LƏLƏTƏPƏ
SƏLTƏNƏTİ
Vətən
müharibəsinin yeganə xanım şəhidi Arəstə
Baxışovanın unudulmaz xatirəsinə ithaf
Hekayə
Bu müharibə hekayətini
İkinci Qarabağ savaşında yaralanıb ordudan tərxis
olunmuş bir döyüşçü danışıb. Daha
doğrusu, birgə iştirak etdiyimiz tədbirdə gənclərə
müharibə xatirələrini danışanda
eşitmişdim.
Məlumdur ki, müharibənin
hər anı qeyri-adi hekayətlərlə əbədiləşir. Bu müharibə
əhvalatlarını çox vaxt maraqla dinləsək də,
bəzən təbii hesab edir, bəzən ölümlü
sonluqlara görə təəssüflənir, bəzən də
gənclərimizin qəhrəmanlıqlarından
qürurlanırıq. Beləcə,
müharibə bizim yaddaşımızda yaşamaqda davam edir.
Amma istefada olan hərbçimizin
danışdığı “Lələtəpə Səltənəti”
əhvalatı həm də adına
görə diqqətimi cəlb etdi. Necə yəni
Lələtəpə Səltənəti?
Bu ifadəni unuda bilmirdim. Elə hey
yaddaşımda dövr edir, məndən
ayrılmırdı.
Səltənət
könüllü olaraq şəfqət bacısı kimi
şərəfli bir missiya ilə müharibədə
iştirak etmiş gənc azərbaycanlı qızın
adıdır.
***
İkinci Qarabağ
savaşı nə qədər gözlənilən olsa da,
insanların düşüncəsində şimşək
kimi çaxdı. Müharibənin başlanma xəbərini
hərə bir cür qarşıladı. Bu
xəbərdən sonra elə bil ki, hər kəs özü
haqqında düşünür, mövqeyini seçirdi.
Səltənət
universitetin birinci kursunda, hüquq fakültəsində
oxuyurdu. Atası Murtuza Zərgərli polis mayoru idi,
Bakının rayonlarından birində işləyirdi. Murtuza arvadı Fatimə ilə çiyin-çiyinə
iki oğul, bir qız böyütmüşdü. Oğlanlarını yerbəyer etmişdilər, hər
ikisi ev-eşik sahibi olmuşdu. Murtuza Zərgərli də
oğlanlarının fərasətinə baxıb
qürurlanır, arvadına da hərdən
sataşırdı:
- Görürsən, ataya çəkmək
belə olar.
- Nə olar, lap yaxşı. Deyirsən,
mənim heç payım yoxdu?, - bunu da
Fatimə əri Murtuza Zərgərlinin sözünü
cavabsız qoymamaq üçün deyirdi.
- Yox e, mən sənin zəhmətini
danmıram, Fatimə. Amma...
- Daha nə amma? Sözünün
Məmmədvəlisini de.
- Deyirəm e, Fati, elə deyil ki, səndən
gizləyim.
- Yaxşı, açıq
danış, canım, - Fatimə evdə çox vaxt ərinə
elə “canım” deyirdi.
Murtuza Zərgərli də
arvadının ona “canım” dediyinin arxasında nə
dayandığını yaxşı bilirdi. Həmişə
“canım” müraciətindən sonra aralarında tufan qopurdu.
İndi Murtuza Zərgərli söhbəti
uzatmamaq üçün “amma”sını tez
açıqlamalı oldu:
- Fatimə, elə bil “amma” yoxdu, ancaq
mən bu qızdan nigaranam. Orta məktəbi
qurtaranda, ad günlərində aldığımız hədiyyə,
qızıl-zinət əşyalarına heç
gözünün ucu ilə də baxmır. Orta məktəbi qurtaranda dedik həkim olsun.
Dedi yox, mən hüquq fakültəsinə girəcəyəm.
- Nə olsun, canım, yaxşı ali təhsil alar. Özü də
çox gözəl oxuyur. Bir işin
qulpundan yapışar.
- Yox e, Fati, mən
danışdırmışam, deyir, gərək prokuror olum.
Əlbəttə, bunu Fatimə də
bilirdi, ona görə təəccüblənmədi:
- Olsun da. Prokuror olsun,
dünya dağılacaq? O qədər qadın hüquq
işçisi var ki, biri də bizim Səltənət.
