İqtisadi mütəxəssis
hazırlığına dəyərli töhfə
Prezident İlham Əliyevin rəhbərliyi ilə 2004-cü ildən reallaşdırılan inkişaf modeli Azərbaycan iqtisadiyyatını dünyanın ən sürətli inkişaf edən iqtisadiyyatından birinə çevirmişdir.
Nəticədə ölkəmizin iqtisadiyyatı üç dəfədən də çox böyüməklə regionda iqtisadi, siyasi və hərbi üstünlüyümüzün maddi əsasını təmin etmiş, ən islahatçı ölkə statusuna yüksəlmiş, əhalinin rifah halı yaxşılaşmış, həmçinin Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində mühüm iqtisadi məkana çevrilmişdir.
Qarşıdakı hədəf növbəti 10 ildə Azərbaycan iqtisadiyyatını iki dəfə daha böyütmək, dünya iqtisadi sisteminə səmərəli inteqrasiya etməklə, dövlət və cəmiyyət olaraq əldə etdiyimiz nailiyyətləri daha da möhkəmləndirməklə, yeni uğurlara nail olmaqdır. Prezident İlham Əliyevin rəhbərliyi və müəllifliyi ilə yaradılan iqtisadi islahatların idarəedilməsi modeli hal-hazırda inkişaf etməkdə olan ölkələr tərəfindən öyrənilir. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə ölkədə reallaşdırılan iqtisadi islahatlar konseptual və funksional model olaraq dəfələrlə qlobal miqyasda müsbət qarşılanmış və nümunə olaraq praktikada istifadə üçün qəbul edilir. Azərbaycanda aparılan islahatların dayanıqlılığının və davamlılığının əyani nümunəsi olaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Azərbaycanda dizayn edilən və reallaşdırılan “İqtisadi İslahatların İdarəedilməsi Modeli”ni qlobal miqyasda nümunəvi innovativ təcrübə olaraq rəsmi platformasında göstərmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, iqtisad elmləri doktoru Vüsal Qasımlının iqtisadi mütəxəssislərin hazırlığı üçün hazırlayıb və nəşr etdirdiyi “İqtisadi artım” dərsliyi məhz bu baxımdan çox dəyərlidir. Vüsal Qasımlının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi qurumuna rəhbərlik etməsi, mütəmadi olaraq ölkə iqtisadiyyatının bütün sahələrində həyata keçirilən islahatlar və iqtisadiyyatda onun nəticələrinin təhlili və bu sahələr üzrə təklif və konkret model və tövsiyələrin hazırlanmasında böyük nəzəri və praktiki təcrübəsi, eyni zamanda pedaqoji və elmi fəaliyyətlə məşğul olması “İqtisadi artım” kitabının mükəmməl nəzəri və praktiki əhəmiyyətə malik olan bir dərslik olaraq hazırlanmasına xüsusi yanaşmanı təmin etmişdir.
Bu dərslikdən ali təhsil müəssisələrində bakalavr, magistr təhsil səviyyəsində və strateji menecment fənlərinin tədrisində, həmçinin iqtisadi siyasətin formalaşmasında iştirak edən mütəxəssislər tərəfindən istifadə edilməsi tövsiyə edilir. Xüsusi qeyd etmək lazımdır ki, kitabda müəllif iqtisadi artımın nəzəri-konseptual və praktik məsələlərini əhatə etməklə, makro, mezo və mikro səviyyədə iqtisadi böyümənin mahiyyətini açır və müvafiq tövsiyələri təqdim edir. Eyni zamanda iqtisadi artımın bütün elementləri, ona təsir edən amillərin nəzəri və praktiki mənbələri ətraflı və müfəssəl tədqiq edilib, maraqlı yanaşmalar verilmişdir. Qeyd edilmişdir ki, uzunmüddətli dönəmdə iqtisadi artımın drayveri investisiya, əmək resursları və təbii ehtiyatlar deyil, məhsuldarlıqdır. Yalnız bu halda eyni həcmdə istehsal amili ilə daha çox iqtisadi artımı təmin etmək olar. Əgər iqtisadiyyat səmərəli fəaliyyət göstərirsə, sərmayəni də, ixtisaslı əməyi də cəlb edəcək. Bunun üçün ölkədə sabitlik, institutların keyfiyyəti, insan kapitalı, infrastruktur, əlverişli biznes mühiti, bazarlara çıxış, qlobal dəyər zəncirlərində iştirak, inkişafı tətikləyən mədəni kodlar, mədəni-etnik müxtəliflik, identiklik, davranış iqtisadiyyatı və sosial kapital kimi amillər nəzərə alınmalıdır. Hər bir ölkə sadalanan amillərdən yalnız özünəməxsus “buket” hazırlamaqla iqtisadi artımı təmin edə bilər.
