Azərbaycan naminə şərəfli
missiya
Mehriban xanım Əliyeva
böyük dayaq, mərhəmət və xeyirxahlıq
örnəyidir
Azərbaycan tarixində zamanın, hadisələrin məhvərini dəyişməyə qadir, sərkərdə ruhlu, siyasətdə, elmdə, mədəniyyətdə, incəsənətdə və digər bütün sahələrdə ciddi nəticələrə imza atan güclü qadınlar çox olub. Onlar cəmiyyətimizin inkişafında fəal iştirak edib, ona öz töhfələrini veriblər.
Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan qadınlar təkcə ana deyil, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmurudurlar. Humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xəti ilə daxil olan şəxsiyyətlərdən biridir.
Mütərəqqi islahatlar və ən doğru seçim
Bu gün ölkəmizdə Birinci vitse-prezident Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası daha aydın görünür. Təsadüfi deyil ki, Mehriban Əliyevanın siyasi-ictimai fəaliyyəti təkcə ölkəmizdə deyil, həm də dünyada Azərbaycan qadınının obrazının formalaşmasında müstəsna rola malikdir.
Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib.
Prezident İlham Əliyevin 21 fevral 2017-ci il sərəncamına əsasən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunmasından 5 il ötür. Bu kiçik dövrə ekskurs edib nəzər yetirsək, əlbəttə ki, ölkəmiz, xalqımız adına çox böyük işlərin görüldüyünə şahidlik etmiş olarıq.
2016-cı
il ölkəmizin tarixinə dərin
islahatlar ili kimi düşdü. Bu
islahatların müəllifi isə dünyada gedən siyasi
prosesləri düzgün dəyərləndirərək milli
maraqlarımız naminə tam müstəqil siyasət
yürüdən, Azərbaycanı Avratlantika geosiyasi
arealında öz sözü və mövqeyi olan dövlətə
çevirən Prezident İlham Əliyevdir. Məhz ən islahatçı Prezidentin təşəbbüsü
ilə keçirilən ümumxalq referendumunda seçicilərin
etimadı xalqın dövlət başçısına
inamının əyani göstəricisi idi. Xalq İlham Əliyevin elan etdiyi islahatlar
konsepsiyasına birmənalı dəstəyini nümayiş
etdirdi.
Həmin ildə islahatların tərkib hissəsi kimi
ölkəmizdə keçirilən ümumxalq referendumu ilə
Konstitusiyaya dəyişikliklər edildi və Azərbaycanda
yeni vitse-prezidentlik institutu yaradıldı. Eyni zamanda daha
çevik idarəetmə mexanizmlərinin hüquqi bazası
formalaşdırıldı. Yeni siyasi və
iqtisadi islahatlar kursunun tərkib hissəsi olan dəyişikliklərin
əsas mahiyyətini inzibati-hüquqi, ictimai-siyasi və
sosial-iqtisadi sahələrdə keyfiyyət
üstünlüyünü artırmaq, idarəçilik
sistemini müasir çağırışlara cavab verən
yönümdə təkmilləşdirmək təşkil edirdi.
Vitse-prezidentlik vəzifəsinin təsis edilməsinin məqsədi
dövlət strukturlarının fəaliyyətində səmərəliliyin
və çevikliyin yüksəldilməsini, vətəndaşlar
qarşısında öhdəliyin daha keyfiyyətli
icrasına nail olunmasını, məmur məsuliyyətinin
gücləndirilməsini təmin etmək idi. Bu baxımdan
cənab Prezident tərəfindən vitse-prezidentlik institutunun
yaradılması təklifinin ciddi əsasları var idi.
