Milli-mənəvi dəyərlərimiz qorunub saxlanmalıdır

 

 

Prezident İlham Əliyev Gənclər Forumunda buna xüsusi önəm verilməsini vacib  bildi

 

 

 

Dövlət müstəqilliyinin ilk illərində gənclərin enerji  potensialını milli maraqların müdafiəsinə səfərbər edən Ümummilli Lider Heydər Əliyev bununla onların vətənpərvərlər ruhunda formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ulu Öndər ölkə gəncləri qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi.

Prezident İlham Əliyev isə 2003-cü ildən başlayaraq gənclər siyasətinin inkişaf istiqamətlərini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ilielan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı. 2013-cü ildə  respublikada ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis edildi. Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndikdən sonra gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Vətən müharibəsində də əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.

Fevralın 2-də Bakıda, Gülüstan sarayında gənclərlə keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Forumda dövlət başçısı fikirlərini bölüşərkən bir daha qeyd etdi ki, milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir: “... Mən dəfələrlə demişəm ki, müasir və müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Əminəm ki, biz bu dəyərləri qoruyub saxladıqca dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq. Biz tariximizi yaxşı bilirikbilirik ki, uzun illər, əsrlər boyu Azərbaycan müstəqil deyildi, başqa ölkələrin tərkibində yaşayırdı. Ancaq buna baxmayaraq, öz milli xüsusiyyətlərini itirmədi, milli xüsusiyyətlərini qorudu. Nəyə görə? Məhz ona görə ki, biz həmişə öz milli dəyərlərimizə sadiq olmuşuq, ənənələrə sadiq olmuşuq, onları qorumuşuq. Baxmayaraq ki, məsələn, əgər sovet dövrünü nəzərə alsaq, o vaxt marksizm-leninizm ideologiyası hökm sürürdü. Ancaq buna baxmayaraq, qapalı bir cəmiyyətdə yaşamağımıza baxmayaraq, hər bir Azərbaycan ailəsində bizim milli bayramlarımız qeyd edilirdi. Biz nəsildən-nəslə əsrlər boyu bu milli ideologiyamızı, milli xüsusiyyətlərimizi ötürürdük və beləliklə, özümüzü assimilyasiyadan qoruyurduq, kənar təsirdən qoruyurduq. Azərbaycanlılar həmişə dünyaya açıq olublar, amma öz mənəvi kodeksini həmişə hər şeydən üstün tutublar. Bir halda ki, azad olmadığımız dövrdə, əsrlər boyu həm müstəmləkə, həm başqa ölkələrin tərkibində yaşadığımız dövrdə əgər biz bu dəyərləri qoruyub saxlamışıqsa, indi əlbəttə, biz bu dəyərləri qoruyub saxlamalıyıq...”

Vətən müharibəsi iştirakçısı, gənclər üçün Prezident mükafatçısı, Heydər Əliyev Fondunun layihə koordinatoru və Hərbi Qənimətlər Parkının meneceri, 24 yaşlı Orucəli Abbaszadənin dövlət başçısına ünvanladığı suala cavab da çox maraqlı oldu: Milli ruhda yetişən bu gənclər bundan sonrakı dövrdə hansı addımlar atmalıdır ki, mənfur düşmənin Azərbaycan xalqının başına gətirdiyi bu bəlalar bir də təkrarlanmasın və müasir Azərbaycan gənci nələr etməlidir ki, ölkəmizin inkişafı üçün daha çox töhfə vermiş olsun?

Azərbaycanda 29 yaşına qədər insanların gənclər sayıldığını vurğulayan dövlət başçısı öncə qeyd etdi ki, bu gün ən yaşlı gəncin mən Prezident vəzifəsinə birinci dəfə seçiləndə 11 yaşı var idi: “Yəni bu reallıqdır. Mən çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək. Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi...”

Qarşıda mühüm vəzifələrin dayandığını vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, bu gün dövlətimiz müstəqildir. Heç bir kənar qüvvə onun  işinə qarışa bilməz. Əlbəttə, belə cəhdlər olub, lakin heç bir nəticə verməyib. Ancaq  elə məsələlər var ki, gənclərimiz bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə edilməlidir. Bu da qarşıda duran mühüm məsələlərdəndir. Vətənə bağlılıq, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur.

