Eva-Maria
Liimets: "Estoniya Azərbaycanla münasibətləri daha da
dərinləşmək niyyətindədir"
Estoniya
Respublikasında rəsmi səfərdə olan Milli Məclisin
sədri Sahibə Qafarova fevralın 7-də bu ölkənin
xarici işlər naziri Eva-Maria Liimets ilə
görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Eva-Maria Liimets Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayaraq, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında xüsusi rolunu qeyd edib. O, Azərbaycanla Estoniya arasında münasibətlərin yaxşı səviyyədə olduğunu söyləyərək müxtəlif sahələrdə, o cümlədən təhsil, elektron idarəetmə və digər istiqamətlərdə uğurlu layihələrin həyata keçirildiyini bildirib.
Xarici işlər naziri ölkəsinin Azərbaycanla münasibətlərin daha da dərinləşməsində maraqlı olduğunu qeyd edərək, bu istiqamətdə qanunverici orqanların rolunu yüksək qiymətləndirib. O, ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini bildirərək, regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini qeyd edib. Nazir deyib ki, regionda bütün kommunikasiyaların bərpası sülh və təhlükəsizliyin təmin olunmasına böyük fayda gətirəcəkdir.
Səmimi görüşə və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Milli Məclisin sədri Sahibə Qafarova dost və tərəfdaş ölkələr olan Azərbaycan ilə Estoniya arasında münasibətlərin inkişafından məmnunluğunu bildirib. O, ikitərəfli münasibətlərin inkişafında yüksəksəviyyəli səfərlərin, görüşlərin müstəsna rolunu qeyd edərək, bu kontekstdə Prezident İlham Əliyevin Estoniyaya dövlət səfərini, həmçinin Estoniya Prezidentinin Azərbaycana rəsmi səfərini vurğulayıb. S.Qafarova diqqətə çatdırıb ki, bu səfərlər zamanı prezidentlər tərəfindən imzalanmış birgə bəyannamələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün əsaslar yaradıb. Milli Məclisin sədri qeyd edib ki, bu gün Azərbaycan və Estoniya nəqliyyat sahəsində əməkdaşlıq üçün geniş imkanlara malikdir. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Azərbaycan nəqliyyat infrastrukturuna çox böyük maliyyə resursları ayırıb. Zəngəzur dəhlizinin və regionda bütün kommunikasiyaların açılması bölgənin nəqliyyat potensialını xeyli artıracaq.
Estoniyanın Avropa İttifaqına üzvlüyünü nəzərə alaraq, Azərbaycan ilə Aİ arasında əlaqələr haqqında məlumat verən Sahibə Qafarova deyib ki, Azərbaycan Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqların son mərhələsindədir və onun 90 faizdən çoxu artıq razılaşdırılıb. Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlıq da böyük əhəmiyyət kəsb edir. Azərbaycan neftlə yanaşı, Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın etibarlı qaz tədarükçüsünə çevrilib. Bu, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbədən sonra regionda yaranan yeni reallıqlar barədə məlumat verən Milli Məclisin sədri qeyd edib ki, bu Qələbə nəticəsində ölkəmiz ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalına son qoyaraq ərazi bütövlüyünü bərpa edib. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinin icrasını təmin edib. Artıq münaqişənin tarixdə qaldığını deyən S.Qafarova Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi genişmiqyaslı quruculuq və bərpa işlərindən danışıb. Diqqətə çatdırıb ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı bütün şəhər və kəndlərimizi dağıdıb, tarixi, mədəni və dini abidələrimizi talan edib. Azərbaycan öz gücü və imkanları hesabına həmin əraziləri yenidən qurur. Milli Məclisin sədri bir daha Azərbaycanın sülh istədiyini, sülh sazişinin imzalanması ilə bağlı bir sıra təkliflər verdiyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da fikir
mübadiləsi aparılıb.
Azərbaycan.-2022.- 8 fevral.- S.3.