Bu vəzifəyə Mehriban xanım Əliyevanın təyin
edilməsi heç də təsadüfi deyildi. Çünki
Mehriban Əliyeva həm Milli Məclisin deputatı kimi, həm
də Heydər Əliyev Fondunun rəhbəri olaraq ölkə
daxilində və beynəlxalq arenada mühüm layihələr
həyata keçirirdi. Milli Məclisin
deputatı olduğu zamanlar mütəmadi olaraq seçicilərlə
görüşlər keçirir, onların
qayğıları ilə maraqlanır, rəy və təkliflərini
öyrənib, sosial problemlərinin həlli istiqamətində
müvafiq tədbirlər görürdü. Seçicilərin dərin hörmət və rəğbətini
qazanan Mehriban xanım Əliyeva parlamentdə dövlətimiz
və xalqımızın maraqlarından
çıxış edərək bir sıra vacib
qanunların qəbul olunmasında yaxından iştirak edirdi.
Bununla bərabər, Azərbaycanın
ictimai-siyasi, mədəni həyatında fəal rol
oynayır, təhsil, səhiyyə, mədəniyyət, incəsənət
sahəsində həyata keçirdiyi layihələr bu istiqamətlərin
inkişafına əvəzsiz töhfə verirdi. Həmçinin Azərbaycan həqiqətlərinin,
mədəniyyətinin dünyaya tanıdılması istiqamətində
gördüyü işlər beynəlxalq aləmdə
böyük əks-səda doğurur, bu layihələr Azərbaycanın
dünyadakı mövqeyini daha da möhkəmləndirir,
ölkəmizin qədim mədəni-tarixi köklərə
malik olduğunu sübuta yetirirdi.
Yüksək
səviyyəli təşkilatçılıq məharəti,
özünəməxsus idarəçilik xüsusiyyətləri
Vətəninə sonsuz sevgisi, milli-mənəvi dəyərlərə
dərin hörməti, ölkənin ictimai-siyasi həyatındakı
xidmətləri, xalqa olan tükənməz sevgisi onun ölkəmizin
Birinci vitse-prezidenti vəzifəsinə təyin
olunmasını şərtləndirən əsas amillərdəndir. Bacarıqlı
siyasi fəaliyyəti, yüksəksəviyyəli təşkilatçılıq
məharəti, özünəməxsus idarəçilik
xüsusiyyətləri, humanist yanaşma tərzi sayəsində
Mehriban xanım Əliyeva bu vəzifənin öhdəsindən
ləyaqətlə gəlir.
Beş ildir ki, Birinci vitse-prezident vəzifəsində
öz fəaliyyətini dövlətə, xalqa xidmət
prinsipləri əsasında quran Mehriban xanım
Əliyevanın bu dövrdə irəli sürdüyü və
icrasına birbaşa rəhbərlik etdiyi layihələrin hər
biri sosialyönümlüdür.
Prezident İlham Əliyevlə birgə Mehriban
xanımın ölkənin inkişaf strategiyasının hazırlanmasında,
həyata keçirilməsində, həmçinin sosial,
humanitar və iqtisadi layihələrin gerçəkləşməsində
böyük əməyi var. Onun siyasi fəaliyyətinin
kökündə humanizm dayanır. Mehriban xanım ölkənin
sosial problemlərinin həllinə daha çox diqqət
ayırır. O, hər zaman həssas əhali
qruplarına qayğı ilə yanaşır, onların sosial
ehtiyaclarının ödənilməsi üçün
müxtəlif təşəbbüslər irəli
sürür, bayramlarda, dövlətimiz üçün əlamətdar
günlərdə onlara sovqatlar, hədiyyələr göndərilir.
İnsan yalnız həyatdakı əməlləri,
xeyirxahlığı, gördüyü savab işlərlə
əbədiyaşar olur, yaddaşlarda qalır, hafizələrdə
iz buraxır, adı tarixə qızıl hərflərlə
yazılır.
Vətəni, xalqı üçün
çalışan, təmənnasız
xeyirxahlığı, humanistliyi həyat amalına çevirən
şəxslərin ideyaları, xoş əməlləri gələcək
nəsillər üçün nümunəyə
çevrilir.
