İlham Əliyev məmurlara ciddi xəbərdarlıq etdi

 

Prezident kadr islahatları aparanda, yenilik və dəyişikliklər edəndə ilk növbədə, xalqın maraqlarını nəzərə alır

 

 

 

Dövlət idarəçiliyi sistemini daim təkmilləşdirən Prezident İlham Əliyev postböhran dövründə də bu istiqamətdə islahatlarını davam etdirir.

Bütün islahatlar zamanı düşünülmüş, ölçülüb-biçilmiş addımlar atan Prezident İlham Əliyev ilk növbədə, xalqın və dövlətin maraqlarını, milli mənafeyini nəzərə alır. Cəmiyyətin islahatlara münasibətinə çox yüksək önəm verir və vətəndaşların proseslərlə bağlı nə düşünməsinə, hansı sahələrdə nədən razı və ya narazı olmasına xüsusi diqqət yetirir. Ona görə də ölkə ictimaiyyəti islahatçı Prezidentin bütün yenilik və dəyişikliklərini müsbət dəyərləndirir.

 

 

 

Məmur daim vətəndaşın yanında olmalıdır

 

 

 

Fevralın 18-də Bakı şəhəri Nizami və Nərimanov rayonlarının, həmçinin Kürdəmir rayonunun icra hakimiyyətlərinin yeni təyin olunan başçılarını qəbul edərkən dövlət başçısı bir daha bütün məmurlara səsləndi:Daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün məmurlar qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir”.

Bunun təkcə icra hakimiyyəti başçılarına deyil, bütün məmurlara aid olduğunu diqqətə çatdıran Prezident bəyan etdi ki, heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir: “Dövlət məmurunun üzərinə düşən vəzifə və məsuliyyət onları dediyim prinsiplərə riayət etmələrinə sövq etməlidir. Əks təqdirdə onlar cəzalandırılacaq və artıq gördüyümüz işlər bunu təsdiqləyir. Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir. Ona görə bu məsuliyyəti dərk edərkən siz öz addımlarınızı da bu istiqamətdə atmalısınız”.

 

 

 

İdarəetmədə səmərəlilik olmalıdır

 

 

 

Ümumiyyətlə, son dövrlərdə dövlət idarəetmə sistemində həyata keçirilən struktur islahatları çərçivəsində müasir düşüncəli, milli maraqları əsas tutan kadrlara yüksək etimadın göstərilməsi, onların rəhbər vəzifələrə irəli çəkilməsi həm xalq, həm də beynəlxalq təşkilatlar tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir.

İlham Əliyev hər zaman qeyd edir ki, kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas götürülməlidir. Peşəkar, Vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir.

 

Azərbaycanda dövlət idarəçiliyində müasir, kreativ düşüncəli kadrların irəli çəkilməsi ənənəsi hər zaman mövcud olub. Məhz İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir ki, artıq ölkədə bütün sahələrdə peşəkar kadr potensialı formalaşıb. Hazırda dövlət idarəetməsinin müxtəlif sferalarında bu potensialdan səmərəli istifadə etmək imkanları yaranıb.

Yeni dövlət idarəçiliyi tələblərinə cavab verən islahatlarla bağlı qətiyyətli mövqe ortaya qoyan  Prezidentin  kadr  islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşmanı təmin etməkdir.

Son görüşdə Prezident bir daha bu məsələlərə toxunduöz məsləhətlərini verdi, eyni zamanda əvvəlcədən xəbərdarlığını da etdi. İlham Əliyev bütün dövlət məmurlarını vəzifəyə təyin edərkən səsləndirdiyi tövsiyələri bir daha nəzərə çatdırdı.

Prezident növbəti dəfə yeni təyin etdiyi rayon icra hakimiyyəti başçılarını qəbul edərək onlara doğru istiqamət verdiyeni kadrların fonunda digər məmurlara sərt xəbərdarlığını da etdi. Məsələ belə qoyuldu ki, əgər Prezidentin tapşırıqları layiqincə yerinə yetirilərsə, həm dövlət, həm də ölkə vətəndaşları onların fəaliyyətindən razı qalacaq. Yox, əgər bu etimad doğrulmasa, ilk növbədə cəmiyyətdə məyusluq yaradacaq. Ona görə də yeni təyin edilmiş icra başçıları rayonlarda vəziyyəti təhlil etməli, insanları narahat edən məsələləri ciddi araşdırmalı və onların həlli yolları ilə bağlı təkliflər hazırlamalıdırlar.

Göründüyü kimi, Prezidentin kadr islahatları davam edir. Bu, ölkə rəhbərinin mütərəqqi islahatlarının tərkib hissəsidir. Azərbaycanda kadr islahatlarına ehtiyacın olduğunu deyən

İlham Əliyev bu prosesləri dəyərləndirərkən vurğuladı ki, islahatlar təkmilləşmə, yeni dövrə uyğunlaşma tərəqqi deməkdir. Həqiqətən dünya miqyasında yüksək uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz islahatlar onların səmərəliliyi hesabına əldə edilib.    

Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyev bu gün kadr struktur islahatları ilə daha çevik, operativ idarəçilik mexanizmi formalaşdırır.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2022.- 20 fevral.- S.2.