Qubadlının ilk hərbçi şəhidi

 

 

“Qubadlının ilk hərbçi şəhidi Mehman Ağayarovun şəhadətindən 30 il keçir. O, unudulmaz komandir, Milli Qəhrəman Əliyar Əliyevin batalyonunda vuruşub. Keçən əsrin 80-90-cı illərində erməni quldurlarının torpaqlarımıza təcavüzləri nəticəsində Mehman da ailəsi ilə birlikdə Qərbi Azərbaycanın Qafan rayonundan Qubadlıya pənah gətirib. Burada Əliyar Əliyevlə tanış olaraq düşmənə qarşı mübarizəyə qatılıb. İgidimiz düz 30 il bundan əvvəl 1992-ci il fevralın 19-da Məlikəhmədli kəndində gedən döyüşlər zamanı şəhadətə yüksəlib”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Sumqayıtda yerləşən şəhidin adını daşıyan Qubadlı rayonu Kavdadıq kənd tam orta məktəbdə onun qəhrəmanlığına, həyat yoluna həsr edilən tədbirdə səsləndirilib.

Tədbirdə iştirak edən Qubadlı rayonunun ictimaiyyət nümayəndələri, Mehmanın döyüş yoldaşları və ailə üzvləri onun xatirəsini ehtiramla anıblar və göstərdiyi igidliklərdən bəhs ediblər.

Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev Mehman kimi igidlərimizin hünərindən danışaraq bildirib ki, indi rəşadətli ordumuz torpaqlarımızı düşmən tapdağından azad edərək bütün şəhidlərimizin ruhunu şad edib. Dövlətimiz isə Mehman kimi qəhrəmanlarımızın unudulmaması üçün əlindən gələni edir. Şəhid ailələri xüsusi qayğı ilə əhatələniblər.

İntiqam hissi ilə yaşayan Mehmanın düşməndən qisas almaq ən böyük arzusu idi. İndi Qubadlının azad olmuş torpaqları şəhidimizin ruhuna su səpir”,- bu sözləri isə Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov söyləyib.

Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbinin direktoru Alimə Bayramova da Vətənimizin hər qarışında şəhidlərimizin, qazilərimizin xatirəsi əziz tutulduğunu bildirib. Düşmən üzərindəki Qələbəmizin əbədi olacağına əminliyini ifadə edib.

Tədbir iştirakçıları, şəhidin döyüş yoldaşları və ailə üzvləri öz ürək sözlərini bölüşüblər.

Tədbirdə Mehman Ağayarov haqqında hazırlanan “Qubadlının ilk hərbçi şəhidi” filmi də nümayiş olunub.

 

Azərbaycan.-2022.- 20 fevral.- S.16.