Mehriban xanım da öz fəaliyyəti ilə Azərbaycan
qadınının müsbət obrazını yaradıb. O, istər ölkə həyatında,
istərsə də beynəlxalq səviyyədə
gördüyü nəcib və humanist işlərlə Azərbaycanı
bütün dünyada uğurla təmsil edir. Bu
xeyirxah əməlləri ilə Azərbaycan qadını
adını ucalara qaldırır. Onun beynəlxalq
səviyyədə əldə etdiyi uğurlar həm də Azərbaycan
qadınının uğurudur. Fəxarətlə
deyə bilərik ki, bu gün Azərbaycan qadını UNESCO
və ICESCO-nun xoşməramlı səfiridir. Bu gün Azərbaycan qadınının təşəbbüsü
ilə müsəlman ölkələrində xeyriyyə
aksiyaları keçirilir, müsəlman uşaqların təhsili
və sağlamlığı ilə bağlı davamlı
layihələr reallaşdırılır, xarici ölkələrdə
məktəblər tikilir. Görülən
bu işlər xeyirxah və tərəqqipərvər missiyanın
bütün dünya insanlarına faydalı olmaq məqsədi
daşıdığını göstərir və dünya
insanının savadlanmasına xidmət edir. Bir sözlə, Mehriban xanımın timsalında Azərbaycan
qadınının xeyirxahlıq, mərhəmət, insanpərvərlik
nümunəsinə şahidlik edirik.
Milyonların
ümidi, pənah yeri
Bu gün bütövlükdə dünyanın,
insanlığın bəlkə ən çox ehtiyac
duyduğu məsələ xeyirxahlıq və mərhəmətdir. Mehriban
xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə
Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl
yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib
bir yolun əsas konturlarını göstərməkdədir.
Bütün imkan və bacarığını
insanların yüksək rifahı naminə humanitar
proqramların reallaşmasına, Azərbaycanın dünyada
sivil ölkə kimi tanınmasına yönəldən
Mehriban Əliyeva həm də daim köməyə ehtiyacı
olan insanların yanındadır.
İnsanlara bağlılığı onun daxilindən,
mənəvi dünyasından, xoş münasibətindən
irəli gəlir. Hər zaman elm, təhsil, səhiyyə
sahələrində misilsiz xidmətlərinə, həmçinin
xeyriyyəçilik xüsusiyyətlərinə görə
Mehriban xanım Əliyeva xalqımızın qəlbində,
yaddaşlarda, qayğıkeş, xoşməramlı məğrur
Azərbaycan qadınının obrazını yaradıb.
Çünki onun xidmətlərinin sevinci
yüzlərlə insanın ömür səhifəsinə
yazılıb, neçə-neçə ailəyə səadət
bəxş edib, kimsəsizlərə həyat eşqi verib,
onların qəlbində işıqlı sabaha inamı
artırıb.
Mehriban xanım Əliyeva bu gün həm də valideyn
himayəsindən məhrum olan uşaqların mənəvi
anası, böyük dayağıdır. Harada
yardıma möhtac biri varsa, o, Mehriban xanımın pənahındadır.
Birinci xanım xeyirxah qəlbinin səsi ilə
bütün qüvvəsini, zamanını təmənnasız
olaraq insanların rifahı, xoşbəxt yaşamı
uğrunda sərf edir. Təsadüfi deyil
ki, bu gün Azərbaycan Prezidentindən sonra insanların ən
çox müraciət etdiyi şəxs məhz Mehriban
Əliyevadır. Bu, bir daha insanların
Birinci vitse-prezidentə olan tükənməz sevgisinin,
etibarının, inamının göstəricisidir.
Əlbəttə ki, bu xeyirxahlıqdan, nəcib əməllərdən,
sosial layihələrdən danışarkən Mehriban
Əliyevanın 2004-cü ildən bəri rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd
etməmək mümkün deyil. Artıq 18 ildir ki, əsasında mərhəmət,
şəfqət, xeyirxahlıq kimi ali dəyərlər
dayanan Heydər Əliyev Fondu öz prinsiplərinə sadiq
qalaraq, təhsil, səhiyyə, mədəniyyət, idman, elm
və texnologiya, ekologiya, sosial və digər sahələrdə
müxtəlif layihələr həyata keçirir.
