“Mehriban Əliyevaya minnətdarıq”
Heydər Əliyev Fondunun dəstəyi
ilə Nic qəsəbəsində əsaslı təmir edilən
Məryəm Ana kilsəsiudilərin ən müqəddəs
ziyarətgahına çevrilib
Soyuq bir qış gününün sabahı
yenicə açılırdı. Buludların tutqun siması səmada var-gəl edirdi. Uzaqdan gələn kilsə zənginin səsi hər
tərəfi bürümüşdü. Sədaların
əzəmətli bir yerdən gəldiyi aydın sezilirdi.
Yeyin addımlarla irəlilədikcə sanki bu səs doğru
ünvana biixtiyar yollanmağın bələdçisi idi...
Ərtafa
boylana-boylana zəng gələn tərəfə
addımladıqca tək olmadığımı hiss edirəm
və getdikcə sayımız çoxalır. Dəyəsən,
hamımız bir ünvana üz tutmuşuq və bir qədər
sonra bu fikir təsdiqini tapır. Böyük
darvazanın kandarında dayanmalı olduq və bir qədər
sonra isə qapılar açıldı, mən də qələbəliyə
qoşulub içəri daxil oldum.
İlk dəfə ayaq basdığım bu məkan Qəbələnin
Nic qəsəbəsindəki Alban-udi xristian icmasının
ibadət yeri olan Müqəddəs Məryəm Ana kilsəsidir. Kilsənin həyətinin
sağ küncündə ucalan zəng suallarımı qismən
cavablamışdı. Bu, ibadətə bir
çağırış avazıydı...
Balaca uşaq kimi ətrafımdakıların etdiklərini
təkrarlamağa başladım. Qış donuna
bürünmüş bağçadan keçərək kilsə
binasının qapısına yaxınlaşdım. Növbə ilə hər kəs içəri daxil
olurdu. Şam yandırdıqlarını
görər-görməz birini də mən
götürdüm. Dua edib, arzumu
tutdum və şamı işığına qərq etdim...
Tarixi həqiqətlər,
alban-udi məbədlərində baş tutmayan erməni
saxtakarlığı
Bu gün Azərbaycanda udi xalqının dörd mindən
çox nümayəndəsi yaşayır. Onların əksəriyyəti
tarixən Qafqaz Albaniyasının paytaxtı olan Kabalakada
(indiki Qəbələ) məskunlaşıblar. Nic qəsəbəsi udilərin öz adət-ənənələri
ilə yaşamlarını davam etdirdikləri doğma
yurdlarıdır. 14 məhəllədən 2-sində azərbaycanlılar
yaşayır.
Ermənilərin Türkmənçay müqaviləsindən
sonra torpaqlarımıza köçürülməsi ilə
bir çox dəyəri mənimsəməyə
başlaması udilərdən də yan keçməyib. Buradakı
kilsələr 1836-cı ildən ermənilərin
tabeçiliyinə verilib. Lakin erməni keşişlərinin
Nicə gəlişi 30-40 il sonra
müşahidə edilib. Xalq baş verənlərə
etiraz olaraq kilsəyə getməyərək ibadətlərinə
evlərində davam edib.
Ermənilərin bütün səyləri boşa
çıxdığı kimi, udi xalqını məhv etmək
istəkləri də baş tutmayıb. Onların kilsələrdəki
simvolları, ikonaları yox etmək üçün üzərlərini
müxtəlif vasitələrlə bağlamaları və
sair hallar asanlıqla aşkar edilib.
Alban-udi xristian icmasının sədr müavini Rafik
Danakari ilə söhbət zamanı məlum olur ki, bir erməni
keşişin öz rəhbərliyinə göndərdiyi məktubunda
buradakı insanların onunla eyni dildə
danışmadığı və bir-birlərini
anlamadıqları qeyd olunub. Onlar bu vəziyyətə
son qoymaq üçün erməni dilinin tədris olunması
yönündə addımlar da atıblar.
Qəsəbədə ümumilikdə 4 kilsə olub. Onların
birini dağıdan ermənilər kilsədən qalan
materiallardan məktəb tikiblər. Digər
3 kilsə isə hazırda qalmaqdadır. Onlardan Müqəddəs
Yelisey adına Cotari kilsəsi 2006-cı
ildə əsaslı bərpa olunduqdan sonra əhalinin istifadəsinə
verilib. Udi xalqı kilsənin həyətində
İordaniyadan gətirilən su ilə vaftiz olunur. Həmçinin burada “Mahmud və Məryəm” filmi
də çəkilib. Müqəddəs Məryəm
Ana kilsəsi isə 2020-ci ilə qədər tamamilə
dağılmış, istifadəyə yararsız vəziyyətdə
olmuşdu.
