Müdrikliyi, vətənpərvərliyi ilə öndə olan ziyalı

 

Müdrik insan haqqında söz demək çox çətindir. Belələri barəsində danışmaq istəyəndə ona layiq ifadə və kəlamları çox ehtiyatla seçir, tutarlı fikirlər söyləməkdən çəkinmirsən. Yaxşı tanıdığın həmin şəxsin sənin deyəcəyin qiymətli sözdən də uca olduğunu bildiyin halda rahat nəfəs ala bilirsən.

Belə şəxsiyyətlərdən biri elminə, mədəniyyətinə, dünyagörüşünə, ələlxüsus   sadəliyinə, səlis, axıcı, məntiqli nitqinə heyran olduğum, hər bir kəlamından incilər yağan, ulularımızın yolunu özünə müqəddəs yol seçən saf əqidə sahibi İzzət Əşrəf oğlu Rüstəmovdur. O, şan-şöhrət, xoş güzəran xatirinə kimsəyə baş əyməyən azərbaycanlı kişisidir! İzzət müəllimin elmi potensialının çox yüksək olduğunu hamı etiraf edir - ziyalılar da, akademiklər də, bütün ictimaiyyət də. O, böyük alim, görkəmli  tədqiqatçıdır.

İzzət Rüstəmov 1932-ci ildə Gədəbəy rayonunun Şınıx mahalının Düz Rəsullu kəndində, zəhmətkeş kəndli ailəsində anadan olmuşdur. İzzət müəllim Düz Rəsullu kəndində 7-illik məktəbi bitirdikdən sonra təhsilini Çay Rəsullu məktəbində davam etdirmişdir. Onun orta məktəb şagirdi olduğu illər asan keçməmişdir. Çox böyük çətinliklərə sinə gərən İzzət Rüstəmov müəllimlərinin sevgisini və etimadını qazanmış, onların istəkli şagirdlərindən olmuşdur. Orta məktəb illərində fitri istedadını görən bütün müəllimləri onu gələcəyin böyük elm adamı kimi təsəvvür etmişlər.

Orta məktəbi qızıl medalla başa vuran İzzət müəllim beləliklə məşhur alim olmuşdur. O, 1954-cü ildə  Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildən ADU-nun Fəlsəfə kafedrasında əmək fəaliyyətinə başlamışdır. İzzət müəllim bu günə qədər müxtəlif vəzifələrdə çalışmış, baş nazirin müavini vəzifəsinə qədər yüksəlmişdir.

Ömrün müdrikkamillik dövrünü yaşayan bu insan həyatı, şəxsi və ictimai fəaliyyəti, yaradıcılıq ustalığı, qüdrətli tədqiqatçı-alim, eyni zamanda səliqə-səhmanı, insanlara məhəbbəti, qayğısı, sevgisi, gözəl ünsiyyəti ilə başqalarına örnək olan bir ocağın böyük bir məktəbin təmsilçisidir.

İzzət müəllimin sadəliyi, elmi zənginliyi tələbələrinə, dostlarına və yoldaşlarına, oxucularına, onu dinləyənlərə sirayət etməsi, onları sadə, təvazökar olmağa çağırması bu insanın müdrikliyindən irəli gəlir.

Bu gözəl, səmimi insanı tam kəşf etmək üçün onu böyük məsafədən müşahidə etmək lazımdır. Böyüməkdə olan gənc nəslin onun kölgəsində sığınmağa ehtiyacı var. Bu insan müxtəlif vəzifələrdə işləsə də, həmişə müəllim adını büllur, saf bulaq kimi qoruyub saxlamışdır. O, müəllim adını sevmiş, sevdirməyi də bacarmışdır. Bu gün 90 yaşını qeyd etdiyimiz İzzət Rüstəmov və onun silahdaşları da yaxşı bilirlər ki, yaşadığımız dövrdə həllini gözləyən ziyalı və zaman problemi demək olar ki, aktuallığını qoruyub saxlamaqdadır. Düşündükcə anlayırsan ki, insan intellektindən, onun mənəvi zənginliyindən qiymətli heçyoxdur, çünki cəmiyyətin tərəqqisi və firavan gələcəyi də intellektual, özünə hörmət edən ziyalılardan asılıdır.

Azərbaycan xalqının dünya dövlətləri arasında yüksək nüfuza sahib olması insan intellektinə, vətənpərvər ziyalılara bağlıdır. Bu bir həqiqətdir ki, alimin, ziyalının gücü onun dünyagörüşündə, elmində, iradə və əqidəsindədir. Əsl ziyalı yaşadığı mühitin hakiminə çevrilməlidir. İzzət Rüstəmov vaxtilə baş nazirin müavini olmuş dövlət xadimi, fəlsəfə elmləri doktoru, professor, adı ABŞ Konqresinin kitabxanasındakı kataloqa daxil edilmiş azərbaycanlıdır. Bu alim hər zaman Azərbaycan xalqının kimliyini, böyüklüyünü elmi araşdırmaları ilə təsdiq edən bir şəxsiyyətdir.