Ümumiyyətlə,
Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət
qurucusu kimi daxil olmuş Ulu Öndər Heydər Əliyevin
xatirəsinə xalqımızın ehtiramını ifadə
etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək,
azərbaycançılıq fəlsəfəsinin ölkəmiz
üçün əhəmiyyətini vurğulamaq, milli
dövlətçilik ideyalarını yeni nəsillərə
aşılamaq zərurətindən irəli gələrək
yaradılıb. Xalqın milli-mənəvi dəyərlərini,
tarixi kimliyini, milli özünəməxsusluğunu qoruyub
saxlayan, həmçinin gələcək nəsillərə
də ötürməyi bacaran Ulu Öndər Heydər
Əliyev daim elmin, təhsilin, milli-mənəvi dəyərlərin
böyük hamisi və qoruyucusu olmuşdur. Heydər
Əliyev Fondu məqsədyönlü fəaliyyəti ilə
hər zaman bu amala sadiqliyini nümayiş etdirir.
Əldə olunan çoxşaxəli
uğurlarımızda fondun prezidenti Mehriban xanım
Əliyevanın rolu danılmazdır. Ümummilli Liderin mərhəmət,
nəciblik və yüksək humanizmə əsaslanan saf
ideallarının ictimai şüurda möhkəmlənməsinə
çalışan, xalqımızın gələcəyi
naminə bir sıra əhəmiyyətli layihələri
inamla həyata keçirən Heydər Əliyev Fondu
milyonların ümid, pənah yerinə çevrilmiş,
qarşıya qoyduğu vəzifələri lazımınca
yerinə yetirmək iqtidarında olduğunu sübut
etmişdir. Məhz fondun misilsiz xidmətləri
nəticəsində Azərbaycan həqiqətləri bu
gün dünya ölkələrində yayımlanır,
ölkəmizin siyasi, ictimai, mədəni mənzərəsi
yüksək səviyyədə təbliğ edilir.
Heydər Əliyev Fondu Azərbaycanın digər ölkələrlə
dialoqunun genişləndirilməsinə də töhfəsini
verir. Bu münasibət fondun beynəlxalq əməkdaşlığına
gözəl imkanlar yaradır. Mədəni
irsin qorunması üçün Heydər Əliyev Fondu bir
sıra memarlıq abidələrini, o cümlədən
Dünya Mədəni İrs Siyahısına daxil edilmiş
Versal sarayını bərpa edib. Mehriban xanım
Əliyeva müsahibələrinin birində belə deyir:
“Fondumuz Parisdə on dördüncü əsrə aid Notr-Dam,
Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində
dağılmış Berlin şəhər sarayının, həmçinin
Vatikan arxivlərində saxlanılan Azərbaycan Orta əsrlər
əlyazmalarının bərpa olunmasına kömək
etmişdir. Mədəni və humanitar əlaqələrin
qurulması ölkəmiz üçün böyük əhəmiyyətə
malikdir. Mədəni əməkdaşlıq
bir-birimizi necə tanıdığımızı üzə
çıxarır, bir-birimizin tarixini, mədəniyyətini,
ənənələrini necə bildiyimizi göstərir”.
Azərbaycanın birinci xanımının
genişmiqyaslı proqram və layihələri
sırasında təhsil sistemini təkmilləşdirmək və
onun dünya təhsil sisteminə inteqrasiyasını təmin
etmək məqsədi də dayanır. Fondun “Yeniləşən
Azərbaycana yeni məktəb” proqramı təhsil sahəsində
saysız nailiyyətlərə səbəb olub. Bu layihə çərçivəsində yüzlərlə
məktəb, onlarca uşaq bağçası və
ixtisaslaşdırılmış uşaq məktəbləri
tikilib, təmir olunub, yüksək standartlarla təchiz edilib.
