Xalqa və dövlətə layiqli xidmət nümunəsi

 

 

Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsinin beşinci ili tamam olur.

Respublikamızın Birinci vitse-prezidenti kimi şərəfli missiyanı həyata keçirmək Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinin parlaq dövrünü əhatə edir. Çoxşaxəli fəaliyyət istiqamətləri və işgüzarlığı Mehriban Əliyevanın fəaliyyətinə nəzər salmaq üçün olduqca böyük əsaslar verir.

 

 

 

Liderlik fenomeni

 

 

 

Azərbaycanın görkəmli yazıçısı Mircəlal Paşayevin ailə şəcərəsindən olan Mehriban Əliyeva peşəcə həkim,  ətrafında baş vermiş hadisələrə laqeyd qalmayan ziyalı, ictimai-siyasi hadisələrə adekvat münasibəti olan dövlət adamıdır.

Rusiyanın “LIVEJOURNAL” nəşri Mehriban Əliyevanı Cənubi Qafqazın ən nüfuzlu xanımı kimi səciyyələndirib: “Mehriban Əliyeva elə bir siyasətçidir ki, dünyanın hər yerində onun haqqında danışırlar və danışmaq istəyirlər. Heç şübhəsiz, Mehriban Əliyeva hazırda karyerasının zirvəsindədir. Lakin onun xarakterini, özünə inamını və son dərəcədə dözümlü olmasını nəzərə alaraq cəsarətlə deyə bilərik ki, kamilliyin son həddi yoxdur. Mehriban xanımın Azərbaycanda, Rusiyada və dünyanın digər ölkələrində inanılmaz dərəcədə populyarlığı əsl fenomendir”.

Birinci xanımın bəşər mədəniyyətinə verdiyi töhfələr beynəlxalq səviyyədə ən yüksək dairələrdə etiraf edilir. Latviyanın sabiq prezidenti Valdis Zatlers Mehriban Əliyevanın fəaliyyətini və liderlik xüsusiyyətlərini belə qiymətləndirir: “Bakı müxtəlif humanitar, mədəniyyətlərarası və dinlərarası sammitlərin keçirildiyi məkana çevrilib. Birinci vitse-prezident Mehriban Əliyeva bu proseslərdə fəal və vacib rol oynayır. Mən Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumu yaxşı xatırlayıram. Bu forum 2008-ci ilin iyununda keçirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verir, eləcə də təkcə Azərbaycanda deyil, həm də bütün dünyada qadınları ruhlandırmaqla qadın liderliyinin parlaq nümunəsi kimi çıxış edir. Qlobal layihələrə, eləcə də təhsil, elm və mədəniyyətin inkişafına töhfələrinə görə Birinci vitse-prezident Mehriban Əliyeva Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı ilə təltif edilib”. V.Zatlers əlavə edir ki, Mehriban Əliyeva nümunəsi qadınları ictimai həyatda fəal iştiraka təşviq edir və bu, mükəmməl nümunədir: “Azərbaycan dövləti qadın hüquqları sahəsindəki tarixi ilə qürur duya bilər. Birinci vitse-prezident Mehriban Əliyeva öz nümunəsi ilə Azərbaycanın ictimai və siyasi həyatında qadınların artan rolunu nümayiş etdirən görkəmli şəxsiyyətdir”.

 

 

 

Mehriban ƏLİYEVA: “Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam”

 

 

 

Mehriban xanım Əliyevanın çoxsahəli fəaliyyəti əsası Heydər Əliyev tərəfindən qoyulan və hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlətçilik ənənələrinin, xalqa sədaqətlə xidmət etmək missiyasının böyüklüyündən xəbər verir. 2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi isə onun zəngin fəaliyyətinin və təşkilatçılıq bacarığının məntiqi nəticəsi kimi dəyərləndirilir.

Ümummilli Lider Heydər Əliyevin ölməz ideyalarına bütün varlığı ilə bağlı olan, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli daxili və xarici siyasətə layiqli töhfələrini verən Mehriban Əliyevanın Ulu Öndərin memarı və qurucusu olduğu Azərbaycan dövlətinin ali idarəetmə sistemində yüksək vəzifəni daşımasına çoxdan siyasi və mənəvi haqqı çatırdı. Xalqımızın milli mədəniyyətinin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında Mehriban Əliyevanın müstəsna xidmətləri onu cəmiyyətə mötəbər ictimai-siyasi xadim kimi tanıtmışdı.

