İLHAM ƏLİYEV
islahatlarının uğur simvolu
Birinci vitse-prezident Mehriban
xanım Əliyeva - inam, etimad və sədaqət
ünvanı
İnklüzivlik və islahatçılıq müasir Azərbaycan cəmiyyətinin fərqləndirici xüsusiyyəti kimi diqqəti cəlb edir. Son bir neçə il ərzində Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi, siyasi, idarəçilik islahatları ölkənin həyatında yeni meyil və təşəbbüslərin əsasını qoymaqla yanaşı, Azərbaycanın beynəlxalq imicinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına təkan vermişdir.
Ölkəmizin
dünyanın ən islahatçı 10 dövləti
sırasında yer tutması özlüyündə
böyük beynəlxalq nailiyyət olub, onun müşahidə
etdiyimiz inkişafının və müasirləşməsinin
etibarlı əsası rolunu oynamaqdadır.
2016-cı ildə keçirilən referendum və Azərbaycanın Konstitusiyasında edilən dəyişikliklər ölkəmizdə siyasi və idarəçilik islahatlarının növbəti mərhələsini əks etdirir. Vitse-prezident institutunun təsis edilməsi dövlət idarəçiliyi sahəsində həm islahatçılıq konsepsiyasının ardıcıl surətdə həyata keçirilməsinin məntiqi nəticəsi, həm də yeni hədəflərə doğru inamlı addımların başlanğıcı sayılmaq qədər tarixi əlamətdarlıq yükü daşıyır. Lakin diqqəti çəkən və düşünülən islahatların gələcək uğurlu taleyinə zəmanət verən cəhət təsis edilən Birinci vitse-prezident vəzifəsinə ölkənin ictimai və siyasi həyatında yaxından iştirak edən, insanların dərin məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın təyin olunmasıdır.
Həmin
tarixi hadisədən 5 il keçir. Zaman nəinki sözügedən təyinatın
doğruluğunu tam təsdiq etdi, həm də bu seçimin
Prezident İlham Əliyevin islahatlarının uğur simvoluna
çevrildiyini nümayiş etdirdi.
Heydər
Əliyevin ideyalarına dərin inam
Məmnunluq hissi ilə qeyd edilməlidir ki, Mehriban
xanım Əliyevanın müasir Azərbaycan
iqtidarının ən parlaq nümayəndəsi olması tək
Azərbaycanda deyil, hətta onun hüdudlarından kənarda
da etiraf edilən həqiqətlərdəndir. Cəmiyyətimiz
üçün yeni olan bir sıra təşəbbüs və
layihələrin birbaşa onun adı ilə bağlı
olması, onun rəhbərliyi altında həyata keçirilməsi
və ölkəmizə mühüm dividendlər gətirməsi
insanlarımız tərəfindən dərk edilir və
yüksək qiymətləndirilir.
Heydər Əliyev ideyalarına sədaqət, onun dövlətçilik
konsepsiyasına xas olan ideyalara bağlılıq
hazırkı iqtidarın kadr potensialının başlıca
xüsusiyyəti, onun səmərəli fəaliyyətinin əsas
təminatı sayıla bilər. Ölkəmizdə
ötən əsrin 90-cı illərinin ikinci yarısından
etibarən ardıcıl olaraq qazanılan nailiyyətlər və
qələbələr Heydər Əliyevin və İlham
Əliyevin müdrik rəhbərliyi altında Ulu Öndərin
ideyalarını dərindən mənimsəyən vətənpərvər
siyasətçi və dövlət məmurlarının fədakar
əməyinin nəticələridir. Dövlətə
ləyaqətlə xidməti Heydər Əliyev ideyalarına
sədaqət anlayışından ayrılıqda təsəvvür
etməyən və edə bilməyən ictimai və siyasi
xadimlərin ön sırasında Mehriban Əliyevanın
xüsusi diqqəti cəlb etdiyi ayrıca qeyd
olunmalıdır.
