BÖYÜK HİMAYƏDAR

 

Heydər Əliyev Fondu işğaldan azad edilmiş bölgələrimizdə aparılan bərpa-quruculuq işlərinə yüksək töhfə verir

 

 

 

Otuz ilə yaxın davam edən həsrətə, nisgilə qırx dörd gün müddətində son qoyuldu. 2020-ci ildə Azərbaycanın Müzəffər Ordusu uzun illər Ermənistan silahlı qüvvələrinin işğalında qalmış ərazilərimizi azad etdi.

Vətən müharibəsi Azərbaycanın zəfəri ilə başa çatdı. Düşmən işğalından qurtulmuş yerlərdə gördüyümüz mənzərələr isə yalnız bizi deyil, bütün dünyanı dəhşətə gətirdi. Çünki erməni vandalizminin həddi-hesabı yoxdur. Vandallar otuz ilə yaxın işğal altında saxladıqları Azərbaycan ərazilərində daşı daş üstündə qoymamışdılar. Tarixi-mədəni, dini abidələr, yaşayış binaları və digər tikililər erməni işğalçıları tərəfindən yerləyeksan edilmişdi. Ermənistanın Azərbaycan xalqına, Azərbaycan dövlətinə vurduğu mənəvi və maddi zərər ölçüyəgəlməzdir.

 

 

 

Tarixi, mədəni, dini abidələrimiz bərpa olunaraq əvvəlki görkəminə qaytarılır

 

 

 

Azərbaycan Ordusunun böyük qələbəsi ilə bitən Vətən müharibəsindən qısa müddət sonra dövlətimiz tərəfindən bərpa-quruculuq işlərinə başlanıldı. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə səfərlər etdi. İlk qərarları verdi, layihələr hazırlandı, işlərə başlanıldı.

 

Birinci vitse-prezident Mehriban Əliyeva Vətən müharibəsində şanlı qələbəmizdən sonra vurğuladı ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağı Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Həmin bölgələrdə həyat yenidən canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurdlarında yaşayacaqlar.

Bərpa-quruculuq işlərində Heydər Əliyev Fondu da öz töhfələrini verməkdədir. Hələ 2020-ci il dekabrın 8-də Birinci vitse-prezident Mehriban Əliyeva demişdi: “Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm”.

Mehriban Əliyeva layihə çərçivəsində yerlixarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulmasının həyata keçiriləcəyini diqqətə çatdırdı.

Bu gün Azərbaycan xalqının zəngin xəzinəsi olan, min illərə söykənən tarixi kökləri gələcək nəsillərə ötürülmək üçün qorunur. Bu sırada məkirli ermənilərin tarix səhifələrindən silməyə çalışdıqları həqiqətlər də olduğu kimi yenidən bərpa edilir. Qarabağ da, Şərqi Zəngəzur da gündən-günə inkişaf etməkdə, öz tarixi görkəminə qovuşmaqdadır.

Erməni təcavüzkarlarının işğalından azad edilən bütün ərazilərimizdə Azərbaycan dövləti böyük quruculuq, tikinti-bərpa işləri aparır. Qarabağda müasir infrastruktur qurulur, yeni yollar salınır, beynəlxalq hava limanları tikilir, “ağıllı kənd”, “ağıllı şəhər” layihələri həyata keçirilir.

 

Onu da diqqətə çatdıraq ki, yalnız işğaldan azad olunan bölgələrimizdə deyil, bütövlükdə Azərbaycandakı bütün xalqlara məxsus abidələrin, inanc yerlərininin bərpa və təmir edilməsi üçün mütəmadi olaraq işlər görülür.

2019-cu ildə Qəbələnin Nic qəsəbəsində yerləşən “Müqəddəs Məryəm Anaalban kilsəsinin Heydər Əliyev Fondu tərəfindən bərpasına başlanılıb, 2020-ci ilin noyabrında 44 günlük müharibə zamanı işlər başa çatıb.

Ötən il mayın 15-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələyə səfər edərək həmin alban kilsəsində oldular. Prezident İlham Əliyev kilsədə dedi ki, udi xalqı eyni zamanda azad edilmiş torpaqlarda gedib ibadət edir - həm Xudavəngdə, həm Ağoğlanda. Dövlət başçısı bildirdi: “Orada udi xalqına məxsus olan digər məbədlər də var. Onların böyük hissəsi dağılmış, ya da ki, yarıdağılmış vəziyyətdədir. Ona görə onları da bərpa edəcəyik. Siz o kilsələrə də gedəcəksiniz”.

 

 

 

Bərpa-quruculuq işləri sürətlə davam etdirilir

 

 

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi azad edilmiş ərazilərdə 400-dən çox abidənin dağıdıldığını müəyyən edib. Həmin ərazilərdəki abidələrin ümumi sayı 3000-ə qədərdir. Ermənilər ələ keçirdikləri ərazilərdə 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etdikdən sonra da yandırıblar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan edilib. Dağıdılan, od vurulan 927 kitabxanada 4 milyon 600 min kitabmisilsiz əlyazma nümunələri məhv edilib.

