Ağdamda 209 mənzildən
ibarət yeni yaşayış kompleksinin təməli qoyulub
Ağdamda
209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməli
qoyulub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva fevralın 13-də Ağdamda yeni
yaşayış kompleksinin təməlinin qoyulması mərasimində
iştirak ediblər.
AZƏRTAC
xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan
işğaldan azad edilmiş ərazilərdə Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin
Hüseynov və “PMD Projects” MMC-nin İdarə Heyətinin sədri
Nəriman Topçibaşev dövlət
başçısına və xanımına inşa olunacaq
kompleks barədə məlumat veriblər.
Qeyd
olunub ki, ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin mərhələdə
209 mənzildən ibarət 6 yaşayış binası
inşa ediləcək. Mənzillərin ümumi
yaşayış sahəsi 21 min 921 kvadratmetr olacaq. Kompleksin
tikintisinin 2023-cü ilin dekabrında başa
çatdırılması nəzərdə tutulub.
Prezident
İlham Əliyev yaşayış kompleksinin təməlini
qoyub.
Vətən
müharibəsində şanlı Qələbə müjdəsini
Azərbaycan xalqına çatdırmaq üçün tarixi
müraciətində Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin ifadə etdiyi “Məcburi
köçkünlər yaxşı bilirlər ki, onların
öz dədə-baba torpaqlarına qayıtması
üçün biz əlimizdən gələni edəcəyik,
işğaldan azad edilmiş bu torpaqları yenidən
quracağıq” ifadəsi Ağdam rayonunda yeni
yaşayış kompleksinin təməlinin qoyulması ilə
bir daha təsdiqini tapır. Otuz ilə yaxın müddətdə
doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə
yaşayan ağdamlılar üçün bu
yaşayış kompleksinin təməlinin qoyulması
onları bu arzularına daha da yaxınlaşdırır. Bu mərasim,
eləcə də növbəti mərhələdə 0,86
hektar ərazidə daha 4 yaşayış binasının
inşası ilə bağlı layihələndirmə
işləri aparılması ağdamlılarda bu
arzularının da olduqca qısa müddətdə
reallaşdırılacağına qəti inam yaradır.
Azərbaycan.-2022.- 15 fevral.- S.4.