Azərbaycan ictimai-siyasi və fəlsəfi fikir tarixinə aid çox sayda əsərlərin müəllifi kimi tanınan İzzət Rüstəmovun elmi simasını, əzəmətini, vüqarını qoruyub saxlayan bir şəxsiyyət olması danılmazdır. Düşünürəm ki, onun elmdə, ictimai fəaliyyətdə qazandığı uğurlar valideynlərindən ona irsən keçən istedadla yanaşı, həm də əməksevərliyinin, zəhmətkeşliyinin bəhrəsidir.

Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik Akademiyasının Fəlsəfə və sosial psixologiya kafedrasının müdiri, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi mərhum Tofiq Rəsulovun İzzət müəllimin ünvanına dediyi bir fikri xatırlatmaq istəyirəm: “İzzət Əşrəf oğlu Rüstəmov özünəməxsus təkrarsız yaradıcılığı, insani keyfiyyətləri ilə fərqlənən şəxsiyyətdir. Azərbaycançılığa, köklərə bağlı bir insandır. Onun atası Əşrəf Məşədi Rüstəm oğlu hazırcavab, Şərq mifologiyasını, milli nağıllarımızı nəql etmək qabiliyyətinə malik, yumor hissi ilə başqalarından fərqlənən zarafatcıl bir kişi idi. Anası Tavat xala da şux qamətli, şirin söhbətli bir qadın idi”.

Bu bir həqiqətdir ki, İzzət müəllimin şəxsiyyətinin ümdə cəhətlərini tam şəkildə göstərmək də böyük məsuliyyət və bacarıq tələb edir. Görkəmli alim geniş diapazonlu, yüksək erudisiyalı elm xadimidir.

Hər kəs yaxşı bilir ki, alimin, ziyalının xalq qarşısında xidmətləri onun yazdığı əsərləri, yetişdirdiyi tələbələri ilə qiymətləndirilir.

İzzət müəllimin mətbuata müsahibələrinin birində dediklərini nəzərinizə çatdırmaq istəyirəm: “Dünyada heç nə asanlıqla əldə olunmur. Mən Azərbaycanın ən füsünkar bölgələrindən biri olan Gədəbəyin Düz Rəsullu kəndində dünyaya göz açmışam və ağlım kəsəndən zəhmətkeş, əməksevər adamlar görmüşəm. Ümumiyyətlə, dağ adamları arı kimi çalışqan olurlar. Görünür, elə uşaqlıq illərində əxz elədiyim bu əməksevərlik, halallıq o vaxtdan canıma, qanıma hopub...”

İzzət müəllim mənim ağsaqqalım, yol göstərənimdir. İzzət müəllimlə söhbət edərkən onun ən çox sevdiyi mövzu təbiətlə birbaşa bağlı olur. Kəndimizdən, elimizdən, obamızdan söz düşəndə qeyd edir ki, Gədəbəyin təbiətini duymayan, onun dağına, daşına, suyuna yaxından bələd olmayan, buz bulaqlarından doyunca su içməyən, gülünün, çiçəyinin ətrini sinəsinə çəkməyən, kəkotulu çayından içməyən insanlara tövsiyəm odur ki, Gədəbəyə gəlsinlər!..

İzzət müəllimin həmişə təkrarladığı ana dilimizin zənginliyinə, incəliklərinə yaraşan bir kəlamı da oxucularla bölüşmək istəyirəm: “Bulaqların zümzüməli səsi ömrümüzə, günümüzə elə daxil olmuşdu ki, onun tilsimindən ayrılmaq çox çətin idi”. Onu tanıyanlar deyirlər ki, İzzət müəllim ayrı-ayrı məsələlərə öz prinsipial mövqeyi, elmi səviyyəsi və elmi potensialı baxımından qiymət verən tanınmış alimdir. Onun güclü və təkzibolunmaz məntiqi müxtəlif məsələlərdə irəli sürdüyü fikir və mühakimələrinə tamlıq və inkaredilməz bir mahiyyət aşılayır. İzzət müəllim barəsində bir insan, şəxsiyyət və alim-pedaqoq kimi düşünəndə adamın qəlbi işıqlanır. İzzət Rüstəmov öz xalqını, torpağını, elini, yurdunu dərin məhəbbətlə sevən, özündə vətən və xalq dərdi yaşadan bir ziyalı olduğunu görürük.

90 yaşını qeyd etdiyimiz bu böyük insan həm də Azərbaycan Respublikasının Milli Qəhrəmanı Məzahir İzzət oğlu Rüstəmovun atasıdır!

Hər bir vətənpərvər adamın torpaq və millət naminə əvəzsiz fəaliyyət göstərmək bir vətəndaşlıq borcu olsa da, Məzahir Rüstəmov kimi layiqli oğullar yetişdirmək hər valideynə qismət olmur.

Bütün şəhid valideynlərinə dözümlü, səbirli olmağı arzu edirəm!..

Mənim üçün çox böyük şərəfdir ki, ağsaqqalım, ustadım İzzət müəllim barədə  mötəbər məclisdə söz demək mənə də qismət oldu. Şəxsiyyətinə və ismətinə həmişə hörmət etdiyim Qızılgül xanıma təşəkkür borcluyam.

 

Rüfət RÜSTƏMOV,

BDU-nun Şərqşünaslıq fakültəsi,

Türk filologiya kafedrasının müdiri,

filologiya elmləri doktoru, professor

 

Azərbaycan.- 2022.- 17 fevral.- S.6.