Yeri gəlmişkən, Prezident bu məsələ ilə bağlı fikirlərini bölüşərkən yeni çağırışlara da toxunaraq qeyd etdi ki, qloballaşma termin olaraq indi dünya leksikonundan çıxarılır. Çünki bu cərəyana qarşı dünyada geniş müqavimət göstərilib. Ancaq ideya  kimi hələ də qalmaqdadır. Təəssüf ki, qloballaşma bu gün başqa ad altında kök salır. Bu meylin əsas məqsədi müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, insanları, xüsusilə də milli kökdən uzaq salınmış gəncləri yetişdirməkdir. Bu isə çox təhlükəli tendensiyadır. Belə demək mümkünsə, məqsəd qalır, forma və mübarizə üsulları dəyişir.

Dövlət başçısının  qeyd etdiyi kimi, bu gün cəmiyyətimiz və Azərbaycan iqtidarı birmənalı şəkildə milli maraqların keşiyində dayanır: “... Mən Azərbaycan Prezidenti kimi sona qədər milli dəyərləri müdafiə edəcəyəm, dövlət müstəqilliyimizi müdafiə edəcəyəm. Yəni müstəqillik deyəndə mən atributları nəzərdə tutmuram - real müstəqillik. Sən real müstəqil siyasət apara bilirsən, yoxsa yox? Yoxsa kiminsə sözü ilə oturub-durursan, kiminsə qarşısında baş əyirsən. Azərbaycan heç vaxt bütün bu cəhdlərə əməl etmir, əksinə, biz bütün meydanlarda vuruşmuşuqqalib gəlmişik.

Ancaq gənclər, əlbəttə ki, daha tələbkar olur, onlar həyata yeni başlayır. Açıq deməliyəm, gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur. Ona görə də bax, bu qlobalistlərin - mən onları şərti olaraq belə adlandırıram - sorosçuların məqsədi məhz gənclərdir. Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər. Bizim gənclərimiz bunu bilir və mən dəfələrlə müxtəlif forumlarda, həm gənclərlə təmaslar əsnasında, həm müxtəlif çıxışlarda bu məsələyə toxunurdum. Çünki bu, aktual məsələdir və bu məsələ aktuallığını heç vaxt itirməyəcək. Bu siyasətin mənbələri dəyişə bilər, bu, dünyada geosiyasi vəziyyətə bağlıdır, bəzi güc mərkəzləri güclənir, bəziləri zəifləyir. Ancaq, sözün düzü, mən onların arasında niyyət nöqteyi-nəzərindən böyük fərq görmürəm və mənim təcrübəm bunu deməyə əsas verir...”

 

Azərbaycan Prezidenti bildirdi ki, milli dəyərlər təkcə əcdadlar qarşısında mənəvi borcumuz deyil, eyni zamanda ölkəmizi daim müstəqil saxlamaq, kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi  telləri qorumaq üçün mütləq lazımdır. Çünki çox zəngin mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, ana dilimiz var. Ana dilimizmilli dəyələrin tərkib hissəsidir. Xalqımız ana dilini varlığı kimi qoruyub. Lakin onu daim  qorumaq yeni nəsillərin də borcuna çevrilməlidir.

 

Dövlət başçısı bu baxımdan həm televiziya məkanında, həm də mətbuatda dilimizə yad sözlərin müdaxiləsindən narahatlığını da ifadə edərək bildirdi ki, hər bir dil, əlbəttə ki, inkişaf etməlidir, amma milli köklər üzərində. Bizim dilimiz o qədər zəngindir ki, kənar sözlərə ehtiyac yoxdur: “...Bütün bu amillər, o cümlədən bizim bayramlarımız, adət-ənənələrimiz hər birimiz üçün əsas dəyər olmalıdır. Bax, belə olsa, Azərbaycan həmişə müstəqil olacaq və həmişə uğur qazanacaq...”

 

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2022.- 15 fevral.- S.10.