Eyni zamanda Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasının səbəbi böyük idarəçilik təcrübəsi və xalqının sevgisini qazanması ilə yanaşı, həm də ölkə Prezidenti İlham Əliyevin ən yaxın silahdaşı, yardımçısı, mənəvi dəstəkçisi olması ilə bağlıdır. Mehriban Əliyeva 2017-ci il fevralın 21-də Birinci vitse-prezident kimi ilk çıxışında demişdi: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.

Bu gün biz Mehriban Əliyevanın söylədiyi fikirlərinin real həyatda uğurla həyata keçirdiyinin şahidiyik. Azərbaycanın inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya, yeni öhdəliklər götürən Mehriban Əliyeva ötən müddət ərzində bu yüksək və məsul vəzifədə gördüyü işlərlə dövlət başçısı İlham Əliyevin və xalqımızın etimadını layiqincə doğrultmaqdadır. Bütün bunlar xalqa sədaqətlə xidmət etməyin bariz nümunəsidir.

Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli xüsusi yer tutur. O, Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkün ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etmişdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlər başlandı. Qısa müddətdə yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı.

 

 

 

Milli və dini dəyərlərə ehtiram nümunəsi

 

 

 

Azərbaycanın Vətən müharibəsindəki Zəfərindən sonra azad olunmuş torpaqlarımızın yenidən qurulması və Qarabağın ədəbi-mədəni ənənələrinin bərpası istiqamətində Mehriban Əliyevanın təşəbbüsləri onun vətən sevgisinin növbəti təcəssümü oldu.

 

Məhz Mehriban Əliyevanın təşəbbüsü ilə “Xarıbülbül” festivalının Şuşada təşkil edilməsi Azərbaycan multikultural dəyərləri ilə örnək bir ölkə olduğunu bütün dünyaya göstərdi. Bundan iki ay öncə isə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərində olarkən Molla Pənah Vaqifin dağıdılmış muzey-məqbərə kompleksində oldular. Artıq Heydər Əliyev Fondu bu kompleksə ikinci həyat verib. Heydər Əliyev Fondunun dəstəyi ilə dahi Azərbaycan şairi Molla Pənah Vaqifin yenidən qurulan büstünün açılışı olub. Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində Vaqif Poeziya Günləri yenidən təşkil olunub. Poeziya günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda: Qarabağın sənət inciləri” sərgiləri də reallaşdırılıb.

 

Bu yerdə Birinci vitse-prezidentin Vətən müharibəsinin ilk günlərində xalqa müraciətində ifadə etdiyi və hər birimizin ürəyini riqqətə gətirən sözlərini yada salmaq istəyirəm: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” Bu müqəddəs dua və arzu 44 gün ərzində öz təsdiqini tapdı. Doğma Qarabağımız Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi, Müzəffər Ordumuzun qəhrəmanlığı, xalqımızın birliyi və həmrəyliyi sayəsində azadlığına qovuşdu. Bu gün isə azad torpaqlarımızda geniş quruculuq işləri aparılır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu işlərdə yaxından iştirak edir.

 

Heydər Əliyev Fondunun səyləri ilə 30 ildən artıq düşmən əsarətində qalan Qarabağın məşhur Topxana meşəsi də tezliklə öz əvvəlki görkəminə qayıdır. Heydər Əliyev Fondunun layihəsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən Topxana meşəsində ağacəkmə aksiyası keçirilib. Xalqımızı möhtəşəm Qələbəyə aparan 44 günün şərəfinə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkiblər. Bu aksiya ilə Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində görülən tədbirlərə start verib.

 

Şuşa şəhəri işğal altında olduğu müddətdə ermənilər tərəfindən dağıdılmış Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidləri ilkin layihəyə uyğun olaraq bərpa olunur. Hər üç məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır.

 

Mehriban Əliyeva işğaldan azad olunan torpaqlarımızdakı müxtəlif dinlərə məxsus abidələrə də eyni münasibətin sərgilənəcəyini bildirib: “Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik”.