Fatimə deyəsən
söhbəti yekunlaşdırmaq istəyirdi. Amma Murtuza Zərgərli
sözü bu yerdə bitirmək fikrində deyildi.
Qızı sarıdan narahatlığını axıracan
çatdırmaq fikrində idi:
- Nə deyirəm, olsun. Axı orta məktəbi
bitirəndə gələn elçilərə də “yox”
dedi. Gül kimi oğlanlar idi. Ataları da yaxşı iş-güc sahibləri.
- Nə bilim, canım, qoy görək
də...
Murtuza Zərgərli daha
söhbəti uzatmadı. Geyinib evdən
çıxdı.
***
Axşamtərəfi idi. Qızı
indilərdə qapını açacaqdı. Fatimə narahat deyildi. Onun yeməyini
hazırlayıb mətbəxdə hər cür tədarük
görmüşdü. Ona görə də
televizorun qabağında yerini rahatladı, çoxdan bəri
izlədiyi seriala baxmaq niyyətində idi.
Elə ananın
düşündüyü kimi, bu vaxt qapının zəngi
çalındı. Fatimənin bir gözü televizorda idi.
Serialın adı artıq ekranda
görünürdü. O tez qapıya gedib zənciri
çəkdi, açarı burdu. Qapı
açılan kimi qızı Səltənət
qapının ağzında onunla üzbəüz gəldi.
Səltənətin qeyri-adi
görkəmi Fatimənin nəzərlərindən
yayınmadı. Elə bil ki, qız
pörtmüşdü. Nəysə bir təlaşı
da hiss olunurdu.
- Nə olub, ay qızım, niyə
bu görkəmdəsən?
- Nə görkəmdəyəm ki?
- Yox, yox. Mən
görürəm, sən həyəcanlısan. Nəsə
təlaşın var. Bəlkə küçədə, yolda
kimsə...
- Ay ana, elə bir şey yoxdur.
- Yaxşı, gəl, gəl içəri.
Naharın hazırdır, mətbəxə
keç.
- Yox, əvvəlcə bir
üzümə su vurum.
- Hə, nə olar, lap yaxşı. -
Fatimə daha ekranın qabağına qayıtmadı. Çünki qızının təlaşından
narahat olmuşdu. Səltənət yuyunub
qurulandı. İndi yadına
düşdü ki, heç günorta da heç nə yeməyib.
Fatimə qızının
arxasınca mətbəxə gəldi. Ona yemək
çəkdi.
Anasının bişirdiyi
şorbadan bir-iki qaşıq aldı. Çörəklə
pomidor-xiyar salatı da yedi. Deyəsən,
özünə gəldi. Anasının
nigaran baxışlarından anladı ki, o, Səltənətin
söhbətini gözləyir. Birdən
qaşığı nimçənin kənarına vurmaqla
sanki tərəddüdlərini qovdu. Anası ilə
açıq danışmaq qərarına gəldi:
- Ana, bilirsən də, neçə
gündür müharibə gedir. Bu, əvvəlki
savaşlara bənzəmir. Açıq-aşkar hiss olunur
ki, bu savaşda Vətənin taleyi həll olunur.
- Vətənin taleyinin sənə nə
dəxli, ay bala? Sən ki, kişi deyilsən?..
- Necə yəni mənə nə dəxli?
Mən bu Vətənin övladı deyiləm?
Axı Vətənin müqəddəratı həll olunanda nə
kişi, nə qadın?
- Olsun, lap yaxşı. Biz də nigaranıq. Atan deyir ki,
gərək müharibəyə də kömək edək.
Yəqin ki, bu yaxın günlərdə
maaşından ayıracaq. Əsgərlər
üçün vacib olan şeyləri alıb göndərəcək.
- Yox e, ana, bu can
savaşıdır, nəsə alıb göndərməklə
işimiz bitir ki?
- Axı bunların sənə nə
dəxli?, - Fatimə lap darıxdı, -
bizə dua etmək qalır. Dua edərik ki, əsgərlərimizə
Allah kömək olsun.
- Biz özümüz kömək etməsək,
Allah nə kömək edəcək?
- Atan kimi söhbəti çox
uzatma, sözünün “Mustafasını” de.
- Hə, madam ki, belə oldu, mən
sözümün “Mustafasını” deyirəm. Müharibəyə
gedəcəm. Qrupumuzdan bir neçə
qızla danışmışıq. Lap
doğrusunu bilmək istəsən,
çağırış məntəqəsinə gedib ərizə
də yazmışıq.
