Azərbaycan həm də elektrik enerjisi ixrac edən ölkəyə
çevrilib
İlham Əliyev qlobal enerji
təhlükəsizliyində respublikamızın mövqelərini
daha da möhkəmləndirib
Bu ilin fevral ayı Azərbaycanda generasiya güclərinin artırılması, habelə elektrik enerjisi ilə təchizatda etibarlılığın və dayanıqlılığın gücləndirilməsi baxımından mühüm hadisələrlə əlamətdar oldu.
Prezident İlham Əliyevin iştirakı ilə fevral ayının 8-də dövlətlərarası strateji əhəmiyyətə malik “Yaşma” qovşaq yarımstansiyasının, fevralın 11-də “Qobu” Enerji Qovşağına daxil olan “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının, fevralın 14-də “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin və “Ağcabədi” yarımstansiyasının açılışı göstərdi ki, respublikamızın enerji dayanıqlılığının artırılması ilə bağlı bütün vəzifələr sürətlə yerinə yetirilir.
30-dan artıq yeni elektrik stansiya inşa olunub
Azərbaycanın müasir inkişaf strategiyasında elektrik enerjisi ilə dayanıqlı təminat,
yeni generasiya mənbələrinin yaradılması
hər zaman prioritet istiqamətlərdən
birini təşkil edib. Təsadüfi deyil ki,
2004-cü ildən həyata
keçirilməsinə başlanan
regionların inkişafına
dair dövlət proqramlarında qarşıya
qoyulan ilk vəzifələrdən
biri mövcud generasiya güclərinin daha da artırılması
və bu sahədə olan infrastrukturun yenidənqurulması
olub.
Regionların inkişafına dair I Dövlət Proqramının
icra olunduğu
2006-cı ildə Astarada,
Naxçıvanda, Şəkidə,
Xaçmazda istifadəyə
verilən və hər biri 87 meqavat olan elektrik
stansiyaları artan iqtisadi ehtiyacların qarşılanmasına uğurla
xidmət etdi. 2007-ci ildə
105 meqavat olan “Bakı” Elektrik Stansiyasının, 2008-ci ildə
300 meqavat olan “Səngəçal” Elektrik
Stansiyasının, 2009-cu ildə
525 meqavat gücündə
“Sumqayıt” Elektrik Stansiyasının və
105 meqavatlıq “Şahdağ”
elektrik stansiyasının,
2013-cü ildə 780 meqavat
gücündə “Cənub”
Elektrik Stansiyasının,
2019-cu ildə 400 meqavat
gücü olan
“Şimal-2” stansiyasının istismara verilməsi respublikamızın generasiya
gücünün artırılmasında
böyük rol oynadı.
Bu illərdə
ölkəmizin müxtəlif
yerlərində kiçik
su-elektirk stansiyaları,
o cümlədən modul
tipli stansiyalar da tikilib ki,
onlar da artan iqtisadi potensiallara adekvat olaraq respublikamızın yüksəlişinə böyük
töhfələr verir. 2003-cü ilə qədər Azərbaycanda cəmi 10 elektrik stansiyası mövcud olub. Prezident İlham Əliyevin həyata keçirdiyi yeni iqtisadi islahatlarla
bütün sahələrdə
müşahidə olunan
dinamik inkişafa və elektrik enerjisinə olan tələbatın kəskin
artmasına adekvat olaraq ölkədə
30-dan artıq yeni elektrik stansiya tikilib istismara verilib. Buna paralel
olaraq, enerjinin ötürülməsi, paylanması
və idarəedilməsi
sahəsində irimiqyaslı,
kompleks tədbirlər
həyata keçirilib.
Təkcə 2021-ci ildə 23 elektrik stansiya və yarımstansiya tikilib və ya yenidən
qurularaq istismara verilib. Bunların arasında
500 kilovoltluq “Abşeron”
yarımstansiyası, strateji
əhəmiyyətli 220 kilovoltluq
“Xırdalan” və “Hövsan”, o cümlədən
sistem əhəmiyyətli
110 kilovoltluq “Binəqədi”,
“Xırdalan-2”, “Maştağa”, “Suraxanı” yarımstansiyaları
yenidənqurmadan sonra cənab Prezidentin iştirakı ilə istismara verilib. Ötən il
Prezident İlham Əliyevin iştirakı ilə “Sumqayıt” Elektrik Stansiyasında yeni estakada nasos
stansiyasının istismara
verilməsi ilə
2018-2021-ci illəri əhatə
edən Enerjisistemin Reabilitasiya Proqramı başa çatıb.
Qarabağ və Şərqi Zəngəzurda
ən müasir enerji infrastrukturu yaradılır
Göründüyü kimi, elektroenergetika sahəsində Azərbaycanın
qısa zaman kəsiyində əldə
etdiyi nailiyyətlər
olduqca möhtəşəmdir. Bu gün isə dövlətimizin əsas hədəflərindən biri
işğaldan azad edilmiş ərazilərimizin
dayanıqlı enerji ilə təminatıdır.
Azad olunan Qarabağa
və Şərqi Zəngəzura qayıdacaq
vətəndaşlarımızın doğma torpaqlarında layiqli həyat şəraitinin təmin olunması üçün
zəruri olan şərtlərdən biri
də enerji ilə təchizatdır.
Vətən müharibəsində qazanılan
tarixi Qələbədən
sonra Prezident İlham Əliyev tərəfindən digər
sahələrdə olduğu
kimi, işğaldan azad olunmuş ərazilərin də enerji təminatı ilə bağlı mühüm vəzifələr
müəyyənləşdirilib. Bu vəzifələrin ən
başlıcası azad
edilmiş torpaqlarımızda
müasir enerji infrastrukturunun qurulması və regionun enerji potensialından mümkün qədər səmərəli istifadədir.
