suvarma həyata keçirilir. Quşqovan aparat isə xüsusi elektromaqnit şüaları buraxaraq, quşlara təsir edərək onları ərazidən uzaqlaşdırır.
Regionlarda fermerlərin böyük marağına səbəb olan yaşıl yem konteyneri heyvandarlıq sahəsi üçün ekoloji baxımdan təmiz, qidalı yaşıl yem hazırlayan qurğudur. Yüksək qidalılıq dəyərinə malik sorqo bitkisi şoranlığa, quraqlığa qarşı davamlı olmaqla pöhrə vermək qabiliyyətinə məxsusdur. Bu üstün cəhət onun dağ və aran rayonlarında yetişdirilib yaşıl və qaba yem kimi istifadə olunmasına imkan verir. Kinoa yüksək qidalılıq və məhsuldarlıq göstəricilərinə malik taxıl növüdür ki, həm insan qidasının, həm də heyvanların yem bazasının əsasını təşkil edir. Raps əsasən kənd təsərrüfatı heyvanları üçün şrot, jmıx kimi yüksəkkalorili yem istehsalında tətbiq edilir. Yüksək protein və enerji dəyərinə malik maralfalfa heyvandarlıq sahəsi üçün xüsusi əhəmiyyətə malikdir.
İştirakçılar
tərəfindən maraqla qarşılanan festivalın ölkənin
digər regionlarında da davam etdirilməsi nəzərdə
tutulur.
Azərbaycan.-2022.- 6 fevral.- S.5.