Zəfərdən intibaha
Azərbaycanın yüksəlişi ilə paralellik təşkil edərək ölkəmizin hər yerində vüsətlə həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri tarixi-mədəni abidələrimizdən, dini ocaqlarımızdan da yan ötməyib.
Prezident İlham Əliyevin təşəbbüsü və qayğısı, Heydər Əliyev Fondunun proqram və layihələri ilə bir çox tarixi mədəni abidələr, ziyarətgahlar qısa müddətdə yüksək səviyyədə təmir və bərpa edilir. Bütün bunlar ölkə rəhbərliyinin tarixi və milli-mənəvi dəyərlərimizə ehtiramının bariz nümunəsi kimi cəmiyyətin bütün təbəqələrinin dərin rəğbəti ilə qarşılanır.
Vandallığa və vəhşiliyə məruz qalan abidələr
Tariximizə və dəyərlərimizə yüksək ehtiram nümunəsi torpaqlarımızın işğaldan azad olunmasından sonra yeni müstəvidə göstərilməyə başladı. Öncə onu qeyd edək ki, Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Qarabağ və Şərqi Zəngəzura səfərləri zamanı ermənilər tərəfindən dağıdılmış, vandallığa məruz qalmış tarixi və dini abidələrimizi ürəkağrısı ilə ziyarət etdiklərinin şahidi oldu. Bütövlükdə isə bu abidələrlə tanışlıq və onların ziyarət olunması ölkə rəhbərliyinin Qarabağ və Şərqi Zəngəzura səfər qrafiklərində daim yer alıb. İşğaldan azad olunmuş ərazilərə ilk səfərləri zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın tarixində və mənəviyyatında dərin iz buraxan Xudafərin körpüsünə getmişdilər.
Bundan bir həftə sonra, 2020-ci il noyabrın 23-də Ağdam səfəri zamanı isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam məscidini ziyarət etdilər.
Dövlət başçısı Məkkədən gətirdiyi “Qurani-Kərim”i bu məscidə bağışladı. Qeyd edək ki, Xocalı soyqırımında sağ qalan xocalıların ümid, pənah yerinə çevrilən qoşa minarəli bu məscid də işğal dövründə düşmən tərəfindən vandallığa məruz qalıb.
Prezident İlham Əliyevin və Mehriban Əliyevanın həmin ilin dekabr ayında Zəngilan səfəri zamanı da baş çəkdikləri ünvanlardan biri dağıdılmış məscid idi. “Görün mənfur düşmən məscidi nə günə salıb. Bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Dünya 30 il ərzində buna səssiz qalıb. Biz bu məsələni dəfələrlə qaldırmışdıq, beynəlxalq kürsülərdən qaldırmışdıq, tarixi-dini abidələrimiz dağıdılıb, təhqir edilib. Biz o videoları dəfələrlə göstərirdik. Ağdam məscidini, Şuşa məscidlərini, o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib”, - deyə Prezident İlham Əliyev məscidin qarşısındakı çıxışında bildirmişdi.
Ötən il yanvarın 14-də Şuşaya səfər edən Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva şəhərdəki Saatlı, Aşağı Gövhər ağa və Yuxarı Gövhər ağa məscidlərini ziyarət etdilər, “Qurani-Şərif” bağışladılar. Bu səfərin ən yaddaqalan və tarixi məqamlarından biri də Natəvanın, Üzeyir bəy Hacıbəylinin və Bülbülün büstlərinin Şuşada yenidən əvvəlki yerlərinə qoyulması idi. Şuşaya növbəti səfəri zamanı isə dövlət başçısı və ailə üzvləri Pənahəli xanın sarayının qalıqlarına baxmışdılar. Erməni vandalları işğal zamanı bu tarixi binanı da dağıdıblar.
Bütövlükdə, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş rayonlara səfərləri zamanı tarixi və dini abidələrlə, eyni zamanda bu abidələrdə aparılan bərpa işləri ilə tanışlıq prioritet təşkil edib. Bir neçə gün əvvəl Ağdama səfəri zamanı Prezident İlham Əliyevin və birinci xanımın getdikləri ünvanlar arasında Ağdam Cümə məscidi və İmarət kompleksi də vardı. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Buradan tövlə kimi istifadə olunub. Xan sarayının yaxınlığında yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı da erməni vəhşiliyinə məruz qalıb.
