Dəyərlərdən gələn işıq

 

Zəngin mədəniyyətimizin nümunələri - Azərbaycan xalçaları

 

Azərbaycan xanımları toxuduqları xalçalara sadəcə bir məişət əşyası kimi baxmayıblar. Tarix boyu belə olub. Hər xalçaçı bu sənətin incəliklərini öz ustalarından öyrənib və ənənələri davam etdirib. Eyni zamanda toxuduğu hər xalçaya öz aləmindən baxmağı bacarıb. Vurduğu hər naxışda, atdığı hər ilmədə öz duyğularını, düşüncələrini, arzularını, xəyallarını da ifadə edib. Nəticədə Azərbaycanın xalçaçılıq sənəti gündən-günə zənginləşib.

Ölkə ərazisində aparılan arxeoloji qazıntılara və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu Tunc dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlib. Tarixi mənbələrə əsasən, Azərbaycan Orta əsrlər dövründə Şərqdə xovluxovsuz xalçaların istehsalına görə mühüm mərkəzlərdən biri hesab edilib. Tədqiqatlardan məlumdur ki, Azərbaycanın şimal-şərq hissəsi XI-XII əsrlərdə yüksək keyfiyyətli xalça istehsalına görə mərkəz kimi tanınıb. Orta əsrlərdən başlayaraq, Azərbaycan xalçaları bütün dünyada xüsusilə tacirlərin marağına səbəb olub. İpək yolu üzərində olan dövlətlərdə xalça sənəti mövcuddur. Ancaq  Azərbaycan xalçası bütün ölkələrdə istehsal olunan xalçalardan daha zəngindir. Məmləkətimizdə əsrlər boyu müxtəlif toxunuş və ornamentlərlə zəngin olan saysız-hesabsız xalça növləri yaranıb.

Azərbaycan, ümumiyyətlə, qiymətli arxeologiya, mədəniyyət, mənəviyyat örnəkləri ilə UNESCO-nun qeyri-maddi irs siyahısında yer tutub. Zəngin mədəniyyətimizin ən gözəl, ən dəyərli nümunələrindən olan Azərbaycan xalça sənəti də 2010-cu il 15-18 noyabr tarixlərində Keniya Respublikasının Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin X sessiyasında bu qurumun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Bu, ölkəmizdə qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlərdən biri olub. Bundan əvvəl isə muğam və aşıq sənəti, Novruz bayramı UNESCO-nun müvafiq siyahısına salınıb.

Azərbaycanın qeyri-maddi mədəniyyət nümunələri də bəşəri dəyərlərin dünyada qorunması, onların gələcək nəsillərə çatdırılması istiqamətində məqsədyönlü və ardıcıl aparan UNESCO-nun diqqətindədir. Muğam sənəti, Novruz bayramı, aşıq və xalça sənətinin təşkilatın qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına daxil edilməsi bunun bariz nümunələridir.

Diqqətə çatdıraq ki, Azərbaycan xalçaları uzun illər bəzi dünya ölkələrində İran, Qafqaz xalçaları kimi təqdim edilib. Bu gün isə artıq Azərbaycan xalçaları kimi tanınır.

Qeyd etdiyimiz kimi, 2010-cu ildə Azərbaycan mədəniyyətində əhəmiyyətli hadisələrdən biri baş verib. Belə ki, xalçaçılıq sənətimiz UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.

Artıq dünyada öz adı, öz ünvanı ilə tanınmaqda, tanıdılmaqda olan Azərbaycanda xalçaçılıq sənəti bu gün öz tarixi inkişaf yolunu uğurla davam etdirir. Bununla yanaşı, bu sənət öz mənbəyindən ayrılmır, xalçalarımız ənənəvi qaydada toxunur. “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanunun qəbul edilməsi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün müasir standartlara uyğun binanın inşa edilməsi bu qədim el sənətinin inkişafına təkan verib.

 

 

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2022.-13 fevral.- S.5.