Belə müasir məktəblər yeni
üfüqlər açır, şagirdlər
üçün yeni imkanlar yaradır. Onun
“Təhsilə dəstək” layihəsi tək Azərbaycanda
deyil, bir sıra xarici ölkələrdə də həyata
keçirilir, hətta xarici dövlətlərdə belə
elmə və təhsilə diqqət göstərir. Belə ki, fondun təşəbbüsü ilə Yəhudi
Təhsil Mərkəzi, Fransız Məktəbi
yaradılıb. Pakistanın Müzəffərabad
şəhərində qızlar üçün yeni məktəb
tikdirib. Hollandiyada, Gürcüstanda, Misirdə,
Rusiyada və Rumıniyada məktəblər tikilib və ya təmir
edilib.
Göründüyü kimi, Azərbaycanın birinci
xanımının həyata keçirdiyi layihələr
ölkə hüdudları ilə məhdudlaşmayıb,
ümumbəşəri mahiyyəti ilə diqqəti cəlb
edir. Birinci
vitse-prezidentin xüsusən də Şərqlə Qərb
arasında mədəni dialoqa nail olmaq, fərqli
sivilizasiyaları bəşəri ideallar naminə bir araya gətirmək,
dini tolerantlığı, multikulturalizmi gücləndirmək,
gender bərabərliyini təmin etmək istiqamətindəki
fədakar fəaliyyəti beynəlxalq miqyasda təqdir edilir.
Bu gün Azərbaycan dünyada həm də idman ölkəsi
kimi tanınır. Gənclərin sağlam şəraitdə
böyüməsi, pis vərdişlərdən uzaq olması,
ümumiyyətlə, ölkədə bədən tərbiyəsinin
hərtərəfli inkişafı prioritet təşkil edir.
Əminliklə deyə bilərik ki, dövlətimizin
bütün dünyada tanıdılmasında, təbliğində
Prezident İlham Əliyevin uğurla tətbiq etdiyi idman siyasətinin
xüsusi yeri olub. Milli Olimpiya Komitəsinin
və onun İcraiyyə Komitəsinin üzvü, həmçinin
Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban
xanım Əliyeva da bu sahədə böyük işlər
görüb, idman hərəkatının
davamlılığına əvəzsiz töhfələr
verib. Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi
Oyunlarının, gimnastika üzrə dünya kuboku
yarışlarının ölkəmizdə yüksək səviyyədə
keçirilməsi məhz onun adı və yüksək təşkilatçılıq
keyfiyyətləri ilə bağlıdır. Təbii
ki, bu cür beynəlxalq yarışlar ölkəmizə məxsus
mədəniyyətin təbliğinə, idman ölkəsi
kimi beynəlxalq miqyasda tanınmasına, beləliklə,
ölkəmizə böyük turist axınına səbəb
olub. Hamıya məlumdur ki, Azərbaycan
COVID-19 virusu ilə mübarizədə nümunəvi ölkə
olaraq bütün dünya dövlətləri tərəfindən
təqdir olundu. Bu barədə hətta
beynəlxalq təşkilatların iclaslarında da söz
açıldı. Bu sahədə dövlət
siyasəti ilə yanaşı, Heydər Əliyev Fondunun və
onun rəhbəri Mehriban xanımın xidmətləri
danılmazdır. Qlobal pandemiya
dövründə fond minlərlə ailəyə yardım
etdi, kimsəsizə əl tutdu.
Şəhid
ailələri, müharibə əlilləri, məcburi
köçkünlərin böyük dayağı
Birinci
vitse-prezidentin fəaliyyətində ən mühüm məqamlardan,
istiqamətlərdən birini, bəlkə də
birincisini şəhid ailələri, Qarabağ müharibəsi
əlilləri, qaçqın və məcburi
köçkünlərlə bağlı məsələlər
təşkil edib.
Hər il, demək olar, bir neçə dəfə
şəhid ailələri, Qarabağ müharibəsi
iştirakçıları, qəhrəmanlarımızın,
igidlərimizin ailələri ilə görüşür,
onların problemlərini dinləyir və yerindəcə həllinə
nail olmağa çalışır.