Heydər Əliyev Fondu Qarabağ və Şərqi Zəngəzurun bərpasına
tarixi töhfələr verir
Hazırda Qarabağ və Şərqi Zəngəzur əsl tikinti meydanını xatırladır. 30 ilə yaxın işğal dövründə erməni vandallığına məruz qalan bu ərazilər bərpa olunur, yenidən qurulur. Azad edilmiş ərazilərdə icra olunan infrastruktur layihələri, yeni yaşayış məhəllələrinin salınması həm də dövlətimizin iqtisadi qüdrətinin göstəricisidir.
Ermənilərin dağıtdığı tarixi və mədəni abidələrin bərpası da diqqət mərkəzindədir və indiyədək bu istiqamətdə çoxsaylı layihələrin icrasına başlanılıb. Zəngilanda, Şuşada, Hadrut qəsəbəsində, Daşaltıda yeni məscidlərin təməli qoyulub.
Bərpa işlərinin bir qismi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Vaqifin məqbərəsi fond tərəfindən Şuşada artıq əvvəlki görkəmi saxlanılmaqla bərpa edilib, ətrafı abadlaşdırılıb. Ötən ilin martında Heydər Əliyev Fondu tərəfindən başlanan bərpa işləri bir neçə aya yekunlaşıb. Vaqifin Şuşadakı evinin yaxınlığındakı büstü də yenidən qurulub. 1992-ci ildə Şuşanın işğalından sonra şəhərdəki digər abidələr kimi büst də vandalizmə məruz qalaraq dağıdılmışdı.
Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidləri də Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Hər üç məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Ötən il Azərbaycan, Avstriya, İtaliya, Latviya və Türkiyədən olan ekspertlər tərəfindən bu məscidlərdə qiymətləndirmə işləri aparılıb, bərpa layihəsi işlənilib. Yuxarı Gövhər ağa məscidində bərpa işlərinin birinci mərhələsi artıq başa çatıb. Hazırda məsciddə ikinci mərhələ üzrə bərpa işləri aparılır. Bu mərhələdə məsciddə ilkin layihə qorunmaqla möhkəmləndirmə işləri həyata keçiriləcək, məscidin ərazisində olan və ermənilər tərəfindən dağıdılmış mədrəsə bərpa ediləcək. Ən geniş bərpa işləri dağıntıların miqyasına uyğun olaraq, Aşağı Gövhər ağa məscidində aparılacaq. Məscidlərin minarələri bərpa olunacaq, eləcə də dam və döşəmə örtükləri dəyişdiriləcək.
Şuşadakı mühüm mədəni-tarixi memarlıq abidələrindən olan Mehmandarovların malikanə kompleksində də bərpa işlərini Heydər Əliyev Fondu aparır. Artıq bərpa işlərinin böyük bir qismi yerinə yetirilib.
Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq abidələrdən biri də Ağdam Cümə məscididir. Ağdamda olarkən Prezident İlham Əliyev bildirdi ki, artıq bütün tədqiqatlar aparılıb və mart ayından başlayaraq məscidin həm daxilində, həm çöl hissəsində təmir-bərpa işlərinə start veriləcək.
Prezident İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında çıxışı zamanı Heydər Əliyev Fondunun azad olunmuş ərazilərdə həyata keçirdiyi layihələrlə bağlı deyib: “Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Təkcə sadaladığım dini abidələrimizin sayı 8-ə bərabərdir və əminəm ki, Fond digər layihələrdə də fəal iştirak edəcək”.
Heydər Əliyev Fondu öz fəaliyyəti ilə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına tarixi töhfələr verməkdədir. İşğaldan azad olunmuş ərazilərimizdə tarixi və mənəvi abidələrimizin bərpası isə milli və mənəvi dəyərlərimizə ehtiramın böyük təcəssümüdür. Tarixi görkəmlərini özünə qaytaran bu abidələrin hər biri Qarabağın və Şərqi Zəngəzurun qədim Azərbaycan torpaqları olduğunu yenidən dünyaya bəyan edəcək.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2022.- 17 fevral.- S.1; 3.