Xalqımızın
qürur mənbəyi
UNESCO-nun Baş konfransında qəbul edilən qərara əsasən 2000-ci ildən bütün dünyada fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Məqsəd dünyada mövcud olan dilləri qorumaq, hər kəsə öz doğma dilinin varlığını hiss etdirmək, onunla qürur duymaq, qorumaq, inkişaf etdirmək, dil-üslub xüsusiyyətlərinə əməl etməkdir. Bu tarixi gün respublikamızda da yüksək səviyyədə qeyd edilir, təlim-tədris müəssisələrində Azərbaycan dilinin əhəmiyyətindən, xalqın varlığı üçün zərurətindən bəhs edilir, orta və ali təhsil ocaqlarında bu günə həsr olunan xüsusi dərslər, tədbirlər, yığıncaqlar keçirilir.
Dünyanın müxtəlif ölkələrində yaşayan xalqlar üçün ana dili millətin tarixi mədəniyyətinin və digər özünəməxsus xüsusiyyətlərinin kompleks halında birləşdiyi unikal hadisə kimi səciyyələndirilir.
Bu gün dünyada yaşayan minlərlə millət və etnik qrup sayı iki yüzə çatmayan dövlətlərin bayrağı altında yaşayır və işləyir. Bu dövlətlərin rəsmi dövlət dilləri 70-i keçmir. Onda hər hansı bir millətin öz dilinin öz ölkəsində dövlət dili olmasının əhəmiyyətini dərk etmək o qədər də çətin olmur. Bu mənada, dilin dövlət dili statusu qazanması həqiqətən qürur doğuran tarixi hadisədir.
Dünyanın ən nüfuzlu dövlət xadimlərinin və dilçi alimlərinin qənaətinə görə, dil hər bir millətin maddi və mədəni irsini qoruyan, habelə inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Hər bir xalqın kökü ana dilindən başlanır, odur ki, insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Dünya şöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyev demişdir: “Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək, olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır”.
Dil istənilən xalq üçün maddi və qeyri-maddi irsin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində ən güclü vasitələrdən biridir. Müxtəlif ölkələrdə ana dilinin təbliği üçün həyata keçirilən bütün tədbirlər təkcə linqvistik müxtəlifliyi və çoxdilli tədrisi həvəsləndirmək baxımından deyil, eyni zamanda, qarşılıqlı anlaşmaya, tolerantlığa və dialoqa əsaslanan mühitin formalaşması üçün də vacibdir. Dil cəmiyyətə, sosial inteqrasiyaya, təhsil və tərəqqiyə təsir gücünə görə bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən dəyərlərdəndir.
Tariximizdən o da məlumdur ki, Xalq yazıçısı Mirzə İbrahimov 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin sədri vəzifəsində olarkən parlamentin 1937-ci il Azərbaycan Konstitusiyası Qanununa əlavələr etməklə Azərbaycan dilini dövlət dili kimi qəbul etməsi keçmiş SSRİ rəhbərliyinin neqativ reaksiyasına səbəb olmuş və bu qəti addıma görə M.İbrahimov vəzifəsindən kənarlaşdırılmışdır.
Ölkəmizdə dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atmış və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalamışdır.
Zaman-zaman inkişaf edib zənginləşən dilimizin statusunun özünə qaytarılması birmənalı olaraq Ümummilli Lider Heydər Əliyevə məxsusdur. Heydər Əliyev hələ Sovet İttifaqı dövründə, mərkəzin ciddi müqavimətinə baxmayaraq, respublikamızda Azərbaycan dilinin dövlət dili statusunun 1978-ci il Konstitusiyasında əks olunmasına nail ola bilmişdi.
Konstitusiyanın qəbulundan keçən illər ərzində dil siyasətinin ayrı-ayrı konkret cəhətlərinə dönə-dönə qayıdılması, ana dilimizin statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsi, bu sahədə müxtəlif qanunların qəbulu, fərman və sərəncamların verilməsi dövlətimizin ana dilimizə nə qədər ciddi yanaşdığını sübut edir. Belə hüquqi sənədlərdən biri də Ulu Öndərin 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanıdır. Bu tarixi sənəd beynəlxalq aləmdə Azərbaycan dilinin mövcudluğuna yeni nəfəs və yüksəliş verdi. Bundan sonra nəinki respublikamızda, hətta xarici ölkələrdə yaşayan, işləyən, habelə müxtəlif ali məktəblərdə təhsil alan gənclər tərəfindən hər il 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi böyük təntənə ilə qeyd edilir. Onu da vurğulamaq yerinə düşər ki, Ümummilli Liderin rəhbərliyi ilə hazırlanmış və 2002-ci il sentyabrın 30-da qüvvəyə minmiş “Dövlət dili haqqında” qanun Azərbaycan dilinin düzgün şəkildə tətbiqi və inkişafı istiqamətində tədbir görülməsində ən əhəmiyyətli sənədlərdən biridir.
Ulu Öndərə məxsus bir fikir bu gün də bizim hər birimiz üçün istiqamətverici məna daşıyır: “...Musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir”.
Ölkəmiz öz tarixi müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyası həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etmişdir. Azərbaycan dilinin dövlət dili kimi əbədiliyinə hüquqi zəmin yaradılmış, dilimizin fəaliyyət coğrafiyası daha da genişlənmiş, onun müxtəlif üslubları elmi araşdırmalarla dünya ictimaiyyətinə çatdırılmış, bütünlükdə dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılmışdır.
Azərbaycan dilinin inkişafı missiyasını uğurla davam etdirən Prezident İlham Əliyev müasir dövrdə dilçiliyimizə böyük diqqətlə yanaşır. 2012-ci il 23 may tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamı Azərbaycan dilinə olan qayğının bariz nümunəsidir. 2013-2020-ci illəri əhatə edən bu proqram çərçivəsində bir sıra zəruri tədbirlər həyata keçirilmişdir. Ölkə rəhbərinin 13 noyabr 2017-ci il tarixli sərəncamı isə dövlət dilimizin inkişaf perspektivlərinin müəyyənləşdirilməsinə xidmət edir.
Dövlət dilinin həyatın hər bir sahəsində qeyd-şərtsiz işləkliyinin genişləndirilməsini nəzərdə tutan bu sənədlər ölkəmizdə dövlət dilinin tətbiqinin normativ-hüquqi əsaslarını və icra mexanizmini tam müəyyən etmişdir.
Qloballaşma proseslərinin geniş vüsət aldığı müasir dövrdə texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə mənimsənilməsi, habelə maneəsiz informasiya mübadiləsi imkanlarının artması ana dilimizin potensial imkanlarından lazımınca istifadəsində müəyyən çətinliklər yaratmaqdadır. Mövcud şərait milli ideya - azərbaycançılıq məfkurəsi işığında milli varlığımızın ifadəsi olan Azərbaycan dilinin saflığının qorunması, istər danışıq, istərsə də ədəbi-bədii yazılarda ana dilindən düzgün istifadə daim diqqət mərkəzində saxlanılmalıdır.
Rəhman SALMANLI,
Azərbaycan.-2022.- 20 fevral.- S.14.