Azərbaycan ilə Pakistan arasında tarixin sınaqlarından keçmiş siyasi, mənəvi bağlılıq mövcuddur

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə fevralın 8-də Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla Pakistan arasında tarixi dostluq, qardaşlıq münasibətləri zəminində inkişaf edən və dərinləşən dini-mənəvi əlaqələrdən söhbət açılıb. Bildirilib ki, qardaş ölkələrimiz arasında tarixin sınaqlarından keçmiş siyasi, mənəvi bağlılıq hər zaman bir-birimizin yanında olmağımıza dəlalət edib. Xüsusilə Vətən müharibəsi dövründə Pakistanın mənəvi dəstək və yardımı Azərbaycan xalqının ədalətli mübarizəsinin qələbəsinə öz töhfəsini verdi. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq müstəvilərdə hər zaman eyni mövqelərdən çıxış edən Azərbaycan-Pakistan dostluğu və qardaşlığı əsl İslam həmrəyliyi nümunəsi olaraq dünya üçün örnəkdir.

Şeyxülislam Allahşükür Paşazadə 40 ildən artıq dini liderliyi dövründə dəfələrlə Pakistanı ziyarət etdiyini, orada çox sayda din, ictimai, siyasi xadimlərlə yaxından tanış olduğunu, beynəlxalq müstəvilərdə birgə tədbirlərdə iştirak etdiyini, Pakistan xalqına və dövlətinə böyük ehtiramı olduğunu ifadə edib. Bu baxımdan bir sıra önəmli məqamları xatırladan QMİ sədri istər sovetlər dönəmində, istər 20 Yanvar hadisələri zamanı, istərsə də Azərbaycanın İslam Konfransı Təşkilatına (İƏT) üzv qəbul olunması zamanı Pakistan dövlətinin qardaş dəstəyinin şəxsən şahidi olduğuna dair xatirələrini bölüşüb.

Pakistan səfiri şeyxülislamla görüşdən olduqca məmnun olduğunu, uzun müddət pandemiya səbəbindən görüşünün təxirə salındığını qeyd edib və nəhayət baş tutmasına görə şərəf duyduğunu bildirib. Səfir İslam dünyasının tərəqqisində Azərbaycanın özəl rolunun olduğunu, multikulturalizm modelinin dünya üçün nümunə səciyyəsi daşıdığını rəğbətlə vurğulayıb. Azərbaycanla Pakistan münasibətlərinin rəsmi xarakterdən daha çox millətlərimiz arasında qəlbən bağlılıq üzərində təşəkkül tapmış əlaqələr olduğunu qeyd edən səfir Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Zəfərin bütün İslam dünyası üçün qələbə, bütün işğal altında olan xalqlara müsbət nümunə olduğunu qürurla vurğulayıb.

Səfirə Qafqaz Müsəlmanları İdarəsi nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Dialoq Mərkəzi barədə məlumat verən şeyxülislam Allahşükür Paşazadə bu mərkəz xətti ilə bu günədək Avstriya, İspaniya, Almaniya, Rusiya, Türkiyə, İran, Özbəkistan və digər ölkələrdə keçirilmiş beynəlxalq konfranslar, habelə bu yaxınlarda Vatikana səfəri barədə səfirə ətraflı məlumat verib. QMİ sədri bildirib ki, gələcəkdə bu müstəvidə beynəlxalq forumların Pakistanda keçirilməsi, bu ölkənin tanınmış din xadimlərinin birgə tədbirlərdə yaxından iştirakı olduqca arzuolunandır.

Görüşdə QMİ sədri Türk Dövlətləri Təşkilatı çərçivəsində dini-mənəvi əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açılması barədə, türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi naminə təşkilati müstəvidə yeni addımlar atılması haqda məlumat veribtürk dünyasına qardaş Pakistan xalqının da bu Birlik çərçivəsində dini-mənəvi əməkdaşlığa cəlb olunmasını məqsədəuyğun hesab etdiyini vurğulayıb.

Səfir Bilal Haye, öz növbəsində, Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzini təsis etmələrindən və bu mərkəzdə təşkil olunan, o cümlədən multikulturalizm mövzusunda tədbirlərdə QMİ-nin yaxından iştirakından məmnun olacaqlarını bildirib.

Diplomat Pakistanda hindusikx mədəniyyət nümunələrinə həsr olunmuş kitabları şeyxülislama təqdim edib və müsəlman ölkəsi olan Pakistanda digər dinlərin ardıcıllarına olan tolerant münasibətdən söhbət açıb.

Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.

 

Azərbaycan.- 2022.-9 fevral.- S.9.