- Vay, biz ölmüşük ki, sən
özbaşına gedib ərizə yazasan?
- Ana, söhbət bitdi. Mənə
xeyir-dua ver, “yaxşı yol” dilə...
Murtuza Zərgərli
axşam evə gələndə söhbət bir də təzələndi. Ərinin əsəbi
davranışı da vəziyyəti dəyişə bilmədi.
Bircə onu dedi ki, bu kimə çəkib, mən bilmirəm.
Və bu sözləri deyəndə, əlbəttə,
arvadı Fatiməni də başdan-ayağa gözdən
keçirdi. Fatimə də çiyinlərini
çəkdi.
Murtuza bir az sakitləşdi.
Əslində, sakitləşməmişdi,
özünü zor-güc ələ almaq istəyirdi. Səsinin
də əsəbi tövrünü dəyişərək
söhbəti mübahisədən çıxarmaq niyyəti
ilə asta-asta dilləndi:
- Qızım, getmək
üçün ərizə verib sonra bizi razı salacaqsan?! Bərəkallah!
Amma eybi yoxdur, voyenkom mənimlə
tanışdır. Zəng vurub başa
salaram ki, qız lap uşaqdır, hələ neylədiyini
bilmir. Özü də Bakı Dövlət
Universitetinin birinci kurs tələbəsidir. Heç kim onu dərsdən ayıra bilməz.
Səltənət ayağa qalxıb
hirslə:
- Yox, ata, mən artıq qərarımı
vermişəm.
Murtuza təcrübəli
polis məmuru idi. İşlədiyi bu 30-35 ildə nə
cür hadisə desən şahidi olmuş, nə cür
üzlər desən görmüşdü. Ancaq doğma qızının gözəl
üzündə gördüyü qətiyyəti indiyədək
heç kimdə sezməmişdi. Ona görə də
dönüb aciz-aciz arvadının üzünə baxdı:
- Fatimə, sən Allah, bu qız nə
danışır?
- Sən məndən soruşursan?, - deyə Fatimə hirslə ərinin
üzünə baxıb onun xeyli yumşaldığına
etiraz əlaməti olaraq səsini bir az da qaldırdı:
- Sən məndən soruşursan,
yoxsa mən səndən soruşuram?!
Əri də eyni hirslə:
- Əlbəttə, mən səndən
soruşuram. Anası sən deyilsən məgər?!
Bu zaman qaçıb
qonşu otaqda çarpayıda üzüüstə
yıxılan Səltənətin ağlamaq səsi
eşidildi və ərlə arvad sarsılmış halda
bir-birlərinin üzünə baxdılar.
...Səltənət şəfqət
bacısı kimi hərbi hissəyə gələndə
artıq peşəsi üçün lazım olan
bütün məlumatları öyrənmiş, hətta hərbi
hospitalda da qısamüddətli kurs keçmişdi. Birhəftəlik hazırlıq ona bəs etmişdi.
Bu, o vaxt idi ki, Azərbaycan
Ordusunun ön hissələri artıq Xudafərinə
çatmaqda idi. Suqovuşanda da qanlı
çarpışma gedirdi. Düşmənin
sərt müqavimətinə baxmayaraq Suqovuşan da
işğaldan azad edilmişdi.
Əlbəttə, ermənilər
asanlıqla təslim olmaq fikrində deyildilər. Ona görə
də Aprel döyüşlərində azad edilmiş Lələtəpəyə
hücum planlaşdırırdılar. Onlar
istəyirdilər ki, Lələtəpəni təzədən
geri almaqla hücumda olan ordumuzun əlaqəsini kəsib hərbi
hissələrimizi mühasirəyə salsınlar. Ancaq görünür, ermənilərin bu hiyləsindən
komandanlığın xəbəri vardı. Ona görə də Lələtəpə istiqaməti
kifayət qədər möhkəmləndirilmişdi. Artıq neçə gün idi ki, Lələtəpədə
əsgərlər Səltənətin özünü
tanımışdılar. Səltənət
də bir yerdə sakit durmurdu. Ayrı-ayrı
səngərlərə girir, əsgərlərin
ovqatını soruşur, onlardan hal-əhval tuturdu.
