Naxçıvan
turizmi
Muxtar respublika cəlbedici
bölgəyə çevrilib
Qədim insan və mədəniyyət
məskəni, təbii sərvətlər muzeyi olan, “Şərqin
qapısı” adlandırılan Naxçıvanın həm də
böyük turizm potensialı var.
Təbiət bu ulu
diyarımızdan öz səxavətini, təbii gözəlliklərini
əsirgəməyib. Əlverişli coğrafi mövqeyi,
müxtəlif iqlim qurşaqlarının mövcudluğu,
mineral suları, təbii sərvətləri, o cümlədən
zəngin maddi və mədəni irsi, özünəməxsus
mətbəxi, yüksək qonaqpərvərlik ənənələri
və müasir tərəqqisi muxtar respublikada turizmin
inkişafını şərtləndirən başlıca
amillərdir. Təsadüfi deyil ki, böyük
inkişaf yolu keçən muxtar respublikada turizmin ümumi
daxili məhsulda rolu düzgün dəyərləndirilib və
müasir çağırışlara cavab verən turizm
infrastrukturu yaradılıb. Naxçıvan Muxtar
Respublikasına səfərimiz zamanı bölgənin turizm
infrastrukturunun bir qismi ilə tanış
olmaq imkanımız da yarandı.
Dünyanın ən
yaxşı 50 mərkəzindən biri
Artıq neçə onilliklərdir
ki, turizm bir sıra ölkələrin milli gəlirlərinin
formalaşmasında əsas sahələrdən birini təşkil
edir. Bu baxımdan hazırda turizmin inkişafı, daha
çox turistin cəlb olunması yerləşmə
coğrafiyasından asılı olmayaraq dünyanın bir
çox ölkəsi tərəfindən təşviq olunur.
Azərbaycan tarixən turizm baxımından əlverişli
məkan kimi fərqlənib. Prezident
İlham Əliyevin inkişaf siyasətinin məqsəd və
məramına uyğun olaraq bu potensialdan səmərəli
istifadə edilməsi Azərbaycanda dövlət siyasətinin
ayrılmaz tərkib hissəsinə çevrilməklə
iqtisadi tərəqqi və yüksəlişin mühüm
amili kimi nəzərdən keçirilir.
Bütün bunlar
Naxçıvan Muxtar Respublikasında da diqqət mərkəzində
saxlanılır. Muxtar respublikanın turizm
potensialının hərəkətə gətirilməsi,
müxtəlif növlərin yaradılması, bu sahədə
sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm
infrastrukturunun yaradılması üçün son illərdə
məqsədyönlü işlər görülüb.
Muxtar respublika rəhbərliyinin səyləri ilə qədim
diyarda həyata keçirilən quruculuq işləri,
müalicə mərkəzlərinin yenidən qurulması turizmin inkişafına təkan
verib, muxtar respublikaya gələn turistlərin sayı ilbəil
artıb. “2018-2022-ci illərdə Naxçıvan Muxtar
Respublikasında turizmin inkişafına dair Dövlət
Proqramı”nın qəbul olunması
turizmin inkişafında yeni mərhələnin əsasını
qoyub. Muxtar respublikanın Turizm Departamentinin
yaradılması isə bu sahədə dövlət idarəçiliyinin
təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətə
malikdir.
Naxçıvanın son illərdə
beynəlxalq tədbirlərə, idman yarışlarına
evsahibliyi etməsi, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin
Paytaxtı elan olunması və ölkəmizin Gənclər
Paytaxtı seçilməsi respublikamızın bu bölgəsinin
turizm imkanlarını nümayiş etdirmək
baxımından mühüm əhəmiyyətə malik
olmuşdur. Görülən işlərin nəticəsidir
ki, Londonda nəşr olunan “Wanderlust” jurnalında
Naxçıvan Muxtar Respublikası dünyanın ən
yaxşı 50 turizm mərkəzindən biri kimi qeyd
olunmuşdur.
