Müstəqil siyasət,
yüksəliş və qələbə
İlham Əliyev
böyük qətiyyətlə Azərbaycanı
milli hədəflərinə
çatdırır
Yerləşdiyi bölgənin lideri, aparıcı dövləti olan Azərbaycanın bu statusu daşımaq üçün mühüm siyasi və iqtisadi üstünlüklərə malik olması tək regionda deyil, dünyada qəbul edilən reallıqlardır.
30 il əvvəl siyasi və iqtisadi böhranlar içərisində olan respublikamız indi beynəlxalq aləmdə nüfuzlu söz sahibi kimi tanınır, qlobal problemlərin yoluna qoyulmasına yüksək töhfələr verir. Ən mühümü də odur ki, Azərbaycan özünün milli maraq və mənafelərini qətiyyətlə təmin edən nadir dövlətlərdəndir.
Azərbaycansayılıb-seçilən, etimadvə ehtiramgöstəriləndövlətdir
30 il dövlətin tarixində böyük bir zaman kəsiyi deyil. Yaxın və uzaq coğrafiyalardakı bir çox ölkənin budövrkü tarixinə nəzər salsaq, ayrı-ayrı epizodları çıxmaq şərtilə, hansısa əlahiddə və xüsusi vurğulanmalı olan nailiyyətini görmək mümkün deyil. Üstəlik, Azərbaycandan fərqli olaraq, həmin dövlətlərin bir çoxu xarici təhdidlərin və müharibənin olmadığı bir şəraitdə, sabit və hamar inkişaf yolu ilə addımlayıb.
Onlardan fərqli olaraq Azərbaycan üçün başqa reallıqlar hakimdir. İndi Azərbaycan deyəndə qlobal miqyasda göz önünə müstəqil siyasət yürüdən, müharibədə qalib gələn, qlobal enerji təhlükəsizliyində söz sahibi olan ölkə gəlir.
Bəli, Heydər Əliyevin qoruduğu və qurduğu, İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan indi haqlı olaraq dünyanın sayılıb-seçilən, etimad və ehtiram göstərilən dövlətlərindən biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz Azərbaycan vətəndaşları olmağımızla haqlı olaraq fəxr edirik: “Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq”.
Artıq uzun müddətdir ki, güclü Azərbaycan dövlətini xarakterizə edən əsas məqamlardan biri onun müstəqil siyasət həyata keçirməsidir. Müasir beynəlxalq münasibətlər sisteminin reallıqları təsdiq edir ki, dövlətin müstəqilliyi hələ onun müstəqil siyasət yürütməsi demək deyil. Ermənistanın timsalında bir çox ölkəni misal göstərmək olar ki, onların xarici siyasət kursu kənar siyasi mərkəzlər tərəfindən müəyyən edilir və ya diktə olunur. Müstəqil siyasət yürütmək qlobal proseslərdə fəal iştirak etmək, mövqe ortaya qoymaq, öz dövləçiliyinin mənafelərini təmin etmək deməkdir. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründən Azərbaycanın qlobal siyasi-iqtisadi proseslərdə iştirak göstəriciləri, həyata keçirdiyi enerji strategiyası, Xəzərin karbohidrogen ehtiyatlarının tarixdə ilk dəfə olaraq alternativ marşrutlarla dünya bazarlarına çıxarılması, bu yolda bir çox beynəlxalq təzyiqləri dəf etməsi həyata keçirilən müstəqil siyasətdən xəbər verirdi.
Müdrik və fədakar siyasət
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyev hələ 2003-cü ildən tarixi hədəflər müəyyən etmişdi. Bu hədəflər qazanılmış uğurların davamlı olması, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı ilə yanaşı, işğal altındakı torpaqlarımızın azad edilməsi idi. 2003-cü ilin prezident seçkilərindən sonra andiçmə mərasimində İlham Əliyev demişdi: “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir. Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir”.
2003-cü ildən sonra Prezident İlham Əliyev respublikamızı qarşıya qoyulan hədəflərə çatdırmaq üçün müdrik və fədakar siyasət yürütdü. İlk növbədə, Azərbaycanın sosial-iqtisadi inkişafı təmin olundu. Öz bəhrəsini verən enerji siyasəti iqtisadiyyatın digər sahələrinin inkişafına təkan verdi. Bu illər ərzində Azərbaycan bir çox enerji və iqtisadi layihələri sürətlə reallaşdırdı, tranzit rəqabətin gücləndiyi bir vaxtda mükəmməl nəqliyyat infrastrukturu şəbəkəsi yaratdı. Müstəqilliyinin bərpasının cəmi 20-ci ilində bir çox dövlətlərin həsəd aparacağı siyasi uğura imza atan Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçildi. Tezliklə, bütün dünya Azərbaycanı həm də kosmik klubun üzvü kimi tanıdı.
Əlbəttə, bütün bu nailiyyətlərin təməlində dayanan səbəblər düzgün idarəçilik, müasir siyasi-iqtisadi çağırışların dəyərləndirilməsi və müstəqil siyasətin həyata keçirilməsidir. Bütün bunlar Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsini şərtləndirən əsas amillərdir. Bu uğurların məntiqi davamı isə torpaqlarımızın işğaldan azad edilməsi oldu. Prezident İlham Əliyev iqtisadi inkişafı təmin etməklə, Azərbaycanı beynəlxalq aləmdə söz sahibinə çevirməklə respublikamızın qarşısında dayanan yeganə ağrılı problemi də həll etdi.
Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi müasir müstəqillik tariximizin ən əlamətdar hadisəsi oldu. Ali Baş Komandan İlham Əliyevin müəllifliyi, ordumuzun rəşadəti, hərbçilərimizin qəhrəmanlığı hesabına qazanılan bu zəfər müstəqillik tariximizi daha da şərəfləndirdi, xalqımıza fəxarət bəxş etdi. Bu qələbə bir daha təsdiqlədi ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.
Prezident İlham Əliyevin hər bir qərarı, atdığı hər bir addım Azərbaycanın milli maraqlarının həyata keçirilməsini, ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılmasını, güclü dövlət və müasir cəmiyyət konsepsiyasının ardıcıl şəkildə reallaşdırılmasını, əhalinin rifah halının daha da yüksəldilməsini təmin etmək məqsədi daşıyır. Əldə edilmiş uğurlarımız göstərir ki, İlham Əliyev dövlətimizi və xalqımızı bu hədəflərə layiqincə və uğurla çatdırır.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2022.- 12 fevral.- S.1;4.