 

Vətən savaşından sonra ən mühüm hadisələrdən biri də Ali Baş Komandanın işğaldan azad olunmuş bölgələrə səfərləri oldu. Mehriban Əliyevanın Ali Baş Komandan İlham Əliyevlə birlikdə işğaldan azad olunmuş torpaqlara səfərlər etməsi Azərbaycanın qələbəsini dünyaya bəyan edən tarixi məqamlardır. Bu səfərlərlə Birinci vitse-prezident Azərbaycan qadınlarının qəhrəmanlıq və vətənpərvərlik, millətsevərlik, ana yurda, torpağa bağlılığını öz şəxsində dünyaya nümayiş etdirdi. Düşməndən azad olunmuş ərazilərimizdən çəkilmiş ilk görüntülərin xalqımıza çatdırılması və dağıdılmış məscidlərin ziyarət olunması Mehriban xanımın milli dəyərlərimizə yüksək həssas münasibətinin nümunəsi idi.

 

Vətən müharibəsindəki Zəfərdən sonra Ağdam məscidinin ziyarət olunması, Prezident İlham Əliyevin Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlaması xalqımıza xas yüksək amalların təntənəsi idi. Milyonlarla insanın ürəyində riqqətə və hörmətə səbəb olmuş bu səfəri ilə Mehriban Əliyeva xalqımızın ən ülvi arzularını Tanrı qarşısında dua etdi.

 

Ağdamla yanaşı, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan səfərlərindən sonra Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərləri olduqca əhəmiyyətli idi. Dövlət başçısının 2021-ci ilin yanvarında Şuşaya etdiyi  səfər isə Qarabağın əsl sahibinin kim olduğuna dair bütün dünyaya ünvanlanmış növbəti mesaj kimi qiymətləndirilməlidir. Mehriban Əliyeva deyir: “Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir”.

 

Bütün bunlar onu deməyə əsas verir ki, Mehriban Əliyevanın xalqımızın xoşbəxt, firavan yaşamasına, ölkəmizin davamlı inkişafına, dövlətçiliyimizin, milli dəyərlərimizin qorunması və möhkəmləndirilməsinə həsr olunmuş ömür kitabı gələcəyimizə işıq saçır, yolumuzu nurlu sabahlara aparır. Bütün bu fəaliyyətlərin, xoşməramlı, nəcib keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə, əlbəttə ki, Birinci vitse-prezidentin müstəqil Azərbaycan dövlətinin yaradıcısı Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır.

 

 

 

Uşaqlara qayğı və şəfqət

 

 

 

Əvvəldə qeyd etdiyim kimi, Mehriban Əliyevanın fəaliyyətində sosial məsələlər prioritetdir və bunların sırasında uşaqlara qayğı xüsusi yer tutur. Məsələn, Mehriban Əliyevanın təşəbbüsü ilə hazırlanan və Heydər Əliyev Fondunun reallaşdırdığı “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində ölkə ərazisində 40-dan çox uşaq müəssisəsi əsaslı şəkildə yenidən qurulub, müasir avadanlıqla təchiz olunub, əlavə yardımçı binalar inşa edilib və kommunal şərait yaxşılaşdırılıb. Həmçinin bu proqram çərçivəsində uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün yaşayış binaları inşa olunub.

 

“Mənim arzum odur ki, Azərbaycanda hər bir uşaq xoşbəxt olsun. Ona görə də biz uşaqlarımızı, balalarımızı məhəbbətlə, hörmətlə, mərhəmətlə, diqqətlə böyütməliyik” - deyən Mehriban Əliyeva ölkənin gələcəyi olan hər bir uşağa öz övladı kimi yanaşır. Azərbaycanın Birinci vitse-prezidentinin təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində uşaq evlərinin, internat məktəblərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənliklərin təşkili unudulmaz və xoş ənənəyə çevrilib. Hər dəfə balacalar onların ən böyük himayədarı Mehriban Əliyevanın ətrafına toplaşırlar. Azərbaycanın Birinci vitse-prezidenti uşaqları bağrına basır, onların sevinc və fərəhini bölüşür, səmimi söhbətlər edir.