Əlbəttə, belə
görüşlər vaxtı gənc hərbçilər
zarafatsız da ötüşmürdülər:
- Bu, Lələtəpənin Səltənətidir,
biz onu düşmənə vermərik.
Səltənət də bu
sözlərdən qürurlanırdı.
Sakitlik çox çəkmədi. Kəşfiyyatçılar
xəbər gətirdilər ki, düşmən Lələtəpə
istiqamətinə ağır toplar cəmləyir,
minaatanları çəkib gətirirlər.
Komandir az vaxt
içərisində səngərləri gəzdi. Əsgərlərin döyüş ruhunu
müşahidə etdi. Səltənət
də onun yanında idi. Gənc qız
hansı səngərə ayaq qoyurdusa, elə bil ki, əsgərlərin
üzünə gün düşürdü. Hətta kiminsə həyəcanı olsa belə
tez-tələsik özünü cəmləyir və inamla
dayandıqlarını nümayiş etdirirdilər.
...Axşam oldu, sakitlik hələ
davam edirdi. Səhərə yaxın ilk mərmi
partlayışı yeri-göyü tərpətdi.
Dalınca da minaatanın səsi... Aləm
bir-birinə qarışmışdı. Kimsə Səltənəti
çağırdı:
- Bacı, hardasan?
Elə bil ki, Səltənət yerdən
çıxdı:
- Mən buradayam, komandir.
Leytenant Qasımzadə qızın
belə cəld cavabından az qala təəccübləndi.
Xəyalından keçənləri dodaqaltı deməkdən
də çəkinmədi:
- Elə bil ki, zalımın
qızını anası elə səngər
üçün doğub, - dedi. Sonra da şəfqət
bacısını diqqətlə süzüb “səngərləri
yoxla, gör yaralanan varmı? söylədi.
- Baş üstə, cənab komandir.
Səltənət əsgəri
qaydada təzim edib səngərlərə tərəf
qaçdı.
Komandir hələ cavab atəşi açmaq
haqqında əmr verməmişdi. Kapitan Həmidov
düşmənin hərəkətini diqqətlə izləyirdi.
Onsuz da hava işıqlaşmaqda idi. Düşmən özünə güvənli
görünürdü. Çünki Lələtəpə
boyunca dağın sinəsinə doğru piyadalar irəliləməkdə
idilər. Kapitan Həmidov ona yaxınlaşan Qasımzadəyə
mövqeləri göstərdi:
- Diqqətlə bax, qoy hələ
bir az da yaxına gəlsinlər. Əsgərlərə xəbər ver ki, əmri
gözləsinlər.
- Baş üstə, komandir, bildim, əmri
gözləmək!..
Leytenant Qasımzadə
sürətlə xəndək boyu irəliləyərək əmri
gözləməyi tapşırdı.
Erməni əsgərləri
çəyirtkə sürüsü kimi dağın sinəsinə
daraşmışdılar. İrəliləyirdilər.
Sərrast avtomat atəşləri məsafəsinə
çatanda kapitan Həmidovun gur səsi eşidildi: “Atəş”.
Üç dəfə “atəş” sözünü təkrarladı:
- Atəş, atəş, atəş!
Ermənilərin ön dəstələri
bir anda şil-küt oldu. Az-çox sağ
qalanlar daldalanıb gizləndilər. Bu vaxt onlar yenidən top
atəşlərinə rəvac verdilər. Doğrudur,
bu atəşlərin çoxu səngərləri tutmurdu.
Çünki kifayət qədər müdafiə tədbirləri
görülmüş, xüsusilə top mərmilərinə
davamlı beton örtüklər qurmuşdular. Səngərin
önündə düzülmüş qum
kisələrinə dəyən güllələr, mərmilər
elə ordaca batıb qalırdı. Daha bir top mərmisi beton
zirzəminin üstündə partladı. Qəlpələr
ətrafa səpələndi. Əsgərlərimizin
içindən kimsə inildəyib üzüüstə yerə
düşəndə yaxınlıqdakı əsgər:
- Bacı, hardasan, gəl, yaralı
var, - deyə çığırdı.
Səltənət
yaxınlaşdı və sübhün işığında
əsgərin tez yaxasını açıb qan axan
yarasını spirtlə silməyə başladı və
sonra tənziflə bağladı. Bədəni
yarıçılpaq əsgər qızın ətirli nəfəsini
duyub gözlərini açdı. Dumanlı gözlər
zərif çöhrə, eləcə də yumşaq qız
barmaqlarının təmasını duyub güclə də
olsa gülümsədi:
- Bacı, ölürəm, hə, -
dedi.
