Kimsəsiz uşaqların pənah yeri

 

 

Dünyaya göz açan körpələrin ilk ünsiyyəti onlara həyat verən ana və ataları ilə tanışlıq olur. Lakin boya-başa çatmaq yolunda onları tək qoyub bu vacib məsuliyyəti üstlərindən atanların köməyinə ya küçələr çatır, ya da hansısa uşaq evinin qapısı. Tərk edilən uşaqlar həyatın keşməkeşli yollarında tək addımlamalı olurlar.

Dünyada ilk kimsəsiz uşaqlar evi 1434-cü ildə Xorvatiyanın Dubrovnik şəhərində açılıb. Hökumət 1432-ci ildə “uşaqları şəhərin ətrafına heyvan kimi atmaq iyrənc və qeyri-insanidir” sözləri ilə şəhərdə uşaq evi açılmasına qərar vermişdi. Açılan ilk uşaq evi mərkəzdə Müqəddəs Kler monastırının bir hissəsi olaraq inşa edilmişdi. Tikilinin qalıqları bu günə qədər də qalmaqdadır.

Həmin vaxtda insanların hədsiz kasıblığı ucbatından uşaqların çoxu uşaq evində böyüməli olurdu. Onlar burada altı yaşına qədər qalır, sonra övladlığa verilir, bəzən  də valideynləri tərəfindən geri götürülürdülər. Övladlarını uşaq evinə vermək utancından qurtulmaq üçün analar qara paltar geyinir, gecəyarı buraya gəlirdilər. Qapının yanında quraşdırılmış fırlanan qurğuya uşağı qoyub, qapının zəngini çalaraq gözdən itirdilər. Napoleon müharibə zamanı uşaq evlərini bağlatdırmış, buranı silah-sursat anbarına çevirmişdi.

Dubrovnikdən sonra növbəti uşaq evi ABŞ-ın Missisipi ştatının Natchez şəhərində 1729-cu ildə açılıb. Bura həmin vaxtda hindilərlə ağdərili amerikanlar arasında münaqişə nəticəsində yetim qalan uşaqlara qulluq etmək üçün yaradılmışdı. Bununla belə getdikcə uşaq evlərinin sayı artmışdı. 1850-ci ildə Amerikada 56 uşaq müəssisəsi fəaliyyətdə idi. Bu müəssisələr epidemiyalar (vəba, vərəm, qrip), müharibələr, immiqrant axını, artan urbanizasiyaiqtisadi böhran kimi hadisələrin baş verməsi səbəbilə uşaqların əsl pənah yerinə çevrilmişdi.

Lakin bu evlər müvəqqəti yardım yerləri olaraq nəzərdə tutulmuşdu. Ailələrinə qaytarılmayan uşaqlar başqa şəxslərə və ya əl əməyinin lazım olduğu ölkələrə müqaviləli şərtlərlə göndərilirdi. Belə nümunələrdən biri də 1900-cü illərin əvvəllərində bir qrup uşağın fermerlərə yardım etmələri üçün kəndlərdən birinə qatarla yola salınmaları idi. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) məlumatına görə, hazırda dünyada təxminən 153 milyon uşaq yetimdir. Müxtəlif ölkələrdə fəaliyyət göstərən uşaq evlərinin şəraiti, uşaqların ehtiyaclarının ödənilməsi, təhsilləri istiqamətində həm dövlətlər, həm də xeyriyyəçilər ilbəil nəzarət və dəstəklərini artırırlar.

 

Azərbaycan.-2022.- 6 fevral.- S.7.