Mükəmməl
infrastruktur yaradılıb
Öncə onu qeyd edək
ki, Naxçıvan Muxtar Respublikası turizmin inkişafını
şərtləndirən əsas göstəricilərə,
ilk növbədə, mükəmməl nəqliyyat
infrastrukturuna malikdir. Təsadüfi deyil ki, turist məmnunluğunu
səciyyələndirən xidmətlərdən biri də nəqliyyat
xidmətidir. Naxçıvanın
inkişaf konsepsiyasına uyğun olaraq burada ən müasir
standartlara cavab verən nəqliyyat infrastrukturu qurulub.
Bu gün Naxçıvan
Beynəlxalq Hava Limanından Bakı, Gəncə, İstanbul,
Moskva şəhərləri istiqamətlərində
uçuşlar həyata keçirilir. Muxtar
respublikada 5 avtovağzal var. Naxçıvan şəhərindən
muxtar respublikanın bütün yaşayış məntəqələrinə
avtobus marşrutları işləyir. 24
saat taksi xidməti göstərilir. Naxçıvan
şəhərində turist marşrutu da fəaliyyət
göstərir.
Naxçıvanın nəqliyyat
baxımından əsas göstəricilərindən biri də
muxtar respublikanın ən ucqar dağ kəndlərinə belə
rahat asfalt yollarla getməyin mümkün olmasıdır. Nəinki
respublika əhəmiyyətli avtomobil yolları, o cümlədən
rayonlararası, kəndlərarası şose yolları yenidən
qurulub. Vaxtilə yolu olmayan
yaşayış məkanlarına yeni yollar çəkilib.
Bütün bunlarla
yanaşı, Naxçıvanda tamamilə yeni, beynəlxalq
standartlar səviyyəsində hotel infrastrukturu
formalaşdırılıb. İndi
Naxçıvan şəhərində və muxtar
respublikanın əksər rayonlarında turistlərə
yüksəksəviyyəli xidmətlər göstərən
mehmanxanalar fəaliyyət göstərir. Konkret
rəqəmlərlə ifadə etsək, muxtar respublikada 21
mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət
göstərir. 5 ulduzlu “Təbriz” və “Duzdağ” hotelləri,
“Saat Meydanı” Turistik İstirahət Mərkəzi,
Ağbulaq İstirahət Mərkəzi və digər turizm
obyektlərində yüksək keyfiyyətli xidmətlər təklif
olunur. Naxçıvana gələn turistlər
büdcəsinə uyğun istirahət məkanı seçməkdə
hər hansı çətinliklə üzləşmirlər.
Fasiləsiz təbii qaz və
elektrik enerjisi verilişinin olması, yüksək səviyyəli
rabitə xidmətinin yaradılması, sürətli internetin
istifadəyə verilməsi də muxtar respublikada turizmin
inkişafını şərtləndirən amillər
sırasındadır.
Turizmin inkişafı
yüksək səviyyədə qurulan infrastrukturla
yanaşı, sabitliklə də bağlıdır. Bu iki amilin muxtar respublikada
mövcudluğu, qədim diyarın təhlükəsiz region olması turistlərin səfər
etməsi və turizmin inkişafı üçün əlavə
üstünlüklər yaradır.
Müalicə və
sağlamlıq turizminin unikal ünvanı
Naxçıvan təbiətinin
özəllikləri bu diyarda müalicə turizminin
inkişafına geniş imkanlar yaradır. Bu baxımdan
Duzdağ Fizioterapiya Mərkəzi artıq uzun illərdir ki, nəinki
Azərbaycanda, ölkəmizin hüdudlarında da fərqli
bir müalicə mərkəzi kimi tanınır və muxtar
respublikanın turistlər üçün cəlbediciliyini
artırır.
Xatırladaq ki, unikal
müalicə obyekti olan Duzdağ Fizioterapiya Mərkəzi
1979-cu ildən 50 çarpayılıq xəstəxana kimi
Naxçıvan duz mədəni bazasında fəaliyyətə
başlayıb. Mərkəzdə yuxarı tənəffüs
yollarının allergik xəstəlikləri müalicə
edilir. Müalicənin effekti uşaqlarda
95, böyüklərdə isə 75-80 faiz təşkil edir.
