Astarada Xocalı soyqırımı anılmışdır

 

Astara Rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tarix dərsi keçirilib. Tarix dərsində mərkəzin əməkdaşları və Artupa kənd tam orta məktəbinin müəllimləri və şagirdləri iştirak ediblər.

Tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Astara Rayon Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımova məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, Xocalı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Ermənilər Xocalı şəhərini işğal edərkən azərbaycanlılara qarşı soyqırımı törədiblər.

Qeyd olunub ki, Xocalı soyqırımına ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən hüquqisiyasi qiymət verilib. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə hər il fevralın 26-sı Azərbaycanda “Xocalı soyqırımı günükimi qeyd olunur.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşmən tapdağı altında olan şəhər və rayonlarımız azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu.

Tarix dərsində mərkəzin direktoru Kübra Səmədova, Astara Rayon Təhsil Şöbəsinin əməkdaşı Baloğlan Əliyev, Artupa kənd tam orta məktəbinin müəllimi Mehman Quliyev və başqaları da çıxış ediblər.

Sonda tədbir iştirakçıları mərkəzin foyesində Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş sərgi ilə tanış olublar.

 

Azərbaycan.- 2022.- 19 fevral.- S.7.