Azərbaycan Respublikası
Dövlət Ehtiyatları Agentliyinin NİZAMNAMƏSİ
Azərbaycan
Respublikası Prezidentinin 2022-ci il 10 fevral
tarixli
Fərmanı
ilə təsdiq edilmişdir
1.
Ümumi müddəalar
1.1. Azərbaycan
Respublikasının Dövlət Ehtiyatları Agentliyi (bundan
sonra – Agentlik) dövlət və səfərbərlik
ehtiyatlarının yaradılması və idarə olunması
sahəsində dövlət siyasətinin hazırlanmasında
və həyata keçirilməsində iştirak edən, bu
sahədə tənzimləməni və nəzarəti həyata
keçirən, habelə ölkənin strateji əhəmiyyətli
mallarla təchizatının
dayanıqlılığını təmin etmək və
daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin
qiymət dəyişmələrinin qarşısını
almaq istiqamətində (bundan sonra – müvafiq sahə) tədbirlər
görən, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı
olan publik hüquqi şəxsdir.
1.2.
Agentlik öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan
Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin
sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamlarını, digər
normativ hüquqi aktları rəhbər tutur.
1.3.
Agentlik öz vəzifələrini yerinə yetirərkən və
hüquqlarını həyata keçirərkən dövlət
və yerli özünüidarəetmə orqanları, beynəlxalq
və qeyri-hökumət təşkilatları, digər
hüquqi və fiziki şəxslərlə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
1.4.
Agentlik ümumdövlət əhəmiyyəti daşıyan
fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə
qarşıya qoyulmuş məqsədlərə nail olmaq
üçün sahibkarlıq fəaliyyəti ilə məşğul
ola bilər.
1.5.
Agentliyin müstəqil balansı, əmlakı, xəzinə
və bank hesabları, öz adı və “Azərbaycan
Respublikasının Dövlət Gerbindən istifadə
qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq, həmçinin Azərbaycan Respublikası
Dövlət Gerbinin təsviri həkk olunmuş
möhürü, müvafiq ştampları və blankları
vardır.
1.6. Qanuna
uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz
adından əmlak və qeyri-əmlak hüquqları əldə
etmək və həyata keçirmək hüququ, həmçinin
vəzifələri vardır. Agentlik məhkəmədə
iddiaçı və ya cavabdeh qismində
çıxış edə bilər.
1.7. Agentlik Bakı şəhərində yerləşir.
2.
Agentliyin fəaliyyət istiqamətləri
2.1.
Agentliyin fəaliyyət istiqamətləri
aşağıdakılardır:
2.1.1. müvafiq sahədə dövlət siyasətinin
formalaşmasında və həyata keçirilməsində
iştirak etmək;
2.1.2. müvafiq sahənin inkişafını təmin
etmək;
2.1.3. dövlət və səfərbərlik
ehtiyatlarının yaradılmasını, yerləşdirilməsini,
saxlanılmasını, yenilənməsini (əvəzlənməsini),
idarə olunmasını və mühafizəsini təmin etmək;
2.1.4.
Dövlət Taxıl Fonduna taxılın tədarük edilməsini,
saxlanılmasını və yenilənməsini (əvəzlənməsini)
həyata keçirmək;
2.1.5. dövlət və səfərbərlik
ehtiyatlarının yaradılması üzrə dövlət
sifarişinin hazırlanması ilə bağlı tədbirlər
görmək;
2.1.6. ölkənin strateji əhəmiyyətli
mallarla təchizatının
dayanıqlılığının təmin edilməsi və
daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin
qiymət dəyişmələrinin qarşısının
alınması istiqamətində tədbirlər görmək;
2.1.7. müvafiq sahə üzrə qüvvədə
olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti
həyata keçirmək;
2.1.8. müvafiq sahədə monitorinqlər
aparılmasını təşkil etmək və
proqnozlaşdırmada iştirak etmək;
2.1.9. müvafiq sahədə fəaliyyəti əlaqələndirmək.
3.