 

Heydər Əliyev Fondunun əksər layihələri, istər təhsil sahəsində, istər səhiyyə sahəsində məhz uşaqlara yönəlib. Mehriban Əliyeva bu layihələrə xüsusi can yandırır, ürəklə yanaşır. Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov qeyd edir ki, Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində uşaqlara qayğı daim əsas yer tutub, onun başlıca qayəsini və məzmununu təşkil edib. Mehriban Əliyevanın uşaqlara sevgisi hüdudsuzdur. Uşaq evlərində yaşayan bütün uşaqlar bu sevgini və qayğını hiss edirlər.

 

 Heydər Əliyev Fondu yarandığı gündən nəcib, xeyirxah və humanist insani dəyərlərə əsaslanaraq uşaqlara xüsusi diqqət və qayğını başlıca fəaliyyət istiqamətlərindən biri kimi seçib. Fondun bu istiqamətdə dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan dəyərli layihələri digər qurumlar üçün nümunə sayıla bilər. Fondun bu sahədə fəaliyyətinin əsas motivini insanlara sevgi və təmənnasız olaraq xeyirxah əməllər təşkil edir. Azərbaycanın Birinci vitse-prezidenti çıxışlarında bu fikri dəfələrlə vurğulayıb: “Uşaqlar Azərbaycanın sabahıdır, gəlin, onların problemlərinə biganə qalmayaq”.

 

Beləliklə, cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla gerçəkləşdirən Heydər Əliyev Fondu 18 illik çoxşaxəli fəaliyyətində uşaqlara qayğı və diqqətə xüsusi önəm verir.

 

 

 

Humanizm prinsiplərinə sadiqlik

 

 

 

Xeyirxahlığı və nəcibliyi ilə xalqımızın böyük ehtiram və məhəbbətini qazanmış Mehriban Əliyeva cəmiyyətimizdə humanizm ideallarının yorulmaz müdafiəçisi və təşəbbüskarı kimi şöhrət qazanıb. 2007-ci ildə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, 2009-cu ildə Novruz bayramı münasibətilə, 2013-cü ildə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi və 2016-cı ildə 28 May - Respublika Günü münasibətilə həyata keçirilmiş amnistiyalar Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılıb. Bu amnistiya aktlarının hazırlanması və parlamentdə qəbul edilməsi cəmiyyətimizin dərin rəğbəti ilə qarşılanıb.

 

Bu dörd amnistiya aktı 40 min 412 nəfərə şamil olunub. Fondun bu amnistiya təşəbbüsləri ölkəmizdə cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətkarlığın profilaktikası baxımından, o cümlədən məhkumların sayının azaldılmasına gətirib çıxaran vacib bir amilə çevrilib. Bu təşəbbüs ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasına da öz töhfəsini verib. Mehriban Əliyeva tərəfindən irəli sürülən bu təşəbbüslər Azərbaycan vətəndaşının hüquqlarının qorunması istiqamətində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi və humanizm prinsiplərinin qorunub saxlanması kimi xarakterizə edilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə elan olunan amnistiyalar minlərlə insanı azadlığa qovuşdurub, onların qayıtmasını həsrət və intizarla gözləyən ana-bacıların, övladların, ahıl valideynlərin hədsiz sevincinə səbəb olub, neçə-neçə ailələrə səadət, sevinc bəxş edib. Mehriban Əliyeva bildirir: “Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, demək olar, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Bu gün biz yenidən cəmiyyətdə öz yerlərini tutmaları, layiqli həyat yaşamaları üçün onlara şans verməliyik”.

 

Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda həyata keçirdiyi humanizm siyasətinin vacib istiqamətlərindən biri cinayət törətmiş, lakin cinayətini etiraf etmiş və peşman olmuş şəxslərə qarşı humanizm, onların əfv edilməsi, bağışlanması olub. Məhz bu siyasətin davamı nəticəsində 1995-2021-ci illər ərzində əvvəlcə Heydər Əliyev, sonra isə İlham Əliyev tərəfindən 67 əfv fərmanı və sərəncamı qəbul edilib. Bu dövr ərzində parlamentdə 11 amnistiya qərarı qəbul olunub. Həmin amnistiya qərarlarından 4-ü Mehriban Əliyevanın təşəbbusu ilə qəbul edilib.