Heydər
Əliyev Fondundan böyük dəstək
Rafik
Danakari deyir ki, 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
xanım Əliyeva Nic kəndinə səfəri zamanı
ümumi vəziyyətlə tanış olub. Kənd
camaatı ehtiyaclarını dilə gətirib məhv olmaq
üzrə olan kilsənin bərpası ilə bağlı məsələni
diqqətə çatdırıblar. Leyla
Əliyeva kilsənin Heydər Əliyev Fondu tərəfindən
bərpa ediləcəyini bildirib.
R.Danakarinin
sözlərinə görə, əgər ibadət yerinin bərpası
2-3 il də ləngisəydi, kilsədən
əsər-əlamət belə qalmayacaqdı: “Həqiqət
budur ki, kilsə məhv olmaq üzrə idi. Əgər bir
neçə il ləngimə olsaydı, ən
qədim alban kilsələrindən biri yox olacaqdı. Buna görə də biz hər zaman Heydər
Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya minnətdarıq.
Leyla xanım Əliyeva gəlib kilsənin şəraitini
gördükdən sonra Mehriban xanıma və Prezidentə məlumat
verib. Bundan sonra bərpa işlərinə
çox keçmədən, 2020-ci ilin yanvar ayından
başlanılıb. 44 günlük Vətən
müharibəsi və qlobal pandemiya ilə mübarizə
dövründə restavrasiya işləri bir gün belə səngiməyib.
2020-ci il noyabrın 7-də bütün işlər
yekunlaşdırılaraq kilsə tamamilə əla vəziyyətə
gətirilib və açılışı olub”.
Kilsənin bərpasında mütəxəssislərlə
yanaşı, qəsəbənin sakinləri də kömək
göstəriblər. Udilərlə yanaşı, ləzgilər,
avarlar, hətta qonşu kənddən gələn tatlar da
olmaqla, 9 xalqın nümayəndələri bu işdə fəal
iştirak ediblər.
Müqəddəs Məryəm Ana kilsəsi XII əsrə
aiddir. Kilsənin digər adı olan “Bulun” udi dilində
“yuxarı məhəllə” mənasını ifadə edir.
Həmin dövrdə ibadət yerləri əsasən
yerləşdikləri əraziyə görə
tanınırdı.
2021-ci il mayın 15-də Prezident İlham Əliyev və
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Qəbələyə
səfərləri çərçivəsində Nic qəsəbəsində
olub, yenicə təmirdən çıxmış Müqəddəs
Məryəm Ana kilsəsinə baş çəkiblər.
Burada Prezident görülən işlərlə tanış olub və bu barədə dövlət
başçısına ətraflı məlumat verilib. Qeyd edilib ki, həyətyanı sahə
abadlaşdırılıb, sahəsi hasarlanıb, bulaq və
üç gölməçə yaradılıb.
Kilsə alban, ortodoks konsepsiyasına uyğun olaraq bərpa
edilib. Çünki ermənilər kilsəni
özününküləşdirmək istəyiblər.
Adətən ermənilərdə Qriqoryan kilsəsində
altar hissə daha hündür olur. Albanlarda
isə 3 pilləkəndən ibarət olur. Bu, memarlıqda əsas elementdir. Ümumiyyətlə,
Müqəddəs Məryəm Ana kilsəsi Azərbaycanda ən
böyük kafedral kilsədir.
Rafik Danakarinin sözlərinə görə, Heydər
Əliyev Fondu tərəfindən qəsəbədəki 1
saylı orta məktəb də tam təmir edilib. Buradakı məktəblərdə
ibtidai siniflərdə latın qrafikası
ilə udi dilində dərsliklərdən istifadə edilir. Bu da dilin qorunub saxlanılmasında əsaslı addımlardan
biridir.
İşğaldan azad edilən ərazilərimizdə də
alban-udi kilsələri çoxluq təşkil edir. Hazırda
oradakı məbədlərdə bərpa işləri ilə
bağlı monitorinqlər aparılır. Təkcə Kəlbəcərdə 35 kilsə var.
Görünür ki, hər kənddə müqəddəs
ibadət yerləri mövcud olub. Laçında,
Hadrutda da kilsələrə rast gəlmək
mümkündür.
Rafik
Danakari deyir ki, onların əksəriyyəti erməniləşdirilib:
“Biz 2020-ci il dekabrın 4-də Kəlbəcərdə “Xudavəng”
monastırına gedəndə orada olduğumuzu görən
ermənilər bizi içəri girməyə, ibadət etməyə
qoymurdular. Buranın onların məbədi
olduğunu israrla deyirdilər. O zaman onlardan soruşduq
ki, siz buraya nə vaxt gəlmisiniz? Bizə
cavablarında 1993-cü ildə gəldiklərini dedilər.
