AĞDAM quruculuğun baş meydanına çevrilib
İlham Əliyev xarabalıqlar üzərində
düşmənə gözdağı verəcək möhtəşəm
şəhər yaradır
Vətən müharibəsindəki Qələbədən ötən dövr ərzində işğaldan azad edilmiş şəhər və rayonlarımızda başlanan yenidənqurma prosesi getdikcə daha da genişlənir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya yatırmaq istəyən yerli və xarici şirkətlərin sayı artır.
Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyası əsasında yenidən qurulan şəhər və rayonlarda reallaşdırılan ən müasir layihələr onu deməyə əsas verir ki, tezliklə dünya böyük Qayıdışa və Azərbaycanın iqtisadi qüdrətinə şahidlik edəcək.
Ağdama 3-cü səfər, 3 obyektin
açılışı, 5 təməlqoyma mərasimi
Hazırda yaşadığımız postböhran dövründə Azərbaycan öz gücünə, yəni heç kimdən yardım almadan işğaldan azad edilən torpaqlarında yenidənqurma, tikinti-quruculuq işləri aparır. Respublikanın digər bölgələrində də dövlət proqramında əksini tapmış layihələr gerçəkləşdirilir.
Bütün prosesləri diqqətdə saxlayan İlham Əliyev mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bütün layihələrin icrasına şəxsən nəzarət edir, müxtəlif təyinatlı yeni obyektlərin təməlini qoyur, bəzilərinin açılışını edib xeyir-duasını verir.
Təkcə ötən il Prezident işğaldan azad edilmiş 10 şəhər və rayona ümumilikdə 32 dəfə səfər edib, 21 sosial-iqtisadi obyekt və mədəniyyət abidələrinin açılışını edib, 37 obyektin təməlini qoyub, yenidənqurma işlərinin gedişatı ilə maraqlanaraq tapşırıq və tövsiyələrini verib.
Bu il isə İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfəri Ağdamdan başladı. Prezidentin və birinci xanım Mehriban Əliyevanın fevralın 13-də Ağdam və Ağcabədi rayonlarına etdiyi səfərlər və bu səfərlər çərçivəsində keçirilən görüşlər, təməlqoyma mərasimlərində təqdim olunan layihələr dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına tezliklə qayıdacağına, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanacağına olan inamı daha da möhkəmləndirdi.
İlham Əliyevin diplomatik məharətinin nəticəsi kimi bir güllə atılmadan azad edilən Ağdam hazırda quruculuğun baş meydanına çevrilib. İşğaldan azad edilən rayonlarımızın yenidən qurulması ilə bağlı hazırlanan baş planlar Ağdamdan başlayıb. İlk olaraq Ağdamın Baş planı təqdim edilib və bu gün həmin plana uyğun işlər sürətlə davam etdirilir.
İlham Əliyev işğaldan azad olunan Ağdama 3-cü səfəri çərçivəsində “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak edib. Beləliklə də, azad edilmiş torpaqlarda inşa edilən yarımstansiyaların sayı 9-a çatıb.
Sonra Prezident Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək 2 müəssisənin, Ağdam Rayon Mərkəzi Xəstəxanasının, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoyub.
Dövlət başçısı həmçinin Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin gedişi və Prezidentin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olub, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində olub.
Azərbaycanın elektroenergetika tarixində ilk dəfə
Prezidentin açılışını etdiyi Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzi Azərbaycanın elektroenergetika tarixində bir ilkdir. Yəni ilk dəfə Qarabağ və Şərqi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi məhz Ağdamda yaradılıb. Rəqəmsal İdarəetmə Mərkəzinin binası Operativ Qərargahın şəhərsalma işçi qrupu tərəfindən təsdiq edilmiş müasir üslubda hazırlanmış memarlıq layihəsi əsasında inşa olunub.
Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə regiondakı bütün elektrik stansiyaları, yarımstansiyalar, ötürmə xətlərinin monitorinqi, önləyici analizlər, açılıb-qoşulmalar, tənzimlənmələr və başqa əməliyyatlar avtomatik şəkildə həyata keçirilir.