Mehriban xanımın Azərbaycan dövlətinə sədaqətlə
xidmət göstərməsi Heydər Əliyev ideyalarına
dərindən bağlılığını ifadə etdiyi
kimi, onun Ulu Öndərin ideyalarına sədaqəti də
eyni dərəcədə öz ifadəsini dövlətə
yüksək ləyaqətlə xidmətində tapır. Hər iki halda mahiyyətcə
eyni missiya həyata keçirilmiş olur: dövlətə
xidmət Heydər Əliyevin ideyalarına sədaqəti ifadə
edir və Ümummilli Liderin ideyalarına sədaqət
dövlətə fədakarcasına xidmət anlamında qəbul
edilir.
Deməli, Mehriban Əliyeva dönməz Əliyevçi
olduğu qədər də qatı dövlətçidir və
bu cəhətlər onun şəxsiyyətinin başlıca
xüsusiyyətini göstərir.
Mehriban xanımın Heydər Əliyev ideyalarına dərindən
bağlılığı onun bu ideyaların
doğruluğuna, həyati gücünə, ölkənin,
xalqın və dövlətin maraqlarından
qaynaqlandığına inamından irəli gəlir, bu
görkəmli siyasətçi, ictimai və dövlət
xadiminin siyasi dünyagörüşünün nüvəsini
təşkil edir. Azərbaycanın Birinci vitse-prezidentinin və Heydər
Əliyev Fondunun prezidentinin həm ölkə daxilində, həm
də beynəlxalq miqyasda möhtəşəm
uğurlarının səbəblərini
araşdırmağa çalışsaq, bu uğurların əhəmiyyətli
dərəcədə məhz Ulu Öndərin siyasi irsinə
dərin inamdan qaynaqlandığını söyləmək
lazım gələr.
Prezidentin
ən yaxın sirdaşı və silahdaşı
Dövlətin iqtisadi qüdrətinin möhkəmləndirilməsinə,
sosial həyatın inkişafına, mənəvi dəyərlərin
qorunmasına ünvanlanmış çoxşaxəli fəaliyyət
ölkəmizdə həyata keçirilən tarixi
missiyanın ayrı-ayrı istiqamətləridir. Prezident
İlham Əliyevin rəhbərliyi sayəsində həyatımızın
transformasiyasının əsasını təşkil edən
inkişaf və yüksəliş strategiyasının demək
olar ki, hər sahəsində Mehriban Əliyevanın
iştirakının pozitiv təsiri hiss olunmaqdadır. Bu iştirakçılığın Azərbaycanın
yeni inkişaf səviyyəsinə yüksəlməsi naminə
Prezidentin nümayiş etdirdiyi fədakarlıqların
uğurla nəticələnməsinə mühüm dəstək
olduğu hamılıqla etiraf olunmaqdadır.
Mehriban Əliyevanın birinci xanım kimi geniş fəaliyyəti
ölkədə yeni siyasi və elita mədəniyyətinin
formalaşmasında müstəsna rol oynadığı kimi,
onun Birinci vitse-prezident kimi fəaliyyəti dövlət idarəçiliyi
sisteminin yeni fəlsəfəsinin və praktikasının
meydana gəlməsinə eyni dərəcədə həlledici
təsir göstərməkdədir. Mehriban xanımın
dövlət səlahiyyətlərinin icrası zamanı daim
Prezidentin yanında olması, onu müşayiət etməsi cəmiyyətdə
siyasi etimad və inamın əhəmiyyətli dərəcədə
yüksəlməsinin mühüm şərtləri
sırasındadır.
Bunu eyni zamanda iqtidarın, siyasi elitanın,
bütünlükdə cəmiyyətin vəhdətinin və
yekdilliyinin mühüm ifadəsi saymaq mümkündür. Ən
başlıcası isə budur ki, müşahidə etdiyimiz
yüksək həmrəylik və vəhdət idarəçiliyin
daha da kamilləşməsinə, milli yüksəlişin və
inkişafın təmin edilməsinə, bütünlükdə
Azərbaycanın güc və qüdrətinin daha da
artmasına xidmət göstərir.