Mərkəz dəniz səviyyəsindən 1173
metr hündürlükdə yerləşir. Duzdağ Fizioterapiya Mərkəzində ilin
bütün fəsillərində müsbət 18-20 dərəcə
temperatur rejimi və təbii ventilyasiya olur.
Naxçıvanda olarkən Duzdağ
Fizioterapiya Mərkəzinin fəaliyyəti ilə də tanış olduq. Mərkəzin
baş həkimi Heyran Qazıbəyovanın sözlərinə
görə, bənzərsiz təbii şəfa mənbəyi
olan bu mərkəzdə tənəffüs yolları xəstəliklərindən
əziyyət çəkən xəstələr
üçün müasir şərait yaradılıb.
Ötən il mərkəzin müasir
standartlara cavab verən inzibati binasının istifadəyə
verilməsi isə bu sahəyə olan dövlət
qayğısının əyani ifadəsidir. Bu
həm də turist qəbulu üçün imkanları daha
da artırdı. Öyrənirik ki, xarici
ölkələrdən gələnlər arasında Rusiya,
Türkiyə, İran və Qazaxıstan vətəndaşları
üstünlük təşkil edir.
Ekoloji təmiz hava, günəş
radiasiyasının bolluğu ilə yanaşı, təbii
mineral sularla zəngin olması Naxçıvanda
sağlamlıq turizminin inkişafına əhəmiyyətli
təsir edir.
Azərbaycanın mineral su ehtiyatının 60
faizi Naxçıvan Muxtar Respublikasının payına
düşür. Mineral suların təbii “muzeyi”
adlandırılan muxtar respublikanın 5,5
min kvadratkilometrlik sahəsində 250-dən artıq mineral su mənbəyi
qeydə alınmışdır. “Badamlı”, “Sirab”,
“Vayxır”, “Gülüstan”, “Böyrək suyu” və digər
mineral suların bəzilərindən süfrə suyu kimi, bəzilərindən
isə müalicə məqsədi ilə istifadə edilir.
Güclü müalicəvi əhəmiyyətə
malik olan yeraltı sərvətlərdən biri də Culfa
rayonunda çıxan Darıdağ arsenli mineral suyudur. Darıdağ
suyu karbonqazlı, mərgümüşlü, yüksək
minerallaşdırılmış
xlorlu-hidrokarbonatlı-natriumludur. Polşada Kudova,
Almaniyada Dürkgeym, Rusiyada Sineqorsk sularının
oxşarıdır. Lakin suyun tərkibindəki
mineral duzların mütənasibliyi ilə Darıdağ suyu
onlardan daha üstündür. Darıdağ
arsenli termal suyu dayaq-hərəkət sistemi, qoturluq,
sarıyara, piyadermeya kimi bir çox dəri xəstəlikləri
üçün müalicəvi əhəmiyyətə
malikdir.
Darıdağ Arsenli Su
Müalicəxanası müalicə turizmi sahəsində
böyük imkanlara malikdir. Hazırda tikintisi davam
edən Darıdağ Arsenli Su Müalicə və İstirahət
Kompleksi, həmçinin “Darıdağ” Termal Hotelin tikintisi bu
şəfalı suyun müalicəvi xüsusiyyətlərindən
səmərəli şəkildə istifadəyə şərait
yaradacaq.
Kompleks turizm
infrastrukturunun tətbiq olunduğu ilk kənd
Şahbuz rayonunun Ağbulaq kəndi
ölkəmizdə kompleks turizm infrastrukturunun tətbiq
olunduğu ilk kənddir. Əlverişli təbii-coğrafi şəraiti
burada turizmin bir çox növünün inkişafına
imkan verir. Şahbuz rayonunun Ağbulaq kəndində
kənd və dağ-xizək turizminin inkişafı
üçün kompleks işlər görülüb,
Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi
yaradılıb.