Prezidentin təməlini qoyduğu yaşayış binasına gəlincə, ərazidə ümumi sahəsi 1,55 hektar olan məkanda ilkin mərhələdə 209 mənzildən ibarət 6 yaşayış binası inşa ediləcək. Mənzillərin ümumi yaşayış sahəsi 21 min 921 kvadratmetr olacaq. Kompleksin tikintisinin 2023-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Növbəti mərhələdə isə 0,86 hektar ərazidə daha 4 yaşayış binasının inşası ilə bağlı layihələndirmə işləri aparılacaq.
İlham Əliyevin təməlini qoyduğu 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanası 6 hektardan çox ərazidə inşa olunacaq. Tibb müəssisəsində qəbul, terapiya, kardiologiya, cərrahiyyə, travmatologiya-ortopediya, ürək-damar cərrahiyyəsi, oftalmologiya, LOR, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri və əməliyyat bloku fəaliyyət göstərəcək. Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq.
Müalicə ocağı ən müasir tibbi avadanlıqlarla, həmçinin Regional Kardiocərrahiyyə Mərkəzi xidmətini təmin etmək üçün angioqrafiya cihazı ilə təchiz olunacaq. Binanın zirzəmi hissəsindən isə stasionar tibbi xidmət və sığınacaq kimi istifadə ediləcək, ehtiyac yaranarsa, dərhal hərbi hospital kimi fəaliyyət göstərəcək.
Növbəti mərhələdə Ağdam rayonu üzrə daha bir neçə səhiyyə müəssisəsinin inşası nəzərdə tutulub. Belə ki, qarşıdakı dövrdə burada Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili Tibbi Yardım Stansiyası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin binası, çoxprofilli modul tipli xəstəxana, onkoloji, 50 çarpayılıq psixiatriya və 50 çarpayılıq vərəm əleyhinə xəstəxanalar, 20 çarpayılıq Narkoloji Dispanser, Regional Perinatal Mərkəz və QİÇS-lə Mübarizə Mərkəzi, 20 həkim məntəqəsi və ya kiçikhəcmli Ailə Sağlamlıq Mərkəzi, Regional Tibb Kolleci də inşa olunacaq.
Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən
böyük maraq göstərilir
Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin tətbiqi - sənaye zonalarının (sənaye parkları və məhəllələri) yaradılması xüsusi önəm kəsb edir.
Qeyri-neft sektorunun inkişafına mühüm töhfə verən sənaye parklarında sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Hazırda Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları fəaliyyət göstərir. Dövlət başçısının 2021-ci il 28 may tarixli fərmanına əsasən Ağdam, 4 oktyabr tarixli fərmanı ilə Araz Vadisi İqtisadi Zonası sənaye parklarının yaradılması nəticəsində ölkəmizdə onların sayı 7-yə çatıb.
Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın iqtisadiyyata reinteqrasiyası, regionda mövcud olan yeni reallıqlar və əməkdaşlıq imkanları, beynəlxalq nəqliyyat-logistika dəhlizlərinin artan potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır.
Ağdamın Qarabağ regionundakı strateji coğrafi mövqeyi, ətraf bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir.
Artıq sahibkarların böyük maraq göstərdiyi Ağdam Sənaye Parkının 5 rezidenti var. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sahibkarlar tərəfindən təqdim edilən daha 10-dan çox layihəyə baxılır.
Parkın rezidenti “Smartpoint” MMC burada reallaşdıracağı layihə çərçivəsində alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların istehsalını təşkil edəcək. Layihənin investisiya dəyəri 9,1 milyon manatdır. Layihə çərçivəsində yaradılacaq müəssisədə Türkiyə və İtaliya texnologiyalarından istifadə ediləcək. İstehsal edilən məhsulların daxili bazarda satılması ilə yanaşı, Gürcüstan, Qazaxıstan və Özbəkistana da ixrac olunması planlaşdırılır.
Digər
rezident - “Dadaş-N” MMC Sənaye Parkında həyata
keçirəcəyi layihə çərçivəsində
müxtəlif çeşidli sintetik xalçalar istehsal edəcək.
İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində
yaradılacaq müəssisədə il ərzində 700 min
kvadratmetr xalça istehsal ediləcək. Məhsul istehsalında
polipropilen, polietilen və poliakril kimi yerli xammaldan istifadə
olunacaq. İstehsal prosesində Belçika və Çin
texnologiyaları tətbiq ediləcək. İstehsal
edilən məhsulların daxili bazarda satılması ilə
yanaşı, MDB ölkələrinə ixrac olunması
planlaşdırılır.
