Göygöldə Vətən müharibəsi qazilərinə və şəhid ailələrinə diqqət artırılır

 

Göygöl rayonunda Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinin üzvlərinə böyük diqqət və qayğıkeşlik göstərilir. Onların bütün problemləri diqqətlə dinlənilir və həll olunur. Bu sahədə icra hakimiyyətində yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi xüsusi rol oynayır.

Elvin Əkbərov Vətən müharibəsində yaralanmışdır. Qazi 1984-cü ildə Zurnabad kəndində anadan olmuşdur. 2001-ci ildə kənd məktəbinin 11-ci sinfini bitirdikdən sonra 2004-cü ilin yanvar ayınadək həqiqi hərbi xidmət keçmişdir. 2018-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətə başlamışdır. 27 sentyabr 2020-ci ildə 44 günlük  Vətən müharibəsi başlayanda o da döyüşlərə atılmış, Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Sentyabrın 28-də Kəlbəcər istiqamətində gedən döyüşlərdə yaralanaraq III qrup əlil olmuşdur.

Elvin Əkbərov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən fərqləndiyinə görə “Hərbi xidmətə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Bu günlər qazi Göygöl Rayon İcra Hakimiyyətinə müraciət edərək bir neçə məsələnin həlli üçün kömək istəmişdir. O, icra hakimiyyətindən məişət şəraitinin yaxşılaşdırılması, sığorta ödənişinin verilməsi, həmçinin avtomaşın növbəsinə götürülməsi üçün yardım istəmişdir. Qazinin müraciətləri xüsusi nəzarətə götürülmüşdür. Elvin Əkbərov icra hakimiyyətindən razı qaldığını bildirmişdir.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2022.- 16 fevral.- S. 8.