Azərbaycan XİN: “Aqressiv
separatçılıq bölgədə onilliklər ərzində
davam edən genişmiqyaslı fəlakətə
gətirib çıxarıb”
Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) radikal ermənilərinin aqressiv separatçılığının əsasını qoyan 1988-ci il 20 fevral tarixli qeyri-qanuni qərarını dəstəkləyən bəyanatını qətiyyətlə qınayırıq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in aqressiv separatçılığa bəraət qazandıran bəyanatına dair şərhində deyilir.
Şərhdə qeyd olunub ki, sözügedən qondarma qərar SSRİ Konstitusiyasına, DQMV haqqında 1981-ci il Qanununa, habelə bütün digər müvafiq normativ hüquqi aktlara ziddiyyət təşkil edib.
“Ermənistanın aqressiv erməni separatçılarını dəstəkləməsi və Azərbaycana qarşı ərazi iddialarından çıxış edərək təcavüzkar siyasət həyata keçirməsi Azərbaycanın ərazilərinin bir hissəsinin 30 ilə yaxın hərbi işğal altında qalmasına, bu torpaqlarda qanlı etnik təmizləməyə, bir milyon azərbaycanlının fundamental hüquqlarının pozulmasına səbəb olub.
Ermənistan XİN-in “dirçəliş” kimi
qiymətləndirdiyi aqressiv
separatçılıq bölgədə onilliklər ərzində
davam edən genişmiqyaslı fəlakətə
gətirib çıxarıb. Bu vəziyyət
bölgənin uzun illər ərzində sülh və təhlükəsizlik şəraitində
inkişafına ciddi əngəl törədib.
Hazırda bölgədə beynəlxalq
hüququn bərqərar olduğu və iki dövlət
arasında münasibətlərin normallaşması istiqamətində
cəhdlərin edildiyi bir vaxtda Ermənistan XİN-in
xalqlararası nifaqı təşviq edən bəyanatla
çıxış etməsi bir tərəfdən bu ölkənin
məsuliyyətsiz davranışını, digər tərəfdən
isə baş verən son hadisələrdən hələ də
dərs çıxarmadığını göstərir.
Ermənistan XİN-in nəzərinə
çatdırırıq ki, belə bir destruktiv
yanaşmanın heç bir gələcəyi yoxdur”, - deyə
Azərbaycan XİN-in məlumatında bildirilib.
Azərbaycan.-
2022.- 22 fevral.- S.2.