Azərbaycan cəmiyyəti Mehriban Əliyevanın şəxsində
Prezidentin ən yaxın, ən inanılmış siyasi
sirdaşını və silahdaşını görür. Birinci
vitse-prezidentin ictimai və siyasi xadim kimi böyük təcrübəsi,
fəal ictimai mövqeyi, Azərbaycanın mədəni dəyərlərinə
və tarixi irsinə dərindən
bağlılığı, beynəlxalq əlaqələri və
digər keyfiyyətləri onun daşıdığı vəzifənin
statusunu daha əhəmiyyətli və əhatəli edir.
Birlik, həmrəylik bütün dövrlərdə və
şəraitlərdə gücün, qüdrətin, yenilməzliyin
simvolu və təcəssümü olmuşdur. Bu mənada haqqında
söhbət etdiyimiz həmrəylik və vəhdətin
Prezident İlham Əliyevin və onun rəhbərlik etdiyi
iqtidarın əlavə güc mənbəyi olduğu etiraf
edilə bilər və edilməlidir. Eləcə
də Mehriban Əliyevanın cəmiyyətin və
iqtidarın daxili vəhdətinin, milli həmrəyliyin
möhkəmlənməsinə əhəmiyyətli töhfə
verdiyi, onun bu xidmətinin hər bir Azərbaycan vətəndaşı
tərəfindən qiymətləndirilərək təqdir
edildiyi xüsusi vurğulanmalıdır.
Humanizim və
xeyirxahlığın böyük ünvanı
Mehriban Əliyevanı ictimai-siyasi xadim kimi səciyyələndirməli
olsaq, ona xas olan çoxsaylı keyfiyyətlər arasında
humanizm və xeyirxahlığı ayrıca qeyd etməliyik. Artıq
neçə illərdir ki, cəmiyyətimiz onu humanizm və
xeyirxahlığın böyük ünvanı olaraq
tanıyır, qiymətləndirir və hörmət bəsləyir.
Bu və ya digər səbəblərlə əlaqədar
köməyə ehtiyacı olan insanların Birinci
vitse-prezidentə və Heydər Əliyev Fondunun prezidentinə
müraciət etməsi bir növ adi hala çevrilib. Ən
başlıcası isə, müraciət edənlərin demək
olar ki, hamısına zəruri yardım göstərilir, onlar
diqqət və qayğıdan kənarda qalmırlar. Minlərlə insan Mehriban Əliyevanın birbaşa
müdaxiləsi və yardımı sayəsində şəfa
tapıb, həyata qaytarılıb. Bundan da az olmayan sayda vətəndaşın təhsillə,
digər problemlərlə əlaqədar müraciətləri
həll edilib.
Beləliklə, Birinci vitse-prezidentin yüksək
xeyirxahlığı on minlərlə insanımızı əhatə
edən böyük humanizm hərəkatına çevrilib. Mehriban Əliyevanın
nümunəsində humanizm və xeyirxahlığın insan
xarakterinin və mahiyyətinin aparıcı keyfiyyəti
olması özünün yüksək təsdiqini tapmaqla bərabər,
insanlığın və insanpərvərliyin ali
ifadəsi qismində özünü büruzə verir.
İnsana əl uzatmaq, onun dərdinə şərik
çıxmaq, düçar olduğu çətinliklərdən
xilas olmaqda kömək göstərmək ali
dəyərlərə sahib olan insanın özünütəsdiqinin
yüksək məqamıdır.
