Amerikalı mer Xocalı
soyqırımının 30-cu ildönümü
ilə bağlı bəyannamə imzalayıb
ABŞ-ın Florida ştatının Hallandeyl Biç şəhərinin meri Coy Kuper Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyannamə imzalayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan icmasına ünvanlanmış bəyannamədə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz və etnik təmizləmə siyasəti nəticəsində erməni silahlı birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum etmələri və dinc əhaliyə qarşı dəhşətli qətliam törətmələri qeyd edilib, nəticədə 613 nəfər, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın erməni hərbçiləri tərəfindən qətlə yetirildiyi vurğulanıb. Bəzi ekspertlər Xocalı faciəsini “Azərbaycan Srebrenitsası” adlandırırlar.
Nəzərə çatdırılıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edib. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün BMT Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT, ABŞ Dövlət Departamenti və Ağ Ev tərəfindən dəstəkləndiyi xüsusi vurğulanıb.
Coy Kuper bəyannaməni Floridada
fəaliyyət göstərən Azərbaycan diaspor
təşkilatının nümayəndələrinə təqdim
edib.
Azərbaycan.-
2022.- 18 fevral.- S.4.