 

Hələ 2009-cu ildə Novruz bayramı münasibətilə Milli Məclisə amnistiya aktının qəbul olunması təklifini təqdim edən Mehriban Əliyeva sənədin qəbulu zamanı çox dəyərli fikirlər səsləndirmişdi: “Bu bir həqiqətdir ki, Allahın insana verdiyi ömür hər bir şeydən uca və dəyərlidir. Hər bir insan ləyaqətlə, azad yaşamağa layiqdir. Eyni zamanda hər bir insan öz ömrünün, taleyinin hökmdarıdır. Səhv etmiş, yolunu azmış insanlara həyatda yeni şans verməklə, onları bağışlayıb cəmiyyətə qaytarmaqla biz onlara yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmağa kömək edirik. Mərhəmətlilik, genişqəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı hər zaman ən ali və insani keyfiyyətlər kimi qiymətləndirilib”.

 

Bütövlükdə, Mehriban Əliyevanın rəhbərilk etdiyi Heydər Əliyev Fondu özünün 18 illik fəaliyyəti dövründə insanpərvərlik və humanizm ideyalarını rəhbər tutaraq qayğı və yardıma ehtiyacı olan insanlara daim kömək edib. Mehriban xanımın təşəbbüsləri ilə amnistiya aktlarının qəbul olunması dövlətimizin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir. Əfv olunan vətəndaşlar isə dövlətin onlara olan inam və etibarını daim hiss edirlər və bu, onları layiqli vətəndaş olmağa həvəsləndirir. Eyni zamanda onlar əfv olunduqlarına, amnistiya edildiklərinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildirirlər.

 

Vətən müharibəsində qazanılmış tarixi Zəfərin birinci ildönümü ilə bağlı bu Qələbənin memarı olan İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilən və parlament tərəfindən qəbul olunan tariximizin ən böyük amnistiya aktının icrası da deyilənləri bir daha təsdiqləyir. Məhz şanlı Qələbənin birinci ildönümünü qeyd etdiyimiz zamanda belə bir təqdirəlayiq addımın atılması Ulu Öndər Heydər Əliyevdən başlayaraq ölkəmizdə həyata keçirilən humanizm siyasətinin uğurla davam etdirilməsinin göstəricisidir.

 

 

 

Pandemiya dövründə uğurlu fəaliyyət

 

 

 

Dünyanı bürümüş koronavirus pandemiyası hələ davam edir. Fəxr hissi ilə deməliyik ki, respublikamızda həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan pandemiyanın ilk və olduqca təhlükəli mərhələsindən ən az itkilərlə çıxan dövlətlər sırasında yer aldı. Məqsədyönlü karantin tədbirləri sayəsində koronavirusun yayılmasının qarşısı alındı, pandemiyaya qarşı effektiv müqavimət strategiyası hazırlanıb həyata keçirildi.

 

Pandemiya ilə mübarizə dövründə də ölkəmizin birinci xanımı öz missiyasına, amalına sadiqliyini bir daha nümayiş etdirdi. Mehriban Əliyeva iki dəfə xalqa müraciət edərək hər kəsi “gözəgörünməz düşmən”lə mübarizədə birlik, həmrəylik nümayiş etdirməyə çağırdı. Bu müraciətlərin birində Birinci vitse-prezident deyib: “Bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıram. Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun! Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir. Biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir. Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri - ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik”.

 

Mehriban Əliyeva öz müraciətlərində xalqımızın ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət kimi gözəl xüsusiyyətləri sayəsində bu ciddi çağırışın öhdəsindən gələ biləcəyinə əminliyini vurğulayırdı. Bu müraciətlərdə olunan çağırışlar pandemiya dövründə hər bir vətəndaşımızın ürəyindən keçən çağırışlar idi.

 

Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu karantin müddətində “Biz birlikdə güclüyük” şüarı ilə xeyriyyə aksiyaları keçirdi. Fond tərəfindən aztəminatlı ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı üçün mühüm işlər görüldü. Bu aksiyalar çərçivəsində 200 mindən çox ailəyə ərzaq məhsullarından ibarət sovqatların paylanılması bir daha Mehriban Əliyevanın nəcib missiyaların daşıyıcısı olduğunu nümayiş etdirdi.

