Prezident İlham Əliyevin regionda
vəziyyətin və iqtisadi əlaqələrin
normallaşması ilə bağlı mövqeləri Rusiyada yüksək qiymətləndirilir
Fevralın 15-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Mixail Boçarnikovla görüşdü.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səmimi keçən görüşdə Azərbaycan ilə Rusiya arasında siyasi, iqtisadi, mədəni-humanitar münasibətlərlə yanaşı, dini-mənəvi əlaqələrin də mövcud səviyyəsindən razılıq ifadə olunub.
QMİ sədrinin ötən ilin oktyabrında Moskva və bütün Rusiya Patriarxı Kirillin dəvətinə əsasən Rusiya Federasiyasına səfəri, Zati-müqəddəsləri Patriarx Kirillə görüşü, habelə dini liderlərin baş tutmuş üçtərəfli görüşünün nəticələri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, Rus Pravoslav Kilsəsinin sülhyaratma potensialı var və dini liderlərin onun vasitəçiliyi ilə baş tutan dialoqları sayəsində zamanında Ermənistan-Azərbaycan münaqişəsinin dini qarşıdurma xarakteri almasının qarşısı alınıb.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası ilə Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq sahəsində səmərəli əməkdaşlıq münasibətlərinin mövcudluğundan, ölkəmizin dini həyatında, dini konfessiyalar müstəvisində fəal icma olaraq iştirak etməsindən razılıq bildirilib. Şeyxülislam qeyd edib ki, yaxın günlərdə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində keçiriləcək anım tədbirində də Azərbaycandakı pravoslav icmasının nümayəndələri hər zamankı kimi iştirak edəcəklər.
İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan xalqının işğaldan azad etdiyi ərazilərdə gedən genişmiqyaslı quruculuq işləri, infrastruktur layihələri ilə yanaşı, vandalizmə məruz qalmış dini-mənəvi irsin dirçəldilməsi, məscidlərlə bərabər, pravoslav, alban-udi kilsələrinin, digər məbəd və ziyarətgahların yenidən qurulması, bərpası və qorunması sahəsində misilsiz işlər görüldüyünü qeyd edən şeyxülislam A. Paşazadə bütün bunların Azərbaycan Prezidenti İlham Əliyevin möhkəm siyasi iradəsi sayəsində həyata keçirildiyini qürurla bildirib. Qeyd edib ki, Azərbaycan Prezidentinin azad Qarabağa elə bir səfəri olmur ki, dini-mənəvi əhəmiyyətli abidələrə qayğı və dövlət himayəsini nümayiş etdirməsin. Multikultural dəyərlər ölkəsi olan Azərbaycanda bu ali diqqət təkcə məscid, İslam abidələrini deyil, xristian, yəhudi məbədlərini də ehtiva edir. İşğaldan azad olunmuş Qarabağ torpaqlarına səfər etmiş bütün xarici ölkə nümayəndələri, diplomatik korpus təmsilçilərinin bunun bilavasitə şahidi olduqlarını diqqətə çatdıran QMİ sədri gələcəkdə Azərbaycana səfər edəcək beynəlxalq təşkilatların ekspert missiyalarının da bu həqiqətləri qeydə alacaqlarına ümidvar olduğunu ifadə edib.
Vatikana səfəri barədə danışan QMİ sədri A. Paşazadə Papa Fransisklə söhbətində Rus Pravoslav Kilsəsinin uzun illər ərzində dinlərarası dialoq müstəvisində nümunəvi sülhyaratma fəaliyyəti barədə danışdığını və Vatikanın bu mövzuya diqqət nümayiş etdirdiyini bildirib. Vatikana səfərdə Azərbaycandakı pravoslav konfessiyasının rəhbərinin də nümayəndə heyətində təmsil olunmasını rusiyalı səfirin diqqətinə çatdırıb.
Şeyxülislam A. Paşazadə son zamanlar Rusiya və Ukrayna ətrafında yaşanan gərginlikdən xeyli narahat olduğunu, bu mövzunun tezliklə xoş məramla həllini tapması, iki yaxın qardaş olan xalqlar arasında münasibətlərin yoluna qoyulması üçün dualar etdiyini bildirib. A. Paşazadə təklif irəli sürüb ki, xalqlar arasında mövcud gərginliklərin aradan qaldırılması, anlaşılmazlıqlara, suallara cavab tapılması istiqamətində dini liderlərin böyük rol oynamasını nəzərə alaraq, postsovet məkanında sülh, qarşılıqlı anlaşma naminə Rus Pravoslav Kilsəsinin böyük nüfuza malik başçısı Patriarx Kirillin rəhbərliyi ilə Ukrayna din xadimlərinin də iştirak edəcəyi beynəlxalq forumun çağırılması məqsədəuyğun olardı. MDB Dinlərarası Şurasının həmsədri olaraq QMİ sədri A.Paşazadə Uca Yaradana xoş gedən bu yolda öz səylərini əsirgəməyəcəyini bildirib.
QMİ sədri Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının mərhum Arxiyepiskopu Aleksandrın əziz xatirəsini hər zaman andığını və onun Azərbaycan-Rusiya mənəvi əlaqələrinin inkişafına uzun illər ərzində verdiyi töhfələri yüksək dəyərləndirdiyini deyib.
Rusiyanın ölkəmizdəki səfiri M. Boçarnikov şeyxülislamla görüş imkanına görə təşəkkürlərini bildirib və Rusiya ilə Azərbaycan arasında geniş spektr üzrə münasibətlərin hər iki dövlətin mənafeləri naminə uğurla davam və inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Rusiyada Azərbaycan Prezidenti İlham Əliyevin regionda vəziyyətin və iqtisadi əlaqələrin normallaşması ilə bağlı mövqeləri bütün tərəflər üçün faydalı kimi yüksək qiymətləndirilir.
Dövlət
başçılarımızın səyləri sayəsində
ölkələrimiz arasında siyasi, ticari-iqtisadi, logistik əlaqələrin
getdikcə dərinləşməsindən, kommunikasiya
layihələrindən, çoxtərəfli əlaqələrin
qurulmasından məmnunluğunu ifadə edən rusiyalı səfir
Pus Pravoslav Kilsəsi
ilə Qafqaz Müsəlmanları
İdarəsi arasında dinlərarası dialoq
çərçivəsində nümunəvi dini-mənəvi
əlaqələrin mövcudluğunu böyük dəyər kimi
qiymətləndirib. Bu işdə böyük nüfuza malik dini lider
olaraq şeyxülislam
A. Paşazadənin səylərinin, 40 ildən artıq müddət
ərzində sülhyönümlü,
xoşməramlı fəaliyyətinin böyük
əhəmiyyət daşıdığını
vurğulayıb. Xalqlarımız, dövlətlərimiz
arasında mövcud dostluq,
qardaşlıq, strateji əməkdaşlıq
bağlarının qorunub
saxlanılması, inkişaf etdirilməsinin
vacibliyi qeyd olunub.
Azərbaycan.- 2022.-16 fevral.- S.4.