Mehriban Əliyeva sonsuz xeyirxahlığı və
humanizmi ilə xalqımıza xas olan, onu fərqləndirən
mənəvi dəyərləri əks etdirir, onların
müasir cəmiyyətin ən ümdə keyfiyyət müəyyənliyi
səviyyəsinə yüksəlməsinə güclü təkan
verir. Bu cəhət Birinci vitse-prezidentin və Heydər
Əliyev Fondunun ölkəmizin hüdudlarını aşan
xeyirxahlıq və humanizm fəaliyyəti nümunəsində
daha qabarıq nəzərə çarpır.
Rəhbərlik etdiyi fondun xətti ilə zəlzələdən
və xəstəliklərdən əzab çəkən
ölkələrə yardımların göstərilməsi
xalqımızın əxlaqi keyfiyyətlərinin və insani
dəyərlərinin birbaşa təzahürü olmaqla,
ölkəmizin təqdimatının ən gözəl
nümunəsi rolunu oynayır.
Bütün dünyanı lərzəyə salan, milli səhiyyə
sistemlərini sınağa çəkən COVID-19
pandemiyası dövründə Birinci vitse-prezident Mehriban
Əliyevanın humanizm və qayğıkeşlik xüsusiyyətləri
daha qabarıq şəkildə üzə çıxdı. Ölkəmizdə
koronavirusa qarşı mübarizənin uğurlu təşkilində,
ən qısa vaxtda əhalinin kütləvi
sağlamlığının qorunması üçün
bütün zəruri tədbirlərin görülməsində
Mehriban xanımın xidmətləri ayrıca qeyd edilməlidir.
Prezident
İlham Əliyevin birbaşa rəhbərliyi, Mehriban
xanımın bilavasitə şəxsi iştirakı sayəsində
Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizənin
dünyada demək olar ki, ən yaxşı nümunələrindən
biri təmin edildi, neçə-neçə insan amansız
ölümün caynağından xilas ola
bildi. Birinci vitse-prezidentin şəxsi fədakarlığı,
humanizmi və qayğıkeşliyi sayəsində
xalqımız dövlətimizin sosial siyasətinin əsl
insani simasının bir daha şahidi oldu.
Milli dəyərlərin
etibarlı hamisi
Qloballaşmanın genişlənməsinin
qaçılmaz olduğu müasir şəraitdə milli dəyərlərin
qorunması cəmiyyətin ahəngdar inkişafının
mühüm amili missiyasını yerinə yetirir. Texnoloji
transformasiya, iqtisadi və ticarət əlaqələrinin
genişlənməsi ilə yanaşı, humanitar əlaqələrin
də dərinləşməsi getdikcə daha artıq dərəcədə
milli dəyərləri sınağa çəkməyə
başlayır və bu baxımdan milli dövlətlərin
özlərinə məxsus mənəvi sərvətlərə
sahib çıxması mühüm əhəmiyyət kəsb
edir.
Mehriban Əliyevanın Azərbaycanın da yaxından
qoşulduğu beynəlxalq inteqrasiya və qloballaşma şəraitində
milli dəyərlərimizin sözün həqiqi mənasında
fəal hamisi missiyasını öz üzərinə
götürdüyünü söyləsək, yəqin ki, səhv
etmərik. Onu da qeyd etmək yerinə düşər ki, onun təqdimatında
milli dəyərlərin qorunması təkcə ölkədaxili
fəaliyyət mahiyyəti daşımır, eyni zamanda Azərbaycanın
beynəlxalq aləmdə təbliğatının vacib aspekti
kimi təzahür edir. Nümunə kimi
qeyd oluna bilər ki, onun yorulmaz, fədakar fəaliyyəti nəticəsində
Azərbaycan muğamı və aşıq sənəti
UNESCO-nun Bəşəriyyətin şifahi və qeyri-maddi
irsinin şah əsərləri siyahısında yer
almışdır.
