“Omikron” dünyada dominantlıq edir
Bu
ştama yoluxanlar xəstəliyi yüngül keçirsələr
də, peyvənd olunmamış insanlarla bağlı
narahatlıqlar qalır
Mütəxəssislərin bu
günə qədər koronavirusun ən yoluxucu variantı olduğunu
söylədiyi “Omikron” bütün
dünyada sürətlə
yayılır. “Omikron” variantına
yoluxanların əsasən digər variantlara
nisbətən xəstəliyi daha yüngül keçirdiyi
müşahidə olunsa da,
yoluxma sayının artması
sağlamlıq qurumlarının üzərinə düşən
təzyiqi artırır. Digər tərəfdən də peyvənd
olunmayan və yüksək risk altında olan insanlarla bağlı narahatlıq davam edir.
Ümumdünya
Səhiyyə Təşkilatının (ÜST) həftəlik
bülletenində dərc edilən məlumata əsasən,
son bir həftədə dünyada 19 milyondan çox insan
koronavirus infeksiyasına yoluxub, təqribən 68 min nəfər
bu səbəbdən ölüb.
ÜST məlumat verib ki, göstərilən müddət ərzində dünyada virusun “Omikron” variantının yayılması güclənib. Hazırda demək olar ki, bütün ölkələrdə bu variant aşkar edilir. Ümumiyyətlə, ekspertlər dünyada “Omikron” ştamının sürətlə yayılmasının davam etməsinə və koronavirusun digər variantlarının azalmasına diqqəti cəlb edirlər. GISAID məlumat bazasına əsasən də, son 30 gündə bioloji material nümunələrinin təhlili zamanı bu nümunələrin 96,7 faizində “Omikron”, nümunələrin təqribən 3,3 faizində isə “Delta” ştamı aşkar edilib.
Böyük Britaniya bütün məhdudiyyətləri aradan qaldırır
“Omikron”un koronavirusun digər variantlarını üstələməsi və onlara nisbətən yüngül keçməsi isə bir çox elm adamını pandemiya ilə bağlı ümidverici proqnozlar verməyə sövq edir. Bununla bağlı, Türkiyədə Koronavirus Elmi Komitəsinin üzvü və Qaradəniz Texniki Universiteti Tibb Fakültəsi Sinə Xəstəlikləri Bölümünün professoru Tevfik Özlü Cənubi Afrikada ortaya çıxan “Omikron”un pandemiyaya son verməyəcəyini, ancaq bu xəstəliyin adi hala gəlməsinə səbəb kimi göründüyünü bildirib: “Düşünürəm ki, bu xəstəlik də digər tənəffüs yolu virusları kimi siklik bir xəstəliyə çevriləcək”.
Böyük Britaniyada artıq koronavirusla bağlı bütün məhdudiyyətlər aradan qaldırılır. Ölkənin Baş naziri Boris Conson bildirib ki, virusa görə tətbiq olunan bütün məhdudiyyətlər fevralın sonunda aradan qaldırılacaq.
Fevralın 11-dən ölkəyə gələn peyvənd edilmiş şəxslərdən COVID-19 testi tələb olunmayacaq. Peyvənd olunmayanlar üçün evdə özünütəcrid tələbi götürüləcək. Qeyd edək ki, Böyük Britaniyada 12 yaşdan yuxarı insanların təxminən 85 faizi peyvəndin ən azı iki dozasını qəbul edib.
Böyük Britaniyanın Milli Statistika İnstitutu isə məlumat verib ki, ötən həftə ölkədə hər 19 nəfərdən birinin testi müsbət çıxdığından infeksiyaların sayı yenidən arta bilər. “Omikron”dan daha yoluxucu olduğu düşünülən “Omikron” alt variantı olan BA.2-nin yayılması da bunun səbəblərindən biridir və bu subvariantın hazırda hər 6 infeksiyadan birinə səbəb olduğu düşünülür.
Xarici mediada yer alan məlumata əsasən, Şərqi İngiltərə Universitetinin yoluxucu xəstəliklər üzrə professoru Paul Hunter isə Böyük Britaniyada məhdudiyyətlərin bu ay götürülməsi ilə bağlı qərara öz təəccübünü bildirib: “Bir yerdə ev karantini də daxil olmaqla, bütün qalan məhdudiyyətlər aradan qaldırılacaq, amma mən bunun bu ay olacağını gözləmirdim”. Professor hazırkı halda bir az da gözləməyin vacib olduğunu vurğulayıb.
