Milli Məclis Prezidentin idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı islahatlarına tam dəstək verir
Fevralın 15-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclasa başlamazdan əvvəl parlamentin Sədri Sahibə Qafarova onun başçılığı ilə Milli Məclisin nümayəndə heyətinin fevralın 1-dən 7-dək Baltikyanı ölkələrə rəsmi səfəri barədə qısa məlumat verib.
Sədr xatırladıb ki, Latviya, Litva və Estoniya Şərqi Avropanın böyük geosiyasi əhəmiyyətə malik olan bölgəsində yerləşirlər. Hər 3 ölkə Avropa İttifaqının və NATO-nun üzvüdür. Həm Azərbaycanın, həm də Baltikyanı dövlətlərin rəhbərliyi dinamik xarakter daşıyan ikitərəfli münasibətlərin inkişafına böyük diqqət yetirirlər. Bu ölkələr Azərbaycanla müxtəlif sahələri əhatə edən qarşılıqlı surətdə faydalı əməkdaşlıq əlaqələri saxlayırlar. Milli Məclisin nümayəndə heyətinin rəsmi səfərinin məramı da ikitərəfli siyasi dialoqun dərinləşməsinə töhfə vermək, xüsusən də dövlətlərarası münasibətlərin önəmli bir istiqamətini təşkil edən parlamentlərarası əlaqələrin inkişafı yollarını nəzərdən keçirmək idi.
Nümayəndə heyətinin Baltikyanı ölkələrə səfəri Latviyadan başlayıb, daha sonra isə Litva və Estoniya ilə davam edib.
Fevralın 2-də Latviya Seyminin sədri xanım İnara Murniyetse və Latviyanın Baş naziri cənab Arturs Krişyanis Karinş ilə, fevralın 3-də isə Latviya Prezidenti cənab Eqils Levits ilə görüşlər keçirilib. Fevralın 3-də nümayəndə heyəti Litva Respublikasına yola düşüb və elə həmin gün Litva Seyminin sədri xanım Viktoriya Çmilite Nielsen, ertəsi gün isə Litva Prezidenti cənab Gitanas Nauseda və Litvanın xarici işlər naziri cənab Gabrielius Landsbergis ilə görüş keçirilib.
Fevralın 6-da və 7-də nümayəndə heyətimiz Estoniya Respublikasında olub. Burada Estoniya parlamentinin sədri cənab Yüri Ratas, xarici işlər naziri xanım Eva-Maria Liimets və Estoniya Prezidenti cənab Alar Karis ilə görüşlər olub.
Baltikyanı dövlətlərin ali vəzifəli şəxsləri ilə söhbətlər zamanı bu ölkələr ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafından, o cümlədən parlamentlər arasında əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib, münasibətlərin daha da dərinləşdirilməsi üçün böyük potensial olduğu qeyd edilib. Həmsöhbətlər təmsil etdikləri ölkələrin daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirməklə yanaşı, ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığını, Avropanın enerji təhlükəsizliyinə töfhələrini, COVID-19 pandemiyasına qarşı mübarizədə rolunu yüksək qiymətləndiriblər.
Milli Məclisin Sədri bütün görüşlərdə 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbədən sonra regionda yaranmış yeni reallıqlar barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan öz ərazilərini Ermənistanın 30 il sürən işğalından qurtararaq ərazi bütövlüyünü bərpa edib, bununla da BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını təmin edib. Artıq münaqişə tarixdə qalıb və işğaldan azad olunmuş ərazilərdə bu gün genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir.
Sahibə Qafarova görüşlər zamanı bildirib ki, Ermənistan işğal altında saxladığı bütün şəhər və kəndlərimizi viran qoyub, tarixi, mədəni və dini abidələrimizi məhv edib. Spiker Azərbaycanın regionda daimi sülh və təhlükəsizliyin təmin olunmasını istədiyini, bu məqsədlə suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, bütün kommunikasiyaların bərpası və münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması barədə Ermənistana bir sıra təkliflər verdiyini diqqətə çatdırıb.
