Sülh gündəliyini
İLHAM ƏLİYEV müəyyən edir
Avropa
İttifaqı qalib Azərbaycanın regionda yaratdığı yeni
reallıqları bölüşür
Xəbər verildiyi kimi, fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Emmanuel Makronun, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib.
Bu görüşün gündəliyinə çıxarılan və müzakirə olunan məsələlər təsdiqləyir ki, Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbəni postmüharibə dövründə də davam etdirir.
Azərbaycanın milli maraqları
tam təmin olunur
Bu görüş ilk növbədə Azərbaycanın
44 günlük müharibədən
sonra yaranmış yeni reallıqlar fonunda öz milli maraq və
mənafelərini qətiyyətlə
təmin etdiyini bir daha nümayiş
etdirdi. Təsadüfi deyil ki, ilk olaraq
görüş iştirakçıları
2021-ci il dekabrın 14-də Brüsseldə
keçirilmiş birgə
görüşün əhəmiyyətini
vurğulayıblar.
Xatırladaq ki, həmin görüşə dair
Aİ Şurasının Prezidenti
Şarl Mişelin bəyanatında Cənubi
Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla
Ermənistan arasında
hərtərəfli sülh
müqaviləsinin imzalanmasına
çağırış edilib. Şarl Mişel
bildirib ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və
26 noyabr (Soçi) görüşləri və
bəyanatlarından irəli
gələn öhdəliklər
yerinə yetirilməlidir.
Bəyanatda ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu
daxil edilib, onların taleyinə aydınlıq gətirilməsinin
zəruriliyi qeyd olunub. Həmçinin minatəmizləmə səylərinə, münaqişədən
əziyyət çəkmiş
insanlara, xüsusilə
yenidənqurma fəaliyyətlərinə
dəstək ifadə
edilib. Habelə sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində
Aİ tərəfindən məşvərətçi
statusda dəstək verilə biləcəyi vurğulanıb.
Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr
arasında əlaqəni
təmin edən xətlərin açılmasına
və inkişaf etdirilməsinə Aİ-nin
dəstəyini ifadə
edib. Qurumun iqtisadi və
investisiya resursları
vasitəsilə bu layihələri dəstəkləyəcəyi
də vurğulanıb.
Bəyanatda dəmir yolu
xəttinin çəkilməsi
məsələsinə xüsusi
toxunulub. Həmçinin dəmir yollarında gömrük və sərhəd nəzarətinin
qarşılıqlılıq prinsipi əsasında təşkil olunacağı
diqqətə çatdırılıb.
Aİ Şurasının Prezidenti bəyanatında
“Dağlıq Qarabağ
münaqişəsi”, “status” kimi ifadələrdən istifadə etməyib. Minsk qrupunun da adı
çəkilməyib. Bu da bir daha təsdiq edir ki, status məsələsi tarixin arxivinə gömülüb
və Avropa İttifaqı da Azərbaycanın yaratdığı
yeni reallıqları bölüşür.
Minsk qrupu proseslərdən kənardadır
Fevralın 4-də keçirilən görüş də Azərbaycanla Ermənistan arasında bütün proseslərin respublikamızın maraqlarına uyğun cərəyan etdiyini göstərdi. Məsələn, Emmanuel Makron bu görüşdə Fransanın Avropa İttifaqına sədrliyi qismində iştirak edirdi. Bu da bir daha təsdiq edirdi ki, 30 ilə yaxın bir dövrdə öz vəzifəsini yerinə yetirə bilməyən və ya yerinə yetirmək istəməyən Minsk qrupu artıq proseslərdən kənardadır. Ötən ay yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bununla bağlı bildirmişdi: “Hesab edirəm ki, onlar özləri üçün bir gündəlik formalaşdırmalıdırlar. Bu, bizim işimiz deyil. Halbuki mənim təsəvvürüm var ki, onlar nə ilə məşğul olmalıdırlar və nə ilə məşğul olmamalıdırlar. Nə ilə məşğul olmamalıdırlar, mən deyə bilərəm. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub. Biz onların yerinə bu məsələni həll etdik. Onların görünməməsinin səbəbi də hesab edirəm ki, bundan qaynaqlanır. Çünki onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik. Biz bu münaqişənin bir tərəfi idik. Əgər bir tərəf deyir ki, bu münaqişə həll olunub, deməli, burada vasitəçiliyə yer qalmır və bizim mövqeyimiz onlara çatdırılıbdır. Nə ilə məşğul olacaqlar, yəqin ki, özləri fikirləşməlidirlər”.
Beləliklə, fevralın 4-də keçirilən görüş bir daha Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxarıldığını göstərdi. Odur ki, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair müzakirələr keçirilib. Bu xüsusda, tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq toxunub. Azərbaycan Prezidenti Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə, 3890 Azərbaycan vətəndaşının itkin düşməsi faktını, o cümlədən Vətən müharibəsinin başa çatmasından sonra mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşının həlak olduğunu, 165 nəfərin isə yaralandığını diqqətə çatdırıb.
Bütövlükdə, ötən ilin dekabrında Brüsseldə təsbit olunmuş sülh gündəliyi davam edir. Bu gündəliyin əsasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələləri özündə ehtiva edir. Bu baxımdan fevralın 4-də keçirilən görüş göstərdi ki, Prezident İlham Əliyev sülh gündəliyinin məzmununu müəyyən edir və Avropa İttifaqı qalib Azərbaycanın regionda yaratdığı yeni reallıqları bölüşür.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2022.- 8 fevral.- S.1;4.