- Yox, nə danışırsan, kimdi
səni ölməyə qoyan?, - deyə
yaranı bağlayıb qurtaran Səltənət: -
Yüngül bir şeydir, qan kəsildi, tərpənmə və
dincəl, - deyə cavab verdi.
Və cəld çiynində
tibb ləvazimatları ilə o biri yaralılara tərəf
getdi.
Səhər
açılmışdı. Düşmənlər
mövqelərimizi görüb hər cür silahlardan və
toplardan aramsız olaraq atəş açırdılar.
Lakin mərmilər yenə ya uçub uzağa düşür,
ya da aşağılarda partlayırdı. Yuxarıdan dəqiq nişanla açılan atəşlərdən
sonra artıq düşmənin necə ağır itkilər
verdiyini hamı görürdü. Lakin
hücum edənlər də seyrəlmirdi. Arxadan köməyə yeni-yeni dəstələr gəlirdi,
düşmənin də inadkarlığı göz
qabağında idi.
- Komandirləri generaldır, azı
bir diviziya üstümüzə gəlib, - deyə
başını mövqedən çıxarmış əsgər:
- uşaqlar aaa....
Əsgər
sözünü axıra çatdıra bilmədi. Hansısa bir
snayper gülləsi alnına sancılıb başının
arxasından çıxmışdı.
Səltənət cəld
yaxınlaşıb gənc çavuşun qan
bürümüş üzünə baxdı və göz
yaşlarını güclə boğaraq əsgərin
üstünə əyildi. Kapitan Həmidov da gəlib
əsgərin qan bürümüş başına baxdı və
başını yelləyərək getdi. Yalnız indi özünə gəlmiş Səltənət
əsgərin qana bulaşmış gözlərini
örtdü. Sonra onun yerinə gələn
başqa bir cavanla meyiti çəkib divara söykədilər.
Bugünkü
döyüş belə bitdi, amma hiss olunurdu ki, düşmən
məqsədindən geri çəkilmək niyyətində
deyil. Kapitan Həmidov gecə növbələrini təşkil
etdi. Yaralılar hospitala göndərildi.
Şəhidlər xüsusi ehtiramla
maşınlara qoyulub ünvanlarına yola salındı.
Axşamdan nə qədər
keçsə də, Səltənət hələ də
döyüş yerinin yaxınlığındakı tibb məntəqəsinə
getməmişdi. Yüngül yaralanmış əsgərlərdən
tələb edirdi ki, müalicəyə getsinlər. Amma bu yüngül yaralı gənc əsgərlər
yenə zarafatlarından qalmırdılar.
“Biz Lələtəpə Səltənətini
qoyub heç yerə gedə bilmərik”.
“Bura Səltənətin ən
alınmaz qalasıdır”.
“Nahaq yerə biz buranın
adını Lələtəpə Səltənəti
qoymamışıq ki...”
Səltənət bu sözlərdən
qürurlandığı kimi, həm də sevinirdi. Artıq o,
inanmışdı ki, düşmən lap nə qədər
qüvvə gətirsə də, Lələtəpəni tuta
bilməyəcək.
Beləcə növbəti səhər
açılırdı. Yenə top mərmiləri gurlayır, minaatanlar nərildəyirdi.
Kapitan Həmidov demək olar ki, bütün gecəni
yatmamışdı. Ətrafa kəşfiyyatçılar
göndərmiş, düşmənin sabaha
hazırladığı planı öyrənməyə
çalışmışdı.
Lələtəpənin
strateji mövqeyi elə idi ki, buradan ətraf əl içi
kimi görünürdü. Düşmən başqa heç
bir plan qura bilməzdi. Erməni vəhşilərinin yeganə
ümidi qüvvə üstünlüyü ilə Lələtəpəni
tutmaq ola bilərdi. Alatoranlıqda ətrafı
binoklla izləyən Həmidov yanındakı leytenant
Qasımzadəyə tapşırıq verdi:
- Yəqin ki, düşmən yenə
top atəşlərini davam edəcək.
Leytenant Qasımzadə tez dilləndi:
- Bəli, komandir, onlar elə bilirlər
ki, top atəşləri ilə bizim müqavimətimizi
qıracaqlar.