Milli Məclisin Sədri bu il 30-cu ildönümü tamam olacaq Xocalı soyqırımı haqqında düşüncələrini bölüşərək Latviya, Litva və Estoniya parlamentlərinin Azərbaycanla dostluq qruplarının bu barədə verdikləri bəyanatların ölkəmizdə yüksək qiymətləndirildiyini bildirib.
Söhbətlər zamanı Sahibə Qafarova ölkəmizin həyata keçirdiyi layihələr və mövcud investisiya imkanları barədə də məlumat verib. Həmsöhbətlərinə Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən danışaraq qeyd edib ki, bu dəhlizin açılması nəinki region, həm də Avropa İttifaqının üzvü olan ölkələr üçün yeni imkanlar yaradacaq.
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri haqqında məlumat verən spiker bildirib ki, Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar son mərhələdədir və sazişin 90 faizdən çoxu artıq razılaşdırılıb. Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlıq da böyük əhəmiyyət kəsb edir. Azərbaycan neftlə yanaşı, həm də “Cənub qaz dəhlizi” vasitəsi ilə Avropanı qazla təchiz edir. Bu isə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir.
Baltikyanı ölkələrdə rəsmi görüşlərlə yanaşı, nümayəndə heyəti bir sıra tədbirlərdə də iştirak edib. Nümayəndə heyəti Latviyanın paytaxtı Riqa şəhərində “Azadlıq” abidəsini ziyarət edib və abidənin önünə əklil qoyub, həmçinin Latviya Milli İncəsənət Muzeyində və Latviya Milli Kitabxanasında olub.
Parlament nümayəndə heyəti Litvanın paytaxtı Vilnüs şəhərinin “Antakalnio” məzarlığında 1991-ci il 13 yanvar qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib və abidənin önünə əklil qoyub.
Estoniya Respublikasına rəsmi səfər çərçivəsində isə nümayəndə heyəti həmin ölkənin paytaxtı Tallin şəhərində Elektron Estoniya Brifinq Mərkəzini ziyarət edib və mərkəzin fəaliyyəti ilə tanış olub.
Çıxışına yekun vuran spiker Sahibə Qafarova Milli Məclisin nümayəndə heyətinin Baltikyanı ölkələrə rəsmi səfərinin uğurlu olduğunu qeyd edib və bununla əlaqədar nümayəndə heyətinin hər bir üzvünə dərin minnətdarlığını bildirib.
Sonra iclasda cari məsələlərin müzakirəsinə başlanılıb.
Komitə sədri Bəxtiyar Əliyev, deputatlardan Hikmət Məmmədov, Rəşad Mahmudov, Rüfət Quliyev, Fazil Mustafa, Razi Nurullayev, Ceyhun Məmmədov, Elşad Mirbəşir oğlu, Naqif Həmzəyev, Bəhruz Məhərrəmov çıxışlarında parlament nümayəndə heyətinin Baltikyanı ölkələrə səfərini yüksək qiymətləndiriblər, aparılan danışıqların əhəmiyyətini qeyd ediblər.
Deputatlar bu günlərdə Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsinin iki ölkənin prezidentləri tərəfindən təsdiq olunaraq hüquqi qüvvəyə mindiyini bildirərək bunu iki qardaş ölkə tarixində müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizliyimizin təmin olunması baxımından mühüm addım kimi qiymətləndiriblər.
Deputatlar həmçinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Ağdama növbəti səfəri barədə fikirlərini açıqlayıblar. Dövlət başçısının Qarabağın yenidən qurulması ilə bağlı layihələr barədə ictimaiyyətə verdiyi məlumatları, o cümlədən Heydər Əliyev Fondunun töhfəsi olaraq mədəni-tarixi abidələrimizin bərpası istiqamətində həyata keçirilən işləri xüsusi vurğulayıblar. Çıxışlarda ölkə gündəmində olan bir sıra digər məqamlara toxunulub, seçiciləri narahat edən məsələlərdən bəhs edilib.
