Dünyaşöhrətli beynəlxalq səyahətçilər
Şuşa şəhəri ilə
tanış olublar
Xocalı soyqırımının 30 illiyi ərəfəsində 21 ölkədən olan tanınmış səyyahlar işğaldan azad edilmiş ərazilərə səfəri Şuşa şəhərini ziyarətlə başlayıb.
AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Şuşa qala divarları ilə tanış olublar. Onlara məlumat verilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.
Səyyahlar Şuşa şəhər mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət ediblər. Dünyaşöhrətli fotoqraf Reza Deqati Birinci Qarabağ müharibəsi zamanı şahidi olduğu hadisələri qonaqlara danışıb, Şuşa şəhərinin erməni işğalından əvvəlki və sonrakı vəziyyəti haqqında səyyahlara məlumat verib.
Ziyarətçilər daha sonra Yuxarı Gövhərağa məscidində olublar. Qonaqlara məlumat verilib ki, 30 illik işğal dövründə dini abidələr, o cümlədən məscidlər erməni vandallığına məruz qalıb. Şuşa işğaldan azad olunandan dərhal sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyi ziyarət olunub. Muzeyin fəaliyyəti və tarixi barədə qonaqlara məlumat verilib.
Səfər
iştirakçılarının Şuşada
son dayanacağı Cıdır düzü olub. Onlar Cıdır düzündən
açılan gözəl mənzərəni seyr
ediblər.
Azərbaycan.-
2022.- 17 fevral.- S.4.