- Qoy elə bilsinlər. Bizim yerimiz kifayət qədər möhkəmdir.
İtkilərimiz də ola bilər, ancaq
onlarla müqayisədə çox az olacaq.
Deyəsən, heç
komandir Həmidov sözünü qurtarmamış daha bir top
mərmisi lap yaxında partladı. Daha bir əsgər
çiynindən yaralanmışdı. Kapitan
Həmidov əsgəri aşağı çəkdi. Səltənət artıq onun yanında idi. O,
yaralı əsgərin paltarını
dartışdırıb birtəhər əlinə yer elədi.
İri bint parçasını yaranın üstünə
basdı. İndi mərmilər xeyli
aralıda partlayırdı.
Kapitan Həmidov gözucu Səltənətin
yaralı əsgərə yardımına baxdı. Vaxt az
idi. O, bıçağını çıxarıb əsgərin
paltarının yaxasını bıçaqla kəsib
açdı. Və onu şəfqət
bacısının yanında qoyub digər səngərə tərəf
qaçdı.
Əsgər gözlərini
açıb başı üstünə əyilən gözəl
qız çöhrəsini görəndə gülümsədi.
- Bacı, - dedi.
- Eşidirəm, - Səltənət
də güclə gülümsədi, - üzünü yana çevir.
Səltənət istəyirdi
ki, əsgər yarasını görməsin. Əsgər bir qədər
yana çevrildi. Elə bu
vaxt harasa dəyib çovuyan bir mərmi düz onun ürəyinin
başına sancıldı.
Mərmi Səltənətə
də dəyə bilərdi. Əlbəttə, təsadüfən
yan keçmişdi.
Səltənətin gözləri
böyüdü. Tez əsgərin üstünə əyildi.
Elə bil ki, nəfəsi ilə artıq titrəməkdə
olan bədəni qızdırmaq istəyirdi. Bu gənc əsgər isə Səltənətə
deyəcəyi sözlərlə birgə əbədiyyətə
qovuşmuşdu.
Səltənət şəhidi
səngərin kənarına çəkdi. Onu divara
söykədi. Elə bil ki, bununla əsgərin
ölümü ilə barışmaq istəmədiyini
bildirirdi.
Ümumiyyətlə,
döyüş vaxtı həlak olan əsgəri bir tərəfə
çəkib söykəmək əbədi ehtiram əlamətidir. Səltənət
sonuncu dəfə gözlərinin qabağında həlak
olmuş əsgərə baxıb digər yaralılara tərəf
qaçdı. Əlbəttə, o, həmin
əsgərin yanında hönkürtü ilə ağlamaq
istəyirdi, ancaq buna vaxt yox idi.
Deyəsən, düşmən
bütün imkanlarını səfərbər edib Lələtəpə
mövqelərini lap əlbəyaxa döyüşlə olsa
da, tutmaq istəyirdi. Görünür, təzə qüvvələr
də gətirmişdilər. Onlar
sürünə-sürünə səngərlərə
yaxınlaşmaqda idilər. Hər tərəfdən
“atəş, atəş” səslərini erməni əsgərləri
də eşidirdi. Onlar çaş-baş
qalmışdılar. Görünür, elə
bilirmişlər ki, top mərmiləri və minaatanlarla səngərləri
susdurublar. Ön sıralar çox asanlıqla
biçildi. Lap səngərlərə
yaxınlaşanlar qumbaralara “qonaq edildi”. Düşmən
əsgərləri bu hücumun da uğursuz olduğunu
görüb üzüaşağı qaçmağa
başladılar. Əsgərlərimizin
avtomat atəşləri ilə bu pərakəndə
qaçış da “mükafatlandırıldı”.
Gün günortaya
yaxınlaşırdı. Düşmənin
gözlə görünən çoxlu meyiti Lələtəpənin
sinəsi boyunca döşəli qalmışdı. Nisbətən yüngül yaralılar
sürünüb gedirdi. Düşmən
nə meyidləri, nə də yaralıları
daşıyıb aparmağa cəsarət etmədi. Beləliklə, Lələtəpə ətrafında
düşmən sarsıdıcı zərbə aldı.
İki günlük döyüşün nəticəsi hərbi
təsəvvürlərlə desək, çox uğurlu idi:
5 şəhid, 12 yaralı. Beləcə Lələtəpə
Səltənəti özünün qala gücünü
göstərdi.
