Şeyxülislam Allahşükür
Paşazadə KAICIID Direktorlar
Şurasının növbədənkənar sessiyasında iştirak edib
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının videokonfrans formatında keçirilən növbədənkənar sessiyasında iştirak edib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Shanti Ashram” təşkilatının direktoru Kezevino Aramın sədrliyi ilə keçən sessiyada şeyxülislam A.Paşazadə ilə bərabər, Direktorlar Şurasında təmsil olunan Ekumenik Patriarxatının Kadıköy (Xalxidon) Mitropoliti Emmanuel, Vatikanın Dinlərarası Dialoq üzrə Pontifik Şurasının sədri kardinal Migel Ayuso, Livan Milli Xristian-Müsəlman Dialoq Komitəsinin baş katibi Məhəmməd Sammak, Yaponiya Rizxo Kosey-Kay Buddist təşkilatının prezidenti Koşo Nivano, İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Riçard Sudvort, İmam Məhəmməd bin Saud Universitetinin təmsilçisi Hamad əl-Məcid, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru baş ravvin David Rosen iştirak ediblər.
Tədbirin gedişində gündəliyə daxil olan Strateji plan və cari məsələlər ətrafında müzakirələr aparılıb.
Sessiyada çıxış edən şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Qafqaz müsəlmanlarının səmimi salamlarını və xeyir-dualarını iştirakçılara çatdırıb. Sonra QMİ sədri gündəlikdə duran, müzakirə olunan məsələlər, o cümlədən Mərkəzin Strateji planı barədə fikir və tövsiyələrini bildirib.
Sessiyada çıxış edən Vatikanın Dinlərarası Dialoq üzrə Pontifik Şurasının sədri kardinal Migel Ayuso QMİ-nin sədri şeyxülislam A.Paşazadənin bu yaxınlarda Vatikana səfərinə toxunaraq, onun Papa Fransisklə görüşünün dinlərarası dialoqun inkişafına töhfə olduğunu xüsusi qeyd edib. Belə hörmətli, nüfuzlu şəxsiyyəti, böyük bir icmanın rəhbəri olan dini lideri Vatikanda qəbul etmələrindən məmnunluğunu ifadə edən kardinal Ayuso bu cür uğurlu dinlərarası əməkdaşlıq nümunəsinin KAICIID üçün önəmli perspektivlərindən bəhs edib.
Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAICIID-in 9 nəfərlik Direktorlar Şurasında yer alan müsəlman dini lider şeyxülislam Allahşükür Paşazadə pandemiya şəraitinə baxmayaraq, bu təşkilatın proqram üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi yönündə səylərinin davam etdirildiyini rəğbətlə vurğulayıb.
Onlayn sessiya məhsuldar keçib.
Azərbaycan.-
2022.- 18 fevral.- S.2.