Artıq
bu istiqamətdə böyük layihələr
həyata keçirilib.
Qısa müddətdə Şuşanın,
Kəlbəcərin enerji
ilə təmin olunması bu istiqamətdə layihələrin
sürətlə icra
olunmasından xəbər
verir. Layihələrin qarlı, şaxtalı
havalarda və uca dağlardan keçməklə yüksək
səviyyədə icrası
isə Azərbaycan energetiklərinin fədakarlıqlarının
və peşəkarlıqlarının
göstəricisidir.
İndiyədək Laçın
rayonunda gücü 8 meqavat olan “Güləbird”
Su-Elektrik Stansiyası
və Tərtər rayonunun işğaldan azad edilmiş ərazilərində ümumi
gücü 8,7 meqavat olan “Suqovuşan-1” və
“Suqovuşan-2” Kiçik Su-Elektrik stansiyaları tamamilə yenidən qurularaq istismara verilib. İşğaldan azad edilən ərazilərin ən qısa müddətdə
Azərbaycanın ümumi
enerji sisteminə qoşulması istiqamətində
atılan addımlara əsasən, 110/35/10 kV-luq
“Şuşa”, “Füzuli”,
“Kəlbəcər” və
“Cəbrayıl” yarımstansiyaları
tikilərək istismara
verilib, həmçinin
“Şükürbəyli” yarımstansiyası
genişləndirilərək yenidən qurulub.
“Ağdam-1” və
“Ağdam-2” yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal
İdarəetmə Mərkəzinin
istifadəyə verilməsi
isə bir daha göstərdi ki, işğaldan azad edilmiş ərazilərin enerji infrastrukturunun yaradılması
prosesi sürətli gedir. Diqqəti çəkən məqam isə ondan ibarətdir ki, Qarabağ və Şərqi Zəngəzurda inşa edilən yarımstansiyalar
ən müasir və innovativ texnologiyalar əsasında
qurulub. Onların hər biri rəqəmsallaşdırılaraq avtomatlaşdırılıb. Qarabağ
Regional Rəqəmsal İdarəetmə
Mərkəzi vasitəsilə
Qarabağ və Şərqi Zəngəzurdakı
bütün elektrik stansiyaları, yarımstansiyalar,
ötürmə xətlərinin
monitorinqi, önləyici
analizlər, açılıb-qoşulmalar,
tənzimləmələr və
başqa əməliyyatlar
avtomatik şəkildə
həyata keçirilir.
Bizim enerji gücümüzə xaricdə
tələbat artır
Göründüyü kimi, son illərdə Azərbaycanda enerjisistemin maddi-texniki bazasının
möhkəmləndirilməsi, ölkəmizin enerji potensialının daha da artırılması, yeni elektrik stansiyaları
və yarımstansiyaların
inşası, mövcudlarının
isə əsaslı şəkildə yenidən
qurulması istiqamətində
çox mühüm layihələr icra olunub. Qarabağ və Şərqi
Zəngəzurun işğaldan
azad edilməsi nəticəsində enerji
sistemi sahəsində
dövlət siyasəti
yeni mərhələyə
qədəm qoyub.
Görülən işlərin nəticəsidir
ki, Azərbaycan həm də elektrik enerjisini idxal edən dövlətə çevrilib. “Qobu” Enerji Qovşağının
açılışından sonra AZƏRTAC-a müsahibə
verən Prezident İlham Əliyev bu barədə deyib: “Artan daxili
tələbatı belə
gözəl enerji stansiyaları ilə təmin edəcəyik. Eyni zamanda, qeyd etdiyim
kimi, bizim enerji gücümüzə
xaricdə tələbat
artır. Bizim 4 qonşu
ölkəyə elektrik
enerjisinin ixracatı artmaqdadır - Türkiyə,
Rusiya, Gürcüstan
və İran. Qeyd etdiyim kimi,
1,6 milyard kilovat/saat elektrik
enerjisi ixrac etmişik. Bizim həm neft,
həm qaz, həm elektrik enerjisi ixracatı bu gün həm
Azərbaycanın, həm
qonşu ölkələrin
və hətta Avropa ölkələrinin
enerji təhlükəsizliyinə
töhfə verir.
Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə
həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir”.
Bu gün
bütün dünyada
enerji müzakirələrinin
əsas mövzularından
biri də enerji keçididir. Enerji keçidi ən müasir texnologiyalar tətbiq edilməklə “yaşıl enerji”ni özündə ehtiva edir. Bu
gün dünya ölkələrinin qarşıya
qoyduqları iqlim hədəflərindən biri
“yaşıl enerji” keçidini sürətləndirməkdədir.
Azərbaycanda isə bərpaolunan enerji üçün əlverişli
münbit mənbələr
var. Təsadüfi deyil
ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasında
bu ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi
əsas vəzifələrdən
biridir. Prezident İlham Əliyev “Cənub qaz dəhlizi” Məşvərət
Şurası çərçivəsində
nazirlərin VIII toplantısında
qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurda külək
enerjisi potensialı təxminən 7200 meqavat, günəş enerjisi potensialı isə 2000 meqavatdan çoxdur. Ötən
ay isə respublikamızda
ilk böyük bərpaolunan
enerji mənbəyi layihəsinin - 240 meqavat gücündə külək-elektrik
stansiyasının təməli
qoyulub.
Azərbaycanın kompleks yüksəlişi
və inkişafı həm də uğurlu bəhrəsini verən enerji siyasətinin nəticəsidir. Görünən həm də odur ki, İlham
Əliyev qlobal enerji təhlükəsizliyində
respublikamızın mövqelərini
daha da möhkəmləndirib.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2022.- 19 fevral.- S.1; 5.