Sülh və əmin-amanlıq carçısı

 

 

Müdriklər yüzilliklər boyu tarixi simaların cəmiyyətdəki davranışlarını araşdırmağa və məqbul sayıla bilən davranış qaydalarını sistem kimi təqdim etməyə çalışıblar. Antik fəlsəfəni özünəməxsus tərzdə xəlbirləyən fransız filosofu P.Ado nəinki antik dövrə, hətta bütün zamanlara xas olan yaşam düsturunu - “necə yaşamağı”, “necə dialoq aparmağı”, “necə öyrənməyi və dünyanı necə dərk etməyi” kəşf edib. Əslində, antik dövrüngünümüzün müdrikləri dahilərin yaşam fəlsəfəsini araşdırmaqla yox, minillik nümunələrin zəminində bugünün yozumlarını təyin etməyə can atıblar.

Bu gün Qafqaz ölkələrindəki müxtəlif ranqlı liderlərin siyasi dialoq, danışıq bacarıqlarına bəşəriyyətin mövcud fəlsəfi bilikləri prizmasından baxmaq vacibdir. Ado tərəflərin dialoqu haqqında yazır ki, həqiqət zəruridir, lakin bu həqiqətə tərəflər birgə səylərlə yaxınlaşmalıdır. Dialoqa atılan addımlar qarşılıqlı və səmimi olmalıdır. Amma gördüyümüz odur ki, Ermənistan-Azərbaycan münaqişəsinin 30 illik tarixində ermənilərin tərəf kimi ədalətli dialoqa can atmasını sübut edən bircə amil belə yoxdur. Biz antik fəlsəfəni bir yana qoyub, müqəddəs kitabımıza müraciət etsək, hərb və sülh danışıqlarının aparılması barədə maraqlı fikirlərlə rastlaşarıq. Tanrı bizə dəfələrlə tövsiyə edir ki, istənilən savaşda barışa və sülhə yer saxlamaq lazımdır. Yəni sən bilməlisən ki, üz-üzə durduğun düşmənlə gec-tez barışmalısan, sülhə köklənməyə məcbursan. Prezident İlham Əliyev səbirlə uzun illər ərzində erməniləri dialoqa, danışıqlara çağırdı, hətta erməni ordusunun darmadağın edildiyi hər gün onlara Azərbaycan torpaqlarından rədd olub getməyə şans verdi. Onlar bunu anlamadılar.

Məqsədimiz bu illər ərzində Azərbaycanın birinci xanımının sərgilədiyi siyasi mövqeyi də göstərməkdir. O, həmişə iki xalqın sülh və əmin-amanlıq şəraitində yaşamalı olduğunu diqqətə çatdırıb, eyni zamanda bütün ifadələrində erməni faşizmi ilə erməni xalqı arasında fərqi dəqiq büruzə verib və Azərbaycan tərəfinin yüksək dəyərləri qiymətləndirdiyini qeyd edib. Amma bunu qarşı tərəf, elə heç olmasa Ermənistanın birinci xanımı anlayıbmı?

Antik yunan filosofu Platon belə hesab edirdi ki, dialektik dialoqda rəqabət mübarizəsi ilə yanaşı, konsensusa - ortaq məxrəcə gəlməyin də sevinci mövcud olmalıdır. Platona görə, dialoqa qoşulan hər iki tərəf həqiqətə can atmalı və onun tapılacağına inanmalıdır. Müqəddəs kitabımızda müxtəlif ayələrdə deyilir ki, ən ağır mübahisəni də gözəl sözlərlə aparın, elə davranın ki, düşmənin barışacağı günü də əvvəlcədən görə biləsiniz. Bu baxımdan Azərbaycanın birinci xanımı qüsursuz davranışlar nümayiş etdirdi. Müharibənin ən ağır günlərində belə əsl ana, Azərbaycan qadını kimi sonadək barış və sülhə qollarını açdı, bircə kəlmə ilə də olsa, kinini və nifrətini ifadə etmədi.

 Ermənistan liderinin həyat yoldaşının isə 44 günlük müharibədə özünü qalan yerdən də biabır etməsi yadınızdadırmı? O, bir tərəfdən İrəvanda sülhlə bağlı beynəlxalq forumda iştirak edirdi, digər tərəfdən isə Qarabağa cumub təlimlər keçirirdi. Rus şairi Voznesenskinin qadının yeri haqqında gözəl misraları var: “İkona ilə şam arasındadır sənin yerin, öz yerini bil, mənim əzizim...”