Ağbulaq Kənd
Turizm-İstirahət Bölgəsi malik olduğu zəruri
infrastruktura görə ilin hər fəslində asudə vaxt
keçirmək istəyənlər üçün zəngin
imkanlar vəd edir. Naxçıvan şəhərindən təxminən
bir saatlıq məsafədə olan Ağbulağın təmiz
və günəşli havası turistləri bura cəlb edən
ilk cəhətlərdəndir.
Buradakı istirahət mərkəzi
müasir kamp məkanı üçün tələb olunan
hər cür rahatlığa malikdir. Öyrənirik ki,
istirahət mərkəzinə gələn turistlər
üçün ümumi tutumu 76 nəfər olan 38 standart
otaq fəaliyyət göstərir. Bütün
otaqlar yüksək komfortlu hotel standartlarına uyğun olan
şəraitlə təmin edilib. Ağbulağa
gəlmiş turistlər 4G sürətli internetə də
qoşula bilirlər. Mərkəzdə xizəksürmə
xidmətindən başqa turistlərə müxtəlif
servislər də təklif olunur. Turistlər
əyləncə ilə yanaşı, Naxçıvan mətbəxinin
ləziz təamlarından və təbii ərzaq məhsullarından
dadmaq fürsəti qazanırlar.
Mərkəzdə
çalışanların hamısı Ağbulaq və ətraf
kəndlərin sakinləridir. Kənd turizminin ən
gözəl nümunələrindən olan Ağbulaq Kənd
Turizm-İstirahət Bölgəsinin yaradılması tək
bir kəndin, muxtar respublikanın deyil, ümumilikdə ölkəmizin
inkişafına xidmət edir. Ağbulaq həm
yerli, həm də xarici turistlər üçün cazibədar
məkana çevrilib. Təmiz hava, təbii
qida, yaradılan lazımi infrastruktur imkan verir ki, mərkəz
muxtar respublikanın inkişafında xüsusi rol oynasın.
Naxçıvanın digər
rayonlarında da kənd turizmi üçün əlverişli
imkanlar mövcuddur. Xüsusən qədim diyarın Biçənək,
Kükü, Nursu, Keçili, Xanəgah, Dırnıs, Nəsirvaz,
Bist, Tivi, Şahbulaq, Gümüşlü, Ərəfsə və
başqa yaşayış məntəqələrində kənd
turizmi inkişaf edib. Həmin kəndlərdə
asudə vaxtını səmərəli keçirmək istəyən
turistlərə həm də bütün zəruri xidmətlər
təklif olunur. Həmçinin ailə təsərrüfatları
tərəfindən hazırlanan ekoloji cəhətdən təmiz
qida məhsulları və münasib qiymətlər turist məmnunluğunu
səciyyələndirən amillərdəndir. Bu
baxımdan muxtar respublikanın kənd yaşayış məntəqələrinə
gələn turistlər həm də onlarca çeşiddə
təmiz ekoloji məhsullarla tanış
olmaq imkanı əldə edirlər.
Ən müasir
standartlara cavab verən Ağbulaq Xizək Mərkəzi
Qış aylarında qar
ehtiyatının çox olması isə Ağbulaqda xizəkçilik
üçün münbit şərait yaradır. Turizmi daha da inkişaf etdirmək
üçün kənddəki istirahət mərkəzinin
yaxınlığında dağ-xizək mərkəzinin qurulması da qərara
alınıb. Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə
yerləşməsi, qış aylarında qar ehtiyatının çox olması və
dağ-xizək mərkəzi üçün müvafiq
landşafta malik olması Ağbulaq kəndi
yaxınlığındakı ərazinin seçilməsinə
əsas verib.
Ağbulaq Xizək Mərkəzi
2021-ci il fevralın 17-də istifadəyə
verilib. Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə
yerləşən mərkəzdə uzunluğu 1580 metr olan
dağ-xizək sahəsi, əyləncə və uşaq
parkları, süni göl yaradılıb. Kanat
yolunda hər biri 4 yerlik olan 59 oturacaq vardır ki, bu da saatda
1000-dən artıq turistə xidmət etməyə imkan verir.