Mehriban xanımın təşəbbüsü ilə
2012-ci ildə İtaliyanın Roma şəhərində
“Villa Borghese” parkında nəinki Azərbaycan və Şərq
ədəbiyyatının, bütövlükdə dünya ədəbiyyatının
görkəmli nümayəndəsi Nizami Gəncəvinin abidəsinin
açılışı olmuşdur.
2016-cı ildə Mehriban xanımın növbəti təşəbbüsü
ilə Belçika Krallığının Vaterloo şəhərinin
mərkəzi parkında Azərbaycanın görkəmli
şairi Natəvanın postamentində “Şərqin müasir
maarifçi və şair qadını Xurşidbanu Natəvan. Qarabağ
şahzadəsi. Azərbaycan” sözləri
yazılmış abidəsi, bir il sonra isə
Fransanın Evian şəhərində heykəli
ucaldılmışdır.
2016-cı
ildə Fransada keçirilən “Nizami Gəncəvi və Məhsəti
Gəncəvi: 12-ci əsrlə 21-ci əsri birləşdirən
əbədi körpü” layihəsi çərçivəsində
Konyak şəhərində dünya şöhrətli
rübailər ustası Məhsəti Gəncəvinin heykəlinin
qoyulması da Mehriban xanım Əliyevanın təşəbbüsü
sayəsində mümkün olmuşdur.
Onun mədəni
dəyərlərin qorunması və təbliğatı sahəsində
layihələri sırasında Azərbaycan
muğamının inkişafına və
tanıdılmasına xidmət edən Beynəlxalq Muğam Mərkəzinin,
Müasir İncəsənət Muzeyinin, Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin,
açıq səma altında Qala Arxeoloji-Etnoqrafik Muzey
Kompleksinin, Qala qəsəbəsində Etno-Ekoloji Mərkəzin
və Qala Əntiq Əşyalar Muzeyinin, habelə Zirə Mədəniyyət
Mərkəzinin istifadəyə verilməsi xüsusilə
qeyd edilməlidir.
Muğamın təbliği sahəsində həyata
keçirilən möhtəşəm layihələr, mənəvi
sərvətlərin toplanması və qorunması ilə
bağlı işlər, işğaldan azad edilmiş
Şuşada “Xarıbülbül” festivalının
keçirilməsi və onlarca digər tədbirlər mənəvi
dəyərlərimizin canlandırılmasında sözün
həqiqi mənasında yeni tarixi mərhələ
olmuşdur.
Göründüyü kimi, Birinci vitse-prezidentin
çoxşaxəli fəaliyyətində milli dəyərlərin
qorunması xüsusi məna və əhəmiyyət kəsb
edir, dövlət siyasətinin milli yükünün
artırılmasına böyük töhvə verilir. Bu isə hər
şeydən əvvəl, Mehriban xanımın milli köklərə
dərindən bağlılığından və aydın vətəndaş
mövqeyindən qaynaqlanır.
Qarabağa
qayıdış: möhtəşəm qələbədən
başlayan yeni yol
30 illik işğala son qoyulması, Qarabağın azad
edilməsi Azərbaycanın tarixinə Prezident İlham
Əliyevin yürütdüyü siyasətin təntənəsi,
xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil
olmuşdur. Tarixi zəfər eyni zamanda xalqın və dövlətin
həyatında yeni mərhələnin
başlanğıcı sayılır. Qarşıda təkcə
postmüharibə dövrünün reallıqlarına əsaslanan
əzəmətli hədəflər deyil, həm də 30 il əvvəl Azərbaycan torpaqlarının əhəmiyyətli
hissəsinin işğalına səbəb olmuş
halların təkrarlanmasının qarşısının
alınması zərurətindən irəli gələn vəzifələr
dayanır. Cəmiyyətin yeni transformasiya
qarşısında dayandığı nəinki dərk edilməli,
həm də onun ən uğurlu şəkildə həyata
keçirilməsi təmin edilməlidir. Möhtəşəm
zəfərin beynəlxalq miqyasda Azərbaycanın
gücü və qüdrəti, xalqımızın
qırılmaz iradəsi ilə əlaqədar
yaratdığı təəssürat postmüharibə
dövrünün əzəmətli quruculuq işlərində
və bütünlükdə yeniləşmə siyasətinin
nəticələrində daha da möhkəmləndirilməli,
ölkəmizin dünyaya yeni təqdimatının ifadəsinə
çevrilməlidir.