 

Heydər Əliyev Fondu Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə töhfə olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat vəsait köçürdü. Fond daim himayəsində saxladığı sosial müəssisələrə də dəstək göstərdi. Mehriban Əliyevanın tapşırığına əsasən, fond tərəfindən Bakıda və regionlardakı körpələr və uşaq evlərinə, internat məktəblərinə, pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə, Uşaq Psixonevroloji Mərkəzə, eləcə də Bakıdakı və regionlardakı psixonevroloji sosial xidmət müəssisələrinə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrdən ibarət yardımlar edildi.

 

Pandemiyanın ən ağır dövründə fond müvafiq koronavirusun aşkar edilməsi üçün laboratoriyaların fəaliyyətinin qısa müddətdə təşkilinə, eyni zamanda ölkəmizin yüksəkkeyfiyyətli testlərlə təmin olunmasına da yaxından dəstək göstərdi. Xüsusi rejimli xəstəxanalar üçün bir sıra tibbi avadanlıq və ləvazimat - həm qoruyucu vasitələr, tibbi geyimlər, həm də xəstələrin müalicəsi üçün müxtəlif dərman preparatları xaricdən alınaraq Azərbaycana gətirildi.

 

Həmçinin pandemiya ilə mübarizədə iştirak edən tibbi personal üçün təlim kursları təşkil edildi. Həmin personala dəstək məqsədilə Çin, İtaliya və Rusiyadan yüksəkixtisaslı həkimlər dəvət edildi, onların azərbaycanlı tibb heyəti ilə birgə çalışmaları üçün şərait yaradıldı.

 

Mehriban Əliyevanın təşəbbüsü ilə COVID-19 səbəbindən talassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil olundu. Virusa ağır dərəcədə yoluxmuş bir çox şəxslərə Mehriban Əliyevanın tapşırığına əsasən, dəstək göstərildi və onlar zəruri müalicə alaraq sağaldılar.

 

Mehriban Əliyeva pandemiya dövründə insanların ümid yerinə, pənahına çevrildi.

 

Bütün bunlar Azərbaycanın Birinci vitse-prezidentinin nəcibliyinin ali nümunələridir.

 

 

 

Mədəniyyətimizin hamisi

 

 

 

Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunub saxlanmasıdır. Ölkəmizdə hər zaman mədəniyyətin inkişafına dövlət qayğısı davamlı olub. Digər sahələrdə olduğu kimi, Ulu Öndər Heydər Əliyevin banisi olduğu uğurlu mədəniyyət siyasəti də özünün müsbət bəhrələrini verib. Ulu Öndərin ölməz ideyaları və onların Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsi ölkəmizin mədəni həyatında baş verən köklü dəyişikliklərin, böyük yüksəlişin əsasını təşkil edib.

 

Azərbaycan mədəniyyəti hazırda yeni islahatlar dövrünü yaşayır. Bu sırada Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən proqram və layihələr Azərbaycan mədəniyyətinin qorunmasına və dünyada təbliğ olunmasına layiqli töhfələr verir. Mehriban Əliyevanın təşəbbüsləri ilə fond tərəfindən Azərbaycanın zəngin və tolerant tarixi irsinin, tarix və mədəniyyət abidələrinin tədqiqi, qorunması və təbliği üçün ölkədə sistemli fəaliyyət təmin olunub. Bu baxımdan çox haqlı olaraq Heydər Əliyev Fondunun mədəniyyət sahəsində fəaliyyəti ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və Mehriban Əliyeva həm də Azərbaycan mədəniyyətinin hamisi kimi qəbul olunur.

 

Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti haqlı olaraq hər bir azərbaycanlının qürur mənbəyidir. Çünki bu fəaliyyət Azərbaycanın yüksəlişinə, mədəniyyətimizin qorunmasına və təbliğinə, dövlətimizin sosial siyasətinin daha böyük uğurlar qazanmasına layiqli töhfələr verir.

 

 

Sadiq QURBANOV, 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Azərbaycan.-2022.- 20 fevral.- S.1;5.