Agentliyin vəzifələri və hüquqları
3.1. Bu
Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri
aşağıdakılardır:
3.1.1. müvafiq sahədə normativ hüquqi
aktların, inkişaf konsepsiyalarının və məqsədli
proqramların hazırlanmasında və həyata keçirilməsində
iştirak etmək;
3.1.2. aidiyyəti dövlət orqanları
(qurumları) ilə birlikdə dövlət və səfərbərlik
ehtiyatlarının çeşidi və həcmi barədə
tələbatı öyrənmək və həmin
ehtiyatların yaradılması məqsədilə dövlət
sifarişinin hazırlanması üçün tədbirlər
görmək, o cümlədən müqavilələr
bağlamaq;
3.1.3. dövlət və səfərbərlik
ehtiyatları ilə təminatın yuxarı və ya
aşağı həddinə dair, eləcə də
onların idarə olunması ilə bağlı təkliflər
vermək;
3.1.4. dövlət və səfərbərlik
ehtiyatlarının növü nəzərə alınmaqla
saxlanılmasını və mühafizəsini təmin etmək;
3.1.5. dövlət orqanları (qurumları), habelə
müqavilə əsasında sahibkarlıq subyektləri tərəfindən
dövlət və səfərbərlik ehtiyatlarının
yaradılması, saxlanılması, vaxtında yenilənməsi
(əvəzlənməsi) və istifadəsi ilə
bağlı dövlət sifarişlərinin icrasını təmin
etmək;
3.1.6. dövlət və səfərbərlik
ehtiyatlarının uçotunu təşkil etmək, həmçinin
onların zəmanət və yararlılıq müddətlərinin
nəzarətdə saxlanılmasını təmin etmək və
bu məqsədlə müntəzəm olaraq həmin
ehtiyatların yenilənməsi (əvəzlənməsi) ilə
bağlı tədbirlər görmək;
3.1.7. dövlət və səfərbərlik
ehtiyatlarına münasibətdə kəmiyyət və
keyfiyyət nəzarətini həyata keçirmək, habelə
mülkiyyət formasından asılı olmayaraq dövlət
və səfərbərlik ehtiyatlarının saxlanılma
yerlərində həmin ehtiyatların yaradılması, saxlanılması,
yenilənməsi (əvəzlənməsi) və istifadəsi
zamanı normativ hüquqi aktların tələblərinə əməl
edilməsinə nəzarət etmək;
3.1.8. dövlət və səfərbərlik
ehtiyatlarının yenilənməsi (əvəzlənməsi)
zamanı yenilənən (əvəzlənən) malların
dövlət orqanlarının (qurumlarının)
ehtiyaclarının ödənilməsi üçün
satışını təşkil etmək;
3.1.9. dövlət və səfərbərlik
ehtiyatlarının satınalınması ilə bağlı
“Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun olaraq tədbirlər
görmək;
3.1.10. strateji əhəmiyyətli malların
siyahısı ilə bağlı təkliflər vermək,
istehlak bazarının həmin mallarla təmin edilməsi vəziyyəti
baxımından daxili və xarici bazarları mütəmadi
monitorinq etmək və qiymətlərin kəskin dəyişməsi
risklərini müəyyən etmək;
3.1.11. ölkənin strateji əhəmiyyətli
mallarla təchizatının
dayanıqlılığının təmin edilməsi və
daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin
qiymət dəyişmələrinin qarşısının
alınması məqsədilə tədbirlər görmək;
3.1.12. fövqəladə hadisələrin və
onların nəticələrinin aradan qaldırılması,
habelə humanitar yardım məqsədilə dövlət
ehtiyatlarından istifadə edilməsi ilə bağlı təkliflər
vermək;
3.1.13. aidiyyəti dövlət orqanları
(qurumları) ilə razılaşdırmaqla, dövlət və
səfərbərlik ehtiyatlarının saxlanılma yerlərinin
siyahısını təsdiq etmək və buna uyğun olaraq
tədbirlər görmək;
3.1.14. mülkiyyət formasından asılı
olmayaraq dövlət və səfərbərlik
ehtiyatlarının saxlanılma yerlərinin ölkə ərazisi
üzrə optimal bölüşdürülməsinin təmin
edilməsi məqsədilə saxlanılma yerlərinin
genişləndirilməsi və yenilərinin yaradılması
ilə bağlı təkliflər vermək;
3.1.15. dövlət və səfərbərlik
ehtiyatlarının mövcud vəziyyəti və yenilənməsi
(əvəzlənməsi) ilə bağlı hesabat
formasını hazırlamaq və Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;
3.1.16. qanuna uyğun olaraq, Dövlət Taxıl
Fonduna sərəncam vermək;
3.1.17. dövlət orqanlarının
(qurumlarının), yerli özünüidarəetmə
orqanlarının, hüquqi və fiziki şəxslərin
müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;
3.1.18. fəaliyyət
istiqamətləri üzrə elektron xidmətləri “Dövlət
informasiya ehtiyatları və sistemlərinin
formalaşdırılması, aparılması, inteqrasiyası
və arxivləşdirilməsi Qaydaları”nın təsdiq
edilməsi və elektron hökumətlə bağlı bəzi
tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına
uyğun olaraq təşkil etmək;
3.1.19.
Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə
“Vətəndaşların müraciətləri haqqında”,
“İnzibati icraat haqqında” və “İnformasiya əldə
etmək haqqında” Azərbaycan Respublikasının
qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən
edilmiş qaydada tədbirlər görmək;
3.1.20. kargüzarlığı və vətəndaşların
qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə
uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının
əlavə təhsili və peşəkarlığının
yüksəldilməsi üçün tədbirlər
görmək;
3.1.21.
öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
internet saytının yaradılmasını, malik olduğu və
siyahısı “İnformasiya əldə etmək haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin
saytda yerləşdirilməsini və bu informasiyanın daim
yenilənməsini təmin etmək;
3.1.22.
Agentliyə ayrılan dövlət büdcəsi vəsaitindən,
kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı
üzrə səmərəli istifadə olunmasını təmin
etmək;
3.1.23. dövlət və kommersiya sirrinin, habelə məxfilik
rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.24.
Agentliyin informasiya təminatını təşkil etmək və
onun təhlükəsizliyini təmin etmək;
3.1.25.
Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi
üçün tədbirlər görmək;
3.1.26. qabaqcıl beynəlxalq təcrübəni nəzərə
almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini
təmin etmək;
3.1.27. bu Nizamnamə ilə müəyyən
edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2.
Öz vəzifələrini yerinə yetirmək
üçün Agentliyin aşağıdakı
hüquqları vardır:
3.2.1. müvafiq sahədə normativ hüquqi
aktların layihələrinin qəbul olunması, aktlarda dəyişiklik
edilməsi, aktların şərh edilməsi, qüvvəsinin
dayandırılması və ya ləğv edilməsi
haqqında aidiyyəti üzrə təkliflər vermək;
3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə
Azərbaycan Respublikasının tərəfdar
çıxması barədə təkliflər vermək;
3.2.3. beynəlxalq təcrübənin tətbiqi
imkanlarının araşdırılması məqsədilə
beynəlxalq təşkilatlarla, xarici dövlətlərin
aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq
etmək, xarici dövlətlərin müvafiq təcrübəsini
öyrənmək;
3.2.4. fəaliyyət istiqamətlərinə aid məsələlərlə
bağlı araşdırmalar aparmaq, işçi qruplar və
komissiyalar yaratmaq;
3.2.5. dövlət orqanlarına (qurumlarına), yerli
özünüidarəetmə orqanlarına, hüquqi və
fiziki şəxslərə zəruri məlumatlar (sənədlər)
barədə sorğu vermək və onlardan belə məlumatları
(sənədləri) almaq;
3.2.6. fəaliyyət istiqamətləri üzrə rəy
və təkliflər vermək, təhlillər və
ümumiləşdirmələr aparmaq, analitik materiallar
hazırlamaq;
3.2.7. müstəqil ekspertləri və mütəxəssisləri
öz fəaliyyətinə cəlb etmək;
3.2.8. fəaliyyət istiqamətlərinə aid məsələlərlə
bağlı konfranslar, müşavirələr, seminarlar
keçirmək və digər tədbirlər təşkil
etmək;
3.2.9. əməkdaşlarını dövlət təltiflərinə
və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi
üçün tədbirlər görmək;
3.2.10. sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və
ya onlarda iştirak etmək;
3.2.11. xüsusi bülletenlər və digər nəşrlər
buraxmaq;
3.2.12. bu Nizamnamə ilə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
4.
Agentliyin idarə olunması
4.1.
Agentlik öz fəaliyyətində və idarəetmədə
mütərəqqi korporativ idarəetmə
standartlarını tətbiq edir.
4.2.
Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir.
4.3.
İdarə Heyəti Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi
və nəzarəti həyata keçirir. İdarə
Heyəti tərkibi 3 (üç) üzvdən – Azərbaycan
Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən
azad etdiyi İdarə Heyətinin sədrindən və onun 2
(iki) müavinindən ibarətdir.
4.4.
İdarə Heyətinin sədri müvəqqəti
olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti
sədrinin müəyyən etdiyi müavinlərindən biri,
İdarə Heyəti sədrinin müavini olmadıqda isə
sədrin müəyyən etdiyi digər vəzifəli şəxs
həyata keçirir.
4.5.
İdarə Heyətinin vəzifələri
aşağıdakılardır:
4.5.1. təsisçinin səlahiyyətlərini həyata
keçirmək üçün Azərbaycan
Respublikasının Prezidentinə təkliflər vermək və
sənədlər (o cümlədən Agentliyin maliyyə
hesabatını və fəaliyyətinə dair illik
hesabatı) təqdim etmək;
4.5.2.