Səltənət
yavaş-yavaş öz səngərinə doğru getdi. Gördüyü
ölümlər, əsgərlərin gülümsər
çöhrələrində əbədiləşən həyat
işığı onun gözlərinin qabağında idi.
Və Səltənət bir daha belə qənaətə
gəldi ki, şəhidlər heç vaxt ölmürlər.
Onlar gözlərindəki həyat
işığı ilə əbədi dünyaya
köçürlər.
Gənc qızın iradəsi
sözünə baxmırdı. İxtiyarsız olaraq
gözlərindən axan yaş yeməyinə
qarışmaqda idi. Bu ağır təəssürat
onunla nə qədər gedəcəkdi, bilmirdi.
Səfərbərliyə gələndə
bircə anası onu yola salmağa gəlmişdi. Elə indi də
ancaq anası gözlərinin önündə
görünürdü. Qeyri-ixtiyari
pıçıldadı: “Ana, qorxma. Mən
qayıdacağam”. Sonra daha yuxuya necə
getdiyindən heç xəbəri olmadı.
Birdən “ura” səsləri
onu yuxudan oyatdı. Əvvəlcə nə olduğunu
başa düşmədi. Amma tez anladı
ki, bu, əsgərlərin qələbə
hayqırışlarıdır. Kəşfiyyatçılar
xəbər gətirmişdilər ki, düşmən ölənlərini
və yaralılarını döyüş meydanında qoyub,
ərazini tərk edib.
Lələtəpə
döyüşündəki ikinci qələbə ilə, -
birinci qələbə Aprel döyüşlərində
olmuşdu, Lələtəpə düşməndən azad
edilmişdi, - düşmənin ordumuzun hissələrini
Arazboyunda mühasirəyə almaq cəhdi puça
çıxarıldı.
Bir sözlə, düşmənin
Füzuli və Cəbrayıl rayonlarını yenidən nəzarət
altına almaq niyyəti heç oldu. Lələtəpə
savaşında düşmənin aldığı zərbə
Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha təsdiq
etdi.
Kapitan Həmidov vəziyyəti təhlil
edib yuxarıya dəqiq və aydın məlumat verdi: “Tapşırıq yerinə yetirildi, Lələtəpə
Səltənəti alınmaz qala olaraq qalır”.
Kapitanın da “Lələtəpə
Səltənəti” ifadəsini işlətməsi əsgərlərin
şən gülüşlərinə qarışdı...
Az keçmədi ki, komandanlıqdan təzə
xəbər gəldi. Kapitan Həmidov “Azərbaycan
Bayrağı” ordeninə, leytenant Qasımzadə, eləcə
də qazilər və şəhidlər müxtəlif təltiflərə
layiq görülmüşdülər. Şəfqət
bacısı Səltənət Zərgərlinin sinəsini isə
“İgidliyə görə” medalı bəzəyəcəkdi...
Xəbər əsgərləri
çox sevindirdi. Xüsusilə Səltənətin
adını eşitmək onları lap qanadlandırdı.
Bir ağızdan hər tərəfdən səslər
eşidildi: “Yaşasın Lələtəpə Səltənəti!”,
“Yaşasın qəhrəman şəfqət bacımız!”
Səltənət də bəxtiyarlıqla
gülürdü. Ancaq həmin anda onun nə
üçün güldüyünü, niyə sevindiyini
soruşan olsaydı, “hamı sevinir, mən niyə sevinməyim”
deyərdi.
***
Leytenant Qasımzadə sonrakı döyüşlərdə
də iştirak etmiş, “kapitan” rütbəsinə yüksəlmiş,
daha sonra yaralanıb tərxis olunmuşdu. Onun həyatının
hər günü beləcə yaddan çıxmayan hekayətlərlə
dolu idi...
Oddan-alovdan keçmiş bu
qazidən çətin də olsa, bir sualıma da cavab verməyi
xahiş etdim.
Kapitan Həmidovun və Səltənət Zərgərlinin
sonrakı döyüş taleyini soruşdum. Qasımzadənin gözləri doldu. Nəsə demək istəsə də, qəhərdən
boğuldu. Xeyli susdu, gərginlikdən
üzünün əzələləri səyridi.
Handan-hana “Əsas odur ki, Qarabağ azaddır” dedi...
HüseynbalaMİRƏLƏMOV
Azərbaycan.- 2022.- 13 fevral.- S.6.