Azərbaycan-Yaponiya münasibətlərinin daha da inkişafı üçün geniş imkanlar mövcuddur

 

Azərbaycan və Yaponiyanın ali qanunverici orqanlarında fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının onlayn görüşü keçirilib.

Parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Milli Məclisin deputatı, Yaponiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əminə Ağazadə həmkarı Akira Amari salamlayaraq, son parlament seçkilərində onun mənsub olduğu Liberal Demokrat Partiyasının qalib gəlməsi münasibətilə təbriklərini çatdırıb. Deputat Azərbaycanla Yaponiya arasında münasibətlərdən danışaraq, ölkələrimiz arasında dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu qeyd edib.

Onlayn görüşdə Əminə Ağazadə həmkarına Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən, erməni işğalından azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri, xarici ölkələrin, o cümlədən yapon investorların bu prosesdə iştirakı imkanları barədə danışıb. O, Yaponiya şirkətlərinin fəaliyyətini yüksək qiymətləndirib.

Yaponiya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Akira Amari bildirib ki, bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olur. Dostluq qrupunun rəhbəri vurğulayıb ki, yüksəksəviyyəli qarşılıqlı rəsmi səfərlər Yaponiya ilə Azərbaycan arasında əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi təkan verib.

Görüşdə diqqətə çatdırılıb ki, Azərbaycan ilə Yaponiya arasında bir çox sahələri əhatə edən münasibətlər parlamentlər səviyyəsində də uğurla inkişaf edir. Ölkələrimiz arasında imzalanmış çoxsaylı sənədlər əməkdaşlığımızın hüquqi bazasını formalaşdırıb. Qeyd olunub ki, ikitərəfli münasibətlərin, xüsusilə Azərbaycan və Yaponiya parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur.

Söhbət zamanı Azərbaycan ilə Yaponiya arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

Azərbaycan.- 2022.-19 fevral.- S.4.