Gələcəkdə TAP-ın ötürücülü
qabiliyyətinin artırılması nəzərdə tutulur
Bu, Avropanın Azərbaycandan daha çox qaz idxal etmək istəməsi ilə
bağlıdır
Keçən il və bu ilin yanvar ayında “Cənub qaz dəhlizi” ilə Gürcüstan, Türkiyə və Avropa istehlakçılarına 18,5 milyard kubmetrdən çox Azərbaycan təbii qazı çatdırılıb. Təkcə Avropa ölkələri 8,9 milyard kubmetr mavi yanacaqla təchiz olunub. Bu soyuq, şaxtalı qış fəslində istehlakçıların qaza ehtiyacı daha da artıb.
Cari il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev demişdir: “Bu il təxminən 19 milyard kubmetr qaz ixrac ediləcəkdir. Ondan 8 milyarddan çoxu Türkiyəyə, 7 milyarddan çoxu İtaliyaya ixrac ediləcək. Qalan qaz Gürcüstan, Bolqarıstan, Yunanıstan arasında bölünəcək. Yəni bu, böyük rəqəmdir və eyni zamanda, daxili tələbat da artır və artacaq. Biz daxili tələbatı ödəyirik. Bütövlükdə Azərbaycanda 45 milyard kubmetr qazın hasilatı gözlənilir. Qeyd etdiyim kimi, 19 milyard ixraca gedəcək, qalan hissə isə daxili tələbata və lay təzyiqini saxlamaq üçün neft laylarına yenidən qazın vurulmasına. Bu, böyük həcmdir və əlbəttə, bizə imkan verəcək ki, həm öz tələbatımızı ödəyək, eyni zamanda, Avropa məkanına daha böyük həcmlə çıxa bilək. Məhz bizim bu layihəmiz, eyni zamanda, Avropa ölkələri arasındakı interkonnektorların, bağlantıların tikintisinə də rəvac verdi və indi orada bu sahədə də işlər görülür. Beləliklə, fiziki olaraq, yəni infrastruktur nöqteyi-nəzərindən biz qazımızı başqa ölkələrə də çatdıra bilərik, nəzərə alsaq ki, “Şahdəniz”in çox böyük potensialı var. Bunun, düzdür, təsdiq edilmiş həcmi 1 trilyon kubmetrdən çoxdur”.
Avropa da öz növbəsində qazın idxalını artırmaq istəyir. “Cənub qaz dəhlizi”nin sonuncu seqmenti TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) idarəetmə direktoru Luca Schieppati “Quotidiano Nazionale” saytına müsahibəsində bu kəmərin Avropa, xüsusilə də İtaliya üçün əhəmiyyətini vurğulayıb. O bildirib ki, ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan TAP-la əməliyyatların birinci ilində qitəyə 8 milyard kubmetrdən çox təbii qaz idxal edilib. Həmin həcmin 7 milyard kubmetri İtaliyaya çatdırılıb. Bu, İtaliyanın istehlakının, demək olar ki, 10 faizini təşkil edir.
L.Schieppati həmçinin qeyd edib ki, gələcəkdə TAP-la Azərbaycandan İtaliyaya gələn qaz həcmləri ikiqat artırıla bilər. 2022-ci və 2023-cü illərdə, eləcə də qarşıdakı 25 il ərzində bu kəmərlə müqavilələr çərçivəsində ildə 10 milyard kubmetr təbii qaz nəql olunacaq.
O deyib: “TAP-ın potensialı onun ötürücülük gücünün iki dəfə artırılaraq ildə 20 milyard kubmetrə çatdırılmasına imkan verir. Boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması üçün hazırda bazar sınaqları aparılır. Prosesin təklif mərhələsini cari ilin iyul ayında başa çatdırmağı planlaşdırırıq. Biz TAP-ın ötürücülük qabiliyyətinin illik təxminən 12, 14, 17 və ya 21 milyard kubmetrə qədər artırılması üçün 4 texniki təklif təqdim etmişik. Bunun üçün mövcud kompressor stansiyaları yenilənməli və yeni ölçmə stansiyaları quraşdırılmalıdır. İllik 12 və ya 14 milyard kubmetr təbii qaz nəqli gücünə çatmaq üçün 4 il, 21 milyard kubmetrə çatmaq üçün isə 5 il vaxt lazımdır. Boru kəmərinin ötürücülük gücünün artırılması üçün lazım olan investisiya birbaşa TAP tərəfindən həyata keçiriləcək. Dövlət xərcləri ilə bağlı hər hansı bir ödəniş olmayacaq”.
“La Repubblica” qəzetinə müsahibəsində İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano da bildirib ki, TAP-la illik qaz idxalını 10 milyard kubmetrə çatdırmaq istəyirlər.
O deyib: “TAP boru kəməri İtaliyaya enerji qiymətlərindəki artımların zərbəsini yumşaltmağa imkan verdi. TAP layihəsi haqqında danışmağa başlananda hələ ekoloji transformasiyada söhbət getmirdi. Bu gün təbii qaz ekoloji keçidi təmin edən əsas elementdir. Bugünkü vəziyyət məni bu fikirləri deməyə vadar edir - xoşbəxtlikdən TAP var”.
Manlio Di Stefano həmçinin qeyd edib: “Biz TAP boru kəməri ilə təbii qaz tədarükünü ildə 7 milyard kubmetrdən 10 milyard kubmetrə çatdırmağı hədəfləyirik. Gələcək perspektivdə TAP boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması nəzərdə tutulur”.
Xatırladaq ki, “Cənub qaz dəhlizi”nin Avropa qolu olan TAP kommersiya qaz nəqlinə 2020-ci ilin sonunda başlayıb. Bu, Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyan, yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edən bir kəmərdir. TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində və təchizatın şaxələndirilməsində mühüm rol oynayır.
Məlum olduğu kimi, bu kəmərin Azərbaycandan Avropa bazarlarına ildə 10 milyard kubmetr qaz tədarükünü həyata keçirməsi nəzərdə tutulub. TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. 878 kilometrlik kəmərin 550 kilometri Yunanıstanın, 215 kilometri Albaniyanın ərazisindən,105 kilometri Adriatik dənizinin altından keçir və 8 kilometrlik hissəsi İtaliya torpağında sahilə çıxır. Burada kəmər “Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsi ilə birləşir.
TAP-ın səhmdarları bp (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagas” (16 faiz) və “Axpo” (5 faiz) şirkətləridir.
Yaxın gələcəkdə Azərbaycan qazı daha uzaq ünvanlara çatacaq. Çünki “Cənub qaz dəhlizi” enerji təhlükəsizliyinin təminatındakı strateji əhəmiyyətini Avropa ölkələri arasındakı interkonnektorlarla Qərbi Balkanlara və qitənin digər hissələrinədək genişləndirə bilər. Daha doğrusu, bu, artıq bir tələbata çevrilib.Təsadüfi deyil ki, həmin məsələ cari il fevralın 4-də Bakıda keçirilən “Cənub qaz dəhlizi” Məşvərət Şurasının 8-ci toplantısında da aparıcı mövzulardan olub.
Flora SADIQLI
Azərbaycan.- 2022.- 16 fevral.- S.6.