DSX-nin Göytəpə şəhərindəki hərbi hissəsində
gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Fevralın 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, gənc əsgərlər təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.
Tədbirdə çıxış edənlər gənc əsgərlərin DSX-nin heyəti sırasına daxil olduqları günün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından sonra sərhəd mühafizəsi tarixinin şanlı dövrünə təsadüf etdiyini vurğulayıblar.
İşğaldan azad olunmuş ərazilərimizdə hazırda dövlət sərhədlərimizin müdafiəsi və mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması istiqamətində işlərin sürətlə davam etdirildiyi, işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin bu torpaqlarımızda dövlət sərhədlərinin toxunulmazlığını, milli maraqlarımızın müdafiəsini ən yüksək səviyyədə təmin etdikləri bildirilib.
Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminlik bildirilərək onlara müvəffəqiyyətlər arzulanıb.
Karantin
və sosial məsafə qaydalarına əməl
edilməklə təşkil olunan mərasim
gənc əsgərlərin təntənəli marşla tribuna
önündən keçidi ilə başa çatıb.
Azərbaycan.-
2022.- 16 fevral.- S.2.