YAP Mərkəzi Aparatında
partiyanın Veteranlar Şurasının üzvü Tahir Məmmədovun
70 illik yubileyi
münasibətilə görüş keçirilib
Fevralın
14-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi
Aparatında partiyanın Veteranlar Şurasının
üzvü Tahir Məmmədovun 70 illik yubileyi münasibətilə
onunla görüş keçirilib.
AZƏRTAC
xəbər verir ki, Yeni Azərbaycan Partiyası Sədrinin
müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov
yubilyarı doğum günü münasibətilə təbrik
edərək ona möhkəm cansağlığı və
ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar
arzulayıb. Bildirilib ki, Tahir Məmmədov müxtəlif sahələrdə
səmərəli və məqsədyönlü fəaliyyət
göstərməklə Azərbaycanın ictimai-siyasi həyatında
həmişə fəal mövqe tutur. O, əsl ziyalı, vətəndaş
və qələm sahibi kimi ulu öndər Heydər Əliyev
ideyalarına sədaqət nümayiş etdirib.
“Siz
məşhur “91-lər”dən biri kimi Yeni Azərbaycan
Partiyasının yaradılmasında yaxından iştirak
etmisiniz. Hazırda isə YAP Veteranlar Şurasının
üzvü olaraq üzərinizə düşən vəzifələri
layiqincə yerinə yetirmək üçün səy və
bacarığınızı əsirgəmirsiniz. Sizin əməyiniz
və xidmətləriniz hər zaman yüksək qiymətləndirilib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə
“Əməkdar jurnalist” fəxri adı ilə təltif
olunmusunuz”, - deyə T.Budaqov qeyd edib.
Yubilyarı
doğum günü münasibətilə təbrik edən YAP
Veteranlar Şurasının sədri, partiyanın İdarə
Heyətinin üzvü Arif Rəhimzadə Tahir Məmmədovu
hər zaman prinsipial, möhkəm əqidəli və dəyişməz
mövqeyi olan vətəndaş kimi xarakterizə edib.
Göstərilən
diqqətə və ünvanına deyilən xoş sözlərə
görə təşəkkürünü bildirən Tahir Məmmədov
ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan
Partiyasının üzvü olmaqdan qürur duyduğunu
bildirib. O, hazırda Prezident, Yeni Azərbaycan
Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi
ilə partiyamızın inkişafında yeni mərhələnin
başlandığını və atılan addımların
YAP-ın cəmiyyətdəki mövqeyini daha da gücləndirdiyini
söyləyib. T.Məmmədov YAP Veteranlar
Şurasının üzvü kimi bundan sonra da üzərinə
düşən vəzifələri layiqincə yerinə
yetirmək üçün səy və
bacarığını əsirgəməyəcəyini
bildirib.
Azərbaycan.-2022.- 15 fevral.- S.9.