Daha sonra gündəlikdəki 11 məsələyə baxılıb.
Gündəliyin ilk iki sənədi - “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələri beynəlxalq sənədlər olduğundan bir oxunuşda qəbul edilib.
İlk sənədi təqdim edən parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev dedi ki, saziş 2021-ci il sentyabrın 28-də Ankara şəhərində imzalanıb. Sənəd Azərbaycanla Türkiyə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, idxal və ixrac olunan qida məhsullarının təhlükəsizliyinin təmin olunması və qida sektorunda ticarət əlaqələrinin mövcud potensialının artırılması məqsədi daşıyır.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sazişlə bağlı komitənin müsbət rəyini bildirib, deputat Əli Məsimli isə təqdim olunan sənədin əhəmiyyəti barədə öz qeyd və təkliflərini açıqlayıb.
İkinci sənədi təqdim edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib ki, layihə 17 maddədən ibarətdir, 2021-ci il dekabrın 14-də Madrid şəhərində imzalanıb. Sazişdə hər iki dövlətin hökumət orqanları arasında əməkdaşlığın forma və metodları, qarşılıqlı maraq doğuran məlumatların mübadiləsi və digər məsələlər öz əksini tapıb. Qeyd edilib ki, bu qəbildən olan sənədlər artıq bir sıra ölkələrlə imzalanıb.
Saziş barədə Səməd Seyidov rəhbərlik etdiyi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin müsbət rəyini təqdim edib, deputat Razi Nurullayev isə fikirlərini açıqlayıb, suallarını səsləndirib.
“Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti barədə məlumat verən parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, dəyişikliyin məqsədi məhz idxal olunan aksizli mallar üzrə icbari tibbi sığorta haqlarının ödənilməsinə nəzarət mexanizminin yaradılmasının təsbit edilməsidir.
Qeyd edilib ki, qanunda sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləği nəzərdə tutulub.
Komitə sədri Qənirə Paşayeva, deputatlar Soltan Məmmədov, Razi Nurullayev, Etibar Əliyev layihənin əhəmiyyətindən danışıblar, dəyişikliklərin günün tələbinə uyğun olduğunu söyləyiblər, suallarını, qeyd və təkliflərini səsləndiriblər. Komitə sədri Əhliman Əmiraslanov deputatların suallarını cavablandırıb, onları narahat edən məqamlara aydınlıq gətirib.
Qanun layihəsi birinci
oxunuşda qəbul edilib.
İclasda Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin sədri
Ziyafət Əsgərov “Azərbaycan Respublikasının
Silahlı Qüvvələri haqqında” qanunda dəyişiklik
edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə
bağlı bildirib ki, sənəd Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin tərkib hissəsi olan Azərbaycan
Ordusunun və başqa silahlı birləşmələrin hər
biri üzrə ayrılıqda yalnız dinc və müharibə
dövrləri üçün maddi-texniki vasitələrlə
təmin edilməsi qaydasının və təminat
normasının müəyyən edilməsi məqsədilə,
eləcə də beynəlxalq və Azərbaycan
Respublikasının ərazi bütövlüyü uğrunda
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək
aparılan döyüş əməliyyatlarında əldə
edilmiş təcrübə əsasında hazırlanıb.
Belə ki, bu təcrübənin təhlili nəticəsində
Silahlı Qüvvələrin maddi-texniki vasitələrlə
təmin edilməsi qaydasının və təminat
normalarının müəyyən edilməsi zamanı dinc
dövrlə real təhdid və səfərbərlik dövrləri
arasında fərq olmadığı, fərqin yalnız dinc və
müharibə (silahlı münaqişə) dövrləri
arasında olduğu, həmçinin maddi-texniki vasitələrlə
təmin edilməsi qaydasının və təminat
normalarının hər bir qurum üçün
ayrılıqda təsdiq edilməsinin daha məqsədəuyğun
olduğu müəyyən edilib. Layihənin qəbulu
Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin
hər biri üzrə ayrılıqda yalnız dinc və
müharibə dövrlərində maddi-texniki vasitələrlə
təmin edilməsi qaydasının və təminat
normasının müəyyən edilməsinə zəmin
yaradacaq.
