ADA
Universitetinin xaricə ezam olunan diplomatlar üçün
keçirdiyi silsilə seminarlar başa çatıb
ADA Universitetinin İxtisasartırma
proqramlarının təşkilatçılığı ilə
fevralın 7-14-də keçirilən və xaricə ezam
olunan diplomatlar üçün nəzərdə tutulan silsilə
seminarlar başa çatıb.
ADA Universitetindən AZƏRTAC-a
bildirilib ki, seminarlarda Azərbaycanın Amerika, Asiya və
Avropadakı 26 ölkədə yerləşən nümayəndəliyində
fəaliyyət göstərəcək 33 gənc, orta və
yüksəkrütbəli diplomat iştirak edib. Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin (XİN)
Naxçıvan Muxtar Respublikası İdarəsini təmsil
edən diplomatlar da Bakıya səfər edərək
seminarlarda iştirak ediblər.
Seminar silsiləsinin
açılış sessiyasında xarici işlər nazirinin
müavini Fariz Rzayev, ADA Universitetinin İcraçı
prorektoru Fariz İsmayılzadə, XİN-in Kadrlar idarəsinin
rəisi Raman Məmmədov, şöbə rəisi Günay
Rəhimova və ADA Universitetinin prorektor müavini Aygün
Hacıyeva çıxış ediblər.
Aygün Hacıyeva qeyd edib ki,
İxtisasartırma proqramları daha əvvəl də
bilavasitə xaricə ezam olunan diplomatlar üçün
seminarlar təşkil edib və indiyədək bu seminarlarda
50-dən çox diplomat iştirak edib. Lakin budəfəki
seminarların ADA Universiteti üçün tarixi əhəmiyyət
kəsb etdiyini ifadə edən Aygün Hacıyeva əlavə
edib ki, İxtisasartırma proqramları ilk dəfədir məhz
bu seminar çərçivəsində diplomatların xaricə
ezamiyyətdən öncə Şuşaya səfərini təşkil
edib.
İştirakçılar ADA
Universitetinin idarəetmə və professor-müəllim heyəti
üzvlərinin, yerli dövlət qurumlarını təmsil
edən yüksəkrütbəli məmur və
diplomatların, beynəlxalq münasibətlər, enerji məsələləri,
o cümlədən mədəniyyət sahəsi üzrə
fəaliyyət göstərən ekspertlərin xarici siyasət,
regional və qlobal müstəvidəki yeniliklər və
enerji siyasəti ilə bağlı mühazirələrini dinləyiblər.
ADA Universitetinin idarəetmə və
professor-müəllim heyəti ictimai diplomatiyanın yeni trendləri,
peşəkar ünsiyyət bacarıqları, pandemiyanın
meydana çıxardığı çətinliklər, rəqəmsal
diplomatiya və sosial medianın rolu mövzusunu tədris ediblər.
Qarabağda mədəni irsin bərpası mövzusu da
seminarın tədris proqramına daxil edilib.
Seminar çərçivəsində
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin iştirakı
ilə müzakirə baş tutub. Müzakirədə rektor
Paşayev ABŞ-da səfir olduğu dövr ərzində əldə
etdiyi peşəkar təcrübəsini diplomatlarla
bölüşüb.
“Əsl diplomat öz ölkəsini
və peşəsini sevən diplomatdır”, - deyə bildirən
səfir Hafiz Paşayev diplomatlara ezam olunduqları ölkələrin
rəsmi dilini öyrənməyi və həmin ölkələrə
dair biliklərini zənginləşdirməyi tövsiyə
edib.
Silsilə seminar zamanı Azərbaycan
Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Elçin Əmirbəyov “Xarici siyasətdə yeni
reallıqlar: XXI əsrdə diplomatiya” mövzusunda mühazirə
ilə çıxış edərək diplomatlar
üçün peşə bacarıqlarının və
biliklərin mütəmadi olaraq inkişaf etdirilməsinin əhəmiyyətinə
toxunub.
Azərbaycan Respublikasının
sabiq xarici işlər naziri Vilayət Quliyevin iştirakı
ilə keçirilən sessiyada ölkə
maraqlarımızı xaricdə qoruyacaq diplomatları
maraqlandıran suallar ətrafında müzakirələr
aparılıb.
Silsilə seminarların
bağlanış sessiyasında Azərbaycan Respublikası
Prezidentinin köməkçisi - Prezident
Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev diplomatlara
sertifikatlarını təqdim edib.
Müasir dövrdə
diplomatiyanın mahiyyətinin dəyişdiyini deyən Azərbaycan
Respublikası Prezidentinin köməkçisi ölkəmizin
xarici siyasət prioritetləri barədə ətraflı məlumat
verib. Hikmət Hacıyev bildirib ki, uğurlu və peşəkar
diplomat ezam olunduğu ölkədə ictimai rəyi qazanmağı,
həmin ölkənin akademik və media qurumlarının
nümayəndələri ilə ünsiyyətdə
olmağı və yeni geosiyasi reallıqları nəzərə
alaraq diplomatik münasibətləri tənzimləməyi
bacarmalıdır.
Azərbaycan.- 2022.- 16 fevral.- S.2.