Regionların inkişafına
xidmət edən layihələr uğurla
icra olunur
Bölgələrimizə mütəmadi səfərlər, həyata keçirilən inkişaf tədbirlərinin bilavasitə nəzarətdə saxlanması Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətində xüsusi yer tutur.
Gəncəyə sonuncu səfəri zamanı dövlət başçısı maraqlı bir fakta toxundu. Xatırlatdı ki, ölkəmizə rəhbərlik etdiyi 18 il ərzində təkcə Gəncədə 18 dəfə səfərdə olub. Əslində, Prezident İlham Əliyevin bu illər ərzində Azərbaycanın digər şəhər və rayonlarına səfərlərinin statistik təhlilini aparsaq, başqa bölgələrimizə də getdiyinin say etibarilə buna təxminən yaxın olduğunu görəcəyik.
Azərbaycan Prezidentinin Gəncəyə mütəmadi səfərləri isə ona görə xüsusi əhəmiyyət kəsb edir ki, Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. İri, geniş əhatəli bir zonanın əsas inkişaf mərkəzlərindəndir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair həyata keçirilən Dövlət proqramları çərçivəsində Gəncədə bir çox layihələr uğurla icra edilib. Hazırda da həmin layihələrin icrası davam etdirilməkdədir. Gəncənin müasir həyatı ilə bağlı xoş yeniliklərdən biri də bu tarixi şəhərimizin kompleks inkişaf planının təsdiqlənməsi və uğurla icra olunmasıdır.
Müasirləşən Gəncə
Səfər zamanı “AzƏrtac” informasiya agentliyinə müsahibəsi zamanı Prezident İlham Əliyev şəhərin inkişafı ilə bağlı bir çox faktı diqqətə çatdırdı. Bunların mühüm qismi Gəncənin infrastruktur təminatı ilə bağlıdır. Son illərdə şəhərdə planlaşdırılan əsas infrastruktur layihələrinin böyük əksəriyyəti reallaşdırılıb. Elektrik enerjisi ilə təchizat tam həllini tapıb. Gəncədə ən müasir tələblərə cavab verən 10 yarımstansiya yaradılıb. Onların enerji istehsalı gücü 220 meqavatdır və bu, böyük şəhərin tələbatını tam ödəyir. Qazlaşdırma layihəsi də tam icra olunub. Kifayət qədər maliyyə tutumlu proqram olan, təxminən 800 milyon dəyərində hesablanmış içməli su layihəsinin icrası isə davam etdirilməkdədir. Bu layihənin icrası Gəncənin içməli su və kanalizasiya problemlərinin birdəfəlik həllinə imkan yaradacaq. Hazırda layihənin təxminən yarısı icra olunub.
Gəncəyə gedən yollar da tam müasirləşdirilib. Həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. Bu yol iki zolaqdan dörd zolağa genişləndirilib. Eyni zamanda Gəncədən digər şəhərlərə - Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri aparılıb.
Bakı-Gəncə dəmir yolu xətti də tam modernləşdirilib. Bu xətt üzrə ən müasir standartlara uyğun, sərnişinlər üçün yüksək komfortlu sürət qatarları hərəkətə başlayıb. Dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən bu qatarlar sərnişinlərə həm vaxt, həm də rahatlıq baxımından çox əlverişlidir. Prezident İlham Əliyev Bakı-Gəncə dəmir yolunun “Şərq-qərb nəqliyyat dəhlizi”nin bir parçası olduğunu diqqətə çatdırdı. Mühüm qlobal əhəmiyyət kəsb edən bu nəqliyyat dəhlizi Gəncədən keçir. Ona görə şəhərdə lokomotiv deposunun yaradılmasına da böyük ehtiyac var və bu iş artıq başa çatdırılıb. Gəncə Beynəlxalq Hava Limanı da yenidən qurulub.
Gəncədə 340 minə yaxın əhali yaşayır. Bu, səhiyyə və təhsil xidmətlərinə böyük tələbat deməkdir. Bunu nəzərə alaraq qeyd edilən istiqamətlərdə də genişmiqyaslı layihələr həyata keçirilir. Gəncənin səhiyyə və təhsil infrastrukturu yenilənir. Burada 245 çarpayılıq şəhər xəstəxanası yenidən tikilib. Pandemiya şəraitini nəzərə alaraq əlavə 200 çarpayılıq modul tipli xəstəxana da quraşdırılıb. Şəhərdə 30-dan çox məktəb var. Bu məktəblər yeni tikilib, yaxud əvvəlcədən mövcud olanlar əsaslı təmir edilərək ən müasir tələblərə uyğunlaşdırılıb. Gəncədə üç böyük ali məktəb fəaliyyət göstərir. Tələbələrin rahatlığı, eyni zamanda ölkə iqtisadiyyatının tələbləri üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən aqrar təhsilə gənclərin marağının stimullaşdırılması üçün Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib.