Danimarka da evdə karantin tələbini yüngülləşdirir və indi yalnız simptomları olanların evdə qalmasını tələb edir.
Azərbaycan peyvəndləmə üzrə ÜST-ün 40 faiz hədəfini ötüb
Son günlər Azərbaycanda
da COVID-19-a yoluxmada artım müşahidə
olunur. Bununla bağlı ötən gün brifinqdə məlumat verən səhiyyə naziri Teymur Musayev bildirib ki, bu
da yeni ştamın
daha yoluxdurucu olmasından irəli gəlir: “Respublikada koronavirusla bağlı vəziyyət idarəolunan,
tam nəzarət altındadır.
Virusa yoluxanların müalicəsində
heç bir problem yoxdur. “Omikron”la
bərabər, “Delta” ştamı
da dövriyyədədir.
Xəstəxanaya yerləşdirilənlər arasında, xüsusən reanimasiyaya düşənlərlə
bağlı tədqiqatlar
aparılır. Hazırda “Omikron”la
bağlı məhdudlaşdırıcı
addımların atılmasına
zərurət yoxdur.
Hər hansı qərar, xüsusi karantin rejiminin sərtləşdirilməsi
yoluxanların sayı,
hospitalizasiya dinamikasına
əsaslanır. Hazırda ümumi
çarpayı fondunun
yalnız 20 faizi, reanimasiya fondunun isə 10 faizi istifadədədir. “Omikron”a yoluxanlar xəstəliyi yüngül
keçirirlər. Vaksinasiya olunmayanlarda
“Omikron” fəsadlar törədə bilir və bir neçə
insan artıq reanimasiyaya yerləşdirilib”.
T.Musayev hazırkı dalğada hospitilaziya sayının yoluxma sayları ilə nisbətdə “Delta” ştamından fərqləndiyini diqqətə çatdırıb: “Hazırda xəstəlik daha yüngül keçir. “Omikron”un kliniki gedişatını nəzərə alaraq deyə bilərik ki, yoluxma simptomları 2 gün sonra ortaya çıxır və 5 sutkadan sonra virus bədəndən xaric olur. Buna görə karantin müddəti 7 günə endirilib”.
Nazir bildirib
ki, 15 fevraldan etibarən
iki doza vaksin almış vətəndaşlar
arasında ikincisi dozanın üstündən
6 ay keçmiş
şəxslərin sertifikatı etibarsız olacaq:
“Hər kəsi vaksinasiyaya qoşularaq
COVID-19-un yayılmasının qarşısını almağa dəvət edirəm. Azərbaycanda 5 milyon insan 2 doza, 2 milyondan çox şəxs isə buster doz qəbul edib”.
ÜST-ün Azərbaycan üzrə nümayəndəsi
Hande Harmancı isə bildirib ki, Azərbaycanda müşahidələr belədir
ki, peyvəndləmə
ilə əlaqədar
ölüm halları
azalıb: “Azərbaycan
əhalisinin 47 faizi hər iki doza
üzrə peyvəndlənib,
ÜST-ün 40 faiz hədəfini aşıb.
Hamilələrin, xüsusi risk qrupunda
olanların vaksinasiyadan
keçmələri çox
önəmlidir”.
Hərarətiniz varsa, mütləq
koronavirus testi etdirin
Mütəxəssislər bildirirlər ki, “Omikron” ştamı daha çox yuxarı tənəffüs
yollarının əlamətləri
ilə özünü
büruzə verir. Bununla yanaşı,
ona yoluxma zamanı yüksək hərarət də müşahidə olunur.
Belə xəstələrdə iybilmənin,
dadbilmənin itirilməsi
əvvəlki ştamlara
nisbətən daha azdır. Bəzən həmin qabiliyyətlərin
qorunub saxlanılması,
bəzən isə bir qədər gec itirilməsi müşahidə olunur.
Pnevmoniya
yaratmaq qabiliyyəti də “Omikron”da “Delta” ilə müqayisədə
daha zəifdir.
Bəzi hallarda “Omikron” ilə soyuqdəymə əlamətləri qarışdırılır. Amma həkimlər
soyuqdəymənin adətən
qızdırmaya səbəb
olmadığını bildirirlər
və bu hal müşahidə edilərsə, mütləq
koronavirus testi etdirməyi məsləhət
görürlər.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2022.- 11 fevral.- S.7.