Bu gün torpaqları azadlıqda olan keçmiş
qaçqın və məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması istiqamətində
Azərbaycan dövləti tərəfindən görülən
bütün işlərdə Mehriban xanım Əliyevanın
əməyi və diqqəti həmişə minnətdarlıqla
qarşılanıb.
Hər il doğum gününü məcburi
köçkünlərlə keçirən və həmin tədbirdə
“Qarabağ şikəstəsini Qarabağda dinləmək”
arzusunu ifadə edən Mehriban xanımın və
xalqımızın arzusu çin oldu. 2020-ci ildə Müzəffər
Ali Baş Komandan İlham Əliyevin əsl sərkərdəliyi
ilə Azərbaycan Ordusu Qarabağı düşmən
tapdağından azad etdi və mədəniyyətimizin
paytaxtı Şuşa şəhərində
ifa edilən Qarabağ şikəstəsi bütün Azərbaycana
yayıldı.
Vətən müharibəsi zamanı Mehriban xanım
Əliyeva güclü qadın kimi şəhid ailələrini
ailəsi bildi.
Qarabağ müharibəsində əlil olan oğullara
qardaş dedi, hələ də övladlarının
yoxluğuna inanmayan, gözü yolda qalan anaları
bağrına basdı, onlara ana dedi, qarşılarında
baş əydi. Onun böyüklüyü, əxlaqı,
görüb-götürdükləri, ailə dəyərləri
böyük ehtiram və məhəbbətlə
qarşılanır.
Bu gün işğaldan azad olunan torpaqlarımızda erməni
vandalları tərəfindən darmadağın edilmiş mədəni-dini
abidələrimizin bərpası prosesi davam etdirilir. Ənənəvi
fəaliyyətlə yanaşı, bu gün Heydər
Əliyev Fondu azad edilmiş torpaqlarda geniş fəaliyyətə
başlayıb. Fondun təşəbbüsü
ilə bu torpaqlarda hazırda dini abidələrimizin əsaslı
təmiri, bərpa edilməsi və inşası prosesinə
start verilib. Şuşa şəhərində Yuxarı
Gövhər ağa, Aşağı Gövhər ağa,
Saatlı məscidləri, Ağdam şəhər məscidi
və Zəngilan şəhər
məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı
bərpa edilir. Eyni zamanda Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin
tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü
ilə həyata keçirilir.
Şuşada fond tərəfindən bəzi obyektlərdə
aparılan bərpa işləri cəmi bir neçə aya
başa çatdırılıb. 2021-ci il avqustun
29-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban
Əliyevanın iştirakı ilə Vaqifin muzey-məqbərə
kompleksinin yenidənqurma işlərindən sonra
açılışı olub.
Heydər Əliyev Fondunun dəstəyi ilə
Şuşada həyata keçirilən layihələrdən
biri də görkəmli Azərbaycan bəstəkarı
Üzeyir bəy Hacıbəylinin heykəlinin
açılışıdır. Üzeyir bəy
Hacıbəylinin Şuşadakı heykəli 1985-ci ildə
100 illik yubileyi münasibətilə
ucaldılmışdı. Heykəltaraş
Əhməd Salikov tərəfindən hazırlanan abidə
1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni
vandalizminə məruz qalaraq tamamilə məhv edilib.
Fondun dəstəyi ilə Üzeyir bəy Hacıbəylinin
bürüncdən hazırlanan heykəli Şuşa
şəhərində öz əvvəlki yerində
ucaldılıb və ötən il avqustun 29-da
açılışı olub.
Heykəlin modeli qalmadığından yeni
abidə o dövrün mətbuatında dərc olunan və
arxivdə saxlanılan fotolar əsasında yaradılıb.