Artıq bu məbədin kimə aid olduğu təsdiqləndi”.
Udilər
Vətən müharibəsində ön sırada oldular
Udilərin maraqlı adət-ənənələri var.
Onlar təntənəli şəkildə 2 əsas bayramı
qeyd edirlər.
İbadət
üçün Müqəddəs Məryəm Ana kilsəsinə
gələn kənd sakini Nikolay Qiqinari deyir ki, əsas
bayramlarından biri Miladdır: “Biz Milad bayramını yanvar
ayının
7-də qeyd edirik. Bu zaman hər kəs kilsəyə
toplaşır. İbadətlər edib,
şamlar yandırırıq. Digər təntənəli
mərasimlərdən olan Pasxanı isə bu il
aprelin 24-ü keçirəcəyik. Əsasən
bu bayramın tarixi hər il 7-10 gün fərqlə dəyişir”.
Udilər Pasxa bayramından 40 gün əvvəl oruc
tuturlar. Bu müddət ərzində heyvanların ətindən
və onlardan əldə edilən məhsullardan istifadə
edilmir. Yalnız balığı 40 gün
boyunca müəyyən vaxtlarda cəmi bir neçə dəfə
yeyirlər. Milad və Pasxa bayramları
öncəsi cümə günləri “qara bayram” kimi qeyd
olunur. Sakinlər qəsəbənin
yuxarı və aşağısında yerləşən qəbiristanlıqlara
gedərək vəfat etmiş yaxınlarını,
qohumlarını yad edirlər.
Həmsöhbət
olduğumuz Yulian Boyaxçari kilsəyə Allaha
şükür etmək üçün gəldiyini
vurğuladı: “Biz kəndlilər əkinlə məşğul
oluruq. Əsas gəlirimiz meyvə-tərəvəzdən
olur. Buna görə də ilin müxtəlif
vaxtlarında Allaha bol ruzimizin olması üçün dualar
edirik. Avqust ayının sonlarında meyvələrin
yetişən vaxtı başlayır. Noyabrın
ilk həftəsində isə toplanan hər bir məhsula
görə təşəkkürümüzü ibadətlərimizlə
bildiririk”.
Nicdəki kilsələrə yalnız bazar günü deyil, digər günlərdə də gəlib ziyarət edənlər, qurban kəsənlər olur. Bu kilsələr təkcə udi xalqının deyil, bütün Azərbaycan xalqının dəyərləridir. Hər fürsətdə bunu büruzə verən cəmiyyət öz dəstəyini göstərir.
R.Danaqari onu da qeyd etdi ki, Müqəddəs Məryəm Ana kilsəsini yuxusunda görüb ona üz tutanlar da olub: “Bir gün bura Göyçaydan bir nəfər gəlmişdi. Mənə heç vaxt kilsədə olmadığını deyərək, məhz bu məbədi yuxusunda gördüyünü və buranı mütləq ziyarət etməli olduğunu bildirmişdi”. Görünür, ilahi qüvvə ilə sevgi din və dildən asılı olmadan hər yerdə bəşəri varlığı tapır.
Əvvəlcə həqiqi hərbi xidmətə çağırılmayan udi gəncləri 2003-cü ildən ordu sıralarında xidmət edirlər. Vətən müharibəsi zamanı 50-yə yaxın kənd sakini işğal olunan torpaqlarımızın azadlığı uğrunda müharibəyə yollanmışdı. Onlar arasında böyük Zəfərlə bitən qələbəmizin bir neçə medallı iştirakçısı da var.
Nic qəsəbəsində gördüklərimiz, eşitdiklərimiz Azərbaycanın həqiqətən də nümunəvi, multikultural, tolerant ölkə olması fikrini bir daha təsdiqlədi. Ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələri sərbəst, azad şəkildə kilsələrə, sinaqoqlara, məbədlərə gedərək ibadətlərini edirlər. Bu dini ocaqların təmiri, yenidən qurulması isə həmin xalqın dövlətə olan etimadını, güvənini daha da artırır.
Ümumiyyətlə, tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşası Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Bu siyasətin reallaşdırılmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir.
Müqəddəs Məryəm Ana kilsəsində şahidi olduğumuz çox maraqlı mənzərə bizdə xoş təəssüratlar yaratdı. Gəlişimiz kimi, ayrılığımız da bu təəssüratlar altında reallaşdı.
Aydan XƏLİLOVA,
Azərbaycan.-2022.- 20 fevral.- S.10.