Erməni vandalları dini abidələri - məscidləri, türbələri və digər inanc yerlərini də dağıdıblar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsbit olunmuş siyahıya əsasən, Qarabağda təqribən 403 tarixi dini abidə olduğu göstərilir. Onlardan 67-sinin məscid, 144-ünün məbəd, 192-sinin ziyarətgah olduğu açıqlanıb.

Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin divarları salamat qalıb. Erməni vandalları Ağdam Cümə məscidində heyvan, həmçinin donuz saxlamaqla dini dəyərləri heçə saymış, yalnız azərbaycanlılara deyil, bütün müsəlmanlara qarşı hörmətsizlik etmişdilər.

İnsani dəyərlərdən uzaq olduqları bütün dünyaya bəlli olan erməni vandallarının otuz ilə yaxın talan etdikləri, uçurub dağıtdıqları, xarabazarlığa çevirdikləri bölgələrimiz bu gün öz həqiqi sahiblərinin əlindədir. Azərbaycan dövləti, Azərbaycan xalqı tərəfindən həmin yerlərdə böyük təəssübkeşliklə, canıyananlıqla bərpa-quruculuq işləri reallaşdırılır.

İşğalçılardan xilas edilmiş torpaqlarımız indi sürətlə dirçəldilir, tarixinə, mədəni irsinə, ənənələrinə, dini mirasına qovuşur.

Həmin ərazilərdə gerçəkləşdirilən bərpa və quruculuq prosesində Heydər Əliyev Fondu birbaşa iştirak edir. Bu istiqamətdə artıq Şuşada, Ağdamda nəzərəçarpan və təqdirəlayiq işlər görülüb.

Ötən il martın 16-da Prezident İlham Əliyev Şuşa şəhərinə səfəri zamanı Heydər Əliyev Fondunun şəhərin bərpasına öz sanballı töhfələrini verəcəyini diqqətə çatdırmışdi: “Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Artıq işlərə start verilib. Bunu, həmçinin Molla Pənah Vaqifin büstünün bərpası layihəsini Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək, Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə...”

Heydər Əliyev Fondu üzərinə götürdüyü həmin işləri həyata keçirərək avqustun 29-da Şuşaya, şuşalılara, bütövlükdə Azərbaycan xalqına təhvil verdi.

Azərbaycanın istedadlı şairi, görkəmli ictimai-siyasi xadimi Molla Pənah Vaqifin məqbərəsinin layihəsinin reallaşdırılması zamanı abidənin əvvəlki görkəminin bərpası xüsusi nəzərə alınıb.

Heydər Əliyev Fondu tərəfindən Molla Pənah Vaqifin büstünün bərpası layihəsi də həyata keçirilib. Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında büst yenidən hazırlanıb. Büst Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanaraq əvvəlki yerində - Molla Pənah Vaqifin Şuşadakı evinin yaxınlığında quraşdırılıb.

 

 

 

Mədəni ənənələrimiz yaşadılır

 

 

Erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilən abidələrimizdən biri də 1985-ci ildə Üzeyir bəy Hacıbəylinin 100 illik yubileyi münasibətilə bəstəkarın Şuşada ucaldılan heykəli olmuşdu. Bəstəkarın yeni heykəli Prezident İlham Əliyevin tapşırığına əsasən hazırlanıb. Heykəlin modeli qalmadığından yeni abidə həmin dövrün mətbuatında dərc edilən, eləcə də arxivdə qorunan fotolara istinad edilib.

Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin bürüncdən hazırlanan heykəli də Heydər Əliyev Fondunun dəstəyi ilə Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb.

Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu dini abidələrimizin bərpası istiqamətində də xeyli işlər görüb. İndiyədək Şuşada Yuxarı Gövhər ağa məscidinin, Saatlı və Aşağı Gövhər ağa məscidlərinin təmiri ilə bağlı işlər həyata keçirilib.

 

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən fond Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılan, Azərbaycan xalqının milli sərvəti olan məscidlərin, dini, mədəni abidələrin bərpası ilə yanaşı, həm də bu bölgəmizdə tarixi mədəni ənənələrimizi də bərpa etməkdədir.

Heydər Əliyev Fondu tərəfindən 12-13 may 2021-ci ildə  Şuşada, Cıdır düzündə təşkil edilmiş “Xarıbülbül” Musiqi Festivalı, Şuşa işğaldan azad edildikdən sonra avqustun 30-da ilk dəfə Şuşada yenidən düzənlənən Vaqif Poeziya Günləri Azərbaycan xalqının tarixi, mədəni irsinin təbliği istiqamətində təqdirəlayiq işlərdir.

 

 

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2022.- 20 fevral.- S.9.