Üzeyir
bəy Hacıbəylinin Şuşadakı ev-muzeyi də Heydər
Əliyev Fondu tərəfindən bərpa olunur. Şuşa şəhərindəki
Xalçaçılıq Qalereyası, mühüm tarixi
memarlıq abidəsi olan Mehmandarovların malikanə kompleksindəki
təmir və bərpa işləri də Heydər Əliyev
Fondu tərəfindən həyata keçrilib.
2021-ci il ərzində Şuşada Heydər
Əliyev Fondunun təşkilatçılığı və
dəstəyi ilə bir sıra mədəniyyət tədbirləri
də reallaşıb. “Xarıbülbül”
festivalı, Vaqif Poeziya Günləri respublikamızın həyatında
böyük mədəniyyət hadisəsinə çevrilməklə
yanaşı, xalqımızın Vətən müharibəsindəki
Zəfərini, Şuşanın qədim Azərbaycan şəhəri
olduğunu dünyaya bəyan etdilər. Həmçinin
Vaqif Poeziya Günləri çərçivəsində Heydər
Əliyev Fondu tərəfindən Şuşada “Qarabağ Azərbaycan
mədəniyyətinin incisidir”, “Yenidən doğma diyarda.
Qarabağın sənət inciləri” və
“Yaddaş. Fotoqrafik tarix” sərgiləri də təşkil
olunub. Bunlarla yanaşı,
“Xarıbülbül” musiqi festivalı çərçivəsində
Heydər Əliyev Fondu tərəfindən Ağdamda
“Xarıbülbül” beynəlxalq incəsənət
festivalı da keçirilib. İlk dəfə
keçirilən festivalda 13 ölkəni təmsil edən 32 rəssam
Vətən müharibəsində qazanılan tarixi Zəfərə
həsr olunan nadir əsərlər ərsəyə gətiriblər.
Layihənin əsas məqsədi müxtəlif
ölkələri təmsil edən sənətkarlar vasitəsilə
işğal altında olan ərazilərdəki
dağıntının miqyasını, tarixi abidələrimizə,
milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə,
təbiətimizə qarşı qəsbkarlığı beynəlxalq
auditoriyaya çatdırmaq olub.
Fevralın
13-də Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın
Ağdama səfəri çərçivəsində bu məsələyə
toxunan dövlət başçısı dedi ki, bütün
bu işləri Heydər Əliyev Fondu öz imkanları
hesabına görür. Bu, Heydər Əliyev
Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin
qorunmasına növbəti töhfəsidir.
Ən
sadiq silahdaş
Xeyirxahlığına, yüksək
bacarığına, diqqət və qayğısına
görə hamının hörmətini, məhəbbətini
qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin
ictimai-siyasi və mədəni həyatındakı rolu
mühüm, xidmətləri danılmazdır. Onun fəaliyyət
dairəsi çoxşaxəli olub, həyatımızın
bütün sahələrinə dərindən nüfuz edib.
Bütün
bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas
cəhət isə, əlbəttə ki, Mehriban
Əliyevanın müstəqil Azərbaycan dövlətinin
yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin
ideyalarının reallaşmasında cənab Prezident
İlham Əliyevin ən yaxın silahdaşı
olmasıdır. Bu gün Azərbaycan qadını Mehriban
Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr
edir, ondan nümunə götürür.
Mehriban xanım Əliyevanın danılmaz xidməti,
gördüyü işlər çoxşaxəli və
misilsizdir.
Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham
Əliyevin həyata keçirdiyi kursun dəstəklənməsinə
və uğur qazanmasına layiqli töhfələr verən
Mehriban xanım Əliyevanın bu çərçivədə
gördüyü işləri təhlil etsək, əmin
olarıq ki, onun çoxşaxəli və geniş əhatəli
fəaliyyəti Azərbaycanın bugünkü
inkişafında çox böyük çəkiyə
malikdir.
Bu gün Mehriban Əliyeva özünə xas olan
yüksək işgüzar və mənəvi keyfiyyətləri,
dərin təşkilatçılıq və idarəçilik
qabiliyyəti ilə ona həvalə edilən vəzifəni
layiqincə daşıyır, ölkədə həyata
keçirilən siyasi kursun uğur qazanmasına mühüm
töhfələr verir.