Agentliyin inkişaf istiqamətlərini, strateji məqsəd və
planlarını müəyyən etmək;
4.5.3.
Agentliyin fəaliyyətini təşkil etmək və ona nəzarət
etmək;
4.5.4.
Agentliyin əməyin ödənişi fondunu, işçilərin
say həddini və onların əməkhaqlarının (vəzifə
maaşının, vəzifə maaşına əlavələrin,
mükafatların və digər ödənişlərin) məbləğini
Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla təsdiq etmək, o cümlədən
Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən
və dövlətə məxsus digər fondlardan ayrılan vəsait
istisna olmaqla) hesabına işçilərə əlavə
ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;
4.5.5. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin razılığı ilə
Agentliyin təsərrüfat cəmiyyətlərinin
yaradılması və ya onlarda iştirak barədə, həmçinin
Agentliyin idarə, filial və nümayəndəliklərinin
yaradılması barədə qərar qəbul etmək;
4.5.6.
Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini
təsdiq etmək;
4.5.7.
Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən
maraqlar münaqişəsinin istisna olunması
qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin
əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin
nizamnamələrini təsdiq etmək;
4.5.8.
Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.5.9.
Agentliyin illik maliyyə hesabatlarını təsdiq edilməsi
üçün Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təqdim etmək;
4.5.10.
Agentliyin kənar auditorunu təyin etmək və audit
hesabatını qəbul etmək;
4.5.11. kənar auditorun yoxlamasının, habelə digər
yoxlamaların nəticələrinə dair tədbirlər
görmək;
4.5.12. daxili audit bölməsinin fəaliyyətinə
nəzarət etmək və fəaliyyətinə dair
hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə
təyin və vəzifədən azad etmək;
4.5.13. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin razılığı ilə
Agentliyin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə
olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və
aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin
aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil
edən əqdin bağlanması haqqında qərar qəbul
etmək;
4.5.14. aidiyyəti şəxslə dəyəri
Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil
edən əqdin bağlanması haqqında qərar qəbul
etmək;
4.5.15.
Agentliyin strateji məqsədlərinin və planlarının,
habelə büdcəsinin icrasına nəzarəti həyata
keçirmək;
4.5.16. bu Nizamnamənin 3.1.22-ci yarımbəndində
nəzərdə tutulan vəsaitdən təyinatı üzrə
səmərəli istifadə olunmasını təmin etmək;
4.5.17.
İdarə Heyəti üzvlərinin müraciətlərinə
baxmaq və qərar qəbul etmək;
4.5.18. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində
nəzərdə tutulmuş məsələlərin həlli
üçün tədbirlər görmək;
4.5.19.
İdarə Heyəti sədrinin səlahiyyətlərinə
aid edilməyən bütün digər məsələlər
barədə qərar vermək.
4.6.
İdarə Heyətinin sədri ayda iki dəfədən az olmayaraq İdarə Heyətinin
iclaslarını çağırır və iclaslara sədrlik
edir. İdarə Heyətinin iclaslarının
keçirilməsi təşəbbüsü ilə İdarə
Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin
yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
İdarə Heyətinin iclasında, hər
üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə
yolu ilə sadə səs çoxluğu ilə qəbul
edilir. Səsvermə zamanı üzvlərin
bitərəf qalmasına icazə verilmir. Səslərin
sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi
həlledicidir.
4.7.
İdarə Heyətinin üzvlərinə və İdarə
Heyətinin iclaslarına dəvət olunan şəxslərə
İdarə Heyətinin iclaslarının keçiriləcəyi
yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər
barədə iclasa azı 3 (üç) iş günü
qalmış, zəruri sənədlər əlavə edilməklə
yazılı məlumat verilir.
4.8.
İclasın gündəliyinə İdarə Heyətinin hər
hansı üzvünün maraqlarına toxunan məsələ
daxil edildikdə, həmin üzv bununla bağlı
maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin
müzakirəsində və həmin məsələyə
dair səsvermədə iştirak etməməlidir.
4.9.
Gündəliyə daxil edilməmiş və ya tələb
olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim
edilməmiş məsələlər barədə,
bütün iştirakçı üzvlərin razılıq
verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.10.
İdarə Heyətinin sədri:
4.10.1.
Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və
onu təmsil edir;
4.10.2.
İdarə Heyətinin fəaliyyətini təşkil edir,
iclaslarının gündəliyini müəyyənləşdirir
və iclaslarına sədrlik edir;
4.10.3. öz təşəbbüsü ilə və
ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü
ilə İdarə Heyətinin iclaslarını
çağırır;
4.10.4. öz təşəbbüsü ilə, habelə
İdarə Heyətinin hər hansı digər
üzvünün xahişi əsasında digər şəxsləri
İdarə Heyətinin iclasında iştirak etməyə dəvət
edir;
4.10.5.
Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar
icrası məcburi olan daxili sərəncam və əmrlər
verir;
4.10.6.
Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul
olunmuş aktların icrasını təşkil edir,
yoxlayır və buna nəzarəti həyata keçirir;
4.10.7. özünün və Agentliyin struktur bölmələrinin
vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını
ləğv edir;
4.10.8. müəyyən edilmiş struktur, əməyin
ödənişi fondu və işçilərin say həddi
daxilində Agentliyin Aparatının və digər struktur
bölmələrinin strukturunu, ştat cədvəlini və
xərclər smetasını təsdiq edir;
4.10.9.
Agentliyin işçilərinin vəzifə
maaşlarının, vəzifə maaşlarına əlavələrin,
mükafatların və digər ödənişlərin
verilməsini əməyin ödənişi fondu çərçivəsində
təşkil edir;
4.10.10. bu
Nizamnamə ilə müəyyən edilmiş hallar istisna
olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və
nümayəndəliklərinin, habelə tabeliyindəki digər
qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində
isə yalnız rəhbərlərin) vəzifəyə təyin
və vəzifədən azad edilməsi, onlar barəsində
həvəsləndirmə və intizam tənbehi tədbirləri
görülməsi barədə qərarlar qəbul edir;
4.10.11.
Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə
tutulmuş məqsədlərə uyğun istifadə
olunmasına nəzarət edir;
4.10.12. bu Nizamnamə ilə müəyyən
olunmuş səlahiyyətlər çərçivəsində
Agentliyin adından əməliyyatlar aparır, müqavilələr
bağlayır və onların yerinə yetirilməsini təmin
edir;
4.10.13.
Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı
məşvərətçi komitələr və
işçi qruplar yaradır;
4.10.14.
Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət
sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər
məlumatların mühafizəsi üçün zəruri tədbirlər
görür;
4.10.15.
Agentlikdə kargüzarlıq və arxiv işinin
aparılmasını təmin edir;
4.10.16.
Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların
qəbulunu təmin edir.
4.11.
İdarə Heyətinin üzvləri:
4.11.1.
İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin
həllində iştirak edirlər;
4.11.2.
İdarə Heyətinin iclasının gündəliyi ilə
və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən
tanış olurlar;
4.11.3.
İdarə Heyətinin qəbul ediləcək qərarlarına
dair fikir bildirirlər;
4.11.4.
İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə
onun iclaslarında baxma barədə təkliflər verirlər;
4.11.5.
İdarə Heyətinin qərarları ilə, iclas
protokolları ilə və digər sənədlərlə tanış olurlar.
4.12.
İdarə Heyətinin üzvləri onun iclaslarında
baxılan məsələlərə qərəzsiz
yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək
hərəkətlərə və çıxışlara
yol verməməlidirlər, həmçinin Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə
müəyyən edilmiş digər tələbləri yerinə
yetirməlidirlər.
5.
Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin
əsasları
5.1.
Agentliyin nizamnamə fondu 2 516 300 (iki milyon beş
yüz on altı min üç yüz) manatdır.
5.2.
Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin
verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən
ayrılan vəsaitdən, fəaliyyətindən əldə
olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb
edilən investisiyalardan və qanunla qadağan edilməyən
digər vəsaitdən formalaşır.
5.3.
Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə
müəyyən olunmuş məqsədlərə uyğun
istifadə edir. Agentlik balansında olan dövlət əmlakına
münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının
qorunub saxlanılması və səmərəli istifadə
edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 6 iyun
tarixli 586 nömrəli Fərmanı ilə müəyyən
edilmiş qaydada həyata keçirir.
5.4.
Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və
digər məcburi ödənişləri ödədikdən
sonra, Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin
və təsərrüfat cəmiyyətlərinin, habelə
tabeliyindəki digər qurumların fəaliyyətindən əldə
edilmiş vəsait üzərində müstəqil sərəncam
vermək hüququna malikdir.
5.5. Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülür.
5.6. Agentliyin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri təmzimlənən qiymətlərə aid deyildir.
6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
6.1. Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Agentliyin İdarə Heyəti həyata keçirirlər.
6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
7. Agentlikdə uçot və hesabat
7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
7.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
8. Agentliyin yenidən təşkili və ləğvi
Agentliyin ləğvini və yenidən təşkilini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir.
Azərbaycan .-2022.- 11 fevral.- S.3.