Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ağdamda ermənilərin törətdiyi vəhşiliklərlə tanış olublar

 

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” adlı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qış məktəbinin iştirakçıları Ağdamda ermənilərin törətdikləri vəhşiliklərlə tanış olub, işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o cümlədən İmarət kompleksinə, Ağdam Cümə məscidinə və Şahbulaq qalasına baxış keçiriblər. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qonaqlara Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi barədə də ətraflı məlumat veriblər. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi-mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.

Qış məktəbinin Türkiyədən olan iştirakçısı Merve Özneman Ağdamda gördüklərindən çox təsirləndiyini bildirib: “Bura öz yurdum kimidir. Amma üzücü vəziyyətlə qarşılaşdıq. Ermənilər Ağdamı tamamilə dağıdıblar. Məscidi ziyarət etdik, çox bərbad vəziyyətə salınıb. Öyrəndik ki, ermənilər işğal dövründə burada heyvan saxlayıblar. Təəssüf ki, biz türklərə bu şəkildə zərər verməyə çalışıblar. Amma məqsədlərinə çata bilmədilər. Ağdam şəhərinin ruhsuz olduğunu gördüm. Torpağın üzərində sadəcə yığılmış daşlar var. Olduqca üzücü vəziyyətdir. Vaxtilə burada xoşbəxt ailələr olub, küçələrdə uşaqlar oynayıb. İnsanların öz yurdundan çıxarılması faciəvi vəziyyətdir. Ümid edirəm, hər şey gözəl olacaq. Təbii ki, buranı gözəlləşdirəcəyik”.

Ukraynadan olan iştirakçı Polina Orlova isə deyib: “Bu gün biz Ağdamdayıq. Hər tərəf dağıdılıb. Burada bir dənə də salamat bina yoxdur. Ağdam məscidi XIX əsrdə tikilib. Gözəl tarixi abidədir. Bu cür gözəl tikilinin dağıdılmasına təəssüf edirəm. Bu şəhərdə nə insan var, nə də bir dənə salamat tikili. Bura sadəcə “ruhlar şəhəri” demək doğru olar”.

Qış məktəbinin iştirakçıları Ağdamdan Şuşa şəhərinə yola düşüblər.

 

Azərbaycan.-2022.- 20 fevral.- S.14.