Vətən müharibəsi
iştirakçılarının təltif edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan
Respublikasının 2020-ci il sentyabrın 27-dən noyabrın
10-dək olan dövrdə Vətən müharibəsində
iştirak etmiş, aparılan döyüş əməliyyatlarının
uğurla nəticələnməsinə töhfə
vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
hərbi qulluqçuları və mülki işçiləri,
habelə ön cəbhədə fədakarlıq göstərmiş
mərkəzi və yerli icra hakimiyyəti orqanlarının,
Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik
hüquqi şəxslərin və dövlətə məxsus
digər hüquqi şəxslərin əməkdaşları
və mülki işçiləri “Vətən müharibəsi
iştirakçısı” medalı ilə təltif edilsinlər.
2. Bu
Sərəncamın 1-ci hissəsində göstərilən
şəxsləri “Vətən müharibəsi
iştirakçısı” medalı ilə təltif etmək
səlahiyyəti Azərbaycan Respublikasının Baş
nazirinə verilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq, Vətən müharibəsi iştirakçılarının siyahısını aşağıdakılar nəzərə alınmaqla müəyyən etsin:
3.1.1. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 3088 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən “Müharibə veteranı” adı verilmiş şəxslərin siyahısı;
3.1.2. əməkdaşları və mülki işçiləri ön cəbhədə fədakarlıq göstərmiş digər mərkəzi, habelə yerli icra hakimiyyəti orqanlarının, eləcə də Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin təqdim etdiyi məlumatlar;
3.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
10 fevral 2022-ci il
Azərbaycan.-2022.-11 fevral.- S.2.