Kəlbəcərə aparan yol
Gəncənin mədəni mühiti də inkişaf edir. Şəhərin mədəni həyatına töhfə verə biləcək hər bir təşəbbüs dövlət tərəfindən dəstəklənir. Bir neçə il əvvəl Gəncə Filarmoniyasının fəaliyyətə başlaması bunun təsdiqidir. Azərbaycanın ikinci böyük şəhərində memarlıq baxımından belə bir filarmoniyanın mövcudluğu mədəni mühitə böyük töhfə olmaqla yanaşı, eyni zamanda özündə qədimlik və müasirlik ruhunu bir araya gətirir. Bu isə şəhərin ümumi görünüşünə də xoş bir zinətdir. Gəncədəki dram teatrının binası da çox gözəl bir görkəmdədir. Burada artistlər, truppa üzvləri və tamaşaçılar üçün əlverişli şərait yaradılıb. Gəncədə əhalinin mədəni istirahəti üçün parklar, xiyabanlar abadlaşdırılır, yeni yaşıllıq sahələri salınır. İstirahət və əyləncə zonaları yenidən qurulur. Görülən bütün bu işlər düzgün müəyyən edilmiş siyasətin nəticəsidir.
Azərbaycan Prezidenti müsahibəsində Gəncənin böyük inkişaf mərkəzi kimi işğaldan azad edilmiş yurdlarımızın dirçəlişindəki roluna da toxundu. Xüsusilə Kəlbəcərin gələcək inkişafında Gəncənin əhəmiyyətini xüsusi vurğuladı. Məlumdur ki, Kəlbəcərə aparan yol Gəncədən, Göygöldən keçir. Bu yoldan ancaq yaz-yay mövsümlərində rahat istifadə etmək mümkündür. Qış aylarında isə yol təhlükəli, bəzi yerlərdə isə hətta keçilməz olur. Ona görə də hazırda dövlətimiz Kəlbəcərə ən rahat yolun çəkilişi üçün layihələr həyata keçirir. Dağların altından tunellər çəkilir. Ən yaxın zamanlardan etibarən bu torpaqlar Azərbaycanın turizm məkanları kimi yenidən öz şöhrətinə qayıdacaq. Gəncə və Gəncə ətrafında yerləşən ərazilər bundan sonra da ölkəmizin həyatında, xüsusilə işğaldan azad edilmiş torpaqların dirçəlişində xüsusi rol oynayacaq.
Hazırda Daşkəsən rayonunda dağ-mədən sənayesi uğurla inkişaf etdirilir. Bu sahənin gələcək inkişafı da xeyli dərəcədə Gəncədəki infrastrukturla bağlı olacaq. Qızıl və dəmir filizi yataqları ilə zəngin Daşkəsəndə bu sənayenin inkişafı prosesinin sürətləndirilməsindən ötrü müvafiq göstərişlər verilib. Dəmir filizi yataqlarından səmərəli istifadə etmək üçün zəncirvari sənaye klasterinin yaradılması zəruri sayılır və Gəncə də burada xüsusi rol oynayacaq.
Azərbaycan Prezidenti regionların sosial-iqtisadi inkişafı məqsədilə həyata keçirilən dövlət proqramlarının icrasında da Gəncə şəhərinin həmişə xüsusi yerə malik olduğunu qeyd etdi. Bu bölgədə inşa olunan yeni obyektlərin tikintisi, Gəncənin inkişafı və şəhərin problemlərinin həlli daim diqqətdə saxlanır. Ümumən Gəncədə görülən işlər bir daha göstərir ki, dövlətimiz işğaldan azad edilmiş torpaqlarımız, Qarabağ və Şərqi Zəngəzurla yanaşı, bütün başqa şəhər və rayonlarımızın da inkişafına daim diqqət ayırır. Regionlarımızı inkişaf etdirir.
Gəncədə “ASAN xidmət” mərkəzləri şəbəkəsi genişlənməkdədir. Yada salaq ki, Gəncə “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başladığı ilk regionlarımızdan olub. Mərkəzə müraciət edən vətəndaşların rahatlığının təmin olunması, böyük növbələrin yaranmaması üçün şəhərdə ikinci “ASAN xidmət” mərkəzi də yaradılıb.