Komitə sədri Siyavuş
Novruzov, deputatlar Razi Nurullayev, Fəzail Ağamalı, Qüdrət
Həsənquliyev layihə barədə öz fikirlərini
bildiriblər.
Komitə sədri Ziyafət
Əsgərov söylənən fikirlərə münasibət
bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul
edilib.
Parlamentin Sədri Sahibə
Qafarova diqqətə çatdırıb ki, gündəliyin
beşinci və altıncı məsələləri ölkə
Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub və
mahiyyətcə bir-biri ilə bağlı olan qanun layihələridir.
Sonra parlamentin Təbii
ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq
Qurbanov “Qaz təchizatı haqqında” qanunda dəyişiklik
edilməsi barədə layihəni ikinci oxunuşda təqdim
edib. Bildirilib ki, layihə dəm qazından zəhərlənmələrin
və qaz partlayışı hadisələrinin
profilaktikası və qarşısının alınması məqsədilə
qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə
tutur. Sənədə əsasən qaz
qurğularının və qaz xətlərinin, tüstü
bacalarının, havalandırma və havadəyişmə xətlərinin
müayinəsi və onlara texniki xidmətlə bağlı səlahiyyətlərin
aidiyyəti dövlət qurumlarından qaz
paylayıcısına ötürülməsi təklif olunur.
Bu isə qaz qurğularının və qaz xətlərinin,
tüstü bacalarının müayinəsinə və
texniki xidmətin səmərəliliyinin yüksəlməsinə,
baş verən və baş verə biləcək neqativ
halların daha operativ aradan qaldırılmasına, qaz
paylayıcısının məsuliyyətinin yüksəlməsinə,
qaz satışı və texniki xidmət sahəsində idarəçiliyin
təkmilləşməsinə xidmət edəcək.
Sonra parlamentin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin üzvü Kamal Cəfərov
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə
məlumat verib. Qeyd edilib ki, təklif olunan dəyişikliklər
qaz təchizatı və istifadəsi zamanı qanunvericiliyin tələblərinin
pozulması ilə bağlıdır. Belə ki, dəm
qazından zəhərlənmələrin və qaz
partlayışı hadisələrinin profilaktikası və
qarşısının alınması məqsədi ilə
İnzibati Xətalar Məcəlləsinin 279-cu maddəsində
təkmilləşdirilmə aparılaraq həmin maddəyə
qaz qurğuları və qaz xətlərinə, tüstü
bacalarına, habelə havalandırma və havadəyişmə
xətlərinə texniki xidmət qaydalarına əməl
edilməməsini nəzərdə tutan 279.0.1-1-ci maddənin əlavə
edilməsi təklif olunur.
Digər dəyişiklik ətraf
mühitə, insanların sağlamlığına və
onların əmlakına təhlükə yarada bilən
neqativ halların vaxtında müəyyən edilməsi,
aradan qaldırılması, bu sahəyə nəzarətin
gücləndirilməsi məqsədi ilə aparılıb. Bununla əlaqədar olaraq
İnzibati Xətalar Məcəlləsinin 542-ci maddəsinin
yeni redaksiyada təklif olunan sanksiyası ilə fiziki şəxslərin
iki yüz manatdan dörd yüz manatadək, vəzifəli
şəxslərin min manatdan min beş
yüz manatadək, hüquqi şəxslərin iki min beş
yüz manatdan üç min manatadək məbləğdə
cərimə edilməsi nəzərdə tutulur.