Beləliklə, yeni yaradılan sənaye
zonaları, həmçinin Ağdam Sənaye Parkında
yaradılan müəssisələr yerli istehsalın
inkişafına təkan verməklə, bölgənin
resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə,
Qarabağın dirçəlişinə, bütünlükdə
ölkəmizdə qeyri-neft sənayesinin inkişafına
mühüm töhfə verəcək.
Prezident Ağdamda
iş adamlarına çağırış etdi
Səfər çərçivəsində
Prezident və birinci xanım Mehriban Əliyeva Heydər
Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində
görülən bərpa-restavrasiya işlərinin gedişi
ilə tanış oldular.
Ağdam Cümə məscidi
1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan
Qarabaği tərəfindən tikilib. Bu məscid Ağdamın
işğal altında olduğu müddətdə şəhərdə
ermənilər tərəfindən dağıntıya nisbətən
az məruz qalan yeganə tikilidir.
Cümə məscidinin bərpa-restavrasiyasına
Heydər Əliyev Fondu tərəfindən
başlanılıb. Layihənin icrası üçün
Avstriyanın “Brugger&KO Restauratoren GmbH” şirkəti ilə
müqavilə imzalanıb. Bərpa işləri
bütövlükdə tarixi görünüşə
uyğun olaraq həyata keçiriləcək.
Görülən işlərlə
tanışlıqdan sonra çıxış edən
Prezident vurğuladı ki, Ağdamın gələcək
inkişafı ilə bağlı çox önəmli
addımlar atılıb və qısa müddət ərzində
görülmüş işlər yaxın gələcəkdə
konkret nəticələrə gətirib çıxaracaq: “Hər
dəfə buraya gələndə ürəyim
ağrıyır. Çünki Ağdamda bir dənə
də olsun salamat bina yoxdur. Təkcə bu
yarıdağılmış məsciddir ki, onun da dam
örtüyü zədələnmişdir. Bu məscid ermənilər tərəfindən təhqir
edilib, burada inəklər, donuzlar saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını,
bütün müsəlman aləmini təhqir ediblər.
Ağdam şəhərində, Ağdam
rayonunda bu yarıdağılmış məsciddən
başqa bir dənə də bina ayaq üstə deyil. Bütün binalar, bütün kəndlərdəki
evlər, ictimai binalar ermənilər tərəfindən
dağıdılıb. Bu, misli
görünməmiş barbarlıqdır, vandallıqdır,
vəhşilikdir. Bu, erməni faşizminin
eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və
görür. Biz bundan sonra da xarici vətəndaşları
buraya dəvət edəcəyik. Onlar gələcəklər
və erməni vəhşiliyi nədir, onu görəcəklər”.
Prezident Ağdamda iş adamlarına
da çağırış etdi. Dövlət
başçısı sahibkarları həm Ağdama, həm
də işğaldan azad edilmiş bütün digər ərazilərə
sərmayə qoymağa çağırdı. Çünki bu gün Azərbaycanda biznes
üçün, sahibkarlar üçün çox gözəl
şərait yaradılıb. Dövlət sahibkarları
dəstəkləyir və həm mənəvi-siyasi dəstək
verilir, eyni zamanda güzəştli kreditlər verilir: “Əlbəttə
ki, bölgələrdə infrastruktur layihələrinin
icrası sahibkarlıq üçün də gözəl
imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək
azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr
qursunlar, iş yerləri yaratsınlar”.
İlham Əliyev
vurğuladı ki, azad edilmiş torpaqları ancaq bu yolla
tezliklə canlandıra bilərik. Əlbəttə,
dövlət öz tərəfindən lazımi
addımları atır və atacaq. Ağdam şəhərinin
Baş planı hazırlanıb, Baş plan əsasında
işlər görülür. Əlbəttə
ki, özəl sektorun nümayəndələri bu işlərdə
fəal olmalıdırlar.