 Təəssüf ki, Ermənistanın birinci xanımı bu günədək öz yerini tapa bilməyib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Anna Akopyanın “siyasi debata çağırışlarına məhəl qoymadı, diplomatik dildə bunun tərcüməsi o deməkdir ki, get tayını tap. 2019-cu ildə Anna Akopyanın Azərbaycanın birinci xanımını “muğam məclisi”nə “dəvət”i də heç bir əxlaqa sığmayan gülünc jest kimi Ermənistan tarixinə həkk olundu. Anna onda belə yazmışdı: “Mən indi Mehriban Əliyevanı Qarabağa dəvət etmək istəyirəm və o, bizim qonağımız ola bilər. Erməni xalqı və artsaxlılar qonağı necə qarşılamaq və hörmət göstərməyi yaxşı bilirlər. Bu, həqiqətən dəvətdir... Onun Qarabağda sevimli muğamını dinləmək arzusu yerinə yetər”. Qonşu dövlətin ərazisini işğal edəsən, 30 il bu torpaqları viran qoyasanbütün beynəlxalq normalara tüpürərək təhqiramiz bir tonda ölkənin Birinci vitse-prezidentini öz torpağına muğam dinləməyə çağırasan?! Mehriban xanım bir müddət sonra Qarabağda möhtəşəm muğam festivalı təşkil etməklə özünə və təbiətinə xas tərzdə Annaya cavab verdi.

 Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın həyat fəlsəfəsi Azərbaycan qadınının minillik siması ilə vəhdət təşkil edirharmonik bir tərzdə uzlaşır. Mehriban xanım həm Prezident İlham Əliyevin ömür-gün yoldaşı, həm də ən yaxın silahdaşı kimi bütün fəaliyyətini ölkəmizin hərtərəfli tərəqqisinə, Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərinin tərənnümünə həsr edib. Bu baxımdan onun regionda kiminləsə müqayisə edilməsi qeyri- mümkündür. Mehriban xanım dünyaya müasir Azərbaycan qadınının qürur doğuran fərqli surətini ləyaqətlə təqdim edir. Onun atdığı bütün addımlar, reallaşdırdığı çoxsaylı layihə bunu təsdiq edir.

Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi qeyri-maddi mədəni irsin qorunması istiqamətində İçərişəhər, o cümlədən Şirvanşahlar sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri və Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilməsinə, muğam və aşıq sənətimizin, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi” və Azərbaycan kəlağayı sənətinin Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salınmasına nail olmuşdur.

 Mehriban xanım 2017-ci ildə Birinci vitse-prezident vəzifəsinə təyin edildikdən sonra onun fəaliyyəti daha geniş və daha zəngin olmuşdur. O, uzun illərdir ki, ev-eşiklərini itirən məcburi köçkünlərə analıq edir, Heydər Əliyev Fondunun xətti ilə Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrinin və qazilərimizin könüllü qəyyumuna çevrilib.

 Ermənistanın birinci xanımı 44 günlük müharibədə səngərlərdə poz verəndə ağır yaralanan qazilərimizin Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə müalicəsi təşkil edilirdi. İndi isə müharibədə sağlamlıqlarını itirmiş əsgər və zabitlər yüksək texnologiyalı protezlərlə təmin olunur. 10 minlərlə erməni müharibədən fərari kimi qaçmışdı. Onların sırasında Qarabağdan təcili qaçıb dünya turnesinə çıxan ermənilərin birinci xanımı da var idi.

Mehriban xanım işğaldan azad edilmiş bütün bölgələrə dövlət başçısı ilə birlikdə dəfələrlə səfərlərə çıxanda ermənilərin sevimli ledisinin haralara qaçıb gizləndiyi məlum deyildi. Böyük qələbədən sonra Prezidentimizlə birlikdə Qarabağa çoxsaylı səfərin, dünyaya səs salan möhtəşəm “Xarıbülbül” Musiqi Festivalının təşkili birinci xanımın xidmətləri sırasında xüsusi yer tutur. “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” Bu, birinci xanımın xeyir-duası idi.

 Şuşadan muğam səsi, Üzeyir bəyin yeri-göyü silkələyən uvertürası ucaldı və bu səsin əks-sədası bütün dünyaya yayıldı. Bir neçə ay əvvəl Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtında keçirilmiş “Xarıbülbül” festivalı bütün faşist ideologiyasına verilən ən tutarlı cavabdır. Bu gün Vaqifin məqbərəsi, Bülbülün ev-muzeyi bərpa edilmiş, Üzeyir bəyin heykəli doğma Şuşasına qaytarılmışdır. Hər gün bu tədbirlərin sayı artır.

 

 

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2022.- 20 fevral.- S.13.