Ön cəbhənin döyüşçüsü,
arxa cəbhənin əmək veteranı
Haqqında dəfələrlə yazılıb, televiziya verilişlərinin qəhrəmanlarından biri kimi geniş auditoriyalara təqdim edilib. Çünki o, buna layiqdir. Axı, keçdiyi ömür və döyüş yolu keşməkeşliliyi ilə seçilir, zənginliyinə görə isə nümunə sayılır.
Söhbət Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Dəmir yolları şöbəsinin üzvü, müharibə veteranı Behbudov Nazim Möhü oğlundan gedir. Bu o Nazim Behbudovdur ki, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı çıxan, torpaqlarını, o cümlədən də doğulduğu Cəbrayıl rayonunu darmadağın edən erməni silahlılarına layiqli cavab vermişdi...
Onun ömür və əmək yoluna qısa nəzər salanda qocaman dəmiryolçunun vətənpərvərliyinin şahidi olursan. Nazim Behbudov 20 Yanvar 1990-cı ildə Bakıda və regionlarda Azərbaycan xalqına qarşı törədilən qanlı faciəyə biganə qalmamışdı. Təhsilini yarımçıq qoyaraq Şuşada yaradılmış ərazi özünümüdafiə dəstəsinə könüllü qoşulmuşdu.
Həmin illərdə sovet silahlı qüvvələri Qarabağın dağlıq hissəsində, eləcə də ətraf ərazilərdə ermənilərə hərtərəfli havadarlıq edirdilər. Buna baxmayaraq, Nazim Behbudov həyatını təhlükəyə ataraq, əsasən də polislərdən (ozamankı milislərdən) ibarət zəif silahlanmış ərazi özünümüdafiə dəstəsinin tərkibində erməni təcavüzkarlarına qarşı döyüşlərə qatılır.
O dövrlərdə əsasən mülki vətəndaşların təhlükəsizliyinin qorunmasında və azərbaycanlıların yaşayış məntəqələrinə erməni quldur dəstələrinin hücumlarının qarşısının alınmasında iştirak edən Nazim Behbudov yaradılmış postlarda keşik çəkirdi. Dəfələrlə açıq döyüşlərdə iştirak edən Nazim erməni silahlılarının hərəkətlərinə göz yuman, yaxud seyrçi mövqe sərgiləyən sovet silahlı qüvvələrinin, həmçinin də ovaxtkı hüquq-mühafizə orqanlarının yüksək çinli məmurlarına öz etirazını bildirməkdən belə çəkinmirdi. Hətta o, bu vətənpərvərliyinə görə bir neçə dəfə sovet silahlı qüvvələri və digər güc strukturları tərəfindən saxlanılmışdı. Təcridxanada işgəncələrə məruz qalan Nazimin hətta doğma Qarabağ bölgəsinə gəlməsinə hərbi komendantlıq tərəfindən qadağa da qoyulmuşdu.
Bundan sonra Nazim Behbudov qarşılaşdığı haqsızlıqlara dözməyib 1991-ci ildə doğma Cəbrayıl rayonuna qayıdır. Ərazidə erməni təcavüzkarlarına qarşı yeni yaradılan könüllü müdafiə dəstələrinə qoşulur.
1993-cü ilin yaz-yay aylarında odövrkü AXC-Müsavat iqtidarının səriştəsizliyi ucbatından respublikamızın ərazilərinin 20 faizi, o cümlədən Cəbrayıl rayonu erməni təcavüzkarları tərəfindən işğal olunur. Nazim Behbudov da ailəsi ilə birlikdə öz doğma torpaqlarından didərgin düşüb, məcburi köçkün kimi İmişli şəhərinə pənah gətirir. Qarşılaşdığı sosial-mənəvi sarsıntılara baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin payızında torpaqlarımızın müdafiəsi üçün xalqa müraciətindən ruhlanaraq yenidən döyüşlərə qatılır. 1994-cü ilin əvvəlində həyata keçirilən uğurlu Horadiz hərbi əməliyyatında iştirak edir.
Atəşkəsdən sonra hərbi xidmətdən tərxis olunub dəmir yolu sahəsində əmək fəaliyyətinə başlayan Nazim Behbudov əzmkarlıqla çalışır. Üzvü olduğu kollektivin böyük rəğbətini qazanır, ictimai işlərdə fəal iştirak edir. Fədakarlığı nəticəsində adi fəhləlikdən idarə rəhbərliyinə kimi yüksələn Nazim Behbudov bacarıqlı, işgüzar və ali ixtisaslı kadr kimi “Azərbaycan Dəmir Yolları” QSC-nin Aparatına dəvət olunur.
Xatırladaq ki, Nazim Behbudov 2000-ci ildə Bakı Dəmir Yolu Nəqliyyatı Texnikumunu, 2005-ci ildə Bakı Dövlət İqtisad Kollecinin Hüquq fakültəsini və 2014-cü ildə Ukrayna Dövlət Dəmir Yolu Nəqliyyatı Akademiyasının Yol təsərrüfatı fakültəsini bitirmişdir. Dəmir yolunda aparılan layihələrin həyata keçirilməsində və sahə üçün vacib olan texniki ədəbiyyatların hazırlanmasında bilavasitə iştirak edib.
2016-cı ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Dəmir yolları şöbəsinin üzvüdür. Əslində, şöbənin yaranmasında fəal iştirakçı olub. Həyata keçirilən vətənpərvərlik yönümlü tədbirlərdə bu gün də seçilir. 2012-ci ildə “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif olunub.
Dövlətçilik ənənələrinə sadiqlik göstərən, həmçinin məntəqə seçki komissiyasının üzvü kimi də fəallğı ilə seçilən qocaman dəmiryolçunun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib: 2018-ci ilin fevralında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, “Tərəqqi” medalı ilə təltif olunub.
2018-ci ildə AVMVİB-nin yaranmasının 25 illik yubiley medalına layiq görülüb. Qəlbi vətənpərvərlik hissilə döyünən Nazim Behbudov bir neçə dəfə ön cəbhəyə əsgərlərə sovqat aparmaqla təsəlli tapıb. Erməni təcavüzkarlarının işğalı altında olan doğma torpaqlarımızın azad olunmasında keçmiş döyüşçü veteran kimi ön cəbhədəki əsgərlərimizə göstərdiyi mənəvi dəstəyə görə AVMVİB-nin “Böyük Zəfər” xatirə medalı ilə də təltif edilib.
Nazim Behbudovun həm ön, həm də arxa cəbhədəki fəaliyyəti orden və medallarla qiymətləndirilib.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2022.- 17 fevral.- S.6.