Xeyirxahlığın ünvanı, nəcib təşəbbüslərin sahibi

 

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva keçmiş məcburi köçkünlərin də daim yanında olub

 

 

 

Bütün dövrlərdə cəmiyyətin mütərəqqi yolla inkişafı sağlam əqidəli, xalqa və dövlətə sədaqətli xidməti başlıca həyat amalına çevirən nəcib insanların fəaliyyəti ilə bağlı olub. Bu gün də belədir. Onlar ona görə cəmiyyətin sayılıb-seçilən şəxsiyyətlərinə çevrilirlər ki, öz üzərlərinə düşən sosial, siyasi, eləcə də mədəni məsuliyyəti dəyərləndirir, bunun nəticəsində isə xoş məram və məqsədləri ilə milyonların rəğbətini qazanırlar.

İnsanlara mənəvi saflıq, düzgünlük və ədalət, humanizm, şəfqət, yaxşılıq, və kömək etmək kimi fundamental bəşəri dəyərlərin təbliğində istisnasız xidmətlər göstərən Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva haqqında söz düşəndə mütləq şəkildə onun xalqın sevimlisi, əzizi olduğu dilə gətirilir. Məhz bu kimi bəşəriliyinə, xeyirxahlığı, humanizmi əməli fəaliyyətində təbliğ etdiyinə görə Mehriban xanım Əliyeva II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilib.

Azərbaycanın Birinci vitse-prezidentnin çoxşaxəli fəaliyyəti nəinki respublikamızda, eləcə də ölkə hüdudlarından kənarda da daim yüksək qiymətləndirilib. Xüsusilə mənəvi və mədəni dəyərlərin qorunmasına verdiyi töhfələr onu bir tolerantlıq rəmzinə çevirib. Fəaliyyətində daim humanizm prinsiplərini əsas götürən Mehriban xanım Əliyevanın sivilizasiyalar və dinlərarası dialoqa töhfələri isə ona beynəlxalq aləmdə böyük nüfuz qazandırıb.

 

 

 

Xeyirxahlıq missiyası minnətdarlıqla qarşılanır

 

 

 

Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr bunun bariz nümunəsidir. Təsadüfi deyil ki, 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə isə ICESCO-nun xoşməramlı səfiri seçilən Mehriban xanım Əliyeva nəcib əməllərinə görə digər çoxsaylı beynəlxalq mükafat, fəxri ad və təltifə layiq görülüb.

 

Bu gün də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva özünün humanizm siyasəti ilə fəaliyyətini davam etdirir. Ən əsası isə ölkənin ən həssas təbəqəsi sayılan, illərlə doğma torpaq həsrətini çəkmiş, 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə ilə işğaldan azad edildiyinə görə yurdları dövlətimizin başçısı tərəfindən artıq keçmiş məcburi köçkünlər adlandırılan insanların qayğılarını çəkməkdə, problemlərinin həllinə dəstək olmaqdadır.

 

2019-cu ilin aprelində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Bakı şəhərində, Azərbaycan Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonunda salınan “Qobu Park” yaşayış kompleksində məskunlaşmış məcburi köçkünlərlə görüşündə də bu xeyirxahlıq missiyası özünü təsdiqlədi.

 

Xatırladaq ki, 1993-cü ildən işğal altında olan rayonlardan məcburi köçkün düşənlərin məskunlaşdığı 4 saylı yataqxanada 150-dən çox ailə yaşayır. Həmin görüşdə yaddaqalan məqamlar çox oldu. İlk növbədə isə məcburi köçkün ailələri dövlətin onlara göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirdilər, bu dəstəyi hər zaman hiss etdiklərini söylədilər.

 

Birinci vitse-prezident Mehriban  xanım Əliyeva illərdir yataqxana həyatı keçirən məcburi köçkün ailələrə baş çəkərkən bir daha həssaslıq göstərərək onlara bundan sonra da diqqət  və qayğı ilə yanaşılacağını, onların mənzillə təmin olunacaqlarını xüsusi qeyd edərək dedi: “Mən bilirəm ki, siz yararsız binalarda çətin vəziyyətdə yaşayırsınız. İnanın mənə, tapşırığımla yeni yol xəritəsi hazırlanır. Prezident İlham Əliyevin diqqətində olan ən vacib məsələ məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılmasıdır və bu günə qədər çox böyük işlər görülüb, 300 mindən artıq insan evlə təmin olunub və təmin olunacaq. Əgər 2017-2018-ci illərdə 6126 mənzil təhvil verilibsə, bu il təkcə 1 il ərzində 6 min mənzil təhvil veriləcək. İnanın, mənim güc mənbəyim sizsiniz. Mən hər zaman sizin yanınızdayam. Bu, mənim borcumdur”.

 

Birinci vitse-prezident yataqxananın yerləşdiyi ərazidə Zəngilan rayon 20 saylı orta məktəbdə də oldu. 131 şagirdin təhsil aldığı məktəbdə fəaliyyət göstərən müəllimlərlə görüşdükdən sonra ölkəmizin birinci xanımı Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan “Qobu Park” yaşayış kompleksinə də gəldi. Həmişəki kimi, qəsəbə sakinləri ilə görüşüb, müraciətlərini dinlədikdən sonra mövcud problemlərin həlli istiqamətində tapşırıqlarını verdi.