Təməli qoyulan mehmanxana və
yaşayış binalarının əhəmiyyətindən
də söz açan dövlət başçısı
dedi ki, müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə
başlayacaq. Buraya böyük sayda gələcək
qonaqlara lazımi şərait yaradılır. Altı
evdən ibarət yaşayış kompleksi isə təqribən
il yarıma - iki ilə inşa ediləcək,
bəlkə də ondan da tez və beləliklə,
Ağdamın hərtərəfli inkişafı təmin
olunacaq.
Dövlət başçısı
həmçinin Ağdamda reallaşdırılması nəzərdə
tutulan digər layihələr barədə də məlumat verdi. Bəlli oldu ki, hazırda
rayon üzrə kompleks tədbirlər görülür.
Bunların sırasında elektrik enerjisi ilə
təchizat, Ağdama qaz xətlərinin çəkilişi
layihəsi, içməli suyun gətirilməsi, o cümlədən
Xaçınçay su anbarının təmiri layihəsi
builki investisiya proqramında yer alıb.
Ağdamın yol-nəqliyyat
infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam
avtomobil yolu, dəmir yolu inşa edilir. Prezidentin
dediyi kimi, avtomobil yolu təqribən bir ilə hazır olacaq.
Füzuli-Ağdam avtomobil yolunun çəkilişinə start
verilib. Bu yol həm Füzuli və Ağdam
şəhərlərini, həm də Ağdamı Füzuli
Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və
Ağdama başqa ölkələrdən gəlmək daha
asan olacaq.
İlham Əliyev əminliklə
vurğuladı ki, bu gün görülən bütün
işlər Azərbaycanı daha da gücləndirəcək
və Ermənistanda baş qaldıran revanşist qüvvələrə
cavab olacaq: “Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər
verərək qayıtmışıq. Bu
torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi
yaşayacağıq. Qarabağ Azərbaycandır!”
Bütün şəhərlər
baş plan əsasında yenidən qurulacaq
Prezident Ağcabədiyə
səfəri çərçivəsində də yeni obyektlərin
açılışını edib. Dövlət başçısı
yenidən qurulan 110/35/10 kilovoltluq “Ağcabədi”
yarımstansiyasının, Daxili İşlər Nazirliyi Daxili
Qoşunlarının yeni inşa olunan hərbi şəhərciyinin,
Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd
avtomobil yolunun açılışlarında iştirak edib.
Prezident və birinci xanım Mehriban
Əliyeva “Ağcabədi taxıl Aqropark”da və respublika əhəmiyyətli
Ucar-Zərdab-Ağcabədi avtomobil yolunda həyata
keçirilmiş işlərlə tanış
olublar.
Beləliklə, görülən
bu işlər, Qarabağ və Şərqi Zəngəzurda
reallaşdırılan layihələr onu göstərir ki,
İlham Əliyev işğaldan azad edilmiş
torpaqlarımızda misli görünməmiş
tikinti-quruculuq işləri həyata keçirir. Qarşıda isə
böyük işlər var. Prezidentin söylədiyi kimi, bu
işləri maksimum səmərə ilə və keyfiyyətlə
aparmaq üçün
düşünülmüş addımlar planı
olmalıdır. Bütün şəhərlər baş plan
əsasında yenidən qurulacaq. Ağdamın,
Füzulinin baş planları təsdiq edilib. Ağdam və
Füzuli rayonlarının ictimaiyyəti bu planlarla tanış olub və öz müsbət rəyini
verib. Hazırda yerli və xarici şirkətlər
tərəfindən digər şəhərlərin baş
planları işlənilir. Onlar hazır
olan kimi artıq əməli işlərə
başlanılacaq.
Bir sözlə, İlham Əliyevin
işğaldan azad edilmiş ərazilərə səfərləri
və səfərlər zamanı ən qısa zamanda
görülən işlərə, bütün proseslərə
birbaşa nəzarəti, eyni zamanda siyasi iradəsi, verdiyi vədlərlə
əməllərinin vəhdəti belə deməyə əsas
verir ki, çox keçməyəcək, işğaldan azad
edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən
çiçəklənəcək, Qarabağ təkcə
ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən
birinə çevriləcək.
Erməni vandallarının 30 il ərzində darmadağın edərək
daşını daş üstündə qoymadığı,
Qarabağın giriş qapısı adlandırılan
Ağdam isə yeni siması, möhtəşəmliyi ilə
düşmənə gözdağı olacaq.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2022.- 16 fevral.- S.1; 4.