Təkcə Birinci vitse-prezidentin ötənilki fəaliyyətinə
nəzər yetirsək, görərik ki, Mehriban xanım
Əliyeva ölkəmizin yüksəlişinə və beynəlxalq
nüfuzunun daha da artmasına necə böyük töhfələr
verib.
Ötən
il fevralın 11-də Birinci vitse-prezident ICESCO tərəfindən
elan olunan “Qadınlar ili” çərçivəsində
keçirilən “Qadınlar və qızlar elmdə”
videokonfrans formatında tədbirdə çıxış
edib. ICESCO-nu 2021-ci ilin “Qadınlar ili” elan etməsi ilə
bağlı təşəbbüsünə görə təbrik
edən Mehriban Əliyeva bildirib ki, bu, yalnız təşkilat
tərəfindən qadınların cəmiyyətimizdəki
roluna verilən əhəmiyyətin təzahürü deyil, həmçinin
onların daha firavan və təhlükəsiz dünya naminə
misilsiz töhfəsinin təsdiqidir.
Avqustun
26-da Birinci vitse-prezident Mehriban Əliyeva Xəzər rayonunun Mərdəkan
qəsəbəsində Süleyman Rüstəm adına
xarici dillər təmayüllü gimnaziyanın, Şüvəlan
qəsəbəsində 12 saylı xüsusi internat məktəbinin
yeni inşa edilən yataqxana korpusunun, Buzovna qəsəbəsində
yenidən qurulan 229 saylı uşaq bağçasının
açılışlarında iştirak edib.
Sentyabrın
24-də Birinci vitse-prezident Bakının Xəzər rayonunun
Binə qəsəbəsində yeni inşa edilən 88
saylı tam orta məktəbdə yaradılan şəraitlə
tanış olub. Bütün
bunlar bir daha göstərir ki, Heydər Əliyev Fondunun fəaliyyətində
prioritet sahələr sırasında elm və təhsilin
inkişafı üzrə proqram və layihələr
xüsusi yer tutur. Fondun 2014-cü ildən
reallaşdırdığı “Məktəbəqədər
təhsil müəssisələrinin inkişafı”
proqramı bu sahədə mövcud problemlərin həllinə
yönəlib. Heydər Əliyev Fondu qeyd
olunan proqramı həyata keçirməklə bu istiqamətdə
əhəmiyyətli töhfəsini verir. Proqram
çərçivəsində təmirə ehtiyacı olan
bağçaların yenidən qurulması və yeni
bağçaların inşası həyata keçirilməkdədir.
Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Lakin indiyədək mərkəzin özünün daimi yerləşdiyi binası olmayıb. Ötən ilin sonunda Bakının Nizami rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni inşa edilən Autizm Mərkəzinin istifadəyə verilməsi autizm spektr pozuntulu uşaqlar üçün əsl hədiyyə oldu. Mərkəzin ötən ilin son günündə keçirilən açılışında Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Göründüyü kimi, Birinci vitse-prezident Mehriban Əliyevanın ötən il həyata keçirdiyi fəaliyyəti həm çoxşaxəli, həm də məhsuldar olub. Bu fəaliyyətin təhlili göstərir ki, görülən bütün işlər, atılan addımlar yalnız bir məqsədə - Prezident İlham Əliyevin inkişaf strategiyasının uğurla reallaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edir.
Əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın ötən 5 ildə göstərdiyi fəaliyyət, gördüyü işlər çoxşaxəli və misilsizdir. Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban Əliyevanın bu çərçivədə gördüyü işləri təhlil etsək, əmin olarıq ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafı içərisində çox böyük çəkiyə malikdir.
Ötən beş ilin yekunları göstərir ki, Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti kimi bundan sonra da fəaliyyəti ilə Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasına layiqli töhfələr verəcək.
Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri
Azərbaycan.-2022.-
20 fevral.- S.1;4.