Adı hörmətlə xatırlanan ustad
2020-ci ilin noyabrında Şuşa 30 illik erməni işğalından azad ediləndən sonra onun ictimai-mədəni həyatında yeni dövr başlanmışdır. Buna görə Şuşanın tarixində iz qoymuş, tanınmış şəxsiyyətlərin ruhu da şaddır. Bu şəxsiyyətlər içərisində xatırlananlardan biri də XVIII əsrin ikinci yarısından muğam sənətinin inkişafında mühüm xidmətləri olmuş Hacı Hüsüdür.
Mahir ifaçılığı ilə yanaşı, muğamlarımızın təbliğində əvəzsiz xidmətləri olmuş Hüsü Niftalı oğlu 1839-cu ildə Şuşanın Çölqala məhəlləsində dünyaya göz açıb. Papaqçılıqla məşğul olan atası yaxşı sənətkar kimi tanınıb. Hüsü ilk təhsilini molla məktəbində alıb və elə bu dövrdən onun məlahətli səsinin olduğu aşkara çıxıb. Şuşada yaratdığı məktəbdə bir çox xanəndəni yetişdirən Xarrat Qulu onun səsini, musiqi duyumunu yoxlayıb, qeyri-adi istedadını bəyənib və məktəbə qəbul edib.
Görkəmli musiqişünas Firidun Şuşinski araşdırmalarının birində yazıb: “Azərbaycan vokal sənətinin görkəmli nümayəndəsi olan Hacı Hüsü, sözün həqiqi mənasında, böyük xanəndə olub. O, xanəndəlik sənətində yeni bir dövr açıb. Eyni zamanda bu sənəti yüksək bir məqama çatdırıb. O, nəinki muğam oxumaqda, eyni zamanda milli Azərbaycan musiqisinin bütün sahələrində böyük ustad olub. Qədim xalq musiqisini sonsuz bir məhəbbətlə sevib. Şərq, eləcə də Azərbaycan səhnəsi lirik dramatik, tenor tipli səslər çox görüb. Lakin Şərqdə Hacı Hüsünün səsi kimi hərtərəfli tembr gözəlliyinə malik ikinci bir incə və təravətli səs olmamışdır”.
Mənbələrin yazdığına görə, 1880-ci ildə İran hökmdarı Nəsrəddin şah Hacı Hüsünü Təbrizə, oğlunun toyuna dəvət edir. Məşhur İran musiqiçilərinin də çıxış etdiyi toy ziyafəti başa çatanda şah tərəfindən ən ali mükafat Hacı Hüsüyə verilir.
Sevimli müəllimi Xarrat Qulu dünyasını dəyişəndən sonra Hacı Hüsü tanınmış maarifçi Mir Möhsün Nəvvabla görüşərək ustadının xatirəsini yaşatmaq, musiqi məclisi yaratmaq fikrini ona açıqlayır. Beləliklə, Şuşada “Musiqişünaslar məclisi”nin əsası qoyulur. Məclisin üzvləri sadəcə çalıb-oxumaqla kifayətlənmir, həmçinin muğam sənətini inkişaf etdirir və davamçılarını yetişdirirlər. Bəzi araşdırmalarda oxuyuruq ki, Hacı Hüsü ilk dəfə olaraq Şuşada “Xanəndələr ittifaqı” da yaradıb. Onun üzvləri arasında dövrün tanınmış ifaçılarından Keçəçioğlu Məhəmməd, Malıbəyli Cümşüd, Məşədi İsi, Cabbar Qaryağdıoğlu, Malıbəyli Həmid, Məşədi Məmməd Fərzəliyev və başqaları olub.
Qarabağın musiqi beşiyi adlandırılan Şuşada musiqişünaslığın tədqiqi ilə məşğul olan hər kəs böyük qürur hissi ilə bildirir ki, Hacı Hüsü Şərq klassiklərinin qəzəllərini böyük şövqlə, ilham və məhəbbətlə oxuyub. Bu səbəbdən də xalq arasında “gözəllik aşiqi” adlandırılıb, hətta haqqında əfsanə və rəvayətlər də yaranıb. O, muğamlar üzərində günlərlə, həftələrlə çalışar, onları təkmilləşdirər, yeni-yeni guşələr və xallar əlavə edərmiş. Mənbələrdə göstərilir ki, o, “Rast”, “Şur”, “Mahur” və başqa muğamlara bənzərsiz yeniliklər gətirib. Musiqişünas F.Şuşinski “Qarabağ xanəndələri” kitabında yazıb: “O, “Kürdü” muğamına “Şahnaz”ı əlavə edərək birlikdə “Kürdü-Şahnaz” oxuyub”.
Cəlilbəy Bağdadbəyov “Qarabağ xanəndələri haqqında xatirə” kitabında belə qeyd edib: “Hacı Hüsü oxuyarkən uzaq məhəllələrdən gəlib bu cazibəli səsə qulaq asardılar. Onun uzun nəfəsi, bənzərsiz zənguləsi var idi...”
Görkəmli sənətkar ömrünün müdrik çağlarında Həcc ziyarətində olur. Bundan sonra toy məclislərində oxuması xurafatçılar tərəfindən birmənalı qarşılanmır. O, bunlara əhəmiyyət vermədikdə bəzən ruhanilərin təzyiqlərinə məruz qalır. Hacı Hüsü uzun müddət Şuşada Gövhər ağa məscidində azan çəkərək içindəki yanğını minacatla söndürərmiş. Hərdən minbərdə əvvəlkitək ucadan “Segah” da oxuyar, zilə qalxar və zəngulələri ilə hər kəsi heyrətləndirərmiş.
Ötən ilin sonlarında Özbəkistan portalının Azərbaycan muğamları haqqında dərc etdiyi məqalədə məşhur “Qatar” muğamının Şuşada Hacı Hüsü tərəfindən yaradıldığı bildirilir. Belə ki, xanəndə Qatar kəndindən Şuşaya gəldiyi üçün muğam da bu kəndin adı ilə tarixə düşüb. Bu muğamı sonralar Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Segah İslam, Cahan Talışinskaya və digər xanəndələr ifa ediblər.
Ömrünün sonlarında Türkmənistanın Aşqabad şəhərinə köçən Hacı Hüsü burada 1898-ci ildə 59 yaşında haqq dünyasına qovuşub. Klassik musiqi sənətində adı daim hörmətlə xatırlanan ustadı xalqımız heç vaxt unutmur.
Rəhman SALMANLI
Azərbaycan.- 2022.-13 fevral.- S.5.