Müharibənin
başa çatmasından sonra Prezident İlham Əliyevin və
Mehriban xanımın işğaldan azad edilmiş ərazilərə
çoxsaylı səfərləri, erməni vandalları tərəfindən
yerləyeksan edilmiş şəhər və kəndlərin
yenidən qurulması ilə əlaqədar elan edilən
planlar, Şuşanın Azərbaycanın mədəniyyət
paytaxtı statusunun rəsmi şəkildə təsbit edilməsi,
ölkəmizin və regionun gələcəyinə
işıq salan prezident bəyanatları dövlətin və
cəmiyyətin yaxın illəri əhatə edən gündəliyi
haqqında təsəvvürləri artıq
formalaşdırmışdır. Görünən
budur ki, qarşıda duran əzəmətli vəzifələrin
uğurla və bütünlüklə həyata keçirilməsi
daha böyük fədakarlıq, daha böyük qətiyyət
və daha böyük zəhmətdən keçir. Bir neçə ildən sonra nəinki
xalqımız, eləcə də bütün dünya yeni
reallıqların, Qarabağın tamam yeni mənzərəsinin
şahidi olacaq.
Əvvəldə qeyd edildiyi kimi, Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsindən 5 il ötür. Arxada böyük əmək və fədakarlıq, qarşıya çıxan problemlərə yeni yanaşmalar, qazanılan çoxsaylı əzəmətli uğurlarla müşayiət olunan zəngin irs var.
Vitse-prezidentlik təsisatının Azərbaycanın dövlət idarəçiliyində yeni forma olması nəzərə alınsa, qazanılan uğurlar, əldə olunan nailiyyətlər, yaradılan idarəçilik təcrübəsinin əzəməti daha aydın görünür. Bu sıraya cəmiyyətdə humanizm və xeyirxahlıq kimi dəyərlərin təbliğ edilməsi, mənəvi sərvətlərin qorunması, mədəniyyətin inkişafına qayğı, səhiyyə və sosial xidmətlər kimi sahələrin yenidən qurulmasına dəstək verilməsi, Azərbaycanın dünyaya təqdimatının ən gözəl nümunələrinin göstərilməsi və sair çoxsaylı böyük ictimai məna kəsb edən layihə və təşəbbüslər aid edilə bilər və aid edilməlidir.
Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsində fəaliyyətinin ən dəqiq qiyməti öz ifadəsini, heç şübhəsiz, insanların ona olan böyük hörmət və etimadında tapır. On minlərlə insan ona inanır, ehtiram göstərir, onun qayğıkeşliyinə etibar edir və pənah aparır. Etiraf edilməlidir ki, Birinci vitse-prezidentin ölkə başçısının əzəmətli tarixi nailiyyətlər və qələbələrlə müşayiət olunan siyasətinin həyata keçirilməsində xüsusi xidməti aydın görünməkdədir.
Qarşıdakı illərdə ölkəmizin yüksəlişi naminə Prezident İlham Əliyevin həyata keçirdiyi tarixi missiyaya Mehriban Əliyevanın daha möhtəşəm və əzəmətli töhfələr verəcəyinə cəmiyyətimizdə dərin inam mövcuddur. Bu inam insanlarımızın gələcəyə baxışlarının ayrılmaz tərkib hissəsi sayıla bilər və düşünürəm ki, sayılmalıdır.
Əli
ƏHMƏDOV,
Yeni Azərbaycan
Partiyasının Sədrinin müavini
Azərbaycan.-2022.- 20 fevral.- S.1;3.