Qarabağın zəngin turizm potensialı var

 

 

Ötən ilin noyabrında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti sayəsində qazanılan tarixi Qələbədən sonra erməni işğalından azad edilmiş ərazilərdə aparılan geniş bərpa və quruculuq işləri bu bölgəni həm də yerlixarici ölkələrin turizm həvəskarları üçün diqqətçəkən edəcək.

Dövlət başçısı ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş videokonfransda demişdir: “Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin. İndidən beynəlxalq turizm sərgilərində - pandemiyadan sonra bu sərgilər bərpa ediləcək. Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni, doğrudan da, dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək”.

COVID-19 pandemiyasının çətinliklərinə baxmayaraq, Qarabağda bir ildən artıqdır ki, böyük bərpa və quruculuq işləri davam etdirilir. Bu işlərin tərkib hissəsi kimi, Qarabağın turizm potensialının inkişafına xüsusi diqqət göstərilir. Bu da yaxın illərdə bölgədə daha çeşidli turizm xidmətlərinə səbəb olacaq. Beynəlxalq səyahətlərə mərhələli şəkildə yenidən start veriləcək, dünya ölkələrində Azərbaycanın turizm potensialının təbliği sürətləndiriləcək. Bunun ən bariz nümunələrindən biri ötən il oktyabrın 26-da istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanıdır. Qarabağın hava qapısı adlandırılan bu liman dünya standartlarına uyğun inşa olunub. Hava limanına istənilən tip hava gəmisinin eniş etməsi mümkündür. Burada bütün işlər beynəlxalq normastandartlara uyğun həyata keçirilib. Hava limanının ətrafında gözoxşayan abadlıq-quruculuq işləri aparılıb. Sərnişinlərin və turistlərin rahatlığı üçün hər cür şərait mövcuddur. Rayonun Cocuq Mərcanlı yaşayış massivində yaradılacaq Suvenir İstehsalı Müəssisəsində turistlər üçün müxtəlif çeşidli hədiyyələr, o sıradan, milli ornamentli saxsı qablar, kiçik ölçülü xalçalar, əl işləri və digər məhsullar təklif olunacaq.

Hazırda Zəngilan və Laçında da beynəlxalq hava limanları tikilir. Bunlar başa çatdırıldıqdan sonra bu bölgəyə yerli turistlərin, eləcə də xarici ölkələrdən səyahət etməyə gələnlərin sayı xeyli artacaq. Beləliklə, hər iki hava limanının istifadəyə verilməsi bölgə turizminin inkişafında müstəsna rol oynayacaq. Əsrarəngizliyi ilə seçilən Laçında və Zəngilanda çoxlu sayda termal su mənbələri mövcuddur. Bu ərazilərdə tarixidini abidələr, çinar meşələri var. Odur ki, təbiətinin zənginliyinə görə bu bölgənin gələcəyi daha çox ekoturizmlə bağlı olacaq. Bundan səriştəli istifadə edilərsə, çox güman ki, Qarabağ dünyada daha çox diqqətçəkən ekoloji turizm məkanlarından biri olacaq.

Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş Ağdama, Zəngilana, Füzuliyə, Cəbrayıla, Qubadlıya, ŞuşayaHadruta səfərlərində dəfələrlə vurğulamışdır ki, biz erməni vandallarının darmadağın etdiyi şəhər və kəndlərimizi əsl cənnətə çevirəcəyik. Azərbaycan xalqı buna inanır və öz rəhbərinin qurucu və yaradıcı lider olduğuna əmindir. İctimaiyyətdə belə bir əminlik var ki, bu yerlər yaxın gələcəkdə cənnətə dönəcək, turistlərin böyük marağına səbəb olacaq.

Gələcəkdə Füzuli-Xocavənd-Şuşa-Laçın, Füzuli-Cəbrayıl-Zəngilan, Zəngilan-Qubadlı-Kəlbəcər-Laçın, Bərdə-Ağdam istiqamətlərində turizm marşrutlarının təşkili nəzərdə tutulur. Şuşanın Azərbaycanın Mədəniyyət paytaxtı elan edilməsi turistlərin də diqqətindən yayınmayacaq. Artıq şəhərdə rəngarəng tədbirlərin təşkili, festivallar, turizm məhsullarının təqdimi, beynəlxalq sərgilərin və digər mədəni-kütləvi görüşlərin keçirilməsi böyük maraq doğurur.