Hazırda Gəncədə inşa edilməkdə olan idman sarayı da şəhərin tarixində əlamətdar hadisədir. Belə ki, bu saray ümumilikdə Azərbaycanın ən böyük idman kompleksi kimi nəzərdə tutulub. Kompleks bütün əsas idman növlərini özündə cəmləşdirəcək. Burada həm döyüş idman növləri, güləş, boks, həm məktəblər - güləş məktəbi, boks məktəbi, həmçinin əl oyunları üçün xüsusi zal - basketbol, voleybol, həndbol, 50 metrlik üzgüçülük hovuzu, yardımçı otaqlar və zallar, hotel fəaliyyət göstərəcək. Bu sarayı Gəncədə inşa etmək şəhər sakinlərinə və yaxın ərazilərdə yaşayan insanlara böyük bir hədiyyə, xüsusilə gənclərimizin fiziki və mənəvi sağlamlığına xidmət göstərən əhəmiyyətli addımdır.
Silinməz izlər
Xalqımızın möhtəşəm zəfəri ilə başa çatmış Vətən müharibəsi Gəncə şəhərinin tarixində xüsusi yer tutur. Bir çox şəhər və kəndlərimiz kimi Gəncə şəhəri də İkinci Qarabağ müharibəsi dövründə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq, əfsuslar olsun ki, insanların həyatına son qoyub. Onların arasında uşaqlar, qadınlar, yaşlı insanlar da vardı. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş Ermənistan ordusunun mülki əhaliyə qarşı namərdcəsinə açdığı atəşlər nəticəsində həlak oldu. Erməni faşizminin qurbanına çevrildi. Raket atəşlərinin dağıntıları bu bəşəriyyət əleyhinə cinayətin dəhşətli izləri kimi bu gün Gəncədə qalır. Ermənilərin bütün beynəlxalq konvensiyalara zidd olaraq törətdikləri bu hərbi cinayət dünyada tanınmalıdır. Erməni canilərinin bu əməlləri ifşa olunmalıdır. Əlbəttə, Azərbaycan Ordusu Ermənistanın bu azğınlığının beş qat cavabını döyüş meydanında verib. Ermənistanın cinayətkar ordusunu darmadağın edib. Ermənistan rəhbərliyini kapitulyasiya sənədinə qol çəkmək məcburiyyətində qoyub. Bununla yanaşı, hərbi cinayətlərin ifşası istiqamətində də işlər aparılmalıdır ki, bir daha insanlıq əleyhinə bu cür cinayətlər təkrarlanmasın.
Gəncədə inşası nəzərdə tutulan memorial kompleks də bu ali məqsədə xidmət edir. Kompleks təqribən dörd hektarlıq ərazini əhatə edəcək. Raket zərbələri ilə dağıdılmış binalar olduğu kimi qalacaq. Azərbaycan Prezidenti AZƏRTAC informasiya agentliyinə müsahibəsi zamanı dedi: “Yəni bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq. Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın”.
Azərbaycan bununla dünyanı erməni faşizmi təhlükəsindən qoruyur. Bu gün Ermənistan hakimiyyətinin faşistləri qəhrəmanlaşdırması, hitlerçilərin tərəfində vuruşaraq insanlığa qənim kəsilmiş Q.Njdeyə İrəvanda abidənin qoyulması faşizmin təbliğindən xəbər verir.
Azərbaycan Vətən müharibəsində erməni faşizmini məğlub etsə də, onun bu təzahürünün tam məhv edildiyini söyləmək də olmaz. Erməni faşizminin daşıyıcıları, Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan yenə də ara-sıra baş qaldırırlar. İşğalçı Ermənistanın belə təzahürlərinin Yer üzündən silinməsi təkcə Azərbaycan xalqının yox, bəşəriyyətin xoşbəxt gələcəyi qayğısına qalan hər kəsin birgə missiyasıdır. Bu məsələdə bütün ölkələrin, beynəlxalq ictimaiyyətin həmrəyliyi tələb olunur. Azərbaycan Prezidenti Gəncədə bu zərurəti dünyanın diqqətinə çatdırdı: “Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur. Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik”.
Azərbaycan xalqı torpaqlarımızı düşməndən təmizlədiyi kimi, erməni faşizminin aradan qaldırılması missiyasını da uğurla yerinə yetirəcək. Bu, bizim bəşəriyyətin gələcəyi qarşısındakı tarixi məsuliyyətimizdir.
İradə
ƏLİYEVA,
Azərbaycan .-2022.-11 fevral.- S.1;6.