Deputatlar Naqif Həmzəyev, Tahir Kərimli,
İltizam Yusifov, Aydın Mirzəzadə, Fatma
Yıldırım təklif olunan dəyişikliklər barədə
fikirlərini açıqlayıblar. Deputat Kamal
Cəfərov səsləndirilən fikirlərə münasibət
bildirib.
Müzakirələrin sonunda
qanun layihələri ayrı-ayrılıqda səsə
qoyularaq ikinci oxunuşda qəbul edilib.
Daha sonra iclasda Milli Məclis Sədrinin
müavini, İctimai birliklər və dini qurumlar komitəsinin
sədri Fəzail İbrahimli “Dini etiqad azadlığı
haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun
layihəsinin (ikinci oxunuş) mahiyyəti barədə
danışarkən sənədin ikinci oxunuşun tələblərinə
tam cavab verdiyini söyləyib. Komitə sədri
birinci oxunuşdan sonra sənəd ətrafında gedən
müzakirələr zamanı səsləndirilən fikirlərə
də münasibət bildirib.
Fəzail İbrahimli
çıxışında qeyd edib ki, sənəddə
İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin
olunması, habelə dini qurumların, o cümlədən dini
icmaların yaradılması və dövlət qeydiyyatı
ilə bağlı müddəaların təkmilləşdirilməsi
nəzərdə tutulub. Layihədə, həmçinin
dini qurumların ianələri yalnız ənənəvi
üsullarla deyil, eyni zamanda bank, poçt, plastik kart, elektron
ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul
etməsi təklif olunur. Bu sahədə fəaliyyətin
şəffaflığının təmin olunması məqsədilə
ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən
qəbul edilməsi qaydasını müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan təsdiq edəcək.
Deputatlar Qüdrət Həsənquliyev,
Məlahət İbrahimqızı dəyişkliklər barədə
öz qeydlərini səsləndirdikdən sonra vitse-spiker Fəzail
İbrahimli deyilən fikirlərə münasibət bildirib.
Sonra qanun layihəsi ikinci
oxunuşda qəbul edilib.
Milli Məclis Sədrinin birinci
müavini, Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin sədri Əli Hüseynli “Normativ hüquqi aktlar
haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda
dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsini birinci
oxunuşda təqdim edərkən bildirib ki, təklif olunan dəyişiklik
uyğunlaşdırma xarakteri daşıyır. Belə ki,
“Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn
bir sıra məsələlərin tənzimlənməsi barədə”
Azərbaycan Prezidentinin 8 fevral 2022-ci il
tarixli Fərmanının 1.1.1-ci maddəsində Azərbaycan
Respublikasının Medianın İnkişafı Agentliyinin və
Azərbaycan Respublikası Audiovizual Şurasının
yaradılması ilə əlaqədar normativ hüquqi
aktların uyğunlaşdırılması qeyd olunub. Bununla əlaqədar
qanunun müvafiq maddələrinə lazımi düzəlişlər
aparılıb və “Milli Televiziya və Radio” sözləri
“Azərbaycan Respublikası Audiovizual” sözləri ilə əvəz
edilib.
Müzakirələr zamanı Birinci
vitse-spiker Əli Hüseynli deputat Qüdrət Həsənquliyevin
dəyişiklik barədə səsləndirdiyi qeydlərə münasibət
bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul
edilib.
Parlamentin
Regional məsələlər komitəsinin sədri
Siyavuş Novruzov mahiyyətcə bir-birinə bağlı olan
növbəti iki məsələ - “Gəncə şəhərinin
inzibati ərazi bölgüsündə qismən dəyişiklik
edilməsi haqqında” (birinci oxunuş) və “Bələdiyyələrin
əraziləri və torpaqları haqqında” Azərbaycan
Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan
Respublikasında bələdiyyələrin siyahısı”nda
dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun
layihələri barədə məlumat verib. Diqqətə
çatdırılıb ki, ölkə Prezidenti tərəfindən
təqdim olunan həmin qanun layihələri idarəetmənin
təkmilləşdirilməsi sahəsində aparılan
islahatların tərkib hissəsidir. Nəzərdə
tutulan dəyişiklik vətəndaş məmnunluğuna
xidmət edir, vətəndaşların müraciətlərinə
baxılma mexanizmində yeniliklərin tətbiqi, büdcə
vəsaitlərinin sərfiyyatının qənaəti
baxımından vacibdir.