Dərslikdə iqtisadi artımın ölkələri inkişafa aparan komponentlərdən yalnız biri olması göstərilmiş və qeyd edilmişdir ki, bu səbəbdən inkişaf konsepsiyası çoxölçülü olaraq bütöv iqtisadiyyatın və sosial sistemlərin yenidən şəkillənməsini ehtiva etməlidir. İnstitutsional, sosial və inzibati strukturlarda dəyişikliklər gəlirlərin və məhsul istehsalının artımına səbəb olur. Mütərəqqi beynəlxalq iqtisadi və sosial sistemlərin modifikasiya edilərək milli kontekstdə uyğunlaşdırılması vacib məqamlardan biridir. Hətta qlobal ideyaların yerli şəraitdə tətbiqini ehtiva edən “qlokalizasiya” ifadəsi yaranmışdır. Bu baxımdan Vüsal Qasımlı “İqtisadi artım” kitabında da Azərbaycan inkişaf modelinin özünəməxsusluğunu qabarda bilmişdir.
Ümumi şəkildə desək, iqtisadi artım - müəyyən dövr ərzində məhsul və xidmətlərin buraxılışında yaranan real dəyişmədir. Eyni zamanda geniş yayılmış yanaşmalardan birinə görə, iqtisadi artım inflyasiya nəzərə alınaraq, adambaşına düşən məhsul və xidmətlərin buraxılışında yaranan illik faiz dəyişməsidir. İqtisadi inkişaf isə daha geniş anlayış olub, iqtisadiyyatın və sosial həyatın keyfiyyətcə yaxşılaşması, ölkə, region, icma və fərd səviyyəsində rifah halının yüksəlməsini ehtiva edir. Professor V.Qasımlı kitabda apardığı araşdırma nəticəsində belə bir qənaətə gəlir ki, iqtisadi artım əsas məqsəd deyil, davamlı inkişafı təmin etmək üçün vasitədir.
Kitabda maraqlı yanaşmalardan biri də iqtisadi artımın kompleks məsələ kimi qəbul edilməsi, müasir yanaşmalara əsaslanaraq iqtisadi artımın təmin olunması üçün palitra verilməsidir. Obrazlı desək, Günəşdəki qara nöqtələrdən savayı iqtisadi artıma heç nə təsirsiz ötüşmür. Yalnız zəki steykholderlərin konsiliumu şəraitində diaqnoz və düzgün strategiyanın seçilməsi ilə iqtisadi artımı təmin etmək mümkündür. İnstitusionalistlər, davranış iqtisadiyyatı tərəfdaları, mədəniyyəti əsas götürənlər, iqtisadi identikliyə və ya narrativlərə üstünlük verənlər, coğrafi determinizmi tərcih edənlər, klassik mövqedə dayananlar, bir sözlə, geniş bir spektr iqtisadi artımla bağlı dərin bir mükalimənin içərisindədirlər. Spektr o qədər genişdir ki, hətta Aleksandr Soljenitsinin timsalında iqtisadi artım barədə mənfi fikir söyləyənlər də olmuşdur: “İqtisadi artım nəinki, anormaldır, hətta məhvedicidir”. Həqiqət payı isə hər bir yanaşmada zaman və məkan daxilində müxtəlif hədlərdədir. İqtisadi artım iqtisadi və sosial inkişafla nəticələnəndə, davamlı və inklüziv olanda, ətraf mühitə təsirləri minimuma enəndə və nəhayət, Soljenitsinin sözləri ilə desək, “məhvedici” olmayanda daha arzuolunandır. Bir sözlə, iqtisadi artım özlüyündə son məqsəd deyil, davamlı inkişaf üçün vəsilədir.
V.Qasımlı kitabda göstərir ki, həm fiskal, həm də monetar siyasət sabitlik və iqtisadi artımın balanslaşdırılmasına hədəflənir. İqtisadi artımın sürətlənməsi üçün fiskal stimullar həm də fiskal dayanıqlılıq baxımından qiymətləndirilməlidir. O cümlədən borc dayanıqlığı, pensiya və səhiyyə sisteminin dayanıqlığı, vergi sisteminin dayanıqlığı, büdcə sisteminin dayanıqlığı tələb edir ki, fiskal stimullar iqtisadi artımı sürətləndirsin. İqtisadiyyatın növbəti 10 ildə iki dəfə artırılması hədəfinə uyğun olaraq illik artım tempinin orta hesabla 7,2 faizə çatdırılması lazımdır. Yalnız davamlı iqtisadi artım fiskal dayanıqlılıq və makroiqtisadi sabitlik üçün fundamental əsasdır. Yəni fiskal stimullar iqtisadi artımı sürətləndirir, fiskal risklər məqbul hədlərdə saxlanılmaqla “fiskal fəza” genişlənir.
Müəllif “İqtisadi artım” kitabında həm də biznes modeli və iqtisadi artım arasında əlaqəni təhlil edir. Azərbaycanda iqtisadi artımın hərəkətverici qüvvəsi özəl sektor olaraq hədəfləndiyindən, biznes modelin üzərində dayanılması zəruridir. Kitabda iki yanaşma - “təkmilləşdirici menecment” (lean management) və çevik (agile) idarəetmə arasında sinerjiyə dair mülahizə verilir.