 

 

 

Mehriban Əliyeva: “...Ən mühüm güc mənbəyi xüsusən məcburi köçkünlərlə ünsiyyətdə olmaqdır”

 

 

 

Xatırladıldı ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri 103 yeni qəsəbə, şəhərcik salınmasıdır. Burada da ümumilikdə 1026 məcburi köçkün ailəsi mənzillə təmin olunub: “...Şəhərcik təkcə evlərdən ibarət deyil, onu yaratmaq üçün infrastruktur - məktəblər, bağçalar tikilib, su, qaz, işıq xətləri çəkilib, asfalt yollar salınıb. Amma yenə də hələ ki, ağır vəziyyətdə yaşayan insanlarımız var və onların həyatının yaxşılaşdırılması üçün əlimizdən gələni edəcəyik. İnşallah, Qarabağ problemiöz həllini gərək sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında tapsın, soydaşlarımız doğma torpaqlarına qayıtsın. Hələ ki, bütün soydaşlarımızı normal yaşayış şəraiti ilə, işlə təmin etmək Azərbaycan dövlətinin ən əsas vəzifəsidir. İnanın ki, bu sahədə bütün lazımlı işlər, addımlar atılır...”

 

Azərbaycanın Birinci vitse-prezidenti xüsusi olaraq vurğuladı ki, onun fəaliyyətində ən vacib, ən mühüm güc mənbəyi xüsusən məcburi köçkünlərlə ünsiyyətdə olmaqdır: “...Mən sizin sevginizi, dəstəyinizi hiss edəndə daha inamlı oluram. Mənim üçün böyük şərəfdir ki, insanlar mənə dəstək verir, məni sevir, mənə inanır. Sizi əmin etmək istəyirəm ki, mən sizin etimadınızı doğruldacağam”.

 

Qaçqın və məcburi köçkünlərin gün-güzəranından, onlara göstərilən dövlət qayğısından bəhs edən “Vətən həsrəti... Sönməyən ümidlər” sənədli filminin çəkilişlərində iştirak edənlərin dilinin əzbərinə çevrildi Mehriban xanım Əliyeva. Onlar Prezident İlham Əliyevlə birgə Azərbaycanın birinci xanımının da yurdunu itirmiş insanlara qayğısından ürəklə, yorulmadan danışdılar. Mingəçevirdə dövlətin abad ev-eşiklə təmin etdiyi, Xocalıdan olan məcburi köçkün Nəsibə Allahyarovanın dedikləri də bunu təsdiqləyir: “Qəsəbəmizin açılışında Prezident İlham Əliyev və Mehriban Əliyeva bizdə də oldular. Onların sadəliyi, səmimiliyi bizi çaşdırmışdı. Elə bildim qardaşım, bacım qonaq gəlib bizə... Problemlərimizlə maraqlandılar. Qızımızın nişanlı olduğunu biləndə Mehriban xanım dedi ki, onun bütün cehizini alacağıq...”

 

 

 

“Ən böyük sərvətimiz Azərbaycan xalqıdır”

 

 

 

Daim humanistliyi ilə seçilən, verdiyi vədi vaxtından əvvəl yerinə yetirən, xalqın sevgisini qazanan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyətində mühüm yerlərdən birini tutan  digər  bir məsələ də var. Bu, torpaqlarımız uğrunda canından keçən əsgər və zabitlərimizin şərəfini daim uca tutmaq, onların ailələrinin dövlət qayğısı ilə hərtərəfli təmin olunmasıdır. Bu  yolda sağlamlığını itirmiş vətən oğulları da diqqətdən kənarda qalmayıb. 44 günlük Vətən müharibəsində sağlamlıqlarını itirmiş gənc əsgər və zabitlərimizin reabilitasiyasında Heydər Əliyev Fondunin xidmətləri misilsizdir. Bu günfond diqqət və qayğıya ehtiyacı olanlara köməyini əsirgəmir. Bundan daha öncə, “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi əsasında 100-dən çox zabit və əsgər müasir protezlərlə təmin olunub.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşərkən xalqımızın vətənpərvər övladlarının qəhrəmanlığını, şücaətini yüksək dəyərləndirdiyini, hər zaman onlara dəstək olacağını vurğuladı: “Siz hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var...”

 

Mehriban xanım Əliyeva onu da bildirdi ki, Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma ən böyük sərvətimiz Azərbaycan xalqıdır: “Doğrudan da, Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğullar yetirib. Analarımız fəxr etməlidirlər ki, sizin kimi igid övladlar böyüdüblər...”

 

2018-2019-cu illərdə daha bir qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olundu. Ümumilikdə layihə çərçivəsində protezlərlə təmin olunan 100-dən çox müharibə əlili yenidən həyata qaytarılaraq əmək fəaliyyətini davam etdirir.

 

Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməmişdən əvvəl də xeyirxahlıq missiyası ilə bəşəriyyətdə özünə dərin rəğbət qazanmışdı. Həmin insanların sosial mənşəyi, siyasi baxışları və dünyagörüşləri də fərqli olub. Onların arasında yurdları təcavüzkar Ermənistan tərəfindən darmadağın edilmiş bir milyiondan artıq qaçqın və məcburi köçkünün olması da təbiidir. Axı bu insanlar daha çox sosial yardıma, mənəvi dəstəyə ehtiyacı olanlar idi...

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2022.- 20 fevral.- S.11.