Gəncə şəhərinin
inzibati ərazi bölgüsündə təklif olunan dəyişikliklərə
əsasən, şəhərin tərkibindəki Kəpəz
və Nizami rayonları ləğv edilərək Azərbaycan
Respublikasının ərazi vahidlərinin Dövlət
reyestrindən çıxarılır. Qeyd olunub ki, ləğv
edilmiş Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli
sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə
şəhəri tərkibində 1 və 2 nömrəli sahə
inzibati ərazi dairələri hesab edilir. Habelə ləğv
edilmiş Kəpəz rayonunun tərkibindəki 1 və 2
nömrəli sahə Cavadxan, Hacıkənd, Məhsəti,
Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə
inzibati ərazi dairələri isə müvafiq olaraq Gəncə
şəhəri tərkibində 3 və 4 nömrəli sahə
Cavadxan, Hacıkənd, Məhsəti, Natəvan,
Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi
dairələri hesab edilir.
Bildirilib ki, Gəncə şəhərinin
inzibati ərazi bölgüsündəki dəyişikliklərlə
əlaqədar olaraq
Azərbaycan Respublikasında bələdiyyələrin
siyahısında da müvafiq düzəlişin edilməsi nəzərdə
tutulub.
Deputatlar Müşfiq Cəfərov,
Fazil Mustafa, Kamran Bayramov, Musa Qasımlı təqdim olunan dəyişikliklərə
dair öz fikirlərini səsləndiriblər.
Qanun layihələri
ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul
edilib.
Gündəlikdəki Şəhərsalma
və Tikinti Məcəlləsində dəyişiklik edilməsi
haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat
verən Milli Məclisin birinci vitse-spikeri, Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli bildirb ki, dəyişiklik Məcəllənin
102.4-2-ci maddəsinin təkmilləşdirilməsi ilə
bağlıdır. Həmin maddədə qeyd edilir ki,
sifarişçi tərəfindən dövlət rüsumunun
ödənilməsi faktını təsdiq edən sənəd
təqdim edildikdən sonra tikinti obyektinin istismarına icazə
2 iş günündən gec olmayaraq sifarişçiyə təqdim
edilir və ya sifarişli poçt göndərişi vasitəsilə
göndərilir. Dövlət rüsumunun ödənilməsi
faktını təsdiq edən sənəd təqdim edilmədikdə,
müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən
icazə ləğv edilir və bu barədə məlumat 2
iş günü müddətində sifarişçiyə təqdim
edilir və ya sifarişli poçt göndərişi vasitəsilə
göndərilir.
Məcəlləyə təklif
olunan əlavədə bundan sonra sifarişçinin hansı
hərəkət edəcəyinə aydınlıq gətirilir. Əlavəyə
əsasən, icazə ləğv edildikdən sonra
sifarişçi tikinti obyektinin istismarına icazə verilməsi
üçün təkrar müraciət edə bilər.
Təkrar müraciətə yalnız dövlət
rüsumunun ödənilməsi faktını təsdiq edən
sənəd əlavə edilir. Müvafiq icra hakimiyyəti
orqanı və ya müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurum müraciət daxil olduğu gündən
2 iş günündən gec olmayaraq tikinti obyektinin
istismarına icazəni sifarişçiyə təqdim edir və
ya sifarişli poçt göndərişi vasitəsilə
göndərir.
Qanun layihəsi birinci
oxunuşda qəbul edilib.
Rəşad BAXŞƏLİYEV
Ülkər XASPOLADOVA
Azərbaycan.- 2022.- 16 fevral.- S.1; 3.