Ağbulaq Xizək Mərkəzi
qışda xizək idman növlərinə maraq göstərən
və hər yaşdan olan insanlar üçün sərfəli
qiymətə istirahət və əyləncə dolu zəngin
təəssürat vəd edən ideal məkandır. Yaradılmış
xizəksürmə infrastrukturu ən müasir komfort,
erqonomika və təhlükəsizlik standartlarına cavab
verir. Qış aylarında burada həmişə
qar olsa da, xizəksürmə həvəskarlarına
davamlı xidmətlər göstərə bilmək
üçün süni qar yaratma sistemləri də
quraşdırılıb.
Naxçıvanda idman
turizminin inkişafı da diqqət mərkəzində
saxlanılır. Bu baxımdan Ağbulaq Xizək Mərkəzinin
istifadəyə verilməsi muxtar respublikada ənənəvi
turizm növlərinin inkişaf etdirilməsi ilə
yanaşı, yeni turizm istiqamətlərinin, o cümlədən
idman turizminin də inkişafı üçün geniş
imkanlar yaradıb. 2021-ci ilin aprel ayından
istifadəyə verilmiş Uzunoba Təlim-Məşq İdman
Kompleksi Naxçıvanda idman turizminin inkişafı
baxımından əhəmiyyətli hadisələrdəndir.
Naxçıvan
nümunələri
Qədim inancları,
möcüzəvi sirləri və əfsanələri
özündə yaşadan “Əshabi-Kəhf Ziyarətgahı”
Dini-Mədəni Abidə Kompleksi, həmçinin pirlər,
imamzadələr, qədim məscidlər dünyanın
dörd bir yanından gələn zəvvarların ziyarətgahına
çevrilib.
Əshabi-Kəhf ziyarətgahı ən qədim
zamanlardan müqəddəs bir yer, ulu Tanrıya inam, ümid bəsləyən,
ilahi gücə inanan insanların səcdəgahı kimi
şöhrət qazanıb. Ziyarətgaha
Azərbaycanın digər bölgələrindən və
xarici ölkələrdən zəvvarlar, turistlər gəlir.
Bütün bunlar onu göstərir ki, Naxçıvanda dini turizmin inkişafı üçün də real imkanlar mövcuddur. Naxçıvanda dini turizmin inkişafı istiqamətində görülən işlər, dini-mədəni abidələrin bərpası və qorunması mənəvi dəyərlərimizin dünyaya tanıdılmasında vasitə rolunu oynayır.
Əsrarəngiz təbiəti, mineral sərvətləri, tarixi-dini abidələri ilə yanaşı, Naxçıvan mətbəxinin zəngin olması da turizmə təsir edən amillərdəndir. Azərbaycan mətbəxinə məxsus yeməklərlə yanaşı, Naxçıvan mətbəxinin özünəməxsus yeməkləri də var. Arzuman küftəsi, balqabaq doldurması, maş şorbası, müxtəlif növ plovlar, qurut aşı, qovurma, dikçə dolması, kabablar, xoşablar, ballı qayğanaq, sucuq, alana, şirniyyatlar və s. Naxçıvan mətbəxi öz zənginliyi, heyrətamiz dadı ilə qonşu xalqların mətbəxinə də təsir edib. Naxçıvanın ekoloji təmiz havası, günəş şüasının bolluğu və digər amillərin təsiri nəticəsində bu torpağın yetirdiyi meyvə, tərəvəz və digər məhsullar öz dadı və keyfiyyəti ilə fərqlənirlər.
Naxçıvan turizmi
davamlı inkişaf yolundadır. Həyata keçirilən
tədbirlərin nəticəsi olaraq muxtar respublika sürətlə
turistlər üçün daha cəlbedici bölgəyə
çevrilir. Yaxın gələcəkdə
isə turizmin muxtar respublikanın ümumi daxili məhsulunda
payının daha da yüksələcəyini söyləmək
olar. Zəngəzur dəhlizinin
reallaşması ilə Naxçıvana gələn turistlərin
sayı da dəfələrlə artacaq.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2022.- 16 fevral.- S.7.