Laçın-Kəlbəcər, Qubadlı-Zəngilanda təbiət, qış, dağ və sağlamlıq turizmi inkişaf etdiriləcək, Füzuli-Ağdam-Cəbrayılda isə dağıdılmış bəzi mədəniyyət müəssisələri və müharibənin bəzi qalıqları açıq muzey şəklində saxlanılacaqdır. Çünki turizmin iqtisadi tərəfi ilə yanaşı, siyasi-təbliğati tərəfi də var.

İlin bütün fəsillərində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan Qarabağda aparılan bərpa və quruculuq işləri sırasında turizm obyektlərinin, istirahət mərkəzlərinin, hotellərin tikintisinə də xüsusi diqqət yetirilir. Ekspertlərin fikrincə, indi keçmişdəkindən də səviyyəli, müasir standartlara cavab verə biləcək infrastruktur yaradılacaq. Yaxın gələcəkdə bu bölgədə turizmin inkişafı üçün regional iqtisadi inteqrasiya layihələri reallaşacaq. Artıq Füzuli-Şuşa yolu istifadəyə verilib. Qarabağdan keçməklə Naxçıvanı və Türkiyəni özündə birləşdirən dəmir yolu xəttinin çəkilişi nəinki bölgəyə, bütövlükdə cənubi Qafqaza turizm axınını sürətləndirəcək. Digər tərəfdən yeni layihələrin icrası nəticəsində səyahətçilərin vaxt itkisi minimuma endiriləcək, sənədləşmə ilə bağlı məsələlər sadələşdiriləcək və əlavə xərclərin turistlər tərəfindən ödənilməsi aradan qaldırılacaq.

Xudafərin vasitəsilə İran, Naxçıvan üzərindən isə Türkiyə turistlərinin gəlməsi gözləniləndir. İşğaldan azad edilmiş ərazilərə bu iki istiqamətdən turist axını olacaq. Ölkəmizdə turizmin prioritet bazaları var ki, Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən müəyyən qurumlar tərəfindən bu istiqamətdə layihələr hazırlanır, zəruri tədbirlər həyata keçirilir.

Ölkə rəhbərinin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası hazırlanıb. Sözügedən sənədə görə, turizm məhsullarının hazırlanması həmin ərazilərdə turizm infrastrukturunun qurulması ilə paralel aparılacaq. Əlbəttə, turistlərin təhlükəsizliyinin təmin olunması başlıca vəzifədir. Əhalinin geri qayıdışı, yaşayışın və infrastrukturun bərpası ilə paralel olaraq orada turizm məhsulları da yaradılacaq.

Dövlət səviyyəsində, özəl sektor və alimlərin birgə səyi sayəsində Dağlıq Qarabağın həm təbii, həm də antropogen turizm resursları gündəmə gətirilir. Qarabağ dağlıq ərazi olduğundan dağalpinizm turizmi xüsusilə diqqətdədir. Bundan başqa, gəzintilər, aktivekstremal turizmin inkişafı üçün biri-birindən maraqlı layihələr işlənib. İşğaldan azad edilmiş ərazilərdə infrastruktur bərpa olunduqca, ilk növbədə, Azərbaycan vətəndaşlarının həmin ərazilərə səfərləri nəzərdə tutulub. Xatırladaq ki, bu layihənin tərkib hissəsi kimi Bakı-Şuşa-Ağdam marşrutları üzrə ilk səfərlər təşkil edilmişdir. Bakı-Şuşa-Bakı avtobus reysi hələlik həftədə iki dəfə həyata keçirilir. Görünən odur ki, illərlə həsrətində qaldığımız yerləri gəzmək, görmək istəyənlərin sayı minlərlədir. İkinci böyük auditoriya potensialı xaricdə yaşayan Azərbaycan diasporu nümayəndələridir. İlk səfər marşrutunda səyahətçilərin sayı 400-ə yaxın olmuşdur. On milyondan çox azərbaycanlı, elə hər bir soydaşımız Azərbaycanın mədəni mərkəzinə çevrilmiş qədim Şuşanı görməkdə çox maraqlıdır.

 

 

Rəhman SALMANLI,

Azərbaycan.-2022.- 6 fevral.- S.6.