Kitabda təkcə qısa və ortamüddətli deyil, həm də uzunmüddətli inkişaf perspektivləri təhlil edilir. İsrail intellektualı Yuval Noy Harari bildirir ki, 19-cu əsrdə Britaniya sənayeləşmədən sonra dünya hegemonluğuna başlamışdır, 21-ci əsrdə də süni intellekt sahəsində önə keçən dövlət(lər) eyni ssenarini təkrarlayacaq. Hazırda süni intellekt yarışmasının önündə Çin və ABŞ gedir. Əgər süni intellektin gətirdiyi faydalar insanlar arasında bölünməsə, bəzi ölkələr yüksək texnologiyalı hablara, qalanları isə istismar olunan data-koloniyalara çevrilə bilərlər. Hararinin fikrincə, bioloji bilik, kompüterin gücü və data hətta insanı tam nəzarətə götürməyə imkan verəcək. ABŞ alimi Noam Komski, rus alimləri T.V.Çerniqovskaya və S.Y.Qlazyev bəşəriyyətin tarixində görünməmiş miqyasda texnoloji inqilabın olacağını proqnozlaşdırırlar. Bu baxımdan prof. Vüsal Qasımlı kitabda həm gələcək risk, təhdid və perspektivləri təhlil edir, həm də inkişaf üçün həll yollarını göstərir. Dünyada rəqəmsal erada beşinci nəsil geo-texnoloji rəqabət mövcuddur. Rəqabət aparmaq üçün bir çox ölkə 5G texnologiyalardan istifadə etməklə dövlət hakimiyyətinin alətlərini gücləndirir; 5G texnologiyasının hökumət, biznes və istehlakçılar tərəfindən istifadəsini stimullaşdırır; milli səviyyədə 5G texnologiyalarını avadanlıq, proqram təminatı və rəqəmsal xidmətlərdə inkişaf etdirir. Artıq Estoniya keal vaxt rejimində işləyən iqtisadiyyat strategiyasını həyata keçirir.
Müəllif kitabda qeyd edir ki, aya adam göndərmək mürəkkəb məsələdir, amma bəlli bir “resept”i var. İqtisadi artımın isə hər bir ölkə üçün fərqli “resept”i işlənməlidir. Buna görə də Harvard professoru Matt Andryus qeyd edir ki, iqtisadi artım kompleks problemdir və onun həlli “problemin hərəkət etdirdiyi və təkrarlara əsaslanan uyğunlaşma” (PDİA - problem-driven iterative adaptation) yanaşması ilə mümkündür. Yəni iqtisadi artım üçün əvvəlcə problemin dəqiq diaqnozu qoyulmalıdır, daha sonra problemin həlli üçün adaptiv strategiya işlənilməlidir.
“İqtisadi artım” kitabı beynəlxalq elmi ictimaiyyətin də diqqətini cəlb edib. Belə ki, Pakistanın İqtisadi İnkişafı İnstitutu (PIDE) və Özbəkistan Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzində kitabın təqdimatları olub. Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində “İqtisadi artımın idarə edilməsi” üzrə rəhbər kadrların hazırlanması proqramının məzunu kimi Vüsal Qasımlı “Azərbaycanda iqtisadi şaxələndirmənin tətbiqi” adlanan məqaləsində kitabın elmi nəticələrini təqdim edib. Material Harvard Universitetinin Beynəxalq İnkişaf Mərkəzinin “Dövlət quruculuğu” proqramının saytında yayımlanıb. “İqtisadi artım” kitabının xarici elmi dairələrdə müzakirəyə çıxarılması ölkəmizin intellektual təqdimatı və Azərbaycan iqtisad elminin dünya miqyasında layiqli təmsilçiliyi baxımından əhəmiyyət kəsb edir.
Eyni
zamanda “İqtisadi artım” istiqamətində tədqiqat aparan
doktorantlar, magistrlər, gənc tədqiqatçılar,
professor-müəllimlərin və mütəxəssislərin
maraqlarını nəzərə alaraq yeni düşüncə
və təfəkkürlər ilə zəngin olan Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Böyük Elmi Şurasının
tövsiyəsi ilə nəşr edilən kitab Azərbaycan
Diplomatik Akademiyasında, Azərbaycan Memarlıq və
İnşaat Universitetində təqdimatı
keçirilmiş, iqtisadiyyat və idarəetmə istiqamətində
müvafiq ixtisaslar üzrə bakalavriat, magistratura səviyyəsinin
təhsil Proqramında və Tədris Planında fənn kimi tədrisinin
nəzərdə tutulması məqsədəuyğun hesab
edilmişdir.
Məhəbbət
MƏMMƏDOV,
Azərbaycan Memarlıq və
İnşaat Universitetinin Biznesin iqtisadiyyatı və menecment
kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor
Azərbaycan.-2022.- 8 fevral.- S.6.