Azərbaycanın
Ermənistanın qeyri-qanuni əməlləri ilə
bağlı hesabatı BMT-nin rəsmi sənədi kimi
yayılıb
Azərbaycan tərəfinin
hazırladığı “Ermənistan tərəfindən
qeyri-kommersiya təşkilatları və xeyriyyə
qurumlarından korrupsiya, çirkli pulların yuyulması və
terrorçuluğun maliyyələşdirilməsi məqsədilə
sui-istifadə edilməsi” adlı hesabat BMT Baş
Assambleyasının və Təhlükəsizlik
Şurasının rəsmi sənədi kimi yayılıb.
Bu barədə AZƏRTAC-a Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
məlumat verilib.
Bildirilib ki, hesabatda 44 günlük
Vətən müharibəsi zamanı və ondan sonrakı
dövrdə Ermənistan hökuməti tərəfindən
bir çox ölkələrdə fəaliyyət göstərən
erməni diaspor təşkilatları vasitəsilə humanitar
yardım adı altında, beynəlxalq maliyyə ödənişi
sistemlərindən istifadə etməklə qanunsuz ianə
toplanması kampaniyalarının təşkil edildiyi və həmin
kampaniyalar çərçivəsində yığılan vəsaitin
Azərbaycanın suveren əraziləri daxilində onun
mülki əhalisinə qarşı terror fəaliyyətinin
maliyyələşdirilməsi məqsədilə xərcləndiyi
vurğulanır.
Ermənistanın dövlət rəsmilərinin
bəyanatları və erməni ictimai mənbələrinin məlumatları
əsasında hazırlanmış hesabatda təkcə Vətən
müharibəsi dövründə 73 ölkədə
yaşayan erməni diaspor təşkilatları tərəfindən
170 milyon ABŞ dollarından artıq vəsaitin
toplandığı və bunun 110 milyon ABŞ dolları hissəsinin
müharibə xərclərinin ödənilməsi məqsədilə
Ermənistanın dövlət büdcəsinə
köçürüldüyü qeyd edilir. Qeyd olunan fakt Ermənistan
baş nazirinin 2021-ci il aprelin 21-də Ermənistan parlamenti
qarşısında 2020-ci ilin dövlət büdcəsinin
icrası ilə bağlı çıxışında əksini
tapıb.
Əksəriyyəti Ermənistanın
siyasi rəhbərliyinin təmsil olunduğu “Hayastan All Armenian
Fund” tərəfindən təşkil və idarə olunan bu
cür ianə kampaniyaları Azərbaycan, Rusiya və Ermənistan
liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli
üçtərəfli Bəyanatdan sonra da davam etdirilməkdədir.
Xarici İşlər Nazirliyi
bildirir ki, Azərbaycan Respublikasının ərazi
bütövlüyü və suverenliyinə qarşı
yönəlmiş və onun ərazisinə qanunsuz maliyyə
axını yaradan bu cür fəaliyyətlər Azərbaycanla
yanaşı, müvafiq erməni diaspora təşkilatlarının
qeydiyyatda olduğu ölkələrin milli qanunvericiliklərinin,
eləcə də çirkli pulların yuyulması və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə sahəsində mövcud olan beynəlxalq
öhdəliklərin kobud şəkildə
pozulmasıdır.
Bununla əlaqədar Xarici
İşlər Nazirliyi bütün BMT üzv dövlətlərini
öz ərazilərində qeydiyyatda olan və Azərbaycanın
ərazi bütövlüyü və suverenliyinə
qarşı yönəlmiş bu cür qanunsuz fəaliyyətlə
məşğul olan qurumlara münasibətdə öz beynəlxalq
öhdəlikləri çərçivəsində səmərəli
əks tədbirlər görməyə
çağırır.
Azərbaycan.- 2022.- 17 fevral.-
S.2.