Ağdamda səfərdə olan
dünyaşöhrətli səyahətçilərə erməni
vandalizmi barədə məlumat verilib
İşğaldan azad edilmiş ərazilərə səfər edən xarici səyyahlar Şuşa şəhəri ilə tanış olduqdan sonra fevralın 16-da Ağdama gəliblər.
AZƏRTAC xəbər verir ki, 21 ölkədən olan dünyaşöhrətli beynəlxalq səyahətçilər düşmən işğalından azad edilən Ağdamda Cümə məscidini ziyarət ediblər. Qonaqlara ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə məlumat verilib. Bildirilib ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir. Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Erməni vandalları Ağdam Cümə məscidində də mal-qara saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər.
Qonaqlar Ağdam şəhərinin dağıntıları ilə də tanış olublar. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan XVIII əsrdə Ağdamda ağ daşdan ev tikdirib. Ağdam şəhərinin adı da buradan götürülüb. Qədim türk dilində isə Ağdam kiçik qala mənasını daşıyır. Ağdam şəhəri Qarabağ xanlığı dövründə inkişaf edib. Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ağdam Azərbaycan elminə və mədəniyyətinə onlarla görkəmli şəxsiyyət bəxş edib. Ağdamda həm də Azərbaycan mədəniyyətinin ən vacib nümunəsi sayılan muğam geniş inkişaf edib. Qarabağ muğam məktəbinin nümayəndələri Azərbaycan xalqının musiqi mədəniyyətinin inkişafına böyük təsir göstərib.
Daha sonra dünyaşöhrətli fotoqraf Reza Deqati Birinci Qarabağ müharibəsi zamanı Ağdam Cümə məscidi və şəhərdə şahidi olduğu ağrı-acılı xatirələri bölüşüb, eyni zamanda, fotoşəkilləri qonaqlarla paylaşıb.
Reza Deqati qonaqların suallarını da cavablandırıb.
Azərbaycan.-
2022.- 17 fevral.- S.4.