Ağdam Rayon Mərkəzi Xəstəxanasının
təməli qoyulub
Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görüləcək işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Bildirildi ki, 6 hektardan çox ərazidə inşa olunacaq bu tibb müəssisəsində qəbul, terapiya, kardiologiya, cərrahiyyə, travmatologiya-ortopediya, ürək-damar cərrahiyyəsi, oftalmologiya, LOR, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri və əməliyyat bloku fəaliyyət göstərəcək.
Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq.
Müalicə ocağı ən müasir tibbi avadanlıqla, həmçinin Regional Kardiocərrahiyyə Mərkəzi xidmətini təmin etmək üçün angioqrafiya cihazı ilə təchiz olunacaq. Binanın zirzəmi hissəsindən isə stasionar tibbi xidmət və sığınacaq kimi istifadə ediləcək, ehtiyac yaranarsa, dərhal hərbi hospital kimi fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev xəstəxananın təməlini qoydu.
Qeyd
olundu ki, növbəti mərhələdə Ağdam rayonu
üzrə daha bir neçə səhiyyə müəssisəsinin
inşası nəzərdə tutulub. Belə
ki, qarşıdakı dövrdə burada Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili Tibbi Yardım Stansiyası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin binası, çoxprofilli
modul tipli xəstəxana,
onkoloji, 50 çarpayılıq psixiatriya və 50 çarpayılıq vərəm
əleyhinə xəstəxanalar, 20 çarpayılıq Narkoloji Dispanser, Regional Perinatal Mərkəz
və QİÇS-lə Mübarizə Mərkəzi, 20 həkim
məntəqəsi və ya kiçik həcmli Ailə Sağlamlıq Mərkəzi,
Regional Tibb Kolleci də inşa olunacaq.
Azərbaycan.-2022.- 15 fevral.- S.5.